Sultan Rayev (1958) – nasir, dramaturq, ictimai xadim. S.Rayev Qırğızstanda, Oş vilayəti, Karasu rayonunun Jooş kəndində doğulub, orta məktəbi bitirəndən sonra bir müddət işləyib, sonra Qırğızstan Dovlət Universitetinin jurnalistika fakültəsini (1984) bitirib, mətbuatda çalışıb, “Qırğız ruhu” qəzetinin baş redaktoru (1991-1992) olub, ABŞ-ın Kanzas universitetində təcrübə keçib (1994), Qırğızstan Maarif və Mədəniyyət nazirinin müavini, “Azadlıq” radiosunun siyasi şərhçisi, Mədəniyyət və İncəsənətə Yardım Fondunun prezidenti (2002-2004), respublika hökuməti yanında Mədəniyyətin İnkişafı komissiyasının sədri (2005), Mədəniyyət və İnformasiya naziri, Mədəniyyətin İnkişafı üzrə Dövlət Agentliyinin direktoru (2006-2010), Qırğızstan Respublikası Prezidentinin müşaviri (2011-2013), Mədəniyyət, Turizm və İnformasiya naziri (2013-2014) olub, 2022-ci ildən TÜRKSOY-un baş katibidir.
S.Rayev yaradıcılığa ötən əsrin 70-ci illərindən başlayıb, hekayə və povestləri, pyesləri ilə ədəbi mühitdə tanınıb. Onun “Tozlu yol” (1987), “Günəş altında oğlan” (1990) nəsr topluları maraqla qarşılanıb, “Ah, qızlar” (1990), “Dubal” (1992), “Kaşar” (1998), “Tayamam” (1999), “İshaq Rəzzaqov” (2000), “Çariçənin ağısı” (2001) pyesləri bir çox teatrların səhnəsində tamaşaya qoyulub, mükafatlara layiq görülüb. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib.
S.Rayev ədəbi və ictimai fəaliyyyətinə görə dövlət təltiflərinə, respublika Lenin komsomolu (1989), T.Abdumöminov (1991), Toktoqul adına Dövlət (2006), Betnəlxalq “Atatürk” fondunun (2005), Gürcüstanın “Qızılgül” (2006), Monqolustanın “Çingizxan” (2006), Koreyanın “Daniel” (2006), RF-nın M.Lpmonosov (2007), MDB-nin Dövlətlərarası (2010) mükafatlarına, “Qırğızstanın Xalq yazıçısı” fəxri adına (2011) layiq görülüb.
Artıq gecəyarı idi…
Bu gün cümə günüdü.
Hər yeri duman bürüyüb. Elə qatıdı ki, on addımlıqda göz-gözü seşmir.
Bu ilin günortadan sonra yağan ilk qarı soyuq torpağı dümağ rəngə boyayıb, sanki Yer üzünü kimsə südlə yuyub. Gecəyarısına yaxın qar artıq topuğa çatırdı.
O, hələ uzaqdan itlərin hürüşünü eşidib dərk elədi ki, bir aula yaxınlaşır. Addımlayır, tez-tez yolun çıxan çala-çuxura düşür, arabir soyuqdan göyərmiş əllərini, heç olmasa, azca qızdırmaq üçün ağzına aparıb hovxururdu. Həbsxanadan çıxandan sonra bircə gün belə, insan kimi yaşamamışdı… Aclıq amanını kəsmişdi. Artıq bir neçə günüydü ki, dilinə bir tikə çörək də dərməmişdi. Azadlığa çıxıb bir-iki həftə şəhərdə avaralanmış, tikanlı məftillərdən bayırda keçirdiyi o on dörd-on beş gün həbsxanada yaşadığı aylardan daha ağır keçmişdi. Təki, şəhərdə bircə tanış adam olaydı! Yalnız yad, laqeyd simalarla qarşılaşırdı. Həbsxana dostları ona müəyyən ünvanlar vermişdilər, amma həmin ünvanlar yazılmış kağızı hərdasa salıb itirmişdi. Abır, oğru qüruru dilənçilik eləməyinə imkan vermirdi. Bu məşğuliyyətə dərin nifrət bəsləyirdi. Ona görə oğurluq daha nəcib, daha sərfəliydi. Qaranlıq bir guşədə pusqu qurub kimisə bıçaq gücünə soymaq isə daha yaxşıydı. Pal-paltarı sonra cürlarından birinə verə, ciblərindən pul da tapa bilərdi. Amma yenicə çıxdığı barmaqlıqlar arxasına bir daha düşmək qorxusu bu addımı atmağına imkan vermirdi. Şəhərdə daldalanacaq tapmaq çətin oldu. Gecələr dəmiryol vağzalında yatmaq, gündüzlər də şəhərdə dolaşmaq məcburiyyətində qaldı. Bu günlər ərzində üzünü qalın, sərt tük basdı, canı tər qoxusu verdi. Özünü o şəhərdə, ümumiyyətlə, bu həyatda artıq hiss eləyirdi.
Yad aul… Duman içindən orda-burda hələ də yanan çıraqların işığı gözə dəyirdi. Aul dərin yuxuya getmişdi. Sakitlik idi… Camaat sutkanın bu vaxtını “oğru vaxtı” adlandırır. Nə istəyirsən, götür, sakitcə cıx öz yolunla get. Kimsənin ruhu duymayacaq. O, artıq aula lap yaxınlaşmışdı, amma hələ də ocaqlardan qalxan tüstü qoxusunu heç duya bilmirdi. Bu sınaqdan çıxmış əlamət artıq ocaqların söndüyünü, camaatın çoxdan yatdığını bildirirdi. Oğru təbiəti özünü indi də büruzə verdi: beynində aulun kənarındakı aralı evlərdən birinə girmək, nəzərə çarpmadan müəyyən ərzaq götürüb, əlinə keçən isti paltarı çırpışdırıb aradan çıxmaqla bağlı cəlbedici fikir oyandı. Qəlbində iki şeytan çarpışır, biri pıçıldayırdı: “Döz də, acından ölməyəcəksən ki, çıx öz yolunla get!”, digərisə təhrik eləyirdi: “Niyə qorxursan axı? Bir də əlinə belə fürsət düşməyəcək! Belə havada evə ac, çıl-çılpaq gedib çıxa bilməzsən. Tərpən görək, qorxaq olma!” İkinci şeytan üstün gəldi. Bir evin qapısı ağzında ayaq saxladı, ətrafa boylandı, qapının soyuq dəmir dəstəyindən tutub çəkdi. Nagəhan cırıltı onu diksindirdi. Ürəyi ağzına gəldi. O məqamdan da qəlbinin boğuq döyüntüsü qulaqlarından çəkilib getmədi. Qəbir kimi qaranlıq kandardan içəri əvvəlcə sol ayağını atdı, mövhumatçılar sayaq bununla bədbəxtlikdən yaxa qurtardığına əmin oldu. Oğruyla birgə evə şaxtalı hava axını da doldu.
İçəridə qulaqbatırıcı sükut vardı. Ona elə gəldi ki, burda heç kəs yaşamır, gözişləməz zülmətdə bir neçə addım atandan sonra isə evin dərinliyindən üzünə isti hava vurduğunu hiss elədi. Ehtiyatla kandarı keçdi, ən yaxın otağa yaxınlaşdı, nəfəsini udub qapının ağzında dayandı. Səs-səmir gəlmirdi. Qatı sükutu yalnız öz ürəyinin döyüntüsü pozurdu. Barmaqlarının ucunda otağa girdi, qəfildən üzbəüz küncdə yanan canavar gözlərinə oxşar bir cüt işıltılı nöqtə gördü. Qeyri-iradi geri çəkilib bütün bədəni titrəyə-titrəyə dondu, sanki buz kimi suya düşmüşdü. Bu bir neçə anda nələr yaşadı! Yalnız dəmir sobada közərən kömürlərin işıldadığını dərk eləyəndə nəfəsini dərdi. Otaqda zəif kül qoxusu hiss olunurdu. O qoxuya da turşməzə ammiyak, bir də insan beyni qoxusu qarışmışdı. Oğru sövqi-təbii ilə evdə adam olduğunu hiss elədi. Asta-asra irəli getdi. Əlinə naməlum əşyalar tuxunur, onları yoxlayır, amma gözişləməz zülmətdə nə olduqlarını müəyyənləşdirə bilmirdi. Bayırdakı qatı duman yeganə pəncərəni sanki qalın pərdə kimi örtmüşdü, hətta qar yağdığı günlərin o solğun işığı belə otağa düşmürdü.
Bu evdə ərzağı harda axtara bilərdi? Aclıq ona əzab verir, yemək barədə düşünən kimi, ağzı seliklə dolurdu. İtsayaq, ərzağı qoxusuna görə axtarmağa cəhd elədi. Amma durğun sidik iyi bütün qalan qoxuları üstələmişdi. Oğru əlhavasına divardan yapışa-yapışa irəlilədi, qəfildən döşəmədə qonşu otağın yarlaçıq qapısı arasından sızan, zəif, güclə görünən işıq zolağı sezdi. O, səndələdi, kandara doğru çəkilmək istədi, amma bu məqamda işığın düşdüyü otaqdan eşitdiyi xırıltılı səsdən əməlli-başlı qoprxdu, yerindəcə donub qaldı, sanki sirli nəfəslə döşəməyə mıxlandı. Oğru divara qısıldı. Ürəyi sinəsində dəlicəsinə çırpınır, döyüntü saat çıqqıltısı kimi, aydın, həm də ucadan eşidilirdi. Səs kəsildi. Oğruya elə gəldi ki, işıq indi güclənəcək, səs yiyəsi otaqdan çıxacaq, onda da… Amma həmin xırıltı bir də eşidildi. Anlaşılmaz xırıltı hər dəfə eşidiləndə onu sanki basıb əzirdi… Qonşu otaqdan heç kəs çıxmadı, oğru da hələ bilavasitə yaxalanmaq təhlükəsinin olmadığına əminlik duyub sakitləşdi. Səsdən başa düşdü ki, içəridə qadın, çox güman ki, qoca qarı var. Evdə, ifrazat iyinə əsasən, yalnız tənha, xəstə, köməksiz qayı ola biləcəyi fikri onu cəsarətləndirdi, cəmi bir neçə an əvvəl soyuq kütlə kimi düz ürəyinə işləmiş qorxusunu qovdu. O, ayaqları ucunda bayaq arxasından səs eşidilən qapıya yaxınlaşdı. Qapının arasından otağa boylandı. Otağın ortasındakı masanın üstündə fitili, demək olar, yanıb qurtarmış kerosin çırağı zəif-zəif közərirdi. Güman elədiyi kimi, qocalıb əldən düşmüş bir qarı çarpayıda uzanmışdı. Onun cansız bədəninin, kiçik başının kölgəsi divarda əks olunurdu. Oğrunun hələ kandarda hiss elədiyi sidik iyi də elə bu otaqdan gəlirdu. O, iyrəndi. Hərəkətsiz uzanmış qarının göz qapaqları yarıaçıq idi, amma dodaqları tərpənirdu, amma sayıqladığını, yaxud yuxuda danışdığını ayırd eləmək olmurdu…
Oğru hələ də otağı gözdən keçirə-keçirə onun donqultusuna qulaq asdı. Qarının nəfəsi kəsik-kəsik çıxırdı, səsi zəif idi, oğru bir şey başa düşmək üçüm diqqətini toplamalı oldu. O, deyəsən, sayıqlayırdı:
-Ömür möhlətim sona çatıb… Ey İlahi, varsa, günahlarımı bağışla… Bu dünyada insan kimi yaşamağa çalışdım… Allaha şükür ki, heç nəyə təəsüflənmirəm… – Qarı bir anlıa nəfəsini dərdi, sonra davam elədi. – Mənə canı sən vermisən, sən də alırsan… – O, qəfildən ağladı: cansız bədəni hərəkətsiz idi, yalnız sifətində tərpəniş vardı. – Hətta Almakanımı bir daha görməsəm belə, mənə ağı deməsini eşitməyimə yardım elə, İlahi, – qarı yalvarış dolu səslə dilləndi. – Bəlkə, onda qəbirdə rahat yata bildim… Artıq bir həftədi ki, boğazım elə hey yanır… Patima, ay Patima! – O, şikayətli səslə kimisə çağırdı. – Bircə qurtum su ver… İçim od tutub yanır… yanır…
Artıq evdə qarıdan və özündən başqa bir kəsin olmadığına əminlik duyan oğrunun biçarə qadına yazığı gəldi. O, kandara, bayaq əlhavasına su dolu vedrəyə toxunduğu yerə yönəldi. Amma yenicə tərpənmişdi ki, giriş qapısı cırıldadı. Oğru ümidsizlik içində çırpındı, sonra otağın küncündəki boş şkafın açıq qapısı arxasında gizləndi. Ürəyi yenidən şiddətlə çırpınmağa başladı, titrəyən əllərini sırıqlısının cibinə soxdu – orda həbs düşərgəsində düzəltdiyi yaylı bıçaq vardı. Bir hadisə baş versəydi, bıçağı işə salacaqdı.
Kandarın taxtaları cırıldadı. Orda işıq yandı. Az sonra otağa bir adam girdi. Gələn qadın idi. O, gecə köynəyindəydi, üstündən çiyninə xəz yaxalıqlı palto salmışdı. Ayaqlarında kobud kişi çəkmələri vardı. Kandarın işığında çəkmənin boğazından çıxan dümağ baldırları bərq vururdu.
-Br-r-r! – Qadın, qarının gəlini büzüşdü. – Qəribədi, deyəsən, qapını bağlamışdım axı! Bəlkə, kimsə qəsdən açıb?
O, qapısı arxasında oğru gizləndiyi şkafın yanından ötdü. Oğrunu ətir və isti qadın bədəninin qoxusu bürüdü. Bu qoxular qorxunu qovub canından çıxardı, üstəlik, canlandırdı, qeyri-iradi əzik papağını düzətdi, sanki qadınla üz-üzə gələ bilərdi. Qadın xeyli cavan, çox yaraşıqlıydı, düzgün sifət cizgiləri vardı. Uzun, yoğun hörüyü paltonun üstündən baldırlarınacan düşmüşdü. Köynəyinin dərin yarığından iri döşləri görünürdü, bitib-tükənməyən yeddi il ərzində qadın nəvazişindən ötrü darıxmış oğrunu qəfil həyəcan bürüdü. Sən demə, ötən illər ərzində bu dünyanın çox şeylərin qoxusunu – içki qoxusunu, pul qoxusunu, bu cür gözəl qadın bədəni qoxusuunu… – unudubmuş…
-Su, su… Su verin… Bütün içim yanır…
-Su yoxdu! – Qadın kobud tərzdə dilləndi. – Elə hey içirsən, sonra da öz altını isladırsan! Su yoxu! Yoxdu!..
Qarı isə aramsız təkrar eləyirdi:
-Su, su… bircə qurtum su…
-Bəsdi, səhərdən, az qala, bir vedrə işmisən! Səsini kəs!
-Bu gün həftənin hansı günüdü? – Qarı qadına fikir vermədən soruşdu. – Həftənin hansı günüdü, hə?..
-Səninçün nə fərqi var? Bu gün cümə günüdü, cümə günü! – Qadın əsəbi halda cavab verdi.
Oğru qadının qarıyla danışıq tərzinin heç görkəminə uyğun gəlmədiyini sezdi.
-Cümə günüdü? – Qarı bir də soruşdu. – Deməli, bu gün cümə günüdü?.. Deyilənə görə, bu gün dünyadan köçənlər cənnətə düşürlər… Orda yeni ömür başlayırlar… Belə eşitmişəm. Ay Allah, mənə rəhmin gəlsin, aparacaqsansa, elə bu gün apar…
-Nə donquldanırsan?.. Ağlın çaşıb nədi?..
-Su… – Qarı yalvarış dolu səslə dilləndi. – Su…
-Sus! Hər gün sənin sidiyini yumağa halım yoxdu! İstəmə, sənə su verməyəcəyəm! – Qadın kobud tərzdə dilləndi.
O, çırağın yanıb qurtarmış fitilini qaldırmaq üçün aşağı əyildi, oğru bir anlığa qadın köynəyinin yaxasından bir cüt üzüm salxımına oxşayan möhkəm döşlərini gördü. Bütün bədənindən əsməcə keçdi. Ee-e-h! Kaş, qadınla başqa yerdə üz-üzə gələydi! O, həbs düşərgəsi müdriklərindən birinin sözlərini xatırladı: “Allah qadını kişilərə zövq vermək üçün yaradıb”. Qəfildən qəlbini, heç olmasa, barmaqlarının ucuyla o qadına toxunmaqla bağlı qarşısıalınmaz hiss bürüdü…
-Su… – Qarı dodaqlarını marçıldatdı. – Su…
-Əl çəkən deyil ki! – Qadın hiddətləndi. – Hətta rahat ölə də bilmir!..
O, çəkmələrini tappıldada-tappıldada kandara çıxdı, əlində dolça dolu su geri qayıtdı.
-Di, iç! – Dolçanı qarının dodağına yaxınlaşdırdı. – Ürəyin bununla təskinlik tapacaqsa, iç!
Qarı təlaşla, boğula-boğula bir neçə qurtum aldı.
-İç! Doyunca iç! – Qarı hiddətlə dedi. – İç görüm, səni lənətə gələsən!..
Giriş qapısı yenə açılıb-örtüldü. Ağır addımlardan bu dəfə evə kişi girdiyi hiss olunurdu. Oğru dərhal özünü yığışdırdı, divara daha bərk-bərk qısıldı, bıçağın dəstəyini möhkəmcə sıxdı.
Qadın addım səslərini eşidib suyu tələsik arxasında oğrunun gizləndiyi şkafa tərəf atdı. Sifətində soyuq su sıçrantıları hiss eləyən kişi, az qala, qışqıracaqdı.
-Patima! – Kandardan asta səs eşidildi. – Orda neyləyirsən? Sənə nə qədər demişəm, ay səfeh! Ona su vermə!.. Qoy canı çıxsın!..
-Su vermirdim ki, – qadın yalan söylədi. – Elə-belə yastığını düzəldirdim.
İçəri yekəpər, bığlı, çiyninə qoyun dərisindəm yarımpalto salmış, başında araxçın olan kişi girdi. “Bu səndən ötrü qarı deyil, əməlli-başlı əlləşməli olacaqsan”, – oğru beynindən keçirdi. Kişi düz oğrunun yanından keçdi. Onu tütün iyi vurdu.
-Apa, apa! Məni eşidirsən? – Kişi çarpayıya yaxınlaşın boğuq, yoğun səslə dilləndi. – Kar olmusan, nədi? Apa! Ey, qarı!
O gələnəcən yanğısını söndürməyə macal tapan qarı heç nə eşitməmiş kimi, nəsə mızıldandı…
-Tfu-u! – Kişi sir-sifətini turşutdu. – Döşəyi batırmısan yoxsa? İyə bax!
-Yəqin, qarnı işləyir, – qadın dilləndi. – Eybi yoxdu, səhər təmizləyərəm…
-Ey, qarı! Məni eşidirsən? – O, qarıya sarı əyildi; indi, az qala, qulağına qışqırırdı. – Sidiyini saxlamamağın bəs deyildi, indi də altını batırmısan?.. Qoca murdar! Təki, tez ölüb gedəsən! Bizi lap boğaza yığmısan! Gah sidiyini yu, gah ifrazatını təmizlə! Altı aydı, düz yarım ildi, bizi ələ salır!.. İnsan kimi ölə də bilmir!..
Qarısa elə hey nəsə deyirdi.
Kişi otaqdan çıxdı. Qadın otağa qayıtdı, qarının üstünə adyal örtdü, əyilib döşəyini düzəltdi. Oğru onun bir cüt üzüm salxımını xatırladan dümağ döşlərini bir də gördü. Qızmar dalğa bədənini yenidən bürüdü.
-Patima, nə oldu, işini tez qurtaracaqsan? Gedək, altını sabah təmizləyərsən, – kandardan kişinin gər səsi gəldi.
-Gəlirəm, – qadın otaqdan çıxa-çıxa dilləndi.
Az sonra kandarn işığı söndü, giriş qapısı gurultuyla bağlandı. Ev yenə qatı zülmətə büründü… Həmin məqamda oğru artıq çıxıb getməyə hazırlaşırdı, amma ölüm ayağında olan qadına yazığı gəldiyinə görə ayaq saxladı. O, dolçanı suyla doldurub qarının yanına qayıtdı. Onun dodaqları artıq tərpənmirdi.
-İçin, – o, dolçanı qadının dodaqlarına yaxınlaşdırıb dilləndi. – İçin…
Qadın cavab vermədi. Oğru əlinin arxasını onun ağzına tutdu. Nəfəsi zorla hiss olunurdu. Sonra göz qapaqları titrədi, güclə eşidiləcək səslə pıçıldadı:
-Bu gün cümə günüdü… İlahi, canımı bu gün al… Bu gün cümə günüdü…
Bütün bu müddət ərzində hərəkətsiz olan qarı qəfildən kəskin tərzdə dartınıb böyrü üstə aşdı, elə bil, duruşunu dəyişmək istəyirdi. Onun iri sümüklü əli oğrunun əlinə toxunub caynaq kimi yapışdı. Oğru bu gözlənilməz hərəkərdən, az qala qışqıracaqdı. Ona elə gəldi ki, qarının bumbuz əlinin soyuğu canına işləyir. Bədənindən üşütmə keçdi.
-İlahi, sən gəlmisən? – Qarı astadan dilləndi. – Səni bu gün gözləyirdim. Bu gün cümə günüdü. Canımı al…
Əli get-gedə yumulurdu. Oğru ağrıdan var gücüylə qışqırdı. Qarının onun əlini məngənə kimi sıxan əli açıldı, başı yana düşdü. Amma canı ağzından çıxanacan bir neçə kəlmə deməyə də macal tapdı:
-Meyitimi suya çəkin!.. Allahın hüzuruna təmiz getmək istəyirəm…
Tərcümə edən: Nəriman ƏBDÜLRƏHMANLI