Sim-sim.az SuMia Sohrabın “Şər problemi” hekayəsini təqdim edir.
İşığı əsməcə tutmuşdu və birdən söndü.
Ağ ütülü mələfənin üstündə it kimi ağnayıb üzüstə çevrildim. Çarpaz istiqamətdə bel çantası dururdu; zəncirbəndləri pörtlək gözlərini çıxarsaydı, məni ağzıayrıq, pinti-pasaqlı, yoluq küçüyə oxşadardı. Ara-bir cəhənglərimə yığılan köpüyü əlimin tərsi ilə silirdim. Otaq kəsif tütün və yanıq iyi ilə birgə buxarlanırdı, ya da mən yuxulayırdım.
Noyabr. Saat 12. Küçə. Sol döngə. Yeddi blok aşağı. Neçə nömrəli olduğu naməlum uşaq evi. Sərlövhəsi yarı-qırıq, ancaq “Ev” yazısı. Qırmızı kamaz. Geyim, azuqə, oyuncaq və… Kitabları, dərslikləri, gündəlikləri, dəftərləri, penalları, xəritələri, qlobusları, qırmızı, yaşıl, göy və qara qələmləri, sadə və rəngli karandaşları, flomasterləri, pozanları, karandaşyonanları, yapışqanları, qayçıları, albomları və fırçaları torbaya yığmaqda idim. Yük maşınını kilidlədim və aralı dayandım. Bu gün uşaq evinin günbəz pəncərəsindən aşağı maili baxanda görünən qırmızı kamazı molotov kokteyli ilə oda verdim. Çox keçmədi ki, yağış yağdı. Düz qulağımın dibində pırtlayan və üzümə boşalan, dizlərimə axan damcıların dəqiq harada düyün açdığı bilinmirdi. Məktəb vaxtı təbaşirlə yazı taxtasının o biri tərəfinə oyuq açmaq kimi. Sabah bir də bəxtimi sınayacam.
Yan çarpayıda yanpörtü uzanan oğlan. On iki yaşı var idi və ciyərləri korun-korun yanırdı. Vərdiş etdiyini bilə-bilə rəfdə saxladığım kürd siqaretlərini çəkmişdi; hər öskürəyi tənəffüs zənginə bənzər, zövq verirdi. Solğun, ortaboy, sınıq uşaq idi. Kifayət qədər gecanlayan və qaraboğaz. Maraqlıdır, çox az adam haqda əbədi nəsə olur; onun qonur gözləri öləziyirdi. Zənnimcə, ağzında həmişə bir şey var idi; elə hey çeynəsə də, uda bilmirdi, hülqumuna yapışmışdı. Səsi çıxırdı hərdən. Tək qalanda umsuq pişiklər tək züyüldəyirdi.
Kino lentinin zığlı çərçivələrini çəpər-çəpər aşır, iti künclərindən qaçırdım. Cəngəlli yol qəfil ağ bir dumana çevrilir, təyyarələrin səmaya yaydığı quyruq izi görkəmi alırdı. Yuxum gəlir. Mən teatr salonunda xadiməyəm. Film, tamaşa və sənət haqda çox bilmirəm, ancaq işimin təfərrüatını bilirəm və dünyagörüşümün təsdiqi kimi qayğım yoxdur. Xadiməyəm; yerləri süpürmək, silmək, cilalamaq, yığışdırmaq, toz almaq və tualeti təmizləmək peşəmdir. Ümumiyyətlə, sənətçilər barədə bir müşahidəm yoxdur. Təqdirəlayiq heç nə yoxdur. Silah gerçək deyil, kimsə, həqiqətən, ölmür, ən dəhşətlisi, onlar pərdə arxasında bir-birlərini incitmədiklərindən əmin olmağa çalışırlar. Cəhd 1. Meyvə kaldır, ləti qurudur. Cəhd 2. Meyvə bir az dəyib, rəng alıb. Cəhd 3. Meyvə şirələnib, sallanır. Cəhd 4. Meyvə dizlərinin altındandır, soymaq olar. Pərdə bağlanır.
Əzik pomidor kimi oturmuş, bir əlim gözümü ovuşdurur, ayaqlarımı sallayıram. Yuxu məni yetərincə qane edib. Onun yatağının solunda qırmızı, yuyucu toz qoxuyan, tutacaqları bozarmış girdə ləyən mənə diklənmişdi. Asta-asta gizildəyirdi. Yəqin ki, bir dəfə qusmuşdu. Mavi əyricizgili pijamasının son düyməsinə qədər bağlamışdı. Ağzı, kirpikləri tərpəşirdi və üstündəki örtükdən çiyinlərinə qədər möhkəm-möhkəm yapışmışdı.
Dil-damağım qurumuşdu. Giriş qapısı ilə qab-qacaq şkafı arası iki addımlıq mətbəxə keçdim. Qəhvə qalmamışdı, əl-üzyuyana yığılmış fincanlara nəzər saldım. Birinin dibində az-maz qəhvə tozu və izləri qalmışdı; son damcının ağzıma axması üçün başıma çəkdim.
İkinci gün. Köhnə qəzetlərlə teatr binasının çöl şüşələrini sürtürdüm. Tiftikli və nəm dəsmallar şüşədə istər-istəməz ləkə qoyur. Əvvəlcə qəzetləri əzişdirirəm, bir topa halına gətirirəm, sonra şagird əli kimi pəncərəyə yapışıq yelləyirəm. Mavi sprey qabının ağzını bağladım və aralı dayandım. İnsan ayda bir şüşədən çölə yox, özünə baxmalıdır. Xadiməyəm; izləyicilərə binadan həndəvəri seyr etdikləri zaman öz sifətlərini göstərmək peşəmdir. Arıq qasığımı qısan saralmış önlüyü çıxartdım, rezin əlcəkləri vedrəyə tulladım. Salfet, dəri və kimyəvi maddələrə allergiyam var. Laboratoriya dərslərinə gimədiyim üçün danlaq yediyim çox olub.
Avtobus. Alverçi qadınlar. Mer-meyvə satan yekəqarın kişilər. Təkrarlanan geyimlər. Oğlanların təzə vurulmuş saçları. Bir qadın. Balacaboy, əlli ya da altmış yaşlarında, arxası mənə dönük. Seyrək saman saçlarına yasəməni yaylıq örtüb, çəhrayı, uzun, nimdaş köynək, gen-bol yaşıl şalvar, burnu və pəncəsi açıq, qızıl pulcuqlu qara başmaq geyinib. Görsənir, əlində bir cüt corab, daşa sərili göy müşəmbə üstünə rəngbərəng, naxışlı, fərqli ölçülərdə corablar səpələyib. Dilənçi görkəmində bir ailə həmin fağır corab satana yaxınlaşır. Qoca arvadın zəhləsini tökməmiş gedəsi deyillər. Boyca bir-birinə oxşar üç uşaq: qarabuğdayı iki qız, ortalarında ağbəniz qardaşları. Popkorn yeyirlər. Hərəsi bir sual verir, qoca hansına çatacağını bilmir, bezikir. Bürüncə çalan saçı süpürgə saçaqlarına tay anaları görməmiş kimi əlinə bir corab alıb havada sallayır. Deyəsən, qışqırır. İnsanlar əgər dönüb baxırsa, deməli, çığırır. Gəldikləri kimi də getdilər, heç nə almadılar.
“Saxla! Saxla!”
Arxa oturacaqdan sıçrayıb orta qapıya tərəf qaçdım, özümü bayıra atdım. Nəfəs-nəfəsə. İndi həmin corab satan qadının arxasında gözləyirdim. Ayaqqabı içində bərkimiş dabanlarımı laxlatdım, biləklərimi oynatdım, yanaqlarımı gərdim və burnumu çəkdim – hamısını ciyərlərimdən hava çıxanacan təkrarlayırdım – ayaqqabı içində bərkimiş dabanlarımı laxlatdım, biləklərimi oynatdım, yanaqlarımı gərdim və burnumu çəkdim. Təkər. İki qoltuğum altında və baldırlarım arasında dağsiçanı fırlanqacı olduğunu xəyal edirəm. O qızışıb yeni bir təcil qazandıqca və mən vaxtı pusduqca, sürtünmə: sürətlənmə və hərəkətdən tərləyirdim, daha da azğınlaşırdım. Bu isə heç xoş deyildi. Təəssüf, naturamı inkar edəcək qədər oxumamışdım, axırda, yırtıcı idim. Qaraçı ailəsi də burada idi. Bir xətt boyunca yolçu ana və uşaqları mənimlə üzbəüz idi, ahıl alverçi isə məndən qabaqda ayaq saxlamışdı. Yuxarı müstəvidən, aşağıdakı tünlük dənələnəndə qovuq olduğum cəld gözə çarpmalıdır. Bu səthdə isə hər kəs, tək-tək köpürməyə hazır qaynar çaydan idi. Taxıl dərzi kimi burulub tamam dəli olmağıma az qalmış qoca döndü. Əzazil gücü ilə barmaqlarımı ovcuma basdırıb qüvvətli və qəfil bir yumruq ilişdirdim. Uzaqlaşdım. Əgər dağsiçanları çox yüyürməsəydilər, ona bu qədər möhkəm vurmayacaqdım, hərgah yenə vuracaqdım.
Piştaxta. Ucuz, yerli, yoxa lənət siqaretlərindən birini seçdim. Sanki siqaret sümürmürdüm, dilimin üstünə xəkəndazla kömür salırlar, o da xirtdəyimdə gedib qalırdı. Siqaret vərdişi məni süng eləmişdi, hələ də gecə sinif otağında kağızı yalayıb içinə tütünü doldurduğumdan bəri həyatımda heç nə boşluqlarımı doldura bilməmişdi.
“Məni sevmirsən? Bəs deyirdin…”
Darhövsələ, çərənlədənəcən sual verən bir tip idi. Susmurdu, bəzən də hıqqanır, sözü deyə bilmirdi. Ona görə çox danışmırdıq. Ən çox saçları və gözləri xoşuma gəlirdi. Heç vaxt hörmür, yaxud yığmırdı, ombasının üzərinə kimi atırdı. İllərdir, saçına qayçı dəyməmişdi, bəzi telləri qısa, bəziləri uzun, bəziləri isə gödək alnının başlanğıcında qalırdı. Nə də olsa, saçları barmaqlara əlan öyrəşir, xumarlanırdı. Çılğıncasına böyüyə və kiçilə bilən gözləri var idi; onlar və fikirlərindən başqa bədənin hər əzasını və zəngli saat kimi ötən ürəyini ram etmək mümkün idi. Hər aşağıdan yuxarı mənə baxışlarını bənd edəndə dəli olurdum. Görəsən, mənimlə olmaqdan həzz alır, yoxsa məni öldürmək istəyir. Elə onun istədiyi bu idi. Madam ki, belədir, ondan bunu soruşmurdum, əslində, bunu da o istəyirdi, çünki heç vaxt cavab verməyəcəkdi, çünki mənim bu sualı verəcək qədər aciz vəziyyətə düşməyimi arzulamırdı. Çoxdan kreslonun dirsəklənməli yerində dombalmış, qollarını qabağına dartır, qabırğası havada, dizləri tarım və mənə saçları üzündə, aşağıdan yuxarı baxırdı. Bu dəfə cavabı bilirəm. Bu dəfə inilti və bağırtısından başqa heç nə duymadım. Lap çox bu zaman soruşurdu, indi isə anlaqlı heç nə söyləməmişdi. Bu dəfə öldürmək istəmirdi, necə şanslı idi ki, mən də onu.
Gil. Qayğı. Qədim babillilər sabun hazırlamaq sənətinə yaxşıca agah idilər. Onlar küllə məxsusi yağları qaynadır, slindirlərə doldurur və sabun əldə edirlər. Antik Yunanıstan və Romada insanlar bədənlərini gil, qum, pemza və kül ilə təmizləyirdilər, habelə, küllə yağı qarışdırır, sürtünür, daha sonra “strigil” adlı metal alətlə yağ və kirdən arınırdılar. O, narahatlığımı bilirdi və sırf mənim üçün çuval-çuval quru gil alırdı. Əsla ciblərini tikmirdi, beləliklə, tez-tez pul itirirdi. Bu vaxt dərhal balıqtutan, tilov iplərini, bir banka dolu soxulcan və katuşkanı çantaya atıb, əgər evdə gil bitibsə çaya, yoxsa gölə gedirdi. Mənə elə gəlir, çay dibində lil yığmaq və onunla çimmək üçün yola çıxır, ortada isə özünü balıq tutmağa getdiyinə inanırdırırdı. Dimetil sulfoksid qoxuyurdu. Qəribə istəkləri olur, məsələn, palçıqla ilk öz böyrümü ovxalamalı, sonra həmin palçıqla onu boyamalı idim, birbaş özü gil, ya da lilə dəymir, səbrlə məni gözləyirdi. Beləcə, bir yerdə yuyunurduq.
“Əlinə nə olub?”
“Dön. Kürəyinə də çəkim”.
Bir də eyni sualı vermədi. Açıqcası, xeyli təəccüblənmişdim. Qanı az idi, əlləri və ayaqları buz olurdu, ancaq duşdan guppuldayan soyuq su onu daha çox təhrik edirdi. Gözümün qabağında. Ona görə səsini kəsmişdi. Müəllim şapalağı gücündə çiyinlərimə ağırlıq çökürdü, belə ki, heç nə edə bilmirdim. İncitmək istəyirdim, o an xətkeşlə büzmə etdiyim barmaqlarıma dağ çəkirdi elə bil. Stul təpəsindəki paltarlarımı geyindim və yarıyacan yerə dağıdıb 1 litrlik vodkanı götürdüm, qapını çırpdım. O isə duşdan çıxmadı.
Molotov. 1936-1939-cu illər, İspaniya. Əsl Molotov. Vyaçeslav Mixayloviç Molotov. SSRİ-nin xarici işlər naziri. Molotov-Ribbentrop paktının memarı. Nasist Almaniyasının kommunist çıxıntısı. Almaniya Polşanı işğal etdi. Noyabr, SSRİ Finlandiyanı ələ keçirdi. Qış Müharibəsi.
Noyabr. Saat 12. Küçə. Sol döngə. Yeddi blok aşağı. Neçə nömrəli olduğu naməlum uşaq evi. Sərlövhəsi yarı-qırıq, ancaq “Ev” yazısı. Qırmızı kamaz. Geyim, azuqə və oyuncaq yeşiklərinin üstünə alüminium rəng cod həsir parça salınmış, ad və adressi təyin olmuşdu. Nazik əl dəsmalını alkoqola batacaq və başıaşağı tutanda islanacaq qədər içinə dürtdüm. Yaş olduğunu bilən kimi, çaxmaq ilə parçanı yandırdım. Tullamaq üçün büküyüm düz açılmışdı ki, ovcumda söndü. Böyük şövqlə hazırladığım ev tapşırığını, yaxud əla qiymətimi yazdırmaq üçün həvəslə çantamı eşələyib tapacağım gündəliyimi unutmağa oxşar söndüm. Sabah bir də bəxtimi sınayacam.
Zəngi bir daha çaldım. Təngnəfəs qapını açdı. Yəqin, evdə adam olardı. Tərli, kirli və pərişan idi. İçkini təqdim edərək dilləndim.
“Arağı kimdən almısan?”
“A-Aşağı… Aşağı mağazadan”.
İldırım sürəti ilə üzüaşağı pilləkənləri düşürdüm, arxamca qışqırdı.
“İndiyə getmiş olar!”
Məhəllənin nəhayətində daxma boyda, damı təzə vurulmuş, boyası ala-yarımçıq dükanın pişgah işığı keçmişdi. Furajka, uzunqol tartan köynək və dar paça şalvar əynində, bahalı saat biləyində, tək qulaq sırğalı, həddi-büluğunda keçəl bir oğlan, sonra da kölgəsi göründü. O, kərpənki bağlamaqla məşğul ikən küçə fənəri ən gur vuran yerdə – lap dibində dinməzcə qıfıl ilə əlləşməsinə tamaşa edirdim. Mən dəmir dirəyə dayanmışdım, gözlərim qamaşsa da, kirpiklərimi qırpmadan işığa bəri gəldikcə önündəki kölgənin kiçilib, arxasındakının azmanlaşmasını görmək mənə pik zövq verirdi. Çox yaxşı oynayırdı; geriyə boylana-boylana əlimin altına gəlirdi. Bəm parlaqlıq altına çatdı, gözlərini sıxdı. Ha, onları açanacan şüşə butulkanı başında sındırdım. Qan gölündə heç nə, məhz yuxarıdan, qəti sönməyən, nuru intəhasız küçə fənərindən başqa zahir deyildi. Elə bil, hər sübh gümrahcasına oyanıb məktəbə gedən cığırda səmadan baxışlarını çəkməmək kimi, horizonda bufet peraşkisi qədər səni məmnun edəcək rənglər, sonra dərsə çağıran səs əvəzi Günəşin doğması kimi. Uzaqlaşdım.
Üçüncü gün. Üç dəqiqə əllərimi diqqətlə yuyuram. Düzgün və olduqca təmiz olması üçün ilk növbədə biləkləri sürtmək lazımdır. Dezinfektant ovuc içi, barmaqların arası və dırnaq dibləri də daxil olmaqla, əl ilə hərtərəfli təmas etməlidir. Mən xadiməyəm: çox, çox gigiyenik davranmalıyam. Anadangəlmə pak olmalıyam. Əminliklə, yuyunub qutardıqdan sonra qollarımı yuxarı qaldırıb dirsəyimin ucu ilə kranı bağlayıram. Mavi sprey və kağız salfet ilə hər bir yanını qüsursuz sildiyim jurnal stolda əvvəlcədən isitdiyim və bir yırtığı, deşiyi olmadığından zərrə şübhə duymadığım dializ məhlul, balaca qoruyucu qapaq, antiseptik, mavi sıxac, tərəzi, iki tənzif, bant və yod sıralamışam. Əməliyyat yarasına dairəvi yod çəkib üstünə tənzif qoyaraq bantlayıram. Kateteri uzun müddət əlləmək olmaz. Dezinfeksiya edib əllərimi, boş torbanı yerə, içərisində məhlul olan isə üzüyuxarı orqanayzerdən asıram. Mədəsindəki mayeni boşaldıram, dərhal mavi sıxac ilə ucu görünəcək şəkildə sıxıram. Yaşıl qismi qırıb ona qədər sayıram. 1, 2, 3, 4, 5, 5, 5… Üç dəqiqə əllərimi diqqətlə yuyuram. Düzgün və olduqca təmiz olması üçün ilk növbədə biləkləri sürtümək lazımdır. Dezinfektant ovuc içi, barmaqların arası və dırnaq dibləri də daxil olmaqla, əl ilə hərtərəfli təmas etməlidir. Mən xadiməyəm: çox, çox gigiyenik davranmalıyam. Anadangəlmə pak olmalıyam. Əminliklə, yuyunub qutardıqdan sonra qollarımı yuxarı qaldırıb dirsəyimin ucu ilə kranı bağlayıram. Əməliyyat yarasına dairəvi yod çəkib üstünə tənzif qoyaraq bantlayıram. Dezinfeksiya edib əllərimi, boş torbanı yerə, içərisində məhlul olan isə üzüyuxarı orqanayzerdən asıram. Mədəsindəki mayeni boşaldıram, dərhal mavi sıxac ilə ucu görünəcək şəkildə sıxıram. Yaşıl qismi qırıb ona qədər sayıram. 1, 2, 3, 4, 5, 5, 5… Əminliklə, yuyunub qutardıqdan sonra qollarımı yuxarı qaldırıb dirsəyimin ucu ilə kranı bağlayıram. Əməliyyat yarasına dairəvi yod çəkib üstünə tənzif qoyaraq bantlayıram. Dezinfeksiya edib əllərimi, boş torbanı yerə, içərisində məhlul olan isə üzüyuxarı orqanayzerdən asıram. Mədəsindəki mayeni boşaldıram, dərhal mavi sıxac ilə ucu görünəcək şəkildə sıxıram. Yaşıl qismi qırıb ona qədər sayıram. 1, 2, 3, 4, 5, 5, 5… Zəlil qalasan! Bir də. Üç dəqiqə əllərimi diqqətlə yuyuram. Düzgün və olduqca təmiz olması üçün ilk növbədə biləkləri sürtümək lazımdır. Dezinfektant ovuc içi, barmaqların arası və dırnaq dibləri də daxil olmaqla, əl ilə hərtərəfli təmas etməlidir. Mən xadiməyəm: çox, çox gigiyenik davranmalıyam. Anadangəlmə pak olmalıyam. Əminliklə, yuyunub qutardıqdan sonra qollarımı yuxarı qaldırıb dirsəyimin ucu ilə kranı bağlayıram. Mavi sprey və kağız salfet ilə hər bir yanını qüsursuz sildiyim jurnal stolda əvvəlcədən isitdiyim və bir yırtığı, deşiyi olmadığından zərrə şübhə duymadığım dializ məhlul, balaca qoruyucu qapaq, antiseptik, mavi sıxac, tərəzi, iki tənzif, bant və yod sıralamışam. Əməliyyat yarasına dairəvi yod çəkib üstünə tənzif qoyaraq bantlayıram. Kateteri uzun müddət əlləmək olmaz. Dezinfeksiya edib əllərimi, boş torbanı yerə, içərisində məhlul olan isə üzüyuxarı orqanayzerdən asıram. Mədəsindəki mayeni boşaldıram, dərhal mavi sıxac ilə ucu görünəcək şəkildə sıxıram. Yaşıl qismi qırıb ona qədər sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Məhlul mədə pərdəsini keçib qarnına boşalandan gediş-gəlişi kəsirəm. Sanitarizasiya edilmiş qoruyucu qapaq taxıram. Qarnından çıxan mayeni tərəzi ilə çəkirəm, kitabçaya qeyd edirəm. Torbaları yumaq üçün ləyənə atıram.
“Qaqaş, evə nə vaxt saat alacaqsan? Müəllim sabah soruşacaq deyib”.
Antiseptik şüşəni qaldırıb evdən çıxdım. Başılovlu qaçaraqlayırdım. Gah töyşüyə, gah da tullana-tullana onuncu mərtəbəyə yetişdim. Az qala boğulacaqdım, qapını yumruqlayırdım. Nəticə yox idi. Artıq təpikləyirdim; bir təpik daha atacaqdım ki, gəldi.
“Nə olub?!”
“Vaxt yoxdur, saatı gətir bura”.
“Nə saat?”
“Divardakı saatı tez çıxart, gətir mənə!”
Həmin bərələ-bərələ gözlərlə, lakin bu dəfə vəsvəsəyə qapılmış köhnə ev saatı ilə gəldi. Pul yox idi, cibimi axtarırdım.
“Eybi yox, pul qalsın, keçən dəfə də verməmisən onsuz. Müştəri gözləyir, getməliyəm. Saatı neyniyirsən elə, gətir ha, ondan başqa yoxumdur”.
Eşikdə quruyub qaldım. Müştərilərinin olduğunu bilirdim, fəqət heç vaxt özü cəsarət edib mənə deməmişdi. Sanki dili açılmışdı. Şüşədəki mayenin üçdə birini qapının ağzına səpələyib kibrit yandırdım. Bütün yanıq iyi verirdim.
Qış müharibəsi. Müharibə zamanı SSRİ xarici işlər naziri Molotov sovet radiosunda Finlandiyanı bombalamadığını, əksinə, aclıqdan əziyyət çəkən finlərə təyyarə ilə yemək göndərdiyini elan edirdi. Buna cavab olaraq finlər SSRİ-nin onlara qarşı istifadə etdiyi kasset bombasını “Molotovun çörək səbəti” adlandırdılar, eləcə də çörəyin yanında içki olaraq əldəqayırma hazırladıqları molotov kokteyləri ilə sovet ordusunun zirehli maşınlarını yandırdılar.
Noyabr. Saat 12. Küçə. Sol döngə. Yeddi blok aşağı. Neçə nömrəli olduğu naməlum uşaq evi. Sərlövhəsi yarı-qırıq, ancaq “Ev” yazısı. Qırmızı kamaz. Bomboş idi. Cırhacır səs çıxaran təkərləri dayanmışdı. İşıq olmasa, görünmürdü. Xoşagəlməz qoxu dörd metr aralıdan hiss olunurdu. Dilimin altına elə bil kürd siqareti qoymuşdum. Heç bir şeyə məhəl qoymadan kokteyli hazır etdim və kamazı necə lazımdır, eləcə də odladım. Burun pərələrim, qulaqlarım və ağzımda qan qaynayırdı. Qıpqırmızı işıldayırdı indi nəinki kamaz, yer, göy və Ev qızarırdı. Təkcə dərimin altında sinirlər qıcıqlanmırdı, özümə toxunduğumu belə hiss etmirdim. Dalğın halda, çatıqqaş dönürdüm; baldırlarımı yumruqlayır, təpirdim, ayalarımı cırmaqlayırdım. Bir xeyli hərəkətdən sonra nə etdiyim barəsində fikrim itmişdi; necə və nə edirəm, bilmirdim. Göz açıb-yumuncaya qədər uzun, sanki yanğınsöndürən xortumu sürükləyən bağban və yanmağa hələ-hələ başlamış kamazı sulamağına şahid oldum. O mənə baxmırdı, gündəlik qarşılaşdığı adi işlərdən biri kimi görürdü bunu. Heç vecinə deyildim. Ani xışımla yerimdən götürülüb bağbana tərəf qaçıb onu kənara atmaq və xortumu boğazına keçirmək istəyirdim. Hərçənd ilk addımda şiddətli və məşum vıyıltısı qandonduran bir külək ilə yerə çırpıldım və oradan uzaqlaşdım. Bu dəfə alınmadı.
Yorğun-arğın evə girdim. Oğlan pəncərədən quru çöllüyü izləyirdi. Mən də bir siqaret tüstülədib yüksəkliyin ətəyində hörümçək toru kimi qatılaşan və parta altına yapışdırılmış saqqız tək partlayan ağ, qızılı, açıq-mavi, qırmızı işıqlar üzünə keçdim.
O, yavaşca: “Niyə tarixdə cənnət rəsmləri çox azdır?” – deyə siqaretini külqabıya basdı.
“Yəqin, heç kəs mavi şeytan çəkmək istəməyib”.
“Əslində, ilk şeytan mavi rəngdə olub, sonradan qırmızı ediblər, Götedən sonra, Faust əsəri…”
“Bilmirəm”.
“Bəs səncə şeytan varsa…”
“Yoxdur”.
“…Nə rəngdədir?”
“Nəyi görə bilirsənsə, onun rəngi var. Belə şeylərə baş qoşma”.
“Belə çıxır ki, nə şeytan, nə mələk… Hamısı yalandır?”
“Hə, yalandır. Həyatda iki cür insan var. Özünü yaralamamaq üçün başqasını yaralayanlar və başqasını yaralamamaq üçün özünü yaralayanlar. Biz də onları pis və yaxşı deyirik”.
“Mən pis və yaxşını kağız üstündə bilirəm. Müəllim bizə qara və ağ kimi göstərib, deyir ki… A, düz deyirsən! Nə göydür, nə qırmızı! Hə, müəllim deyir ki, həmişə müharibə aparırlar. Ancaq mən qaranlıqdan qorxmuram, qara rəngdən də. Ən çox, ən çox… Qara özlüyündə heç qorxulu deyil ki, bircə… Qara nöqtə ən çox ağ kağızın üstündə qara olur, zil qara, mən ağ kağızda qara nöqtə qoymaqdan qorxuram. Qara nöqtəyə dəyməkdən qorxuram”.
Yan çevrilib ona baxdım. Düz baxaraq danışırdı, heç məni saymırdı. Çox gənc idi. Uşaq idi. Böyrüstə çarpayısına uzandı. Saatı çantasının yanına qoydum.
İşığı əsməcə tutmuşdu və birdən söndü.
July, 2023