Yubiley qutlaması
70 yaş söhbətinə inanmağım gəlmir; işarəyə inansam da, ruhən inanmağım gəlmir. Çün mənimcə, Kamal Abdulla qocaman dünyamızda daim cavan olmağı, cavan qalmağı bilmiş, bacarmış bir hünər sahibi, qeyri-ordinar Simadır. “Yarımçıq əlyazma”nı xatırlasaq: “-Dünya, qoca dünyadır, həşəmətli xan / -Qorqud, oğul, qoca deyil, dünya cavan dünyadır…” Gərək ki, bu keyfiyyətə modernite deyirlər…
Cavan qalmağının Sirrini də çox axtarmaq lazım gəlmir. Çün son yarım əsrdə Kamal Abdullanın yaratdığı bir Ədəbiyyat vardır; bu ədəbiyyatın sakinləri: qəhrəmanları, tüm personajları, şəxsiyyətləri, agentləri, müəllif və oxucuları elə bunuca axtarmağa məşğuldurlar. “Sirri-zəmanə” hekayəsini yada salsaq, hardasa sirrə çatırlar da: “Hər əsrin, hər dövrün, hər ölkənin, hər kimsənin belə öz zəmanəsi var… Sirri-zəmanə öz dövründə, öz zəmanəsində üzə çıxdı. Üzə çıxan kimi də onu tapdılar. Məsələ bitdi. O, bir şəxsin qisməti oldu. O biri zəmanələrdə sirri-zəmanənin özü yox idi, adı var idi. Axtaranlar onun özünü deyil, adını axtarıblar, sən daxil… Xoşbəxtliyin sirri, əgər tapılıbsa, o biri zəmanəyə keçə bilmir, elə öz zəmanəsində qalır…” Kamal Abdulla hər yerdə və həmişə öz zəmanəsini ümdə, əzəlkilərə man bilmiş ədib və alimdir; gərək ki, buna da elə modernite deyirlər…
Kamal Abdulla ədəbiyyat və mədəniyyətimizə elə bir çağda addımlar(ını) atıbdı ki, bütün sabiq Sovetlər miqyasında bircə “sirri-zəmanə” hakim idi: İnkar mübarəkdir! Biz çağdaşları da onu elə bu səmtdən – tənqidi məqalələrindən, esselərindən, əzəlki zəmanələrə növbənöv protestolar edən “Qoşma”, “Sözün sirri” kimi TV-verilişlərindən, ən nəhayət dünyadan alıb gündəmə, elmdən ədəbiyyata gətirdiyi “Müəllif-əsər-oxucu” üçbağından tanımağa başladıq, tanıdıq, sevdik: “Kimdir sual verən və kimdir cavab verən? Sual verən İndidir, suala cavab verən Keçmişdir. Sual verən naşılıqdır, suala cavab verən təcrübədir. Sual verən yayğınlıqdır, suala cavab verən normadır, tarazlıqdır. Bir sözlə, sual verən gənc, yenicə həyata atılan Yazıdır, suala cavab verən qocaman, təcrübəli Mifdir…”
Trendlərə həssaslıq hər zaman Kamal Abdulla yaradıcılığının generatoru olubdur, gərək ki, elə bu keyfiyyət də modernite-yə yozulur… Və ol zamanlarda bizdə belə bir postulatın: – ki, Ədəbiyyata ya nasir kimi gəlmək olarmış, ya Şair kimi, ya da uzaqbaşı tənqidçi; ikisi birində, üçü birində guya mümkünsüz… – tabusunu götürənlərdən birisi də məhz Kamal Abdulla oldu: – bəs janrın nə dəxaləti, ortada yaradıcılıq varsa. Alim, həm yazıçı, ikisi birində… – əbəs yerə çaşıb ona: “Azərbaycanın Ekosu” deməmişlər ki; dünyada bu trend yeriyirdi, Kamal Abdulla zamanında “sirri” tutmuş və bir daha onu heç vəch əldən verməmişdir…
Belə bir deyim var: dramaturq olmurlar, dramnəvis doğulurlar. 1990-cı illərdə Azərbaycan səhnəsində klassika bitib-tükənəndə Kamal Abdulla bu “boşluğ”a öz modern teatrı ilə girdi; doğrudur, köhnə və təzə “absurd” yanında hələ bir qədər kölgədə qalsa da, bir qədər özgə, naşı, öyrəşmədiyimiz, mistik-ruhsal səciyyəsi, poetikası ilə tədricən vərdişlərimizi alacaqdı. Etiraf edim ki, tamaşaçı olaraq zəmanəmizdə modern səhnəni mən ilkin “Yuğ”da, Kamal Abdullanın “Bir-iki – bizimki”si ilə tanımışam, elə “Yuğ”u da “bizimki” olaraq… Kamal Abdulla “gümüş dövrün şairləri”ni çevirə-çevirə, paralel şeir də yazıbdır; bizdə “magik realizm”i gəlişdirə-gəlişdirə ilkin hekayələrini də. Amma nədirsə, ötən əsrin lap sonlarınacan bizdə modernite ədəbiyyatı deyəndə ilk yada düşən Ramiz Rövşən idi, Vaqif Səmədoğlu, Vaqif Bayatlı idi, nəsrdə Anar, Elçin, Afaq Məsud, hətta Mövlud Süleymanlı olurdu. Kamal Abdullanın adı bu sırada daha çox esseist, “əvvəl-axır yazılanlar”la, “kədərli seçmələr”də xatırlanırdı. Çün axı Kamal Abdulla həm də “300 Azərbaycanlı”nı yazmış, “sirri”nə nüfuz etmiş qüdrətli bir ədibdi; “o nə sirdi açılacaq sirdisə”!, “yolun əvvəli” kimi, “axırı” da hələ qabaqdaydı…
Zəmanəmiz Kamal Abdullanı XXI yüzildə tanıdı; həm də “modernite”ni arxada qoyub bizdə post-modernin banisi kimi: “Yarımçıq əlyazması” ilə, “Sehrbazlar dərəsi” ilə, “Unutmağa kimsə yox”la… Elə bir “Bermud üçbucağı” ilə (Kamal Abdullanın öz təyinidir) ki, cəsarətlə: “Mən, Mollla Nəsrəddinin sözü olmasın, ayağımı “üç dəfə” cızıqdan kənara çıxardım və deyilən bütün hədyanları öz üzərimə qəbul etdim. O birilər üçün, inşallah asan olar…” – deyə bildi. Və bu dəm baxıb gördük ki, Kamal Abdullanın tüm modernite axtarışlarında hardasa elə əzəldən bir ironiya da yatırmış; Kamal Abdulla yaradıcılığında klassik dəyərlərin tədqiqi, klassikaya pənah və böyük sayğı ilə yanaşı, günün gizli bir istehzası da yer alırmış. Baxıb gördük ki, Kamal Abdullanın Qərb axtarıcılığında Şərq, elm axtarışlarında ədəbiyyat, ədəbiyyatda elm, kainat nizamında sərhədsizlik-xaos, harmoniyada disharmoniya ehtirası, antik mövzularında modern, müasirliyində antika, tarix ölçülərində bugün, ötüb-ötüşən günümüzdə tarix, paralel dünyaların məntiqi və məntiq axtarışlarının a-logikliyi… baxışır, çulğaşır, biri-birisinə təbəssüm göstərirmiş. Yəni başdan-binadan dekonstruksiya, post-modernite dediyimiz bir sirr…
Kamal Abdulla ədəbiyyatımıza Dünyalar gətirdi: Sirr içində dastan, Günortac, Sehrbazlar dərəsi, İnsasanlar ölkəsi, yaxın-uzaq Ellada, Dansökülən, Mənim Füzulim… Obrazlar-qəhrəmanlar kəşf etdi: tənha Dədə Qorqud, oğul Qorqud, Təkgöz, xanlar xanı Bayındır xan, Xızr-Xətai… Oxucunu Xorxe Luis Borxesin “ədəbiyyat yuxusu” ilə sehrlədi, Umberto Eko ilə görüşdürdü, Düma ilə Coys arasında gəlişdirdi və qayıdıb Hacı Mir Həsən ağa Səyyahın bitib-tükənməz dolambacları, dərinləri ilə içərik, iç-içə qoydu onu…
Kamal Abdulla ədəbiyyatımızda elə bir “Labirint” (həm də hekayələr toplusunun adıdır) açdı ki, nəinki modernite gəzib-pusanlar, hər kəs hər cürə “sirr” axtarıcılığına girdi bura, – mən elmi və ədəbi-tənqidi prosesi müntəzəm izləyənlərdənəm, – son onbeş ildə humanitar elmin və tənqidin işığına gələnlər yazıçının mətnlərinə olduğu qədər ədəbiyyatda heç bir sorağa belə can atmamış, həvəskar olmamışlar; hər gələn həm baxıb-gedibdi…
Kamal Abdulla sərgüzəştlər gətirdi ədəbiyyatımıza. “Sirlərin sərgüzəşti”… Bu ki, Mirzə Fətəlinin “Təmsilat”ından beləsinə “tilsimi”nə düşüb də alternativini axtaran yox idi. Kamal Abdulla klassikasından qopa bilməyən ədəbiyyatımızla yanakı, paralel Ədəbiyyat ortaya qoya bildi. Bir-iki – bizimki… Doqquz-on – qırmızı don…
Kamal Abdulla N qədər modern anlayışlar-mənalar-ölçülər yeridə bildi ictimai altyapımıza: paralel dünyalar çoxluğu, sirrədost varlıqlar, möhtəşəm ahəng, hadisələrin üfüqü, dünyanın tarazlıq günü, ədəbiyyatın “qara dəliyi”, Yer üzünün mərkəzi və meyarı… Eynən heyrətamiz paralelliklə klassik ölçülər-mənalar-adları, ənənəvi institusiyanı da qoruyub-saxlaya bildi, vaz keçmədi kültür-pozisionunda: doktor, professor, Elm-təhsil-mədəniyyət xadimi, Şöhrət ordeni, akademik, Xalq yazıçısı…
Bir çoxlarını arxada qoyub, Kamal Abdulla haqqında mən də çox yazmışam. Miflə dünya arasında çox dolaşmışam. Metafizik Labirintlərində çox azıb qalmışam; tıpqı təpki aldığım da olubdu, sirri-Zəmanəyə vaqif olduğum da. Borxessayağı Kamal Abdulla da olub, Vakxanaliya mövsümündə qədim mayyaların axirət təqviminə ulaşdığım da. Gəl Korneliusun ölümü qədəri ləzzət verəni olmayıbdı: “Korneliusu son mənzilə aparmağa – basdırmağa gələnlər”in “gəlişindən bir az əvvəl evdən bir adam çıxıb yağan qar lopalarının arasıyla qəribə bir yerişlə, dövrə vura-vura uzaqlaşır və gözdən itir. Bu, Səyyahdır”… Yadımızdasa: “sərgərdan kimi dünya ölkələrinin birindən o birinə gedən, öz ölkəsinə dönməyin yolunu axtara-axtara tapa bilməyən” Səyyah…
Bir gün Kamal Abdulla haqqında kitab bağlamaq istədim. İstəmədi. Ədəbiyyatda öz yerimi hamıdan yaxşı bilirəm dedi.
Bu ki, nə söz, bircə qutlamaqlığım qalır.
Yubiley yaşın mübarək, Kamal Abdulla!