Tim Parks 1954-cü İngiltərədə, Mançesterdə doğulub. Kembric və Harvard Universitetlərində təhsil alıb. 1981-ci ildən İtaliyada yaşayır. O, “Europa”, “Tale”, “Seks qadağandır” romanları ilə məşhurlaşıb. Tim Parks həm də ciddi tərcüməçidir. Moravia, Kalvino, Kalasso, Makiavelli və Leopardinin əsərlərini ingilis dilinə çevirib. Onun ingilis modernistlərinin əsərlərinin italyan dilinə tərcüməsini analiz etdiyi “Üslubu çevirmək” bu sahənin klassik əsərlərindən sayılır.
Puldan danışaq. E.H.Qombriç dünya sənət tarixindən bəhs edən kitabında bir-birinə uyğun gəlməyən rəsmlər çəkən müəmmalı bir İntibah rəssamını yad salır; sənət tarixçiləri sonradan həmin rəssamın gəlir-çıxarla bağlı hesablamalarını tapırlar və buna əsasən onun əsərləri ilə qazancı arasında qarşılaşdırma aparıb müəmmanı çözürlər: Rəssam aşağı əmək haqqı alanda həvəssiz işləyib, yaxşı pul alanda özünü də ötüb keçib. Son illərdə yazıçıların gəlirindəki düşüşü nəzərə alsaq, oxuduqlarımızın keyfiyyətində də buna adekvat düşüş varmı? (Bir az kitab bazarının durğunluğundan, bir az da internetin dinamizminə və piratçılığına bağlı olan müstəqil jurnalistlərin əmək haqqındakı azalma və əksər romançıya verilən avanslardakı düşüş yada düşür) Aradakı bağlantı, əlaqə doğurdan bu qədər bəsitdirmi? Digər tərəfdən, hər hansı sənətkarlıq məhsulunun iqtisadi məsələlərdən təsirlənməməsi mümkündürmü?
Mənə oxucu kütləsi daha geniş olan müxtəlif saytlara bloq yazmaq təklifi gələndə “Nyu-York Revyuda” qalmağı seçdim, bir az keçmiş münasibətlərə söykənən sədaqət hissiylə, bir az da daha çox pul ödədikləri üçün. Daha az pul müqabilində daha populyar bir sayta yazmağa başlasam, daha pismi yazacaqdım? Yoxsa saytın geniş oxucu kütləsi məni izlədiyi üçün həyəcanlanıb daha yaxşı yazacaqdım? Geniş oxucu kütləsi sonralar başqa cəhətdən, tutalım, amerikalı bir naşirə kitabımı satanda daha çox pul qazanmağıma təkan verəcəkmi? Fərz edək ki, populyar saytdakı bloqdan müştəri çəkmək üçün istifadə edərək kitabdan yaxşı pul qazandım, bu o deməkdir ki, növbəti kitabım daha yaxşı olacaq? Yoxsa qazancımdan asılı olmadan həmişə eyni şəkildə yazıram; yəni bu maddi əməliyyatlar və bundan irəli gələn qərarlar bank hesabıma, narahatlıq səviyyəmə təsir edir, amma gördüyüm işin keyfiyyətinə təsir etmir?
Bu işi anlamağa çalışaq. Nadir hallarda olur ki, yazıçılar yazmağa başlayan kimi normal pul qazanırlar. Bir nəşriyyat mənim kitabımı çapa qəbul edəndə altı il idi yazırdım, yeddi romanım vardı. Təxminən iyirmi nəşriyyat tərəfindən rədd edilən yeddinci romanım axırda dünyadakı müəllif haqları standartı ilə mənə 1000 sterlin avans qazandırmışdı. Aydındır ki, o ərəfədə pul müqabilində işləmirdim. Bəs nə üçün işləyirdim? Zövq üçün? Məncə, yox, yadıma gəlir ki, o kitabım çapa qəbul ediləndə vaz keçmək üzrəydim. Bezmişdim. Dünyanı sözlərlə ifadə etməyə çalışmaq mənə nə qədər zövq versə də, rədd edilmək adamı həvəsdən salır; yazmaq vərdişi məni başqa bir sahədə “normal” bir iş tapmaqdan da təcrid edirdi.
İyirmili yaşlarımda deyəsən yaza biləcəyimi, yazıçılar mühitinin bir hissəsi ola biləcəyimi özümə isbat etmək üçün yazırdım; mənə elə gəlirdi ki, son qərarı özüm verə bilmərəm. Yaza bildiyimi, təcrübəmi maraqlı bir baxış bucağından sözlərlə ifadə edə bildiyimi isbat etmək üçün naşir təsdiqinə, yəni onun mənə investisiya qoymaq istəyinə, ciddi olacağını ümid etdiyim oxuculara və tənqidçilərə ehtiyacım vardı. Yəni mənim gözümdə yazıçı təkcə yazan adam deyildi, yazdıqları çap olunan və oxunan, üstəlik, bəli, təriflənən adam idi. Niyə belə bir adam olmağı seçdiyim isə bəlli deyil.
Təbii ki, bu gün yazıçılığa namizəd olanlar “Yaradıcı yazı” atelyelərinə getdiyi üçün onsuz da peşakarlardan rəy alırlar. Əksəriyyəti hekayələrini internetdə özlərini yayımlayıb veb vasitəsilə kim olduqları bilinməyən oxuculardan şərhlər alırlar. Amma tədris etdiyim azsaylı “Yaradıcı yazı” dərsində gördüm ki, dəstək peşakarlardan oldu-olmadı, heç vaxt yetərli olmur. Tələbələr mənim “yaza bilirsən” sözümü eşidəndə sevinirlər, amma bir vaxtlar mənim də hiss etdiyim təsdiqə, naşirlə müqavilə bağlamağa ehtiyac hiss edirlər, yəni işin içinə pul girir. Düzdür, “filan qədər pul” hesabı aparmırlar, amma hələlik belədir. Hələlik təqdir olunmaqla bağlı bir işarə gözləyirlər; yazıçı sifəti ilə mövcud olmaq istəyirlər.
Bununla yanaşı, start xəttini keçən kimi, pul əhəmiyyətli olur. Əlbəttə, işin bir hissəsi dolanışıqdır, amma ilk romanları çap olunan kimi, sırf yazdıqları ilə dolanacaqlarını zənn edən romançıların sayı yəqin ki, çox azdır. Xeyr, pul təkcə ehtiyac məsələsi deyil, çünki naşirlərin sizə nə qədər investisiya qoymaq niyyətində olması, nə qədər populyarlıq qazanacağınız, kitabınızı satmağa nə qədər çalışacağı – bunlar hamısı ehtiyacını hiss etdiyiniz diqqəti görəcəyinizdən, avansın miqdarı isə digər yazıçılara nisbətdə çəkinizdən xəbər verir. “Yazıçı olmağın” gətirdiyi özünəinam ancaq bir naşirin investisiya qoymağa könüllü olması ilə bağlıdırsa, belə nəticəyə gəlmək olar ki, naşirlər nə qədər çox pul qoysalar, o qədər özünəinamınız artacaq.
Bu vəziyyət normaldırmı? Aydındır ki, gələcək əsrlərdəki obrazını və şöhrətini vecinə almadan soyuqqanlılıqla işini əmək haqqına görə tutan ikinci dərəcəli İntibah rəssamından çox-çox uzağıq. Robert Valzerin şah əsəri “Yakob von Gunten”də yazıçının cavan alter-eqosu özünə böyük qardaş saydığı sənətçi ilə ağrısını bölüşür, anlamağa çalışır ki, əqli vəziyyəti başqalarının tənqidi hökmlərinə bağlıdırsa, bir insanın rahatlığa qovuşması mümkündürmü?
Bu vəziyyətdə paradoksal şəkildə bir yazıçının (ən azından yazdıqlarının keyfiyyəti baxımından) başına gələ biləcək ən pis şey – istədiyi pulun və şöhrətin dərhal əldə edilməsidir. Bu məqamda bütün digər işlərdən, cəmiyyətlə bütün sağlam və məqbul iqtisadi əlaqələrdən sürətlə vaz keçilir; sözügedən yazıçı artıq yüzdəyüz dünyanın kitablarına verəcəyi reaksiyadan asılıdır, eyni zamanda, böyük ehtimalla o yazıçı artıq kariyerasını uğurlar, zəfərlər şəklində inkişaf etdirən, onun böyüklüyünü dəstəkləməyə həvəsli insanlarla əhatələnib. Dünyanın sənətə verdiyi reaksiyanın son dərəcə dəyişkən olmasına çoxdan bələd olan təcrübəli bir adam bu həsəd aparılası vəziyyətə soyuqqanlılıqla yanaşa bilər. Əksəriyyətimiz üçün ədəbsizləşmək, özünəvurğun bir adama çevrilmək, ya da (bəlkə də) altı rəqəmli məbləğlərdən gözlənənləri yerinə yetirmək məsələsində narahat olmamaq çox çətindir. Tənqidlərə sinə gərməyə gücü çatan bir alim olsaydı, 1980-1990-cı illərdə astronomik avanslar almış cavan ədəbiyyatçıların əsərlərinin keyfiyyəti ilə bağlı bir araşdırma aparardı və bu, maraqlı olardı; nə qədər ölçmək mümkündürsə, o qədər ölçüb yoxlamaq olardı ki, onların üslubları və istedadları nağd puldan sonra azalıbmı? Tənqid dünyası yeni favoritlərinin gözlənən məhsulu yarada bilmədiyini inkar etməyi nə qədər davam etdirdi? Şöhrət, az qala, həmişə performansdan daha uzun ömürlüdür.
Hədsiz çox pul zərərli ola bilər, amma tulapayı ödənişlər də yazıçının yaxşı yazması üçün yetərli olmayacaq. Yazıçının gördüyü işin hansısa formada pulla əlaqədar olmaması ilə bağlı uyduruğumuz inadçı arzu bədii əsərləri müəlliflərin dolanışığından ayrı şəkildə analiz etməkdə israr edən fanatizmlə birləşib və nəticədə yazıçının əsərləri ilə gəliri arasındakı əlaqə ilə bağlı çox az araşdırma aparılıb. 1940-cı ildə yazılan Kristina Stedin (Christina Stead) şedevri “Uşaqları sevən adam” kitabına Randol Karrelin yazdığı önsöz istisnadır; Stedin əsərini yeni nəslə qazandırmağa çalışan Karrel avstraliyalı yazıçının (bir az bu cür möhtəşəm şəkildə bir-birindən fərqli romanlar yazmasına, bir az siyasi duruşuna, bir az da ölkədən ölkəyə gedib-gəlməsinə istinad etdiyi) daimi naşir tapmamasının yazdıqlarına mənfi təsir etdiyini irəli sürüb. Sted hamısı təriflənən xeyli roman yazsa da, ortada bir referans mühiti, bir əsərdən digərinə olan inkişafı izləmək məcburiyyəti hiss edən tənqidçilər yox idi; nəticədə kitablarının satışı aşağı idi, o qədər aşağı ki, müəllif dolanmaq üçün öz makinası ilə başqalarının mətnlərini yığırdı.
Xeyli əngəl və ümidsizlik yazdıqlarının tonunu müəyyənləşdirməyə başladı, daha hay-küyçü, nəfsinə düşkün oldu; Karrelin fikrincə, yazıçının nəşr imkanları başqa cür olsaydı, bunlar baş verməyəcəkdi.
Mənə elə gəlir ki, burada vacib olan məqam referans mühitidir. Yazıçılar əsərlərinin fərqində olan və naşiri məmnun edəcək qədər kitab satın alan oxucu kütləsi üçün yazdıqlarını hiss edəndə, mütəvazi gəlirlə kifayətlənə bilərlər. Amma çağdaş qloballaşma ədəbiyyat bazarlarını birləşdirmək meyli ilə yerli ədəbi mühitləri zəiflətməyə başlayır, digər tərəfdən dünya çapında hədsiz çox kitab satanlarla, az sayıda, əsasən də öz ölkəsində kitab satanlar arasındakı uçurum get-gedə dərinləşir.
Bu kontekstdə ana dili olan Kannada dilində yazmağa davam edən, əsərlərinin tərcüməsini tapa bilsəniz həqiqi ekzotizmin bütün mürəkkəbliyini də, mükafatını də dadacağınız hindistanlı U.R. Anantamurti kimi yazıçıların gəlirləri ilə ingiliscə yazan, enerjisini də, fantaziyasını da ekzotizmi həm qabardıb, həm də ələgələn edərək Hindistanı Qərbə təqdim etməyə xərcləmiş, (Salman Rüşdü, Vikram Set və başqaları kimi) daha məşhur hind yazıçılar arasında bir qarşılaşdırma aparmaq maraqlı olardı. Səksən yaşlarında olan Anantamurti çox güman ki, uzun illərdir mütəvazi bir gəlirlə, stabil və inandırıcı şəkildə işləyir; astronomik avansların dəbdəbəsi içində çalışan, müəyyən bir mühit üçün yox, bütün dünya üçün yazan məşhur imzalar özlərini daim qlobal şöhrətlərini haqlı çıxaracaq şəkildə, çox yüksəyi hədəfləyən romanlarla tükənmişlik təhlükəsini nəzərə almaq məcburiyyəti qarşısında tapırlar.
Ancaq Anantamurti ilə müqayisədə yazmağa davam etmək üçün gəliri olmayan onlarla yazıçı olacaq; Rüşdü ilə müqayisədə şöhrəti konkret janrdakı bir ədəbi mətnin konkret oxucu mühitinin dəstəyi olmadan yazmağa davam etmək üçün başgicəlləndirici orbitə çata bilməmiş yüzlərcə yazıçı olacaq.
Tərcümə etdi: Qismət