Sim-sim.az Tionqonun “Kamaunun qayıdışı“ hekayəsini təqdim edir.
Yol uzaq idi. Hər addımda ayaqlarının altından toz buludları qalxır, arxasında topalanır və yavaş-yavaş çökürdü. Lakin ensiz toz cığırı havada asılı qalıb şleyf kimi Onu izləyirdi. O, elə hey gedirdi, toza fikir verəsi halı yox idi. Getdikcə ağırlaşan və düşmən kəsilən yol da vecinə deyildi. Yol sonsuz görünürdü. O, ayaqlarının altına baxmırdı, gözlərini uzaqlara zilləmişdi. Çox keçməz qarşıda tanış bir daş, kol, ya da ağac peyda olar, uşaqlığından yadda qalan yerlər görünər.
O, sürətlə, atılıb-düşərək yeriyirdi. Boş sol əlini geyilməkdən köhnəlib solmuş pencəyinə sıxmışdı. Sağ əlində isə çiyninə atdığı kəndirin bir ucunu tuturdu, kəndirin o biri ucuna bozarmış əskiyə bükdüyü bəsit əşyalar bağlanmışdı. Əyilmiş kürəyindən sallanan düyünçəsi addımlarının ritminə uyğun yellənirdi. Konslagerdə keçən uzun illərin bütün ağrı-acısı bu düyünçəyə yığılmışdı.
Vaxtaşırı başını qaldırıb günəşə baxır, arada kollarla əhatələnmiş torpaq parçalarından boy göstərən ölüvay qarğıdalı və paxla zoğlarına tərs baxış atırdı. Tarlalar səbirsiz və yorğun görünürdü. Kamau buna yaxşı bələd idi. Hələ mau-mau hərəkatı ortaya çıxmamışdan xeyli əvvəl kikuyya aid yoxsul torpaqlar mühacirlərin geniş torpaq mülklərindən fərqlənirdi.
Yolun solu ilə cığır uzanırdı. O, bir anlıq dondu, sanki tərəddüd edirdi. Sonra cığıra qədəm qoydu və həmin an gözlərinə işıq gəldi. Doğma kəndi orada, aşağıdaydı. Vadi ağacların sıx kölgəsində nazlanırdı. Deməli, çay hələ qurumayıb. Budur, artıq Honianın sahilinə çatıb. Çayın görünüşü onun qəlbini isidirdi. Uzun müddət təpələrin arası ilə qıvrılan lentə baxdı, suyun dinc şırıltısına qulaq verdi. Kəskin sevinc hissi onu ağuşuna aldı, lakin dərhal ötən illəri xatırladı. Yəqin çay bu kobud adamın simasında tez-tez soyuq, canlı sularına baş vuran balaca oğlanı tanıya bilmədi.
O isə bacısı ilə qarşılaşmış kimi sevinirdi. Çoxdandı ürəyi belə rahat deyildi.
Çaydan su doldurmağa gələn qadınları hələ uzaqdan görmüşdü. Bax o qoca Vanyukidir, onun lal-kar oğlunu ingilislər öldürmüşdü. Vanyuki hamının sevimlisidir. Hər kəsin ona bəxş etməyə bir təbəssümü, onunla bölüşməyə bir tikəsi var idi.
Onu necə qarşılayacaqlar? Bir vaxtlar buraların sevimlisi və hörmətli adamı idi. Məgər o, bu insanların torpaqları uğrunda mübarizə aparmayıb? O, qadınların yanına qaçıb “Mən qayıtdım!” qışqırmaq istəyirdi. Lakin özünü saxladı – axı o kişi idi.
– Hər vaxtınız xeyir!
Bir-iki nəfər cavab verdi. Qalanlarının isə üzündən kədər və yorğunluq tökülürdü, elə bil, onun salamlaşmağını eşitməmişdilər. Nə baş verib? Doğrudanmı düşərgədə belə çox qalıb? Sevinci uçub getdi və o sakitcə soruşdu:
– Məni tanımadınız?
Ona bir də soyuq və diqqətli baxışlarla göz gəzdirdilər, sanki onu tanımaq istəmirdilər. Nəhayət Vanyuki onunla danışdı, amma səsində nə sevinc, nə mehribanlıq duyulurdu.
– Kamau, qayıtmısan? Biz elə bilirdik ki… – dili topuq çaldı.
Ancaq indi qadınların təəccübləndiyini, hətta qorxduğunu görə bildi. Qadınlar ona xəlvəti baxır və göz-gözə gələndə tez gözlərini qaçırırdılar.
“Daha məni özlərinə yaxın hesab eləmirlər”, – qəmli-qəmli düşündü. Kamau qadınlardan öyrəndi ki, təpənin iki tərəfinə səpələnmiş daxmalardan ibarət köhnə kənd artıq yoxdur, onun əvəzinə yenisini tikiblər. Doğma kəndi onu gözləməmişdi, o isə evindən, dostlarından ötrü elə darıxmışdı ki! Atası, anası və yadına salmamağa çalışsa da, bu illər ərzində xəyalından çıxmayan sevgilisindən ötrü burnunun ucu göynəyirdi. Mutoni! Ürəyi çırpınmağa başladı. Axı ingilislər Kamaunu tutanda onlar cəmi iki həftəlik evli idilər. Çoxları kimi onu da tələm-tələsik sorğu-sual edib barmaqlıqlar arxasına atmışdılar. Bu illər ərzində o, doğma evini, gözəl arvadını bir an belə unutmamışdı.
Düşərgədəki dostları da evlərindən ötrü darıxırdılar. O, Murangidən olan bir məhkumu xatırladı. Bir dəfə karyerdə daş parçalayanda həmin adam qəfil belini dikəldib dərindən ah çəkmişdi. Onun solğun gözləri uzaqlara dalmışdı:
– Nə olub, dostum? – Kamau soruşmuşdu.
– Məni tutanda arvadım hamiləydi. Heç bilmirəm axırı nə oldu.
– Məni ilişdirəndə – digər məhkum söhbətə qoşulmuşdu – uşağımız təzəcə doğulmuşdu. Elə xoşbəxt idik ki, amma uzun çəkmədi.
Bu illər ərzində onlar evə qayıdacaqları günü gözləyirdilər. Onlara elə gəlirdi ki, həmin müqəddəs gün yetişəndə təzədən doğulacaqlar və həyat yenidən başlayacaq.
Kamanunun uşağı yox idi. O, heç arvadına görə başlıq pulunu da tam ödəməmişdi. Lakin indi hər şey düzələcək. O, Nayrobidə iş tapacaq, Mutoninin valideynlərinə borcunu ödəyəcək. Həqiqətən həyat yenidən başlayacaq. Oğulları doğulacaq və ata evində böyüyəcək. Yaxın gələcəyin rəngarəng mənzərəsi Kamaunun beynində canlandıqca o addımlarını yeyinləşdirirdi. Demək olar ki, təpənin zirvəsinə çatmışdı. Gör doğmaları necə təəccüblənəcək, onu suallara boğacaqlar! Lakin o, yaşadığı hər şeyi danışmayacaq: yol tikintisində və karyerlərdə işlədiyi vaxtları, həmişə başlarının üstünü kəsdirən və nəfəsini dərmək üçün belini düzəltməyə macal tapmamış şallağını işə salan nəzarətçini xatırlamayacaq. Müqavimət göstərməyin faydasız olduğunu bilərək nə qədər təhqirə dözmüşdü. Ruhu inciməkdən və qəzəbdən qanayırdı.
– Bir gün vazunqun da sonu gələcək! Xalq azadlıq əldə edəcək və onda – bunu təsəvvür etmək çətindir – onu heç kim alçalda bilməyəcək!
O, təpənin zirvəsinə çıxıb dayandı. Bütün vadi ovuc içi kimi görünürdü. Yeni kənd – yan-yana sıxlaşmış gil daxmalar sürətlə batan günəşin əyri şüaları altında işıqlanırdı. Evlərin damları üstdə tünd-mavi duman topalanmışdı. Heyrətamiz mənzərə idi, hətta Kamau bir anlıq köhnə evini belə unutmuşdu. Al-qırmızı qürub günəşi ətraf təpələrin üzərini bürüməyə başlayan bozumtul qaranlığın içində əriyən buludları paralamışdı.
O, artıq kəndin küçələri ilə gəzir, qarşılaşdığı heç kəsi tanımırdı. Yad adamlar ona ata evinin yolunu göstərdilər. O, nəfəsini dərmək üçün kandarda dayandı. Budur, çoxdan gözlədiyi an gəlib çatdı. Belibükük atası üçayaqlı taburetdə oturmuşdu. İllər onu necə də əldən salıb! Kamaunun qocaya elə yazığı gəldi ki, az qaldı ağlasın. Fəqət o sağdır, sağ. Oğlunu gözləyib!
– Ata!
Qoca cavab vermədi, sadəcə qəribə, hətta həvəssiz bir baxış atdı. Kamau özünü birtəhər hiss elədi, səbirsizliyinə kədər və küskünlük qarışdı.
“Məni görmür ki? Bəlkə o da məni çaydakı qadınlar kimi qarşılayacaq?”
Küçədə çılpaq uşaqlar bir-birlərinə gil yumaqları atırdılar. Günəş batmışdı, tezliklə ay çıxacaqdı.
– Ata, məni tanımadın? – ümidi itir, məyusluq və yorğunluqla əvəzlənirdi.
Birdən qocanın yarpaq kimi əsdiyini gördü. Gözünü ona zilləmişdi, ancaq baxışlarında qorxu sezilirdi. Anası və qardaşları gəldi. Onlar Kamaunun ətrafına yığışdılar. Lap qocalmış anası diz çöküb hönkürtü ilə ağlamağa başladı.
– Mən bilirdim, bilirdim ki, oğlum qayıdacaq. Onun sağ olduğunu bilirdim.
– Öldüyümü sizə kim demişdi ki?
– Bax o Karanca, Nyoqunun oğlu.
İndi hər şey aydın idi: ona görə atası belə əsirdi, çaydakı qadınlar da onu qəribə qarşılamışdılar. Bir şey qaranlıq qaldı: axı o, Karanca ilə düşərgələrdə heç vaxt görüşməmişdi, onun taleyindən necə xəbər tuta bilərdi? Əslində indi bunun heç bir mənası yoxdur. O, Mutonini görmək istəyirdi. Hardadı? “Mutoni, mən burdayam, qayıtmışam” – az qala qışqırmışdı. Anası oğlunun təşvişini hiss etdi. Əvvəlcə atasında baxdı, sonra heç nə olmamış kimi dedi:
– Mutoni gedib.
Kamau quruyub qaldı. Boş baxışlarla kəndi süzdü, sanki qəmli və uzun yol onun gözlərini kor etmişdi. Nə baş verdiyini soruşmaq istəyirdi, lakin eşidəcəyi cavabdan qorxurdu. Mutoninin burada olmadığına inanmaq istəmirdi. Amma çay kənarındakı qadınları xatırladı, valideynlərinə baxdı və bunun həqiqət olduğunu anladı!
– O, bizi öz ata-anasından ayırmırdı, – dedi anası, – Səbirlə səni gözləyir, bütün çətinliklərə dözürdü. Sonra Karanca gəldi və sənin ölüm xəbərini gətirdi. Atan ona inandı. O da inandı və düz bir ay yas tutdu. Karanca isə bizə tez-tez gəlib getməyə başladı. Səninlə yaşıd olduğunu bilirsən də. Sonra Mutoninin oğlu oldu. Onu yanımızda saxlayardıq, ancaq yemək çatmırdı. İngilislər son tikəyə qədər əlimizdən almışdılar. Karanca ilə getməyinə razı olduq. O biri qadınlar daha betər idilər, şəhərə gedirdilər. Burda ancaq xəstələr və qocalar qaldı.
Kamau heç nə eşitmirdi. Buz kimi kədər boğazında düyünlənmişdi. Onu satmışdılar. Hətta atası və anası da ona xəyanət etmişdilər. Karanca… Uşaqlıqdan düşmən idilər… Düzdür, beş il az müddət deyil. Yenə də… Görəsən niyə Mutoni onu gözləmədi? Onun getməyinə necə icazə verdilər! Kamau yer üzündəki hər şeyi lənətləməyə hazır idi: çay kənarındakı qadınları, bütün kəndi və onun bütün sakinlərini. Lakin bir kəlmə belə kəsə bilmədi. Kədər onu boğurdu.
– Qoruya bilmədiniz, – pıçıldadı və hirslə evdən çıxdı.
– Oğlum, bir qulaq as, oğlum!..
Vadinin şərq tərəfində böyük sarı ay parıldayırdı. O, bərəlmiş göz kimi dərddən qəhr olmuş qocalara baxırdı. Oğulları onları yenə tərk etmişdi!
Kamau Honianın sahilində dayanıb dalğın gözlərlə Suya baxırdı. Yüzlərlə Ümid sahilə çırpılan dalğalar kimi parça-parça olurdu, çay dayanmadan nəsə deyirdi. Meşədən cırcıramaların səsi gəlirdi. Ay par-par yanırdı. Birdən onun əti ürpəşdi, çiynindəki düyünçə sürüşüb sıldırım sahillə üzüaşağı diyirləndi. Kamau nə baş verdiyini dərk edənə qədər düyünçə axına qapılıb getdi. Onun içində dəyərli xırda-xuruş – arvadından qalan xatirələr var idi. Bu illər ərzində onları göz bəbəyi kimi qorumuşdu!.. Qəfil yüngülləşdiyini hiss etdi. Ürəyinə isti bir dalğa yayıldı. Ay və çay gecənin sehirli rəqsinə qapılıb süzürdülər. Artıq ölüm barədə düşünmürdü. Elə bil, həyat yenidən məna qazanmışdı. O, pencəyini geyinə-geyinə burnunun altında mızıldandı: “Axı o niyə məni gözləməli idi ki? Həyat mən düşərgədə olduğum müddətdə dayana bilməzdi…”
– Oğlum!
O, yan yörəsinə baxdı. Uçurumun kənarında, ay işığının haləsində anası dayanmışdı. Ancaq indi anasının qırış düşmüş üzündə kədərin və dilə gətirilməmiş əzabların izlərini görə bildi.
Anası daxmadan bu yana onu izləyibmiş.
– Ana, – səsi titrədi, – Evə gedək…
O, yenidən xəyal qurur, ümid edirdi. Heç nəyə baxmayaraq həyat gözəl idi… Və o həyata qayıdırdı!
Tərcümə etdi: İlahə Əkbər