Sim-sim.az Toğrul Musanın yeni hekayəsini təqdim edir.
May ayının ortaları idi. Mətbəxdə divanın küncündə oturub may günəşinin pərdə aralarından masa üzərində yaratdığı incə xətlərin yer dəyişməsini izləyirdim. Həyatım son yarım ay ərzində heç bir nəticəsi olmayan iş müsahibələrindən ibarət idi. Müraciət etdiyim iş elanlarının bir-bir üzərindən xətt çəkdikdən sonra siyahıda biri qalmışdı. Müharibəyə yolladığı övladından xəbər gözləyən valideyn tək zəng gözləyirdim. Evdə ağır bir təslimiyyət, ümidsizlik havası var idi. Süst vəziyyətdə oturduğum divanda bu havanı içimə çəkərək yuxuya getmişdim. Digər otaqdan eşidilən telefon zənginə qəfil ayıldım. Bilinməyən nömrədən gələn zəngi cavabladım.
“Alo… Bəli,mənəm…Aha..Olar, əlbəttə.. Bir saata çata bilərəm..Siz ünvanı göndərin o zaman…Təşəkkürlər”, dedikdən sonra telefonu yerə qoyub dərhal əynimi dəyişdim.
***
Telefonda göndərilən ünvanı diqqətlə izləyərək addım ba addım irəliləyirdim. Doğru gedib-getmədiyimi anlamaq üçün xəritədə izinə düşdüyüm ünvanın yan-yörəsində qeyd olunmuş market, restoranlara baxmaq üçün ətrafa boylanaraq yoluma davam edirdim. Sanki iki fərqli müstəvi, paralel dünyalar arasında səyahətdəydim. Gördüyüm bütün hər şeyin sadəcə nöqtədən ibarət olduğu dünyaya – telefonun içinə girib özümü itirmək istədim. Özüm də onların arasında kiçik, heç bir gücü olmayan və dörd yüz metr sonrakı hədəfinə çatmağa çalışan bir nöqtə idim. Telefona bildiriş gəldi. “After 30 meters, turn left and continue straight for 370 meters”. Çatmağa yeddi dəqiqə qaldığını göstərirdi və dayandım. Xəritəni daha da böyüdərək olduğum küçədən — prospektə — rayona — şəhərə- adalara- ölkəyə-qitəyə-dünyaya keçid elədim və özüm-özümü itirdim.
Boşluqda olduğum bu zaman telefona zəng gəldi və yenidən dünya-qitə-ölkə — adalar — şəhər- rayon — prospekt- hazırda olduğum küçəyə qayıtdım. Yenə nöqtəydim.
“ Alo”, dedikdən sonra digər əlimlə gödəkçəmin iç cibindən siqaret çıxardım. “ Siz gəlirsiz də hə? Hara çatmısız?” deyərək cavabladı telefonun digər tərəfindəki səs. “ Aha, təxminən 4–5 dəqiqəyə çatıram, bu dəqiqə..” , dedikdən sonra telefonun digər tərəfindəki səs sözümü yarımçıq qoydu.
“Əla. Deməli çatanda görəcəksiz qaraj var, qapısının üstündə 56 yazılıb. Qapı açıqdı , girin içəri. Ordadırlar, biz də gəlirik. Çatırıq bir azdan”, dedi və telefonu bağladı.
Dediyi kimi 56 nömrəli qarajım qarşısında dayanıb qapını açdım və içəri keçdim.
İçəri girər-girməz gördüyüm şeylər məni təəccübləndirdiyindən dolayı yenidən çölə çıxıb doğru yerə gəlib-gəlməyimi yoxladım. İçərinin studiya olmasını gözləsəm də studiyaya aid yeganə şey tavandan asılma işıqlar idi. Tavandan asılmış lüsturların bəzisi işlək, digərləri isə arada bir yanıb-sönürdü. Rütubət, içəridəki canlılar və onların yemlərinin spesifik qoxusu məkana yayılmışdı. Geniş və boş yer olmasına rəğmən ortada yalnızca bir masa var idi. Arxa tərəfindəki divardan isə quş qəfəsləri asılmışdı. Masaya yaxınlaşdığım zaman üzərində balaca qəfəsi içində dayanmadan pedalları fırlayan xamyak, onun yanında balaca nəfəslikdən başını çölə çıxarıb ətrafa boylanan çəhrayı pişik , solunda isə öz karobkası içində kələm yeyən dovşanla qarşılaşdım.
Tamamilə fərqli bir dünyaya giriş etmişdim. Ətrafa boylandım və oturmaq üçün stul götürüb masanın qarşısında əyləşdim. Öz çantasındakı nəfəslikdən başını çölə çıxararaq qorxu və narahatlıqla mənə baxan pişiklə üzbəüz əyləşdim. Yanıb-sönən lüsturun işıqları pişiyin gözünə bərq edirdi. Müəmmalı və şübhəli baxışlarla bir-birimizi süzməyə davam etdik. Həyatımda ilk dəfə pişik, xamyak və dovşanla iş müsahibəsində idim. Xamyak dünyadan qopan dərviş tək pedallamağa davam edirdi. Dovşan isə qarşısındakı kələmdən bir dişlək yeyir, daha sonra mənə və ətrafa baxıb yenidən yeməyə davam edirdi. Sanki əvvəldən razılaşdırılmış şəkildə “üç meymun”u oynayırdıq. Nə görür, nə eşidir, nə də danışırdıq.
Qapı açıldı. Qulağında airpods, əlindəki karton “götür-apar” kofe və üzərindəki nazik gödəkçə ilə mənlə eyni yaşlarda olan biri içəri girdi.
“Üzrlü bilin bir az gözlətdik sizi. Bütün şəhəri bağlayıblar,hər yer dayanıb”, deyərək əlini uzatdı və salamlaşdıq.
Baxışlarımdan təəccüb və çaşqınlıq içində olduğumu hiss etmiş olmalı idi. “Gəlin içəri keçək, danışarıq”, dedi və əliylə otağı göstərdi.
Otağa doğru bir addım atmışdıq ki, qapı yenidən açıldı.
Biri yaşlı, digəri cavan olmaqla iki kişi içəri daxil oldu. Üstündə ağ idman dəsti olan yaşlı kişinin əlində meymun var idi. Hürkmüş və mənim qədər çaşqınlıqla içərini müşahidə edirdi. Ard-arda bir neçə dəfə incə və yüksək tonlu səsiylə ciyildəyərək qucağından yerə düşmək istəsə də yaşlı kişi boynundan tutub sığallayaraq sakitləşdirirdi. Yanındakı cavan oğlan isə bir-biri ilə uyğun gəlməyən fərqli rənglərdə geyinmişdi. Xaki şalvar, sarı ayaqqabı, qırmızı polo t-shirt..
Meymun qışqırdıqca başına , üzünə və qarın hissəsinə əlləri ilə toxunaraq ona qışqırırdı. “Çita!! Uuuu…Heh… Şşşşttt… Çita!”
“ Tanış ol — Emil, Ruslan dayı və bu da bizim balaca dostumuz Çita”, deyə təqdim etdikdən sonra “Fərid, sizlə danışan mən idim”, dedi və salamlaşdıq.
Özümü təqdim etdim. “Cavid”. Bir neçə saniyəlik sükut çökdü. Gözlərimi Çitaya zillədiyim bu səssizliyi Fərid pozaraq içəri keçməyimizi xahiş etdi.
Qarşısında kəsik taxtaparçalarının üst-üstə yığılmış, qapısının yarısı boyanmışdı. İçəridən çölə doğru uzanan bir-birinə sarılmış bir neçə ədəd şlanqdan ibarət balaca və alçaq tavanlı bir yer idi. Nəmdən par tutaraq tərləmiş pəncərədən savayı içəri hava daxil olmaq üçün başqa bir yer yox idi. Balaca və alçaq dairəvi masa ətrafındakı üstü cırıq-sökük və bəzi yerlərindən matrasın çölə çıxdığı divan üzərindəki əyləşdik. Qarşımda Fərid, Ruslan dayı, Çita, yanımda isə Emil oturmuşdu. Ruslan dayı oturan kimi ilk olaraq özü və Fəridin arasındakı divanın nisbətən çökük yerinə Çitanı əyləşdirdi.
Həyəcanla ətrafı sürətlə müşahidə etməyə davam edən Çitanın gözləri saat əqrəbinin əksi istiqamətində mən, otaq, Emil və Ruslan dayı arasında fırlanırdı. Pəncərəyə bitişik masanın üzərində təmir alətləri, kamera çantası və içində fərqli rəngdə boyalar olan stəkan var idi.
Fərid söhbətə başlamaq istəyəndə telefonuna zəng gəldi. Masa üzərindəki alışqanla siqaretini yandırdı və sonra telefonu cavabladı.
“ Да, Qadji. Mi uje zdes”, dedi və siqaretindən bir qullam vurdu. Qarşı tərəfin səsi xışıltılı gəlsə də bizim də eşidə biləcəyimiz bir yüksəklikdə idi. “ Bıli zdelano. Da six por vıqlyadit normalno”, dedi və ayağa qalxaraq qapıdan çölə çıxaraq ətrafa boylandı. Yanımda əyləşmiş Emil isə divana yayxanmış şəkildə telefonunda yüksək səslə tez-tez dəyişdiyi qısa videolara baxır, gülməli hesab etdiyini isə Çitanın gözünə soxaraq az öncə çıxardığı əcaib səsləri çıxarmağa başladı. “ Çita… Bura bax, uuuuuh… Ah.. Oh… He-he-he-he”..
Telefon danışığını bitirən Fərid otağa girdi və ayaqüstdəcə söhbətə başladı.
“Üzrlü bil, Cavid. İşlər çoxdu bu ara bir az, ona görə belə qaça-qaç içindəyik. İş olmasa da olmur da, özün bilirsən” deyib gülərək ikinci siqaretini yandırdı.
“Başa düşürəm, narahat olmayın” , deyə cavablasam da baxışlarım tam əksini deyirdi. Cibimdən siqaret düzəltmək üçün filter, kağız və tütün çıxartdım. Fərid vaxt itirmədən izah etməyə başladı. Tütünü kağızın içində presləyib hamarlaşması üçün yuxarı-aşağı fırladaraq onu dinləyirdim. “Deməli, bizdə çoxlu kanallar və proyektlər var. Sizin portfolioya baxmışıq, vsyo okey. Biz qərar verdik ki, siz Çita ilə bir yerdə işləməyə başlayasanız”, dedi. “ Necə ki?” deyib əlimi saxladım və onlara baxdım.
Ruslan dayı və Fərid güldü. Çita da onlara baxıb qımışdı.
“ Yəni siz Çitanı çəkəcəksiz. Bu videolar youtube kids üçündü. “Çita ilə günə başla!”– Hələ ki, bu adı düşünmüşük. Amma dəyişəcək yəqin ki, müzakirələr gedir. Çita yeni qoşulub bizə — ailəsi də bir həftəyə zad gəlməlidir. Pasport işlərini həll edirik indi, Ukraynadadır.”
Kağızın arxasına filteri qoyub kağızı alt tərəfdən bükməyə başlayaraq
“Tam olaraq nələr çəkəcəm bəs?” soruşdum və yapışqan tərəfini dilimə sürtüb siqareti hazır etdim. Baş barmağımın dırnağına siqaretin alt hissəsini bir neçə dəfə vurduqdan sonra yandırdım. “Məsələn səhər yeməyi hazırlayacaq, meyvə doğrayacaq, özünə yuva quracaq, maşın sürəcək — belə şeylər olacaq”, dedi və tütünü götürüb baxması üçün razılıq istədi. Siqareti külqabıya vurub tütünü ona tərəf sürüşdürdüm. İlk öncə əliylə üstündəki yazıları oxudu. Daha sonra açıb içini- tütünü qoxladı. Çita oturduğu yerindən Fəridə tərəf tullandı.
Əlləriylə tütünü götürmək istəyən zaman Ruslan dayı öz qucağına götürüb gülərək, ” Sən də çəkmək istirsən?” dedi. Güldük. Fərid “ Mən tələbə olanda biz də bundan çəkirdik, olar düzəltmək?” dedi. “Aha”, deyib filter qutusu və kağızı da ona tərəf sürüşdürdüm. Tütünü dolduraraq yenidən sözə başladı, “ Qaldı maaş məsələsi. Başlanğıc üçün aylıq 1200 manat təklif edirik. Əlavə bonuslar da olacaq. Razılaşsaz onları birinci gün ofisdə danışarıq”, dedi və büküb bitirdiyi siqaretin alt tərəfini masaya bir neçə dəfə vurdu.
Gözlədiyim rəqəmdən daha yüksək olması sevindirmişdi. Otağı yenidən gözdən keçirərək “ İlk ay borclarımı bağlasam, sonrakı aydan da qırağa pul ataram” , dedim öz-özümə. Yarımçıq saxladığım siqareti götürüb yenidən yandırdım və bir qullam vurduqdan sonra “Mən də elə bu aralıqda düşünmüşdüm. Təklif uyğundur”, dedim.
“ Təmir getdiyi üçün çay, su təklif edə bilmirik. Kola var, istəmirsiz?” deyib yerdəki sellofandan litrlik kola şüşəsini çıxarıb masaya qoydu. “ Yox, çox sağ olun. Mən gedim, birinci gün görüşərik”, deyib ayağa qalxdım. Sağollaşdıq. Otaqdan çıxdım və masa üzərindəki trio(dovşan,pişik və xamyak) ilə yenidən göz-gözə gəldim. Dovşan karobkanın küncünə çökmüş, pişik və xamyak isə eyni minvalla davam edirdi.
Qapıdan çıxdım.
Həmin gecə yata bilmədim. Zəlzələdən sonra dağıntılar altında əsir qalmış uşaq tək uzanan yardım əlindən yapışmaqdan başqa bir seçimim yox idi. Gözləmədiyim halda meymun qurtarıcı mələyim olmuşdu.
Yenidən telefonda xəritəni açdım, özümü işarələdim və çevrilmiş olduğum nöqtəyə baxdım. Daha sonra şimal-qərbə doğru gedib Ukraynanın üzərində ikinci bir nöqtə işarələdim. Çitanı və ailəsini düşündüm. Ayaqqabı dabanındakı xırda çınqıl tək Çitanın baxışları beynimin bir küncündə özünə yer etmişdi. Çarəsiz və təəccüb dolu baxışlar..
Ertəsi gün ofisə getdim. Yenidən videolar və onların necə olması haqqında danışdıqdan sonra, çəkiliş məkanına yollanıb, işə başladım. İçərisi dünənə nisbətən bir az səliqəyə salınmışdı. Ruslan dayı Çitanın paltarlarını geyindirdi və çəkilişə başladıq. İlk bir neçə gün hər şey qaydasında, normal şəkildə davam etdi. Səhər yeməyi hazırlama videosu, televizora baxma, puzzle yığma, oynama videoları çəkib materialları əsas ofisə montajçılara göndərirdim. Növbəti çəkiliş günü isə artıq bir əvvəlki günün videosu hazır olmuş olurdu.
İlk həftənin sonuncu günü çəkilişin ilk hissəsini bitirmişdik. Ruslan dayı, mən və Çita nahar edirdik. Özü və oğlu üçün nə qədər əhəmiyyətli və dəyərli olmasından danışaraq, yediyi yeməyi Çitaya da yedizdirirdi. Bir-birimizə artıq öyrəşmişdik. İkinci bir ailə kimi doğma hiss edirdim.
“ Oğlum.. O olmasa Çita yatmır. Hərdən mən yuxuya gedirəm, Çita o gələnə qədər gözləyir. Artıq 3–4 ildir ki, bizlə bir yerdə yaşayır. Arada 5–6 aylıq Kievə- ailəsinin yanına göndəririk. Qardaşı, anası orda işləyir”, dedi çörəyi tavanın dibinə sürtərək. Çitanın ağzının kənarlarını solfetlə silən zaman çöl qapısı açıldı. Gələn Emil idi. Əvvəlki günlərə nisbətən daha sakit idi. Otağa girib heç bir səs çıxarmadan, divanın küncünə çökdü. “ Ruslan dayı, bayaq Oleqlə danışdım. Göndərə bilmirlər ailəsini. pasport söhbəti uzanır”, dedi və masadakı sudan özünə də süzərək içdi. Ruslan dayı qabı masanın kənarına sürüşdürdü. Köynəyinin yaxasındakı siqareti çıxarıb yandırdı. Tüstünü qapı tərəfə üfürdü. “ Niyə uzanır ki, söhbət, nə məsələdi?” , dediyi zaman sanki Emildən hesabat alırdı. “Xəbərlərə baxmamısız deyəsən. Gecə Rusiya Ukraynaya bomba atıb. Kievi vurublar dalbadal. Müharibə başlayıb” , dedi və Ruslan dayıya qoşularaq o da bir siqaret yandırdı. Ağzından tüstünü buraxaraq boğuq səslə “ Pasport stolu da vurublar” , deyə əlavə etdi. Mən də cibimdəki tütünü çıxarıb sarmağa başlayaraq onlara qoşuldum. Sükut çökdü. Ruslan dayı “Suka Putin! Yenə aləmi qatdı bir-birinə götverən”, deyib siqareti əsəbi şəkildə külqabıda söndürdü və son tüstünü tavana doğru üfürdü. “ Bəs Oleq necədi, nə vaxt danışmısız ən son? Salamatdır?” deyib Çitanı sığalladı. Çita yeməklə məşğul idi. “Mənə mesaj qoyanda səhər idi. 7–8 olardı. Gec oxumuşam mən. Sonra mesaj yazmışam, amma çatmayıb. Tək xətt göstərir”, deyib telefonu Ruslan dayıya göstərdi. Çita oturduğu yerdən Ruslan dayının qucağına tullanaraq o da mesaja baxdı. Mesajı başa düşmüş olmalıydı ki, qucağından divanın üzərinə tullandı və üstü ilə qışqıraraq qaçmağa başladı. Kədərli ya sevincli olduğunu hiss etmək mümkün deyildi. Ruslan dayı və Emil çətinliklə onu sakitləşdirib, paltarını geyindirdi və çəkilişin ikinci hissəsini tamamlamaq üçün üst mərtəbədəki çəkiliş meydançasına qalxdıq.
Heç nə çəkə bilmədik. Deyilənlərin heç birini etməyən Çita ancaq qışqırır və özünü divardan divara atırdı. Çəkiliş aksesuarlarının bəzilərini qırıb yerə tökdü. Emil həmişəki kimi əcaib səslər çıxaraq üzərinə əsəbi şəkildə getsə də, Çita var gücü ilə sağ əliylə üzünə şillə vurub son naləsini çəkdi. “Ay blin, ssss…”, deyərək Çitaya söymək istəsə də Ruslan dayının ona əsəbi şəkildə baxdığını görən Emil otaqdan çıxdı. Ruslan dayı, mən və Çita yorğun və çarəsiz halda yerə çöküb, belimizi divar söykəmişdik. Nə qışqırmağa, nə də tullanmağa taqəti qalan Çita Ruslan dayının qucağına uzanmışdı. Dalbadal bir neçə dəfə Oleqə zəng vurub mesaj yazsa da heç bir geri dönüş yox idi.
“Bəlkə Fəridlə danışaq, o necəsə əlaqə saxlayar?”, dedim. Heç nə deməsə də baxışlarında razılaşdığını sezdim. Telefonu götürmək üçün otağın digər küncünə getdim. Dolmaq üçün taxdığım kabel qısa olduğu üçün belimi divara söykəyib küncə qısıldım. Telefonu götürməsini gözləyərkən yavaş-yavaş yerə doğru çöməldim. Kiçildim. Heç yerə gedə bilməyən nöqtəyə dönmüşdüm. Dünyanın sonunda idim.
Fərid ilk öncə olduğumuz yerə gələcəyini bildirsə də, daha sonra olduğu yerdə işinin uzandığını deyərək bizi yanına çağırdı. Ardınca isə mənə mesajla olduğu ünvanı göndərdi. Taksi çağırdım.
Mən arxada, Ruslan dayı və Çita isə öndə əyləşdik. Sürücüyə Fəridin göndərdiyi ünvanı göndərdim və yola qoyulduq. Daha öncə maşınında meymun aparmadığını deyib həyəcanını gizlədə bilməyən sürücü imkan tapdıqca onu sığallamağa oynamağa çalışırdı. “Nə sakit meymundu bu ?”, deyərək Ruslan dayıya tərəf baxdı. Əsəbi baxışlarıyla sürücüyə göz süzdürən Ruslan dayı, “ Əlləmə, xoşu gəlmir. Narahat edirsən. Özü də adı var — Çita. Meymun demə!” dedi və sürücünün icazəsini gözləmədən pəncərəni açıb siqaret yandırdı.
“ Çita?! Hahaha. Adın da var sənin? Banan verim?”, deyib gülərək Çitanın boynu və qarnını bir neçə dəfə çimdiklədi. İşıqfora çatıb qırmızı işığın yanması ilə birgə Çita qəfildən var gücüylə sürücünün üzünə cırmaq atdı və qışqırdı. Zərbədən daha çox səsindən qorxub şoka düşən sürücü əlləriylə üzünü qorumaq istəsə də əsəbi soyumamış Çita ikinci zərbəni boynundan endirdi. Sürücünün başı rula dəydi.
Biiiiiiipppp!!!
Səksənmiş və irkilmiş halda qəza törətməmək üçün maşını sürətli şəkildə sağa çəkdi və ani bir tormozla saxladı.
“ Basın bayıra! Xəstəsiz siz?! Blin!” , deyib Ruslan dayının üstünə qışqıran sürücüyə Çita son xəbərdarlığını etdi. Pəncələrini ona tərəf qaldırıb əsəbi şəkildə mırıldadı.
“ Eeee-aaa! ”
Ruslan dayı Çitanı sakitləşdirdi və maşından düşdük. İkinci taksini çağırmaq istəsəm də “ Tələsmə, Cavid. Çağırma hələ”, deyən Ruslan dayı yol kənarındakı səkiyə oturdu. Günəş yandırmasın deyə köynəyin cibindən yaylığını çıxardıb boynuna doladı. Aram-aram əsən külək yaylığı təslim ölkənin ağ bayrağı tək yellədirdi.
Əsəbi baxışları get-gedə hüzünlə əvəzlənən Çitanın gözündən bir neçə damcı yaş süzüldü. Baxışlarındakı çarəsizlik batmaqda olan günəşin son işartılarını xatırladırdı.
Bütün kainata qarşı əsəb və nifrətlə dolmuşdu. Emil, sürücü, Fərid, Putin, Zelenski- hamıdan nifrət edirdi.
Fəridə çatmağımıza neçə dəqiqə qaldığına baxmaq üçün göndərdiyi mesajdakı ünvanı — xəritəni açdım. Nöqtə.
Yenə eyni çarəsiz,gücsüz nöqtəyə dönmüşdük. Əllərimlə telefon ekranına toxunaraq nöqtəni uzaqlaşdırdım. Ruslan dayı, mən və Çita yoxa çıxaraq gözdən itdik.