Sim-sim.az Toğrul Musanın “Hələ tezdir” hekayəsini təqdim edir.
“Zooparka getmək istəyirəm. Parkdan bezmişəm. Nə oyuncaq udmaq istəyirəm, nə də ki, havada yellənmək. Mən fillərin yanında şəkil çəkdirmək istəyirəm, parka getməyək də, nolar?!”, deyə israr edirdi mən gödəkçəsinin yaxasını bağlamağa çalışarkən. “Yaşın çatmır, hələ tezdi, vaxtı çatanda deyəcəm,gedərik”, desəm də bənzər sualları ayaqqabısını geyindirərkən verdi.İsrarla davam edirdi. Heç nə cavab vermədən sadəcə gülümsədim, çünki həmin an üçün ağlıma başqa heç nə gəlmədi. Yalan demək üçün bütün alternativlərimi istifadə etmişdim. Yeni yalan düşünmək və onu demək isə göründüyündən daha çətindir.
Nərgizin-yəni yoldaşımın vəfat etməsindən bir ilə yaxın vaxt keçmişdi. İlk bir neçə ay gizlətməyə çalışsam da, bir gün səhər yeməyində artıq bacara biləcəyimi anladım. Yumurtanı yarı bişmiş şəkildə xoşlasa da, hər dəfə fərqli cür alınırdı. Barmaqlarını yumurtanın içinə salaraq sarısını ayıraraq, “Mama olsaydı, daha yumşaq edəcəkdi, sən bacarmırsan.Qurudu bu,sulu xoşlayıram mən. Niyə danışmırq ki, nə vaxt gələcək, hara gedib? Zəng elə denən öyrətsin də sənə, belə yeyə bilmirəm!”, dedi. Üzünə baxa bilmirdim. Utanırdım. Gözlərim məqsədsizcə yuxarılara baxan zaman nəfəsliyə çökən göyərçinlərə ilişdi. “Burdadır ana, bax ora”, deyib Ayxana nəfəsliyi göstərdim. Göyərçinlə baxışırdılar. Nə dediyimi başa düşməyərək çaşqın şəkildə göyərçinə baxırdı. “ Yoxdu axı ? Göyərçin var ancaq orda” , dedi gözlərini göyərçinə zilləyərək.“ Analar uzun müddətli bir yerə getsələr də, gəlib baxırlar. Biz onu görməsək də, o həmişə bizə baxır. Məşğul olduğu üçün bu göyərçinləri göndərir” , deyib həyəcanla Ayxanın nə reaksiya verəcəyini gözlədim. “ Mama acdı, onun üçün də bişirək!” , dedi mənə baxıb gülümsəyərək.
İl yarım sonra, ilk dəfə Nərgiz üçün yemək bişirəcəkdim. İnanmasam belə, yalanın verdiyi həyəcan xoşuma gəlmişdi.
Qəbrinə ziyarət etməyə aparanda çox həyəcanlı idi. Gördüyü isə yalnızca şəkil oldu. İlk və son dəfə idi ki, qəbristanlığa gülərək gedən uşaq görürdüm.
Yaxın dostum, psixoloq uşağa bu qədər yalan danışmağın yaxşı olmadığını , sonra daha ağır fəsadlar törədə biləcəyini desə də fikir vermədim.
Böyüdükcə qəbullanmaq və öhdəsindən gəlmək daha rahat olur,bir o qədər də çətin.. Elə bunun özü də böyüməkdir. Əslində yalanları ona yox, özümə danışırdım. Danışıram. Hərdən özüm də inanıram,amma sonra tez keçir. Toparlayıram. Böyümüşəm artıq.
İlk dəfə zooparkda tanış olmuşduq. Mən zoopark üçün fotolar çəkirdim. O isə gəzinti turu təşkil etmişdi. Bələdçi idi. Sifarişçi səhifələrində paylaşmaq üçün həmin turun fotolarını çəkməyimi istədi. Bir neçə foto çəkdikdən sonra icazəsiz çəkdiyim üçün mübahisə yarandı və daha sonra gec də olsa icazə alıb, fotolarını çəkdim.
İlk fotosu fillərin olduğu qəfəsin qarşısında idi. Elə mübahisə də orda yaranmışdı. Qəfəsin qarşısında tanış olmuşduq. Daha sonra bu turlar həftədə bir neçə dəfə olmağa başladı.
Bir gün ofisdə onun şəkillərini redaktə etmək üçün, digər işlərimi tez bitirdiyimin fərqinə varanda anladım ki, ona qarşı nələrsə hiss edirəm və bu hiss etdiyim şey məni hər gün işə aparmaq üçün səbəbə çevrilib. Əvvəlkindən fərqli olaraq gecikmirdim. Ən son kenquruların yanında şəklini çəkdikdən sonra dözə bilməyib, başqa yerlərdə də şəklini çəkməyi təklif etdim. Gülümsədi.
Öldükdən sonra isə, işdən çıxdım. Unutmaq üçün heyvanlardan uzaq qalmalı olduğumu düşünüb,bu qərarı verdim. Heç birini görmək istəmirdim. Dovşanlar, kenqurular, fillər, şir, ayı,it,pişik – hər biri mənə onu xatırladırdı. Saxladığımız it – Lizadan da ayrılmaq məcburiyyətində hiss edib sahibləndirməyin ən yaxşı çıxış yolu olacağı qənaətinə gəldim. Çox üzüləcəyimizi hiss etsəm də, deyəsən Liza da artıq başa düşmüşdü. Bir neçə dəfə hürdükdən sonra çevrilib maşına doğru qaçdı. Dostum sahiblənmişdi. Növbəti bir həftə isə həyatımın ən ağır həftəsi oldu. Hər dəfə görüşüb çay içəndə həyəcanlı və sevincli şəkildə Lizanın fotolarını göstərib uzun-uzun danışırdı. Bütün həyatı Lizadan ibarət idi. Qıcıqlanmağa başladım. Qısqanclıq, vicdan əzabı və unutmağıma əngəl olduğu üçün dostumun zənglərinə cavab vermədim. Bir daha görüşmədik. “Ata, orda oyuncaqlar var! Ora gedək, mən də vurmaq istəyirəm!”, dedi əlimdən tutub tirə doğru dartaraq. İçində toz güllələrin olduğu ov tüfəngini qarşıdakı hədəfə doğru vuraraq hədiyyə əldə edirdilər. Hədəfin düz mərkəzinə-sıfır nöqtəsinə vuran zaman ən böyük hədiyyəni qazanırdın. Kənarlara doğru getdikcə isə hədiyyənin ölçüsü və dəyəri düz mütənasib olaraq azalırdı. Növbədə dayandıq və bizə çatmasını gözlədik. Üç atış şansı verilirdi. İlk öncə tüfəngi götürüb maraqla nəzərdən keçirdi daha sonra isə atışı həyata keçirdi. Ağır olduğu üçün köməklik edərək necə tutmalı olduğunu və necə düzgün tuşlayacağını göstərdim. İlk atış uğursuz oldu. 10 nömrənin kənarına, hədəf taxtasının kənarına vurdu. İkincidə isə doqquz ilə on arasındakı boşluğa atəş elədi. Yenə uğursuz oldu və üzüldü. Növbəti atışı bir yerdə vurmağı təklif elədim və mənə diqqətlə baxmasını dedim. Son beş ildən sonra ilk dəfə idi əlimə silah alırdım. Silahı çiynimdəki boşluğa yaxşıca dayadıqdan sonra barmaqlarımı tamamilə boşaldıb tətiyə doğru apardım və atdım. Tam istədiyim kimi olmasa da ikinci dairəyə atdım. Piştaxta arxasında dayanan nəzarətçi “Təbrik edirəm sizi, hədiyyə qazandız” , dedi mişenin üzərindəki kağızı götürərək. Ayxan “ Uraaa!”, deyib qışqıraraq məni qucaqladı.
Nəzarətçi qarşısındakı masadan oyuncaqların olduğu siyahıya baxıb dəqiqləşdirdikdən sonra hədiyyə qutusundan oyuncaq fili götürərək Ayxana doğru uzatdı və təbrik elədi. “Uraa! Ata, bura bax! Qəşəngdi hə?! Fil uddum!” deyərək əlindəki oyuncaq fili mənə uzatdı. Tüfəng əlimdə bir neçə saniyə duruxsundum. Nə deyəcəyimi bilmirdim. Nəzarətçi tüfəngi verməyimi xahiş etdikdən sonra, Ayxan şəkil çəkdirmək istədi. Əllərim əsərək, bir neçə şəkil çəkdim. “Gəl, bir yerdə çəkdirək”, deyərək məni öz yanına çağırdı. Geri dönüşü olmayan bir yalan labirinti içində azmışdım. Oyuncağını hər hansı bir yalanla əlindən ala bilməcəyimi başa düşdüm. Gözüm dolsa da, hiss etdirməmək üçün, fərqli yerlərə baxmağa başladım. Havada uçuşan bir neçə göyərçin bizə tərəf gəlirdi. Qaçış yox idi, küncə sıxılmışdım. “Ata, ana gəldi, ana gəldi, baax!” dedi sevinərək. “Ana, mən oyuncaq udmuşam, gəl bax , gəl!” , səmaya baxıb qışqıraraq. Bir az kənara çəkildik və skamyaya əyləşdik. Səssizcə ağlayaraq, hiss etməməsinə çalışırdım. Göyərçinlər isə biz tərəfə gəlməkdən vaz keçərək, səmada uçuşmağa davam edirdilər. “ Bura çağıra bilərsən onları? Anaya de bizə baxsın da, görmür bizi ? Çağır da yanımıza gəlsin!” dedi gödəkçəmi dartışdıraraq. “Yox, bacarmaram”, deyib zorla da olsa gülümsəməyə çalışdım.
- Niyə bacarmırsan ki?
“Çünki… Çünki, yaşım çatmır, hələ tezdir” , deyib qucaqladım..