Sim-sim.az Toğrul Musanın miniatür hekayələrini təqdim edir.
Xəsis
-Danışmaq istəmirəm. Yeni biri var həyatımda. Məni gözlətmir. Daha yaxşı sevişir. Və səndən daha ürəyi açıqdır, xəsis deyil! – dedi və arxasına baxmadan getdi.
***
1000 seriyalı Braziliya serialının 574-cü seriyasından baxmağa başlayan bir insanın onu anlamağa çalışmasının çarəsizliyi var idi. Heç nəyi anlaya bilmirəm və ipin ucu o qədər qarışıb ki, hətta Braziliya serialı belə hərdən daha bəsit gəlir. Hansı ara bu qədər böyüdüyümü və işləri bu dərəcədə çıxmaza soxduğumu xatırlamıram. Bir tərəfdən maddi azadlığın yavaş-yavaş bərpa olunmağının yanı sıra, digər tərəfdən də qazandığım hər şeyi itirirdim. Artıq əvvəlki kimi baş verənləri izləyə bilmirdim. Çox çətin gedirdi hər şey. Son bir həftədir ki, davamlı olaraq şahmatda uduzurdum və heç bir oyunu yenidən analiz edə bilmirdim. İlk beş gedişdən sonra qurduğum hər kombinasiya şaha yox, ona yönəlirdi.Oxuduğum bütün kitablar, bütün yazıçılar hamısı ondan yazırdı. Hər paraqrafın ikinci abzası onun haqqında idi. Meydançada öz tərəfimdən heç cür qarşı tərəfə keçə bilmirdim və 90 dəqiqə bitmək bilmirdi. Yaza bilmirdim. İş yerim davamlı olaraq yığılıb qalmış reklam mətnini tələb etsə də, alınmırdı. Nə izahat, nə də töhmətlər onu unutmağa kömək etmirdi. Artıq başqa şeylər yazmaq istəyirdim. Yarımçıq fərqli qısa hekayələr yazıb obrazları yarı yolda qoyurdum. Özüm də onlarla bir yerdə ilişib qalmışdım.
***
– Getdikcə böyüməkdə olan ailəniz üçün əla fürsət! Cütlük kompaniyası! Bir alana biri də bizdən hədiyyə! Elə bu gün yaxınlaşın və sevginizə biganə qalmayın!”
Avtobusda yuxulu gözlərlə basabas içində əzilərək və ayaq üstdə durmağa çalışaraq işə tələsirəm. Yəqin ki, heç bir reklam anonsu bu qədər təsir etməmişdi mənə. O an heç nəyim olmadığının fərqinə vardım və elə o andaca qarşıdan gələnə avtobusla toqquşub qəza olmasını arzuladım. Nə də olsa, az öncəki zərbədən daha yüngül olacaqdı. Əlimdən heç nə gəlmirdi və dayanacaqda düşərək tələsik halda ofisə doğru getdim. İşə tələsirdim. İşə başladığımdan bu yana qalan yeganə həyəcan bu idi.
60 gündür ki, çox yatmıram, düzgün yemək yeyirəm, amma bunun mənə yaxşı təsir etdiyini hiss etmirəm. Bəlkə də bu daha uzun müddət üçün nəzərdə tutulan bir teoremdir, amma bu qədər uzun müddət dözə biləcəyimi də bilmirəm. Arada bir ölməyi də düşünürəm, amma açığı o qədər cəsarətli deyiləm. Belə olan hallarda sıra ilə müxtəlif asılılıqlar və vərdişlər yaradaraq saxta həyat tərzinə keçid etmək insanda unutmağa kömək edir. Online alış-veriş saytındakı endirimlərdən gələn bildirişlərdən yararlanaraq kupon yığmağa başlamışdım. Gələn maillərə baxdım və endirim var idi. Qeydiyyatda olduğum kitab saytında setlər üçün endirim var idi. Hamısı bir-birindən maraqlı və həyəcanlandıran setlərin hamısını almaq istəyirdim. Sıra ilə səbətə əlavə etdim. Ümumi dəyəri gözlədiyimdən daha çox oldu, amma yenə də endirimdə olduğu üçün ucuz idi. Bütün proseduru olduğu kimi eləsəm də, son anda fikrimdən vaz keçdim.
Siqaret çəkmək üçün ofisdən çıxdım. Haqlı idi..
İrsi
Son bir aydır ki, baş verən heç bir şey haqqında mənə məlumat vermirlər. Dediklərinə görə hələ balacayam və başa düşmədiyim şeylər var. Bir az irəli gedib çox sual verdikdə isə qardaşım o dəqiqə:
“ Aysu! “ deyə reaksiya verib məni çağırırdı.
Hər ailədə bu cür şeylər olurmuş. Mən eskizləri rəngləməli və çoxlu cizgi filminə baxmalı, həmçinin də gözümü yumub 100`ə qədər saymalıyam ki, tez böyüyüm. Bir şeylərin tərs getdiyini tam hiss edə bilməsəm də, görürdüm. İlk gün evə gəldiklərində heç biri gülmədi. Nə atam, nə qardaşım, nə də anam. Əksinə anam bütün gecə boyu qışqırmağa, ağlamağa davam elədi. Nə qədər sakitləşdirmək istəsələr də, bacarmadılar. Mən dedikləri kimi fikir verməməyə və dediklərini etməyə çalışsam da, alınmırdı. Artıq 10cu dəfə idi 100`ə qədər saymaq istəsəm də, yarısına çatmamış və yaxud yarıdan bir az keçmiş səsini eşidirdim,qorxurdum və harda qaldığımı unudurdum. Həmin günün səhəri yenə eyni şeyləri dedilər. Gülmək istəməsələr də mənə tərəf baxanda, gülümsəyirdilər. Növbəti həftə artıq saçları azalmağa başlamışdı. Qardaşımdan soruşsam da, heç nə deyə bilmədi. Bu dəfə heç adımı da səsləmədən sakit dayandı. Daha sonra öz otağında səssizcə ağlamağını gördüm. Atam sakitcə yanına yaxınlaşdı və hələ bunun üçün tez olduğunu dedi. Ağlamaq üçün də uyğun vaxtın olduğunu, ümumiyyətlə belə bir qaydanın olduğunu başa düşməyə çalışsam da, işin içindən çıxa bilmədim. Bu sonra tez-tez təkrarlanmağa başladı. Öncə saçları töküldü, daha sonra arıqlamağa başladı və ən sonunda isə oturduğu yerdən sadəcə gülərək, sakit dayanmağa başladı. Heç nə yemirdi. Ancaq gülürdü. O güldükcə, sıra ilə otaqda səssiz şəkildə ağlayırdılar.
***
Üstündən bir həftə keçmişdi. Xorultu səsi bütün evi götürmüşdü. Buna artıq vərdiş etmişdim. Gün boyu çox işlədiyi və yorğun olduğu üçün bu səsləri çıxarması normal idi. Anam və qardaşım artıq öyrəşmişdi. Yerimdən qalxdım və səsə doğru getdim. Hər gün eyni vaxtda bu səsə oyanır və gizlincə otağa girərək səsi necə çıxardığına baxır, daha sonra isə boyum çatdığı qədər eyvandan boylanırdım. Mətbəxdə həmişə bir gün öncədən qalma çörək qırıntıları olurdu. Onları göyərçinlərə verir və daha sonra isə yatağa qayıdırdım. Yenidən otağa daxil olarkən yerində astaca mən tərəfə qıvrıldığını gördüm. Heç nə danışmırdı. Sadəcə gülümsəyirdi. Çıxmaq istədikdə isə son gücün toplayıb ilə yanına gəlməyimi işarə etdi. Yanına yaxınlaşdım. Gülümsəməyə davam edirdi. Nə edəcəyimi bilmədiyim üçün, mən də gülümsədim. Bir müddət baxdı, daha sonra isə əlinin boşaldığını hiss etdim. Gözünü yumdu.
***
Dedikləri yalanlara görə onları heç vaxt bağışlamayacağımı düşünürdüm. Bu bir qərardan daha çox, prinsip məsələsinə çevrilmişdi. Həmin səhər baş verən hər şey bir yalandan ibarət imiş. Gerçək olan isə yalnız anamın başqa bir dünyaya getdiyi və bir daha geri gəlməyəcəyi idi. Ölümlə bağlı yalan danışan və gözdən pərdə asmağa çalışan hamını bir-bir özümdən uzaqlaşdırırdım. Bir müddət sonra eyni şeylər təkrarlanmağa başlamışdı. Oyuncaqlarımın saçı tökülməyə başlayanda çox narahat olmasam da, atamın saçlarının ağarması bir xeyli narahat etmişdi. Yeni oyuncaq almaq və saçlarının tökülməməsi üçün bir şeylər etmək mümkün olsa, atam üçün əlimdən gələn heç nə yox idi. Bir gün bacarsam bəlkə də bu prinsiplərim haqqında yenidən düşünə bilərdim. Amma nəinki mən, hətta bütün dünya bu dəyişimlər qarşısında aciz idi. İnsanlar saçsız doğulur, ağlayır, daha sonra gülür, saçları çoxalır və ən sonunda rəngini dəyişirdi.
Atam nələrsə demək və özünü müdafiə etməyə çalışmağın mənasız olduğunu anlamışdı. İkimiz də illərdir ki, susmağı seçmişdik. Hər həftə sonu eyni rutinlə davam edirdi. Səhər yuxudan durur, yeməyimizi yedikdən sonra, anamın yanına gedirdik. Aramızda olmasına baxmayaraq, bunu bir gün belə bizə hiss etdirmədi. Hər dəfə girişdən yeni gül dəstəsi alır, daha sonra isə ətrafındakı kol-kos və alaq otlarını təmizləyir, torpağa su verir və gülü qoyduqdan sonra bir müddət səssiz qalırdıq. Susaraq bir-birimizi başa düşürdük.
***
Həkim uzun və əcnəbi dildəki terminləri sadaladıqdan sonra heç nə başa düşmədiyimizi anlayıb, bir müddət susdu. İkimiz də nələrinsə baş verdiyini və bunun geri dönüşü olmayan bir şey olmadığını hiss etmişdik. Bu sükut məni bir anlıq illər öncə geriyə, heç nə başa düşmədiyim və hər şeyi hiss etdiyim, hamının məndən hər şeyi gizlətdiyi vaxtlara apardı. Xoşuma gəlmədiyi üçün, sükutu pozub nə olduğunu açıq şəkildə deməsini xahiş etdim. İrsi olduğunu və gözləməkdən başqa bir seçimimiz olmadığını dedi. Bir şey demək çətin imiş Yoldaşımla bir-birimizə baxdıq. Gülümsəyərək əlimi tutdu və tibbin hərdən yanıla biləcəyini vurğuladı. Kabinetdən çıxar-çıxmaz nə baş verdiyini soruşacağını bildiyimiz üçün Tural üçün bir yalan uydurmalı idik.