Sim-sim.az Trumen Kapotenin “The Paris Review”ə verdiyi müsahibəni təqdim edir.
“Yazmağa nə vaxt başlamısınız?”
“On-on bir yaşındaydım, Mobileyə yaxın yaşayırdıq. Şənbə günləri şəhərə diş həkiminə gedirdim. Bir gün “Mobile” qəzetinin təşkil etdiyi Sanşayn Klubuna (Sunshine Club) qoşuldum. Uşaqlar üçün yazı, rəsm boyama səhifələri vardı, şənbə günləri günortadan sonra isə pulsuz koka-kola və Nehi ilə şənlik keçirirdilər. Səhv eləmirəmsə, qısa hekayə yarışmasının mükafatı ya poni, ya da it idi. Hansı olduğunu unutmuşam, ancaq qalib gəlmək istəyirdim. Bəzi qonşuların fırıldaq işlər gördüklərini bilirdim. Ona görə “Cənab Qoca İşgüzar” adlı qısa-roman yazıb yarışmaya daxil oldum. Birinci hissəsi bir bazar günü əsl adımla – Trumen Strekfus Persons imzası ilə yayımlandı. Yəqin kimsə hiss etmişdi ki, yerli skandallardan yazıram, ikinci hissə heç vaxt çap olunmadı.Təbii ki, mən də heç nə qazanmadım.
Yazıçı olmaq istəyirdim, amma on beş yaşınadək əmin deyildim. Arsız-arsız jurnallara, üç aydan bir çıxan ədəbi nəşrlərə hekayələr göndərməyə başlamışdım. Təbii ki, hər yazıçı ilk aldığı “qəbul edildi” məktubunu heç vaxt unutmaz; on yeddi yaşım vardı, gözəl gün idi, səhər poçtundan birinci, ikinci və üçüncü qəbul məktubları çıxdı. İnanın, “həyəcandan baş gicəllənməsi” uydurma ifadə deyil.”
Qısa hekayələr yazırdım. Düzü hələ də qısa hekayə yazmaq həvəsim ölməyib. Hekayə ən çətin, ən intizam tələb edən nəsr növüdür.
Hekayə yaza-yaza texnikam və özümə nəzarətim formalaşdı.”
“Nəzarət deyəndə nəyi nəzərdə tutursunuz?”
“Matrealın üslubunu, qurğusunu nəzərdə tuturam. Bunu vasvasılıq hesab edənin cəhənnəmə qədər yolu var. Mən hekayənin ritmə, yanlış durğu işarələrinə görə məhv olacağına inanıram. Henri Ceyms nöqtəli-vergül ustasıdır. Virciniya Vulf qulağa xoş gəlməyən bir cümlə də yazmayıb. Yox, dediklərimi eynilə yerinə yetirmirəm, amma əlimdən gələni edirəm.”
“Qısa hekayə texnikası necə inkişaf edir?”
“Hər hekayənin özünəməxsus texniki problemləri olduğuna görə, təbii ki, “iki üstə gəl iki dörd edir” kimi ümumiləşdirmə etmək qeyri-mümkündür. Hekayə yalnız öz təbiiliyində nəql edilərsə, doğru formanı tapar. Bir yazıçı yazdığı hekayənin təbii olub-olmadığını sınamaq üçün buna diqqət etməlidir: Hekayəni oxuduqdan sonra onu fərqli şəkildə tərtib edə bilirmi, yoxsa hekayə təxəyyülü susdurub qəti, dəyişilməz qalır? Hekayəni bir portağal kimi kəsin. Təbiətin qüsursuz yaratdığı portağal kimi.”
“Bir adamın texnikasını təkmilləşdirməsi üçün hər hansı üsul varmı?”
“Mənim bildiyim yeganə üsul işləməkdir. Yazmağın da rəsm və ya musiqidə olduğu kimi işıq və kölgəylə əlaqəli perspektiv qanunları var. Əvvəldən bunları bilirsinizsə, lap yaxşı. Amma bilmirsinizsə, öyrənin. Sonra bu qaydaları özünüzə uyğun formada yenidən tərtib edə bilərsiniz. Bu qaydaları vecinə almayan Ceyms Coys belə misilsiz sənətkar idi. O, “Dublinlilər”i yaza bildiyi üçün “Ulis”i də yaza bilmişdi. Bir çox yazıçı qısa hekayə yazmağı, bir növ barmaq gimnastikası hesab edir. Əgər vəziyyət belədirsə, gimnastika ilə məşğul olan yalnız onların barmaqlarıdır.”
“Təzə başlayanda sizi həvəsləndirənlər olmuşdumu, olmuşdusa, kimlər idi?”
“Aman Allah! Bağışlayın, amma bu sualın cavabı dastan kimi uzundur. Belə ki, içində xeyli “xeyr” və bir neçə “bəli” olacaq. Baxın, uşaqlığımın hamısı olmasa da, böyük hissəsi əyalətdə – mədəni səviyyəsi aşağı olan insanların arasında keçib. Geniş planda baxsaq, pis deyil: axına qarşı üzmək! Tale mənə gəncliyimdə şərait yaratdı. Bəzi sahələrdə at əzələsi kimi güclü əzələ formalaşdırdım, xüsusilə, düşmənlərimin öhdəsindən gəlmək sənəti barədə. Təbii ki, bu, əslində, dostların qiymətini bilmək qədər lazımlıdır. Daha da əvvələ getsək, bəhs etdiyim mühitdə qeyri-adi hesab edilirdim. Axmaq olduğumu da düşünürdülər, əlbəttə, bu məni çox hirsləndirdi. İndinin özündə də məktəblərlə aram yoxdur, çünki daim məktəb dəyişdirirdim. Hər il nifrət və darıxdırıcılıq ucbatından ən sadə dərslərdə belə uğursuzluğa düçar olurdum. Həftədə azı, iki dəfə dərsdən və daim evdən qaçırdım. Bir dəfə üzbəüz küçədə yaşayan bir dostumla qaçdıq, yaşca məndən çox böyük bir qız idi, sonra xeyli məşhurlaşdı. Çünki yarım düjin adam öldürdü və Sinq Sonq həbsxanasında elektrikli stula məhkum oldu. Kimsə onun haqqında kitab da yazdı. Ona “Tənha qəlblərin qatili” ləqəbini verdilər. Axırda – səhv etmirəmsə, on iki yaşım olanda, – direktor valideynlərimə özünün və məktəbdəki müəllimlərin fikrincə, mənim anormal olduğumu demişdi. Müəllim düşünürdü ki, məndə əqli çatışmazlıq var və mən xüsusi məktəbə getməliyəm. Ailəm mənim haqqımda nə düşünürdü, bilmirəm, amma bu təklif onların xətrinə dəymişdi. Əqli yoxlama üçün məni cənubdakı araşdırma klinikasına göndərdilər. Orada əla vaxt keçirdim və axırda bilirsiniz nə oldu? Elm təsdiq etdi ki, mən üstün zəkalıyam. Ən çox kimin karıxdığını bilmirəm: Buna inanmağı rədd edən müəllimlərimmi, yoxsa buna inanmaq istəməyən ailəmmi; onlar mənim normal uşaq olduğumu eşitmək istəyirdilər. Mən isə sevincdən uçurdum, aynanın önündə özümü Floberlə yan-yana qoyur, o dövrki kumirim hər kim idisə: Moppasan və ya Mensfild, ya da Prust, Çexov, ya da Vulfun yanında təsəvvür edirdim. Gecədən səhərəcən – ciddiyyətlə yazmağa girişdim. Bir neçə il həqiqi mənada yatmamışam. Viskinin mənə dinclik verdiyini kəşf edənə qədər belə davam etdi. Hələ on beş yaşım var idi, özüm viski ala bilməzdim, amma məndən böyük dostlarım sayəsində böyürtkən konyakından burbon viskisinədək şüşələrlə doldurduğum çamadanı paltar şkafının altında gizlədirdim. Əksərən, günortadan sonra içirdim, sonra bir ovuc Sen Sen çeynəyib axşam yeməyinə gedirdim. Yemək süfrəsindəki halım, davranışlarım, donuqluğum, susqunluğum vaxt keçdikdcə adamları narahat etməyə başladı. Qohumlarımdan biri: “Tanımasam, and içərəm ki, lül-qənbər sərxoşsan!” – deyirdi. Həqiqət ki bilindi, onda evdə qiyamət qopdu. Aylarla içmədim, ancaq deyəsən, yenə yoldan çıxmışdım.
Mənə dəstək verənlər barədə soruşmuşdunuz. İlk dəstəyini gördüyüm adam nə qədər qəribə olsa da, – Ketrin Vud – liseydəki ingilis dili müəllimim olub. Ona hər zaman minnətdar olacam. Sonrakı illərdə, yazdıqlarımın dərcindən etibarən ağlınıza gələn hər növ dəstəyi görmüşəm. Xüsusilə, “Mademoiselle” jurnalının ədəbi redaktoru Marqarita Smitdən, “Harpers Bazaar”dakı Meri Luis Asvelldən və “Random House”un redaktoru Robert Linkottdan dəstək görmüşəm.”
“Bəhs etdiyiniz redaktorlar təkcə əsərlərinizi satın alaraq dəstək verdilər, yoxsa tənqidi fikirləri ilə də yol göstərdilər?”
“Kimsə sizin işi satın alır – bundan böyük dəstək? Düşünəndə ki, pul qazanmayacam, qəti yaza bilmirəm, yəni fiziki baxımdan yazmağım qeyri-mümkünləşir. Doğrusu, adını çəkdiyim adamlar və başqa bir neçə şəxs öz dəyərli məsləhətləri ilə də kömək olub.”
“Keçmişdə yazdıqlarınızın arasında indi yazdığınız qədər bəyəndiyiniz bir şey varmı?”
“Bəli. Məsələn, “Başqa səslər, başqa otaqlar” adlı romanım yayımlandıqdan səkkiz il sonra – keçən yay oxudum. Elə bil, başqasının əsərini oxuyurdum. Artıq o kitaba yadam, bugünkü mənlə o kitabı yazan adam arasında demək olar ki, heç bir oxşarlıq yoxdur. Baxış bucağımız, daxili dinamikamız tamam fərqlidir. Bütün qəribəliklərinə baxmayaraq, möhtəşəm gərginliyi və həqiqi energetikası var. O vaxt o romanı yaza bildiyim üçün çox məmnunam, əks halda heç vaxt yazılmazdı. “Çəmən şərqisi”ni və qısa hekayələrimin çoxunu sevirəm, amma “Miriam” ticari iş olmaqdan o yana keçə bilmədi. Bir də “xeyr” cavabım var. “Ad günü uşaqları”, “Son qapını da bağla” və bir neçə başqa əsər. “Gecə ağacı” hekayələr kitabımda yayımlanan, diqqət çəkməmiş “Ağrı ustası” adlı hekayəm…”
“Son vaxtlar “Porgi və Bess” – Rusiya turnesi ilə bağlı kitabınız nəşr olunub. Bu əsərin ən diqqət çəkən tərəfi müəllifin tərəfsizliyi, neytrallığıdır. Əlbəttə, əsərləriniz özünəməxsus şəkildə dəyərləndirilir, ancaq bu tərz olduqca heyrətamiz, bu təhkiyə forması həqiqətə ən yaxın versiyadır.”
“Bəlkə də, məzmunun bədii təxəyyülə yox, gerçək hadisələrə əsaslanması bu təəssüratı yaradır. Xəbər yazanda məsələnin fövqündə dayanmalısan. Şərh etməməli, səy göstərməlisən ki, sözbəsöz həqiqəti yazasan. Bu tərzdə fiksiyadakı dərinlik olmur. Ancaq bu növü istifadə etməyimin səbəbi tərzimin jurnalistika gerçəklərinə də uyğunlaşa biləcəyini sübut etmək idi. Deyəsən, mənim fiksiya üsulum o qədər tərəfsizdir ki, emosional mənada yazı nəzarətimdən kənara çıxır. Bir duyğunu təsvir etməmişdən qabaq onu dibinədək yaşamalıyam. Mənim fikrimcə, bu əsl texnikanı əldə etməyin şərtlərindən biridir. Üslub özünəməxsus olaraq dəyərləndirilirsə, bu yazıçının təxəyyülü, şəxsiyyəti və məhrəmidir.”
“Duyğunu dibinədək yaşamalıyam” – nəyi nəzərdə tutursunuz? Hekayə üzərində uzun müddət baş sındırmaq, yoxsa başqa şeylər də var?”
“Xeyr, təkcə zaman məsələsi deyil. Məsələn, bir həftə ərzində ancaq alma yediyinizi təsəvvür edin. Şübhəsiz, artıq ürəyiniz alma istəməyəcək. Bir hekayəni yazmağa başlayanda ona qarşı marağımı itir, lakin, dadı damağımda qalır. “Porgi və Bess” yazılarının bu mövzu ilə heç bir əlaqəsi yoxdur. O, xəbərçilik idi, onda “duyğulara” yer yox idi, ən azı, bayaq danışdığım qarışıq və şəxsi olanlara. Hardasa oxumuşdum ki, Dikkens öz yazdıqlarına qəhqəhəylə gülür, qəhrəmanlarından biri öləndə göz yaşlarına qərq olurmuş. Mənim üsuluma görə, oxucuda bənzər duyğular oyatmağa səy göstərməzdən əvvəl yazıçı öz zarafat anlayışının hüdudlarını bilməli və göz yaşı mərhələsini keçməlidir. Başqa sözlə, hər növ sənət əsərində mükəmməlliyə qərarlı, ölçülü və soyuqqanlı düşüncə tərziylə nail olmaq mümkündür. Misal üçün, Floberin “Saf bir qəlb”i. Kifayət qədər mehriban, səmimiyyətlə yazılmış bir hekayədir. Əlbəttə, bu yalnız düzgün üsullu və hekayə üçün nələrin gərəkli olduğunu dərk edən bir yazıçının əsəri ola bilər. Əminəm ki, Flober bu hekayəyə başlamazadan əvvəl duyğuları təhlil edib, yazmağa başlayanda isə duyğuların fövqünə çıxıb. Müasir yazıçılardan nümunə verək. Məsələn, Ketrin Enn Porterin “Gündüz şərabı” adlı möhtəşəm əsəri. Romanda elə bir sıxlıq var ki, insan hadisələrin sanki bu an baş verdiyini hiss edir, digər tərəfdən əsər elə nəzarətlə yazılıb, daxili ritmi elə qüsursuzdur ki… Xanım Porterin öz hekayəsinə müəyyən məsafədən baxdığını yaxşıca hiss edirəm.”
“Son səkkiz ili xaricdə yaşamısınız. Niyə Amerikaya qayıtmağa qərar verdiniz?”
“Çünki mən amerikalıyam, başqa biri olmağım qeyri-mümkündür və ən əsası, heç başqası olmaq arzum da yoxdur. Üstəlik, şəhərləri sevirəm və sözün həqiqi mənasında yeganə şəhər Nyu-Yorkdur. İki illik fasilə istisna olmaqla, səkkiz il ərzində Amerikaya ildə bir dəfə qayıtmışam. Heç vaxt xaricdə yaşamaq həvəsim olmayıb. Avropa mənim üçün bir məktəb idi, yetkinlik yolunda mərhələ oldu. Avropa mənə çox şey qazandırdı, amma hiss etdim ki, deyəsən, təkcə qazandırmır, həm də məndən bəzi şeyləri qoparır. Lap iqtisadiyyatdakı azalan səmərə qanunu kimi. Buna görə də xeyli yol qət etmiş biri kimi və aid olduğum torpaqlarda oturaq həyata keçmək üçün evimə qayıtdım. Təbii ki, yellənən kreslo alıb bir yerə qaxılası deyiləm. Sərhədlər açıq olduğu müddətdə hər an bu cür başıboş macəralara başlaya bilərəm.”
“Çox mütaliə edirsiniz?“
“Çooox. Və hər şeyi oxuyuram; etiketləri, yemək reseptlərini, elanları belə. Qəzet oxumaq mənim üçün ayrıca həvəsdir. Hər gün Nyu-Yorkda çıxan gündəlik qəzetlərin hamısını və bazar nəşrlərini alıram, həmçinin, bir neçə xarici jurnalı da izləyirəm. Ala bilmədiklərimi qəzet köşklərinin önündə ayaqüstü oxuyuram. Həftədə orta hesabla beş kitab oxuyuram. Normal uzunluqda kitabı iki saata bitirirəm. Triller kitablarını sevirəm və bir gün bu növdə kitab yazmağı çox istəyirəm. Roman oxumağa üstünlük versəm də, son illərdə daha çox məktub, gündəlik və bioqrafiyalar oxumağa başlamışam. Yazı prosesində başqa yazıçını oxumaq məni narahat etmir, ancaq bircə dəfə Ceyms Coysun sehrinə düşüb cümlələri yersiz uzatdığımın fərqinə varmışdım.”
“Sizi ən çox təsirləndirən yazıçılar kimlərdir?”
“Bir çox tənqidçi mənim əsərlərimdə Folkner, Velti və MakKallersin izlərini gördüklərini desələr də, birbaşa ədəbi təsir altına düşdüyümüyü düşünmürəm. Bəlkə də, düzdür. Üçünə də heyran olmuşam, Ketrin Enn Porterə də. Üçünün bir-biriləri ilə və mənimlə Cənubda doğulmaqdan başqa ortaq tərəflərimizin olduğuna inanmıram. İndi bir sətrini belə oxumasam da, on üç-on altı yaşlarımda Tomas Vulf gözümdə bir düha idi. Əslində, hələ də elədir. Deyəsən, elə o yaşlar Vulfa heyran olmaq üçün ən münasib dövrdür. Eyni şəkildə, digər gənclik həvəslərim də tükəndi; Edqar Po, Dikkens, Stivenson… – daha onları oxuya bilmirəm. Bəzi maraqlar isə dəyişilməz qalır: Flober, Turgenev, Çexov, Ceyn Ostin, Ceyms. E.M.Forster, Moppasan, Rilke, Prust, Şou, Villa Kater – bu siyahı uzandıqca uzanar, ona görə Ceyms Eyci ilə bitirək. Çox xoş yazıçıdır, iki il əvvəlki ölümü böyük itki oldu. Yeri gəlmişkən, Eycinin yazdıqlarında filmlərin təsiri görünür. Deyəsən, gənc yazıçıların çoxu film texnikalarının vizual və struktur tərəflərindən həm bəzi şeylər öyrəniblər, həm də istifadə ediblər. Mən də bura daxiləm.”
“Siz də ssenari üzərində işləmisiniz, elə deyil? Təəssüratlarınızı bölüşə bilərsiniz?”
“Həngaməydi. Ən azı, ssenarisini yazdığım “Sarışın şeytan” filmi həqiqətən çox əyləncəli idi. Çəkilişlər İtaliyada gedirdi. Ssenarini Con Hyustonla birlikdə işləyirdik. Bəzən ssenari yerindəcə yazılırdı. Aktyorlar çaşbaş idi, bəzən Hyuston belə baş verənlərdən bixəbər görünürdü. Təbii ki, səhnələr yazılanda sıraları dəyişirdi, elə anlar olurdu ki, ssenaridə növbəti səhnənin hansı olacağını bircə mən bilirdim. Filmə baxmamısınız? Mütləq izləyin. Deyirəm də, əsl həngamə idi. Təəssüf ki, prodüserə elə də gülməli gəlmədi. Nə fərqi var ki? Harda yenidən nümayiş olunsa, gedib baxıram və çox əylənirəm. Yeri gəlmişkən, ciddi sözümdü, bir yazıçının rejissorla yaxın münasibətləri yoxdursa, yaxud filmin rejissoru özü deyilsə, filmdə öz fikrini əks etdirmə şansı azdır. Film o dərəcədə rejissorun sahəsidir ki, indiyədək film dünyası, xüsusilə, ssenarist kimi işləyə bilən bircə yazıçı ərsəyə gətirə bildi. Ona film dahisi demək olar. Bu, Zavattinidir. Utancaq, şirin balaca kəndli. Nə mükəmməl bir vizuallıq! Yaxşı italyan filmlərinin səksən faizi Zavattininin ssenariləri əsasında çəkilib. Məsələn, De Sikanın filmlərinin hamısı. De Sika çox parlaq adamdır, amma çox vaxt Zavattininin meqafonu olaraq qalır, filmləri tamamilə Zavattininin əsərləridir. Yəni hər detal, əhval, işin hər parçası Zavattininin ssenarisində aydın ifadə edilib.”
“Yazı vərdişləriniz varmı? Məsələn, yazı masasından istifadə edirsiniz? Yoxsa makinada yazırsınız?”
“Tamamilə üfüqi yazıçı olduğumu demək olar. Siqaret çəkə-çəkə, qəhvə içə-içə uzanmasam, yaxud kresloya sərilməsəm, düşünə bilmirəm. Mütləq siqaret çəkməli, bir şey qurtumlamalıyam. Axşam üstü qəhvədən nanə çayına, ondan da Şerriyə və Martiniyə keçirəm. Yeni əsərə başlayanda makinadan istifadə etmirəm.İlkin versiyasını qələmlə yazıram, sonra hamısını yenidən nəzərdən keçirirəm, yenə əllə. Özümü üslubçu hesab edirəm. Üslubçuların bir vergülə, yaxud nöqtəli-vergülə ilişəcəyi məlumdur. Bu cür şeylər və bunlara sərf etdiyim zaman məni dözülməz dərəcədə narahat edir.”
“Üslubçılarla digər yazıçılar arasında ayrı-seçkilik edirsiniz?”
“Üslub nədir? Zen Koanın soruşduğu kimi, əlin səsi nədir? Heç kim dəqiq bilmir. Məncə, bəsit bir bənzətmə olsa da, əsərin məzmunundan da o yana olan əsl üslub sənətçi həssaslığının aynasıdır. Bütün yazıçıların müəyyən üslubu var. Amma məsələn, Ronald Firbankın – ürəyinə sağlıq – üslubdan başqa heç nəyi yoxdur, Allaha şükür ki, özü də bunu hiss etdi. Üslub sahibi olmaq, yəni məxsusi üslub demək istəyirəm; E.M.Forster, Kolett, Flober, Mark Tven, Heminquey və Aysek Dinesendəki kimi… Məsələn, Drayzerin yazdıqlarında, Allah da bilir ki, stil var. Və Yucin O”nil. Və Folkner özünə görə mükəmməldir. Məncə, hamısı güclü, lakin neqativ, yəni yazıçı ilə oxucu arasındakı əlaqəyə heç bir töhfəsi olmayan tərzə qalib gəliblər. Bir də çətin olanı bacarıb çox bəyənilən və hər zaman məşhur olan Qrem Qrin, Moem, Tornton Uaylder, Con Hersi, Villa Karter, Turber, Sartr (unutmayın ki, məzmundan bəhs etmirik), C.P.Marqand və digərləri kimi üslub sahibi olmayan formalistlər var. Ancaq qəbul edək ki, “üslubsuzluq” deyilən şey də mövcuddur. Amma onlara yazıçı yox, on barmaq makina deyilir, yəni qrafoman. Heç nəyi görmədən, duymadan yazıq kağızları formasız qaralamalarla doldururlar. Yaxşı, bəs gənc yazıçılardan hansı üslub deyilən şeyin fərqindədir? Bir az P.H.Nyubi, Fransuaza Saqan, Bill Stayron, Flenneri Okonnor – o qızın bir neçə zərif yazısı var. Ceyms Merrill isterika böhranlarından qurtulduqda yaxşı yazır, sonra Uilliam Qoyen, xüsusilə jarqonların istifadəsində Selincer. Kolin Uilson? – O da başqa cür qrafomandır.”
“Dediniz ki, Ronald Firbankın üslubundan başqa heç nəyi yoxdur. Təkcə üslubla böyük yazıçı olmaq mümkündürmü?”
“Xeyr, zənnimcə yox, amma yenə də bu mövzuda mübahisə etmək olar. Məsələn, üslubunu alsaq, Prustun nəyi qalar ki? Amerikalı yazıçılara baxsaq, üslub heç də onların güclü tərəfi hesab olunmur. Ən yaxşılarının arasında amerikalılar olsa da. Houtorn ən yaxşı nümunələrdən biridir. Mövzu üslubdursa, son otuz ildə dünya miqyasında Heminquey qədər çox sayda yazıçıya təsir etmiş başqa yazıçı yoxdur. Bu gün bunun səbəbini hər kəs qədər gənc xanım Porter də bilir.”
“Bir yazıçı üslub əldə edə bilərmi?”
“Xeyr. İnsan çalışaraq gözünün rəngini dəyişdirə bilərmi? Eyni şəkildə üslubun da şüurlu şəkildə əldə ediləcəyini düşünmürəm. Hər şey bir qırağa, üslub insanın özüdür.
Nəticədə yazdıqlarında yazıçının şəxsiyyətindən izlər olur. Onsuz da, başqa cür mümkün deyil. Bilirəm, əksər hallarda şəxsiyyət sözü həqiqi mənasından uzaq istifadə olunur, amma mənim demək istədiyimi tam ifadə edir. Yazıçının fərdi insani dəyərləri, sözü, ya da həyatdakı mövqeyi oxucuya çatası xarakterə bürünməlidir. Əgər şəxsiyyət cizgiləri bəlli deyilsə və ya ziddiyyətlidirsə, yaxud sadəcə uydurmadısa, alınan deyil. Folkner, MakKallers kimi yazıçılar şəxsiyyətlərini dərhal ortaya qoyarlar.”
“Yazdıqlarınızın Fransada geniş miqyasda diqqət cəlb etməyi maraqlıdır. Üslub başqa bir dilə tərcümə edilə bilərmi?”
“Niyə də yox? Yazıçı və tərcüməçinin sənət baxımından ruh əkizi olması şərti ilə.”
“Bu ərəfələr üzərində işlədiyiniz, qaralama mərhələsindəki qısa hekayənizə mənə görə fasilə verməli oldunuz, bağışlayın. Sonrakı mərhələ nədir?”
“O, ikinci qaralaması idi. Sonra makina ilə xüsusi sarı kağıza üçüncü qaralamanı yazıram. Yataqdan çıxmağıma ehtiyac yoxdur. Makinanı dizlərimin üstündə qoyuram. Belə vəziyyətdə dəqiqədə yüz söz yaza bilirəm. Makina işi bitdikdə, sarı qaralamanı bir müddət gözümün qabağından kənara qoyuram; bəzən bir həftə, bəzən bir ay, bəzən də daha uzun müddət. Sonra kənar gözlə oxuyuram, nəşr etdirib-etdirməməyə qərar verirəm. Bir neçə qısa hekayə, bitirdiyim bir roman və yarıya çatdırdığım başqa roman beləcə zibil qabına gedib. Amma hər şey qaydasındadırsa, son variantı makinada ağ kağıza yazıb nöqtəni qoyuram.”
“Yazmağa başlamamışdan əvvəl kitabın son variantı beyninizdə tam formalaşır, yoxsa hər addımda sizi də təəccübləndirərək son variant özü yaranır?”
“Hər ikisi keçərlidir. Hər dəfə hekayənin gedişatı film kimi canlanır, sanki hamısını ildırım sürəti ilə seyr edirəm. Eyni anda hekayənin başlanğıcı, ortası və sonu qəfil meydana çıxır. Lakin yazı prosesi sürprizlərlə doludur.. Buna şükür etməliyəm; çünki sürpriz, hekayədəki yeni düyün, qəfil peyda olan bir ifadə təhkiyəyə gözlənilməz rəng qatır, bu da yazıçının iş tempinə zövqlü təkan verir. Bir vaxtlar hekayə qaralamaları üçün dəftər tuturdum. Amma bu qeydlərin beynimdə qurmağa başladığım fikri korşaltdığını hiss etdim. Beyninizdə formalaşan fikir həqiqətən yaxşıdırsa, özünəməxsusdursa, kağıza keçənə qədər sizə dinclik verməz, yatmağa belə qoymaz.”
“Əsərləriniz nə qədər avtobioqrafikdir?”
“Əslində, çox az əsərim avtobioqrafikdir. Çox az əsərim real hadisə əsasında yazılıb, ancaq yenə də bir yazıçının yazdıqları müəyyən qədər avtobioqrafikdir. Hamı uydurma hesab etsə də, “Çəmən şərqisi” yeganə gerçək əsərdir. “Başqa səslər, başqa otaqlar”ın da avtobioqrafik olduğunu düşünmüşdülər. Zehnimi gücə salıb, daha çox rəngdən istifadə etmək istəyirəm. Heminqueni indi başa düşürəm. Bir dəfə demişdi ki, birinci şəxsin təkində hamı roman yaza bilər.”
“Başqa sənət növlərinə marağınız varmı?”
“Bilmirəm, sənət hesab etmək olarmı, amma illər boyu səhnəyə çıxmağa həvəsli olmuşam. Hər şeydən çox tap rəqqası olmaq istəyirdim. Sonra gitara çalmağı öyrənib gecə klublarında işləmək istədim. Bunun üçün pulu yığıb gitara aldım, bütün qış gitara çalmağı öyrəndim. Amma axırda gördüm ki, bütün təzə başlayanlar kimi “I Wish I was Single Again” ifa edə bildiyim yeganə mahnıdır. Ürəyimi sıxıldı. Bir gün gitaramı avtobus dayanacağında tanımadığım bir adama verdim. Rəsmlə də maraqlanmışam, üç il rəsm təhsili almışam, təəssüf ki, içimdə yox idi.”
“Sizcə, tənqidin konstruktiv təsiri varmı?”
“Təbii ki, fikirlərinə etibar etdiyiniz birinin tənqidi konstruktiv təsir edir. Amma nəşrindən sonra əsər haqqında ancaq tərif eşitmək istəyirəm. Tərifdən başqa hər şey lazımsızdır, əsərləri minnətlə oxuyub heç nəyi bəyənməyən, yorucu dillə yazan tənqidçilərdən fayda götürdüyünü deyən bircə yazıçı tapsanız, sizə əlli dollar verərəm. Demirəm ki, professional tənqidçilərin heç birinə qulaq asmayaq, amma onsuz da yaxşı olanların arasından sadəcə bir neçəsi davamlı tənqid yazır. Məncə, ən vacibi qərəzli tənqidləri qulaqardına vurmaqdır. Çox təhqirlərə məruz qalmışam, hələ də təhqir edənlər var, bəziləri tamamilə şəxsidir, artıq heç birini vecimə almıram. Haqqımda yazılmış ən ağır böhtan belə tükümü tərpətmir. Mənim tövsiyəm budur: əsla və əsla tənqidçiyə cavab verərək özünüzü alçaltmayın. İstədiyiniz qədər xəyali məktublar yaza bilərsiniz, əsla düşündüklərinizi kağıza köçürməyin.”
“Batil inanclarınız var, hə?”
“Batil inanclarım, rəqəmləri toplamaq xasiyyətim var. Məsələn, nömrəsindəki rəqəmlərin cəmi uğursuz çıxıb deyə, zəng etmədiyim adamlar olub. Otel otağının nömrəsinə fikir verirəm. Ən sevdiyim çiçək olsa da, sarı qızılgülə dözümüm yoxdur. Bir külqabıda üç siqaret söndürmərəm. İki rahibə ilə eyni təyyarəyə minmərəm və sair. Amma bu batil inanclara bağlılıq mənə həmişə qəribə dinclik verir. Dinləməyi və danışmağı sevirəm. Adamın üstündə Allah var, danışmağı sevdiyim hiss olunmur?”
Söhbətləşib: Pati Hill, 1957
Tərcümə etdi: İlahə Əkbər