O tələsirdi. Tez-tez qol saatına baxır və düşünürdü ki, ən qısa zamanda 3 insanı tapmalıdır. Əslində son 1 aya qədər həyatında hər şey yaxşı keçirdi. Lakin birdən-birə başı gicəllənirdi və iş yoldaşlarının uzun israrlarından sonra həkim müayinəsinə getmişdi.
Leykemiyanın kəskin və xronik forması diaqnoz kimi ona deyiləndə üzündə quru təəccüb və qorxu qarışığı qəribə hissizlik vardı.
Həyatını elə yaşayırdı ki, sanki heç vaxt ölməyəcək. Ya da elə bil heç vaxt başına hansısa bir xəstəlik girdab olmayacaqmış kimi.
Reklam agentliyindən 1 aylıq məzuniyyət ərizəsini yazıb ofisdən çıxanda sanki ətrafdakı hər şey onun ürəyini parçalayırdı. Hey düşünürdü ki, görəsən, o, kiçik günahlarını yox, ən azından fərqinə vardıyı böyük günahlarını yuya biləcəkdimi?! Bakıya da bu qəribə halda dönmüşdü. Lakin döyəcəyi bir qapı qalmamışdı.
Taksiyə əyləşdi. Elə bil bu dəm Bakının soyuq, boz, dumanlı payız havası qəlbini daha da darıxdırırdı.
Not dəftərinə balaca bir qeyd yazdı. Sonra o not dəftərini iş çantasının arxa cibliyinə yerləşdirdi.
Nizami küçəsi tərəfdən keçəndə həmişə gördüyü sərxoş bomjun yenə səkidə uzandığını gördü. Taksini saxladıb ona yaxınlaşdı. Bomjları daim aşağılayan, “görəsən bir insan hansı səhvləri edə bilər ki, bu hala düşür” deyə düşünən də o idi. Həmişə iş yoldaşalrı ilə müzakirələri mübahisə və kəskin söz deyişməsinə çevrilirdi.
O, Dekart fəlsəfəsinin vurğunu idi. İnsan varlığının düşüncədən ibarət olduğunu müdafiə edirdi. Spinoza təlimini sevirdi, yaşadığı maddi hərislik dolu həyata rəğmən oxuyurdu, hesab edirdi ki, insan yalnız duyğuları ucbatından bəlalara düçar ola bilər.
İndi isə başının üstündə dayandığı bomja həsədlə baxırdı.
Axı, ən azından onda ömrünü tezliklə sonlandıracaq bir xəstəlik yox idi!
Bomjun timsalında axtardığı birinci insanı düşündü. Uşaqlıqdan müəllim ailəsində böyümüşdü. Atası və anası onu əziyyətlə böyütmüşdü.
Birdən gözünün önündə film lenti kimi hadisə canlandı:
“Evə məktəbdən tez gəlib atasına deyirdi ki, o, oxumaq istəmir. Atası səbəbini soruşduqda isə deyirdi ki, onun sinif yoldaşları imkanlıdır, hamısı məktəbə özəl avtomobillərlə, sürücülərlə gəlir. Atası isə həmişə söyləyirdi ki, zənginlik insanın iç dünyasındadır”.
O, məktəbdən qaçıb 11-ci sinifi yarıda qoydu. Rusiyada sinif yoldaşının qohumunun biznesində çalışaraq illərlə valideynlərini axtarmadı. Bakıya yenicə köçmüşdü və hələ də xəbəri yox idi ki, atası necə olub ki, dibə yuvarlanıb. Halbuki, səbəb bəlli idi. Uşaqlıq evləri çoxdan satılmışdı, müəllim maaşı ilə dolanan sadə ailəsini qəbullanmadığı üçün indi o qədər peşman idi ki…
Anası həmişə onu hər şeydən qoruyurdu. Oğlunun da həkim ya da müəllim olmağını eşitmişdi. Hətta illər sonra oğlunun Rusiyada biznes adıyla pis işlərə qurşandığını deyəndə də xiffət çəkmişdi ki, heç olmasa onu bir dəfə görsün.
Anasının cənazəsi başqalarının çiyinlərində daşınmışdı. O vaxtdan bütün qohumlar, dost və tanışlar da ondan imina etmişdi.
Birdən ağlına sevdiyi və aldatdığı qız gəldi. Yeganə onunla bağlı xatirələri canlandırmağa qorxurdu. Onu aldatdı, sonra saf və aşiq bir qızı bətnində körpə ilə tərk edib getdi. Görəsən haradadır? Yaxud onun bir övladı var idimi?
Ağladı, bəlkə də həyatında ilk dəfə. Notu yatan bomjun ovcuna buraxıb oradan uzaqlaşdı.
Səs-küyə ayılan bomj əlindəki notu oxuyaraq hönkür-hönkür ağlayırdı.
Ətrafdan keçənlərdən biri bomjun əlindən tulladığı notu açaraq oxudu.
Notda yazılmışdı: “Bilirəm, çox gecdir, amma, bağışla, ata, mən artıq ölürəm”.