Sim-sim.az Tural İsmayılovun “Miokard” hekayəsini təqdim edir.
Dənizin qırağında sakitcə oturub səssizliklə danışırdım. Əlimdə yenicə bitirdiyim kumirim Vladimir Nabokovun kitabı vardı. Fikirləşirdim ki, mən – Fərhad- dahiyəm yoxsa axmaq? Bu, dilemma idi, eyni zamanda fəlsəfə tarixinin ən aktual problematikası. Aristotel, Ptolomey, Tit Lukretsi Kardan müasir dövrün filosofları Eko və Soljenitsına qədər düşünülən, cavabsız qalan suallar idi. Bir tərəfdən ağıllı sayırdım özümü. Axı mən hamı kimi düşünmürdüm. Mənim beynimdə sözün həqiqi mənasında “fırtınalar” qopurdu. Anlayırdım ki, böyük qalaktikalar sistemində bizim özümüz heçlik kimiyik, o ki qaldı bizim bəsit ideallarımız. İndi mənim kredit borcum, günəmuzd işlədiyim işlər, evdə həyat yoldaşımın “bir kısmat çörək qazan yaşa, neynirsən bu kitabları” tənəsi də o qədər primiti idi ki. Hərdən də düşünürdüm ki, görəsən mən Dante, həyatım isə “İlahi Komediya”dır?
Mənim düşüncələrim bir-neçə anam demiş “mən ağılda” olan adamdan savayı hamıya qaranlıq idi. Amma axı qaranlıq həm də işığın yaranma səbəbi idi. Mən ətrfımın qaranlığında itən işıq ovçusu idim. Bu anda arxada adi qeybətlər edən iki gənc sevgili əl-ələ tutub yanımdan keçdi. Onlar düşünürdülər ki, evləndikdən sonra ipoteka krediti götürüb 25 illik maddi asıllığa “salam desin”. Mən isə sevdiyim fikir adamlarından birini beynimdə təkrarlayardım.
Gəncliyin bizə verdiyi o çılğın yaşlarda Qərbi aydınlıq, Şərqi qaranlıq, Qərbi işıq, Şərqi zülmət kimi görməmiz o qədər bizi “məşğul edirdi ki”, fikirlərimizi vahid bir məcrada toplayıb, doğru dürüst fikirlərdən özümüzü uzaq tuturduq. İnsan azadlıqlarının görüntüsündəki xoşbəxt insan simaları, komplekssiz həyat yaşayan Qərb insan münasibətləri, övladlarının seçimini əngəlləməyən “yanki” valideyn modeli və sərbəst sevgililəri gördükdə açıq-açığına Qərbə o qədər simpatiya duyurduq ki, özümüz və mənsub olduğumuz Şərq arealına qarşı əsəbi bir refleksiya formalaşırdı beyinimizdə. Halbuki, Şərq dəyərdir, Şərq zirvədir. Bəzən də bir yazar dostumun dediklərini düşünürdüm; yazmaq həm də bir ruhi tələbatdan daha çox, intellektual təklikdən qaçışdır.
Həmişə özümə Nitşsesayağı suallar verməyi sevirdim.
Bakı bulvarında gəmilər siqnal verirdi. Orda uzaqlarda qağayılar səmada uçurdular. Mənim beynimdə Feyebax fəlsəfəsi var-gəl edirdi. O qağayı varlıq olaraq daha çox imkana malikdir, ya mənim qəribə nisgilli ruhum? “Gənc Verterin iztirabları”nda sentimentallıq da yox idi. Bilirdim ki, əsrlər əvvəl olduğu kimi, əsrlər sonra da çoxluqda məcburi yaşayan, amma əbədi beyin və qəlb təkliyinə məhkum olanlar insanlar yaşayacaq.
Birdən telefonuma mesaj gəldi: “Gələndə çörək al”.
Anidən isə…
– Xanım, həyat yoldaşının vəfatından bir il ötüb . Yazığın ürəyi xəstə imiş heç kimə demirmiş yəqin. Ya ürəyinə salırmış nələrisə.
– Yox vallah. Ürəyi sağlam idi. Günəmuzd işlədiyi işlər də bizi qane edirdi, atamın da hər imkanı var, ailməziə kömək edib ona heç nə demirdi.
– Allah rəhmət eləsin. Bari get arada qəbrinin kol-kosunu təmizlə.
Hadisədən 5 il sonra Fərhadın notları ortaya çıxdı. Sonda isə belə qeyd vardı:
“Düşüncə öldürür, amma düşüncəsizlik faciədir, fikirləşmək isə yaşatdığı qədər ürəyi parçalayır”