Ankara Hacı Bayram Vəli Universitetinin doktorantı Fatih Keskin Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığı haqqında dissertasiya işi müdafiə edib.
Bu barədə Sim-sim.az-a Azərbaycan Dillər Universitetindən məlumat verilib. Bildirilib ki, “Kamal Abdullanın romanlarında struktur, mövzu və təhkiyə” adlı dissertasiya işinin elmi rəhbəri professor Figen Güner Dilekdir.
Fatih Keskin qeyd edib ki, Azərbaycanın elmi-mədəni həyatının inkişafına mühüm töhfələr verən Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” romanları dünya dillərinə tərcümə olunub və bir çox ölkələrdə çap edilib. Dissertasiya işində Kamal Abdullanın qeyd olunan üç romanının strukturu, mövzusu və təhkiyə xüsusiyyətləri araşdırılıb və bu romanlara postmodern xarakter verən məsələlər təhlil olunub:
“Əsərləri sürətlə müxtəlif dünya dillərinə tərcümə olunan Kamal Abdulla həm türk mədəniyyətinin dərin qatlarını, həm də çağdaş ədəbi istiqamətləri əsərlərinə uğurla tətbiq edib. Belə ki, Kamal Abdulla Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqilliyini qazanmasıyla birlikdə postmodernizmə meyillənən çağdaş Azərbaycan ədəbiyyatının getdiyi istiqamətin müəyyənləşməsində örnək göstəriləcək müəllifdir. Bu araşdırmada Kamal Abdullanın roman janrındakı əsərlərinin tədqiqata cəlb olunmasının əsas səbəblərindən biri onun romanlarının təhlil edilməsi ilə Azərbaycan ədəbiyyatının hazırkı inkişaf mərhələsiylə bağlı vacib qənaətlər hasil etməyin mümkünlüyüdür. Bununla yanaşı, Kamal Abdulla ilə bağlı olan bu araşdırmanın bir məqsədi də gələcəkdə Azərbaycan ədəbiyyatının inkişafı haqqında tədqiqatlar aparacaq ədəbiyyat tarixçilərinə elmi meyarlar daxilində bəzi əsas məlumatları təqdim etməkdir”.
Alim daha sonra bildirib ki, tədqiq edilən mətnlərin reseptiv estetikaya və multidisiplinar metoda əsasən yazıldığını nəzərə alaraq, araşdırmadakı təhlillərdə ənənəvi analiz metodları ilə yanaşı, postmodern nəzəriyyəyə də müraciət edilib. Romanların dərindən təhlil edilməsi və mətn içindəki semiotik işarələrin daha açıq şəkildə anlaşılması üçün ədəbiyyatla yanaşı, psixologiya, sosiologiya, fəlsəfə, fenomenologiya, semiotika, mifologiya, teologiya və tarix kimi müxtəlif sahələrin metodlarından da istifadə edilib:
“Beləcə, interdisiplinar və eklektik metodla ərsəyə gələn araşdırma nəticəsində Kamal Abdullanın romanlarına aid əsas xüsusiyyətlər təsbit edilib. Araşdırmada gəldiyimiz nəticələrə əsasən Kamal Abdullanın romanlarında struktur, mövzu və təhkiyə xüsusiyyətləri baxımından, daha çox postmodern elementlərə yer verilib. Onun romanlarında Şərq və Qərb mifologiyasının əsas motivləri yenidən şərh edilərək onlardan alternativ mətnlər yaradılıb və xarici gerçəkliyin tədqiq edilməsinə imkan yaradan transendental reallıqlar formalaşdırılıb”.
Həmçinin qeyd olunub ki, mətn modernizmin ciddi atmosferindən və məntiqi mütləqlik atmosferindən uzaqlaşaraq oxucunu özünə çəkir: “Kamal Abulla özünəməxsus anlayışlar dünyası formalaşdıraraq, bütün əsərləri arasında struktural, tematik və motiv qatında bütövlük yaratmışdır ki, bu da onun yaradıcılığının diqqətəlayiq xüsusiyyətlərindən biridir”.