Hörmətli həmkarlar, bir ilin hesabatı istər-istəməz əvvəlki illərin də bəzi məqamlarına toxunmadan alınmayacaqdır.
2016-cı ilin 17 fevralında AMEA Rəyasət heyəti jurnalın yeni redaksiya heyətini düzənlədi və bu yeni redaksiya heyəti ancaq formal xarakter daşımadı. Bu həm də jurnalın daxili mahiyyətinə nüfuz etdi və bildiyimiz kimi “Sovetskaya Türkologiya”dan “Türkologiya”ya qədər yol gələn bu dərgi əvvəllər sovet dövründə türkoloji dilçilik üzərində qurulmuşdusa (onu da demək lazımdır ki, burada sistemli olmayaraq ədəbiyyat, folklora dair məqalələr də öz əksini tapırdı), amma artıq 2016-cı ildən Rəyasət Heyətinin qərarına əsasən jurnal türkologiyanın keçmişi ilə, bu günü ilə əlaqədar hər hansı bir sahə ilə bağlı məsələləri də işıqlandırmağı qarşısına məqsəd qoydu. Ona görə də bizim rubrikaları saysaq onların içində dilçiliklə yanaşı, türkoloji irs, klassik irs, folklor və ədəbiyyat, mədəniyyət və incəsənət, tarix və etnoqrafiya, fəlsəfə, iqtisadiyyat, yazılı abidələr, türkoloji mərkəzlər və bir sıra başqa rubrikalar da, yəni, türk xalqlarının qədim tarixi ilə, mədəniyyəti ilə, dili ilə, ədəbiyyatı ilə, incəsənəti ilə bağlı, müasir xalqların bu dediyim aspektdəki sahələrlə bağlı fəaliyyətini əks edən yazılar da jurnalda öz əksini tapmağa başladı. Bu isə jurnalı, əlbəttə ki, həm xarici abunəçilər üçün, həm də daxildəki həmkarlar üçün daha da cəlbedici etdi. Bizim çalışmalarımızla yanaşı, həm də obyektiv situasiya elə alındı ki jurnalın bu günə qədər 22 sayı çıxdı. Qeyd etmək lazımdır ki, bütün saylar öz vaxtında işıq üzü gördü. Bu 22 sayda 20-dən çox ölkədən olan alimlərin 238 məqaləsi çap olundu. Mənzərə belədir:
Azərbaycandan -77 məqalə, Türkiyədən – 51, Rusiyadan – 30, Qazaxıstandan -11, Macarıstandan – 10, Özbəkistandan -7, Almaniyadan – 4, ABŞdan – 4, Monqolustandan – 1, Misirdən – 3, Yaponiyadan – 3, Qırğızıstandan – 2, Polşadan – 3, İtalyadan -1, Ruminiyadan – 2, Gürcüstandan – 4, Türkmənistandan – 2, İraqdan -1, Albaniyadan – 2, Cənubi Koreyadan – 1, İrandan – 1, Fələstindən -1, Əfqanıstandan – 1, Şimali Makedoniyadan – 2, Çindən -1, Ukraniyadan – 2, Şimali Kiprdən -1. Jurnal bu ölkələrdəki həmkarlarımızla bu gün də əlaqələrini davam etdirir.
Jurnalda bu rubrikalardan başqa tamamilə yeni açılan rubrikalar da fəaliyyət göstərdi və bunun içində mən “Türkoloji mərkəzləri” xüsusi ayırmaq istərdim. Albaniyada, Polşada, Litvada, Yaponiyada, Rusiyada və başqa ölkələrdəki türkoloji mərkəzlər haqqında bu günkü informasiya çox vacibdir. Bəlkə nə zamansa – 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində, sovet dövründə olan türkoloji tədqiqatlar barədə, qurumlar barədə məlumatımız ola bilər, amma bu gün işləyən türkoloqlarla bağlı məlumat ilk dəfə “Türkoloji mərkəz”lər rubrikasında öz əksini tapdı. Bundan başqa “Müzakirə və diskussiya” çox maraq doğuran bir rubrika kimi özünü göstərdi. Ən son rubrikalardan biri, bəlkə də ən sonuncusu “Türkoloji müsahibə” adlanır. Rəhmətə getmiş filosof alim Zümrüd xanım Quluzadə ilə, bu gün yaşayan və çalışan dilçi alim Aydın Ələkbərli ilə o rubrikada müsahibələr apardıq. Fikir var ki, Zeynəb Qorxmazla və Tatarıstandan Mirfatih Zəkiyevlə də müsahibə aparaq.
Bu sadaladığımız rubrikalardan başqa xüsusi rubrikalarımız da oldu. Bunlar belə adlandılar: “Türkoloji Qurultay – 90” , “Dədə Qorqud və fon-Dits – 200” , “Heydər Əliyev – 95”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100”.
“Türkologiya” jurnalı xaricdə 32 ünvana çatdırılır. Buraya kitabxanalar, universitetlər, elmi qurumlar daxildir. Müxtəlif elmi istiqamətlər üzrə jurnalın 58 nəfərdən ibarət beynəlxalq məsləhətçilər şurası yaranmışdı, və bu Beynəlxalq məsləhətçilərin hər birinə də ayrı-ayrılıqda jurnallar göndərilir. Eyni zamanda jurnal burada məqaləsi dərc olunan müəlliflərə göndərilir və bundan başqa ölkə daxilində AMEA kitabxanasına, AMEA institutlarına, universitetlərə, Dövlət Kitabxanasına, Naxçıvana, müxtəlif rayonlarda Heydər Əliyev mərkəzlərinə, rayon kitabxanalarına və universitetlərə çatdırılır.
Türkologiya jurnalı son 2-3 il ərzində beynəlxalq biblioqrafik indekslər – Amerikada MLA, TEİ (Türkiyə) Sobiad (Türkiyə), EBSCO (ABŞ), İndex Copernicus (Polşa) qazanmışdır. Bizim jurnal bu qurumların biblioqrafik indekslərinə daxil edilib və bu sistemlərin bazalarında bu gün “Türkologiya” jurnalının adı var. Bu, əlbəttə ki, jurnala nüfuz gətirir.
“Türkologiya” jurnalının nəzdində 4-5 il bundan əvvəl gənc türkoloqlar seminarı yarandı. Bununla biz istədik ki, o türkoloji biliklər ki, bu jurnal vasitəsilə elmi cəmiyyətə ötürülür, ondan təkcə türkoloqlar deyil, başqa elm sahələrinin adamları da yararlana bilsin. Məsələn, türkologiya ilə maraqlanan nə qədər mühəndis, müəllim, eləcə də adi vətəndaş tanıyıram. Seminar bu gənclərdən təşkil olundu. Bu 49 nəfər gənc “Türkoloqlar seminar”ının üzvüdürlər. Onlar müxtəlif məşğələlər keçirir, məqalələr müzakirə edirlər. Orda məşğələ keçən alimlərin adını sizə saysam bu istiqamətdə işin nə dərəcədə ciddi getdiyini görmüş olarsınız. Əhməd Bican Ercilasun, Fikrət Türkmən, Osman Sertkaya, Erdem Kajıbekov, Elbrus Əziziov, Ş.H.Akalın, M.Haridi, A.Nesterov, Məmmədəli Qipçaq, Aydın Ələkbərov, Mehman Musaoğlu və başqaları bu “Türkologiya seminar”ında gənc türkoloqlarla görüşürdülər, mühazirələr oxuyurdular və hətta bəzilərinə biz orada iştirakına görə qonorar da vermişik.
Beynəlxalq əlaqələrdən danışsaq, bu dövr ərzində PİAC və onun prezidenti prof.B.Kellner jurnala öz məsləhətləri ilə daima dəstək olmuşdur. Jurnalın Türkiyədəki Qazi universitetinin əməkdaşları və türkoloqları, Tatarıstandakı Qazan federal Universiteti, Səmərqənd Universiteti, Qazaxıstan, Türkmənistan universitetləri və bir sıra ölkələrin universitetləri, elmi qurumları ilə sıx əlaqəsi qurulmuşdur.
Bəzi yazıların, bəzi müəlliflərin adlarını çəkmək istərdim. Bu il və bundan əvvəlki illərdə Amerika Kolumbiya Universitetinin professoru Peter Qolden jurnalda “Mahmud əl Kaşğari və türk dünyası” adlı silsilə məqalələri ilə çıxış edib. Oljas Süleymenov (Qazaxıstan) “Piramida” üzərində şahin (türklər qədim Misirdə) adlı yazısıyla çıxış edib. Rusiyalı prof.Aleksandr Nesterov “Ağqoyunlu qacarlar – 17-ci əsrin ilk qərinəsində İrəvan bəylərbəyliyi”, Əhməd Bican Ercilasun (Türkiyə) “Sibir və Qafqazda türkoloji araşdırmalar”, Han Vu Çoi (Cənubi Koreya) “Koreya dilində altaycadan gəlmə şamanizmin ünsürləri”, Elizabet Ragagnin (İtaliya) “Azərbaycan dilində monqol alınma sözləri: areal baxış”, Şükrü Haluk Akalin (Türkiyə) “21-ci əsr türkcəsində yeni leksik vahidlə, neologizmlər və yeni sözlər”, Hendrik Buşoten (Almaniya) “B-1460 nömrəli nüsxənin təsviri”, Firudin Cəlilov (Azərbaycan) “Lemni yazısının mənşəyi hara aparır”, Osman Fikri Sertkaya (Türkiyə) “Kitabi Dədə Qorqud” kitabının Drezdən nüsxəsində türkcə, latınca, farsca, ərəbcə mətndən kənar qeydlər”, Aleksandr Bondarev (Rusiya) “Kitabi Dədə Qorqud eposunun estetikası və romanın etikası”, İqor Kormuşin (Rusiya, Türkiyə), “Yenisey yazısı qədim türk runik əlifbasının dil baxımından fərqlənən variantları tərkibində xronoloji aspektlər” adlı məqalələri ilə çıxış ediblər. Başqa dəyərli yazıların da adını çəkmək mümkündür.
Bu ilə qədər jurnal ildə 4 nömrə çıxırdı. Biz redaksiya heyəti və beynəlxalq məsləhətçilərlə məsləhətləşdik və həm pandemiya ilə bağlı, həm də, ümumiyyətlə, məsləhətçilərimizin rəyi ilə belə qərara aldıq ki, illik jurnal sayını 2 nömrəyə endirək. Ümumiyyətlə, elmin inkişaf tempi 4 nömrəni istədiyimiz kimi doldurmağa bir az imkan vermir. Ona görə də iki nömrə ilə jurnalın elmi sanbalını yüksək səviyyədə saxlamaq daha məqsədəuyğun göründü. Amma bu subyektiv bir baxışdır, biz bunu sabah yenə 4 nömrəyə qaldıra bilərik, hələlik 1 il biz bunu eksperiment şəklində etdik, bu ilin 2 nömrəsi və son nömrə artıq çapdan çıxıb.
Bu illər ərzində mən “Türkologiya” jurnalına rəhbərlik elədim, yaxşı, pis bunu siz bilərsiz, mütəxəssislər bilər və mən istəyirəm ki, bu gün mənim hesabatım bu ranqda son hesabat kimi qəbul edilsin. Mən jurnalın rəhbərliyindən getmək istəyirəm, mənə elə gəlir ki, instituta gələn təzə rəhbərlik (həm də ona görə ki, bu jurnal artıq institutun nəzdində fəaliyyət göstərir) faktiki olaraq jurnalın da rəhbərliyini əlinə ala bilər, çünki akademik Məmmədağa Şirəliyevdən üzü bu yana bu hal bir ənənə olub. İnstitut bu rəhbərliyi özü müəyyənləşdirsə daha yaxşı olar, əlbəttə ki, Akademiya rəhbərliyinin məsləhəti ilə. Bu günə qədər isə mən öz işimi yerinə yetirdim, mənimlə əməkdaşlıq edənlərə, həmkarlarıma təşəkkür edirəm, jurnalın işçilərinə təşəkkür edirəm. Məsul katibə təşəkkür edirəm, Elçin İbrahimli müxtəlif ölkələrə getdi, əziyyət çəkdi, jurnalı təbliğ etdi. Eyni zamanda mənə bu müddət ərzində yaxından kömək etmiş türkiyəli professorlara – Əhməd Bican Ercilasuna, Osman Sərtqayaya, Şükri Haluk Akalına, PİAK sədri B.Kellnerə, qazax alimi Erden Kaşibekə, italiyalı alim E.Reqaqninə, rusiyalı A.Nesterova, gürcüstanlı David Qosiridzeyə, türkmən akad.M.Soyeqova xüsusi təşəkkür edirəm.
Diqqətinizə görə sağ olun.
Kamal Abdulla