Əgər iqtisadi vəziyyətinizdən razı deyilsinizsə və işinizi dəyişdirmək istəyirsinizsə, ən yaxşı gəlir gətirən, ehtimallarınızın əksinə, ən asan peşələrdən biri falçılıqdır. Başqalarını az-maz başa düşmək, sevimli və cəsarətli olmaq kifayət edir. Amma bu xüsusiyyətlərə malik olmasanız da, sizin xeyrinizə olan statistika var. Belə bir təcrübə aparın: təsadüfi bir insan seçin (əlbəttə, həmin adam sizin qeyri-adi gücləriniz olduğuna inanırsa, işiniz lap asandır), onun gözlərinin içinə baxıb belə deyin: “Hiss edirəm ki, kimsə yamanca sizi düşünür; bu adam illərdir görmədiyiniz, amma bir vaxtlar çox sevdiyiniz biridir, sevginizə qarşılıq almadığınız üçün çox əzab çəkmisiniz… İndi həmin adam sizi nə qədər üzdüyünü başa düşüb və artıq çox gec olduğunu bilsə də, peşmandır…” Əgər uşaq deyilsə, keçmişdə uğursuz bir sevgi münasibəti olmamış, ya da sevgisinə yetərincə qarşılıq ala bilməmiş bir insan varmı?
Qarşınızdakı adam tezcə köməyinizə gələcək, sizinlə müttəfiq olacaq və deyəcək ki, düşüncəsini bu qədər dəqiq şəkildə oxuduğunuz adamın kim olduğunu anlayıram.
Kiməsə belə də deyə bilərsiniz: “Dəyərinizi bilməyib sizin haqqınızda pis-pis danışan biri var, amma bunu qısqanclıqdan edir.” İnanmıram qarşınızdakı adam desin ki, hamı məni çox sevir, dalımca danışan şəxsin kim olduğunu bilmirəm. Buna görə də o saat dalınca danışanın kim olduğunu anlamağa hazır olacaq və sizin dərin intuisiyanıza heyran olacaq.
Ya da bu adamlara deyin ki, dünyadan köçmüş yaxınlarından birinin ruhunu görmüsünüz. Müəyyən yaşa çatmış bir nəfərə yaxınlaşın və ona deyin ki, ürək xəstəliyindən ölmüş yaşlı bir insanın kölgəsini onun yanında görmüsünüz. Dünyada hər insanın anası, atası, nənəsi, babası və dədələri olub, hətta bəxtiniz gətiribsə, əmiləriniz, dayılarınız, ya da süd ananız, kirvəniz də var. Qarşınızdakı adam müəyyən yaşa çatıbsa, qohumlarından birinin ürək çatışmazlığından ölməsində təəccüblü heç nə yoxdur. Bu adamı qeyri-adi intuisiyanıza maraq göstərən başqaları arasından seçmək hiyləgərliyini göstərsəniz belə, işlər yolunda getməsə, deyin ki, yanılmış ola bilərəm, gördüyüm kölgə onun yox, yanındakı adamın qohumuna aiddir. Əmin olun, oradakı adamlardan biri tezcə söhbətin onun anasından, ya da atasından getdiyini deyəcək. Bu məqamda kölgənin yaydığı hərarətdən, həmin adama bəslədiyi sevgidən danışa bilərsiniz, tərəf-müqabiliniz cazibənizə düşməyə hazırdır…
Diqqətli oxucular, yəqin televiziya proqramlarında görünən çox xarizmatik bəzi adamların texnikasını başa düşdülər. Uşağını itirən bir valideynəi, anasının, yaxud ərinin hələ isti-isti olan ölümünə ağlayan bir insanı sevdiyi kəsin ruhunun heçlikdə itmədiyini, o biri dünyadan mesajlar göndərməyə davam etdiyini deyərək aldatmaqdan asan heç nə yoxdur. Təkrar edirəm, ekstrasenslik asandır, başqalarının iztirabı və hər şeyə inanması sizin lehinizə işləyir.
Amma ətrafda CİCAP-dan (İtaliyada paranormallıq iddialarını yoxlayan komitə) heç kimin olmamasına diqqət etməlisiniz. CİCAP-ın tədqiqatçıları paranormal olduğu iddia edilən hadisələrin dalınca düşürlər (xoxanlardan spiritualist enerjiylə havada uçmağa, ekstrasenslərə inananlardan tarladakı dairələrə, UNO-lardan bir çomaqla su mənbələrinin, ya da mədən yataqlarının yerini tapanlara qədər; cinlərin, öncəgörlüyün, fikir gücüylə bükülən qaşıqların, kart falının, ağlayan Məryəm Ana rəsmlərinin, yara ləkəsi daşıyan “övliya”lar kimi fenomenlərin monitorinqini apardıqlarını da qeyd etməliyəm). Tətbiq edilən mexanizmi kəşf edib hiyləni ortaya çıxarırlar, möcüzəvi görünən hadisəni elmi cəhətdən açıqlayırlar və çox vaxt eyni təcrübəni təkrarlayaraq fırıldağı bilən hamının sehirbaz ola biləcəyini isbat edirlər.
CİCAP detektivlərindən Massimo Polidoro və Luici Qarlaşelli komitənin digər üzvlərinin araşdırmalarından da yararlanaraq bir kitab çap etdiriblər: “İnvestigatori dell”occult. Dieci anni di indagine sul paranormale.” Əgər Şaxta Babanın əslində olmadığını öyrənəndə ağlayanlardan deyilsinizsə, bu kitabda çox əyləncəli hekayələr var.
Əslində, əyləncə söhbətiylə bağlı tərəddüdlərim var. CİCAP-ın bu qədər çox işləməyə məcbur olması, asanlıqla aldadıların təxmin ediləndən daha çox olduğunu göstərməkdədir. Amma nəticədə, bu kitab bir neçə min ədəd satılarkən, Rosemari Altea televiziyada insanların əzablarıyla oynasa da, milyonlar tərəfindən izlənəcək. Bu verilişlərin insanlara zərər verdiklərini kimə başa sala bilərəm ki? Reytinq reytinqdir.
Tərcümə: Qismət