Sim-sim.az hüquqşünas, yazıçı Vahid Məmmədlinin “Yanğın” hekayəsini təqdim edir.
1.
Şahsənəmin evi çırta-çırtla yanırdı. Alovun dilimləri burula-burula döşəmədən evin damınadək nə varsa əridib külə döndərirdi. Qəsəbənin ən ucqar nöqtəsindən də görünən, göylərə sovrulan qara tüstünün rəngindən, qoxusundan isə hiss olunurdu ki, bu evlə bərabər kiminsə ürəyi də od tutub yanır…
Yanğın yerinə baxış keçirmək üçün ora gələn müstəntiq Vasif Kərimbəyli bu qəsəbədə hər şeydən xəbərdar idi. Yanğın nədən və kimin tərəfindən törədilməsi isə hələ məlum deyildi.
– Diqqətli olun, içəridə kimsə qalmamış olsun, – yanğınsöndürənlərə səsləndi.
Kənd sakinlərinin, qohum-əqrəbasının əhatəsində ah-vay edən Şahsənəm, – Heç kim yoxdur orda. Məndən başqa kim qalıbdır ki, bu evdə, – dedi.
Sonra bir qədər susub, əlavə etdi: – İndi heç ev də qalmadı…
Vasif Şahsənəmə onunla gəlməsini deyib, yanğın yerindən və insanlardan bir qədər kənara çəkdi:
– Bu yanğının kimlər tərəfindən törədilməsi barədə bir fikriniz varmı? Kimdənsə şübhələnirsiniz?
Müstəntiqə nə cavab verəcəyini bilməyən Şahsənəm susurdu. Səhər erkəndən bu yanğına qədər baş verənləri xatırladı…
2.
Səhər erkəndən qardaşı oğlu Xanvələd ilə bacısı qızı Aygülün toyuna hazırlıq gedirdi. Qardaşı Ələmdarın həyətində uzun və enli toy mağarı qurulmuş, qazanlar asılmış, kabablıq ətlər doğranıb şişlərə keçirilmişdi. Dünən axşam qardaşıgildə ciyər axşamında Şahsənəm də vardı. Elə bu yanğının baş verdiyi zaman toyun ən şıdırğı vaxtı olmalıydı. Amma toy olmadı…
Bu səhər hər şey ondan başladı ki, qardaşı arvadı Adilə erkəndən ona zəng edib, telefonda elə bir qıyya çəkdi ki, Adilənin səsi az qala telefonsuz da gəlib Şahsənəmə çatırdı:
– Yandırdız balamın ciyərini. Allah sənin evini yandırsın.
Bu qəsəbədə kimsə Şahsənəmə səsini qaldıra bilməzdi. Tək oğlunu, atasız böyüdən Şahsənəm başını dik tutub heç kimin qarşısında əyilməzdi… Diş-dırnaq ilə düzüb-qoşduğu çörək sexini işlədirdi Şahsənəm. Bu qəsəbədə hər kəs çörəyi ondan alırdı. Qazancı da pis deyildi. Bu qəsəbədə hər kəs işsiz-gücsüz dolaşır, pul qazananlar haqqında isə şaiyələr qoşurdular. Hesab edirdilər ki, belə bir çörək sexini onlar yox, Şahsənəm aça bilirsə, pul qazanırsa, deməli burda bir müəmma var. Başqaları bir yana, qohum əqrabası da Şahsənəmi sevməzdilər. Bacıları və qardaşı hesab edirdilər ki, Şahsənəm bu qədər pul qazanırsa, onlara əl tutmalıdır. Şahsənəminsə bir cavabı vardı: Onun-bunun pulunu saymaqdansa, sizdə bir işin qulpundan yapışın. Mən damın altında təkbaşına övladımı böyüdərkən mənə kim əl tutub, kömək etmişdi?
Adətən səssiz-səmirsiz birisi olan Adilənin nədən ona qarğış etməsini anlamırdı:
– Nə olub, ay qız? Mənə niyə qarğış edirsən? – dedi.
Adilə isə onun üstünə yağdırdığı qarğışları artıq söyüşlərlə əvəz etdiyindən Şahsənəm telefonu qapatmışdı.
Adilənin dediklərindən hələ də özünə gələ bilməyən Şahsənəmi çöl qapısına vurulan təpik səsləri diksindirdi. Qapını açan kimi qardaşı Ələmdar onun üzərinə şığıdı:
– Sən elədin, sən… Mənim də, oğlumun da soxdun papağını yerə…
– Pah atonnan! Yaman qeyrətli çıxmısınız. Mənim oğlum vuruşanda sən oğlunu evin bir küncündə gizlətmişdin. Mənim balam hələ də cəbhə bölgəsindədir.
Qardaşının qolları yanına düşdü. Özünü divanın üstünə buraxıb, – Guya sənin xəbərin yoxdur də? – dedi.
– Nədən? – Şahsənəm soruşdu.
– Oğlun gəlinimi qaçırdıb. Bir-iki saatdan sonra camaat qapıma toya gələcək. Onların üzünə necə baxacağam?
Hirsindən nə edəcəyini bilməyən Şahsənəm qəhqəhə çəkib dedi: – Sən nə danışırsan? Oğlum əsgərlikdədir. Hərbi xidmətini başa vurmamış nə zaman gəldi? Nə vaxt qaçırdı qızı? Bu mümkün deyil.
Ələmdar ayağa qalxdı:
– Mənə kömək elə. Borc-xərc edib gör bir nə qədər toy hazırlığı görmüşəm. İyirmi qoyun, iki cöngə kəsdirmişəm. Bütün qəsəbə gələcəkdi. İndi mən nə edim?
Şahsənəm qışqırdı:
– Bilmirəm… Bil-mi-rəm…
Ələmdar getdi.
Şahsənəm oğlu Xansavara zəng edib danışdı. Xansuvarın dediklərindən ona hər şey aydın oldu:
– Ana, dünən mən ordudan tərxis olundum. Sənə bildirmədim ki, gəlişim gözlənilməz olsun. Amma yolda olarkən xalamqızı Aygüldən zəng gəldi. Dedi ki, sabaha kimi gəlib məni aparmasan, özümü yandırıb öldürəcəm, mən sənsiz yaşaya bilmərəm, Xansuvar. Ana, Aygüllə biz bir-birimizi çoxdan sevirik. Qayıtdıqdan sonra hər şeyi sənə deyəcəkdim, ana. Səhər saat altıda dostumun maşını ilə xalamgilin evlərinin önünə gəldik. Aygülə mesaj yazdım ki, evlərinin önündə gözləyirəm. O gəldi və biz yola düşdük. Indi Sumqayıtda əmimgildəyik. Bir-birimizi çox sevirik, ana. Bizdən narahat olma, səni tezliklə gözləyirik.
– Gərək sən də, Aygül də dayınız oğluna qarşı belə etməzdiz…
– Ana, Xanvələd də, dayım da, xalamgil də Aygüllə birbirimizi sevdiyimizi bilirdilər. Bircə sən bilmirdin ana.
İş-işdən keçmişdi. Şahsənəm başqa söz tapa bilmədi:
– Qoşa qarıyasınız.
Şahsənəmin bu səhər baş verənləri yada salıb düşündüyünü görən Vasif Kərimbəyli onun ürəyindəkiləri sözsüz anlayırdı. Qəsəbədə bu səhər baş verənlərdən xəbəri vardı:
– Səncə yanğını Xanvələd törədib?
– Xanvələddən başqa kim törətsin ki? Amma dəqiq deyə bilmirəm…
3.
Yanğın söndürüldü… Müstəntiq Vasif Kərimbəyli yanğın eksperti ilə Şahsənəmin evinin qalıqlarını tədqiq etməyə başladılar. Ekspertin ilkin rəyi bu oldu ki, yanğın şüşəbəndin girəcəyindən başlayıb. Girəcəkdə döşəmə betondan olduğundan üstündəki yanmış parça hissələri kişi kostyumunun qalıqlarına oxşayırdılar. Ekspert kostyumun boyun hissəsini xatırladan parçanın ətrafındakı ipək haşiyədən qalıqların bəylik kostyumuna aid olduğu qənaətinə gəldi.
Vasif Kərimbəylinin yanğını Xanvələdin törətməsinə artıq şübhəsi qalmamışdı. Amma, Xanvələdin səhər tezdən nişanlısı Aygülün xalası oğlu Xansuvara qoşulub qaçdığını eşidərək yanğına qədər bir dəfə də olsun otaqdan çıxmamasına əlli nəfər şahidlik edirdi. Dəmir kimi alibisi vardı. Bəylik kostyumu da yerində idi…
Dindirmədə Aygülün qoşulub qaçmağına üzülsə də, qızın onu heç zaman sevmədiyinə, ana-atasının qızı ona məcbur verdiklərini dedi:
– Yanğını mən törətməmişəm. Amma məni həbs edin. Qəsəbədə gəzə bilmərəm. İnsanların tənəsindənsə həbsdə olsam yaxşıdır. Qoy hər kəs məni unutsun. Mən yoxam…
Vasif Kərimbəyli iş otağında başını əlləri arasına alıb yeni istintaq planı cızırdı. Polis idarəsindən çıxıb yanğın yerinə yollandı.
Hekayənin bu yerindən başlayaraq, detektiv janrının qanunlarına əsasən müstəntiq Vasif Kərimbəyli uzun-uzadı axtarışlar aparıb, sonda yanğını ağlagəlməz birisinin törətdiyini aşkar etməli idi. Amma mən oxucularımı, elə qəhrəmanımızı da yormaq fikrindən uzağam. Əsas səbəb də budur ki, bu qəsəbədə kimdənsə nəyinsə gizli qalması qeyri-mümkündür.
Şahsənəm viran qalmış evinin qarşısında dayanmışdı. Yanında da bir yaşlı qadın vardı.
Bu üzbəüz qonşu Sənəmnaz qarı idi.
– Mən şüşəbənddən sizə tərəf baxırdım. Bacın oğlu, az ta deyə bilərəm dayna, gəlinin Aygülün qardaşı Xanpolad, gördüm əlində asılqan, asılqanda da qara qəstyum, döyükə-döyükə sizin həyətə girdi.
Mən də öz həyətimizə düşüb toyuqlara dən verdim. Sonra nə oldu bilmədim. Bir də başımı qaldıranda gördüm ki, sənin evin yanır. Qəm eləmə. Yanan ev olsun, ürəklər, ciyərlər yanmasın…
Vasif qadınlara heç nə demədən, oradan aralandı. Göstəriş verdi ki, Xanpoladı tapıb ətirsinlər.
4.
Artıq bir saat sonra Aygülün qardaşı Xanpolad ifadə verirdi:
– Dədəm sarı dananı satıb mənə də kostyum almışdı. Mən də bəy kimi geyinib bacımın toyunda oynayacaqdım. Qəsəbənin bütün qızları mənə baxacaqdı. Qonşunun qızı Yasəmən də…
Yuxudan ayıldıqda gördüm bacım evdə yoxdur. Anam, atam hay saldılar. Anam onun telefonuna zəng etdi, götürmədi. Sonra atam zəng etdi, götürmədi. Sonra da mən. Yenə açmadı telefonu. Bir az keçmiş anamın telefonuna mesaj göndərdi: «Toy olmayacaq. Məni qınamayın. Mən Xansuvarı sevirəm».
Düşündüm ki, hər şeyin günahkarı Xansuvardı. Anamla atam bir-birlərini günahlandırıb durmadan bağırırdılar.
Kostyumu götürüb səssizcə xalamgilə getdim. Bilirdim ki, xalam indi qəsəbənin mərkəzində işlətdiyi çörək mağazasındadır.
Bu kostyumu geyinə bilmədim. Bacıma da, Xansuvara da nifrət edirdim. Elə o kostyuma da… Özümlə apardığım şüşədəki benzini kostyumun üstünə töküb od vurdum, şüşəbəndin qapısından içəri atdım…
Onlar mənim arzularımı yandırdılar… O toyda oynamağı mən çox istəyirdim.
Heyf sənə, sarı dana…İndi görəsən kimin mədəsindəsən?..