“Mənim sevimli hekayəm” rubrikasının növbəti qonağı Vaqif Nəsibdir.
Qeyd edək ki, bu rubrikada müəllif özünün ən uğurlu hesab etdiyi hekayəsini təqdim edir.
Novlu bulağı üstəki talada bir qaçaq vurmuşdular. Bu dəfə atryadların (qaçaq ovçularına kənd camaatının yaraşdırdığı ad) qızıl gülləsinə bu həndəvərin, adı üstə mərdlik əyarı olan, qızıl kimi bir adamı gəlmişdi. Özünə qaçaq adı qazanana kimi bu adamın heç kəsin qabağından qaçmadığı, nahaqqı həzm edə bilməyib, haqqa tərəf güllə atmadığını el-oba bilirdi. (Çölli-biyabana düşməyi, şura hökumətindən qaçıb yalquzaqların böyrünə sığınmağı da kiçik qardaşına qarşı bir haqsızlıq sonrası olmuşdu. Ulduzpapaqlıların Peterburqda aqranomluq təhsili almış qardaşı Ələsə qolçomaq damğası yapışdırıb Şəkərin qalasına saldıqlarından sonra. Novlu bulağı üstəki cır meyvə ağaclarını calaq eyləyib meyvələrini allandıran, ballandıran, ətrafındakı talalarda arıxuna açıb çiçəklərinin şirələrini şanılara daşıdan dərənin ilk təhsilli övladını dağa, dərəyə yiyələnmiş kimi qələmə verib, gülləyə tuş gətirmişdilər. Bunların da səbəbkarının kimliyini beş barmağı kimi bildiyindən, o zamana kimi ovçu Alı kimi tanınan şenliyin əməli-saleh bəndəsi beşaçılanını işə salıb adının qabağındakı kəlməni “qaçaq” sözüylə dəyişəsi olmuşdu.
Əslində, Ələsi gülləyə gətirən Qibləsiz Oruz ondan qızı Gülövşənn hayıfını çıxmışdı. Gülövşənin Ələs sarıdan eşq oxu daşa dəyəndən sonra gözlərini balaca damcılı bulağına döndərmişdi. Həmin göz yaşlarının səbəbini bilməsi sonrası qibləsiz kişi də həmin odlu damlaları Ələsə dəyəcək güllənin qırmalarına çevirmişdi).
Qardaşının qırxından sonra ovçu Alı ilk dəfə ovuna Coğar çayının alt yanında, şenlik içində çıxası olmuşdu. Həm də bu dəfə beşaçılanını qurda-quşa deyil, onlardan da yırtıcı bir bəndəyə tərəf tuşlamışdı.
Gecənin gecə vaxtı Əskipara dərəsində bir atəş səslənmiş, səhərisi şenliyə bir xəbərin qırmaları səpələnmişdi.
– Ovçu Alı qibləsizin ölüsünün üzünü qibləyə çevirib.
Bax beləcə, Alı deyilən əməli-saleh adam şuranın qanunlarının üstündən keçdiyindən, Coğarı keçib özünü meşəyə verəsi olmuşdu.
İlk dəfə Allah bəndəsinə güllə atıb, onun şəriyyətinə qarşı getdiyindən gözü çevrilmiş adam özünü Novlu bulağının üstünə zor-güclə verə bilmişdi. Bulağın aynasında gözlərini özününkünə oxşada bilməyəndə buz kimi suyu sifətinə çırpmalı olmuşdu. Gözlərinə yeni qonmuş məsum görkəmi yumaq istəyinə xeyli vaxt sərf eləmişdi. Amma bunu bacarmamışdı.
Adının qabağındakı ovçu kəlməsi öz ov oylağında, sevimli bulağının suları ilə yuyulub getməli olmuşdu.
Onların yerindəsə yenisi cücərmişdi: Qaçaq Alı.
Başına nəmər qoyulmuş adamı qızıl gülləyə gətirənlər onun qızıl qanına baxa-baxa paylarına düşəcək qızıl onluqları gətirmişdi.
“Ovlarını” tezliklə Kəvvəsini almaq üçün öküz arabasına uzatmış, beşaçılanını da böyrünə qoymuşdular. Yoxuş aşağı öküzləri birləyib mənzillərinin qızıl lentinə (özlərinin qızıl onluqlarına) əlüstü yetişmək istəyirdilər.
Novlu bulağı üstən, araba təkərləri ilə naxışlanmış meşə yoluyla bir öküz arabası irəliləyirdi. İçində də artıq dünyası üçün həm ovçu, həm qaçaq adından çıxmış, heç kim olmuş bir bəndə. Böyründə də dişi çıxmış ilana bənzəyən beşaçılanı.
Kəndə tərəf təntidilən öküzlər bör-bör böyürürdü. Elə bil hələlik bir haqsızlığa qarşı Allahın dilsiz-ağızsız heyvanları öz etirazlarını həmin şəkildə ucaldırdı.
İçindəki heç kimlə, onun dişsiz ilana dönmüş beşaçılanı ilə yüklənmiş araba öküzlərin böyürtüsü ilə fitini çala-çala Qazançı dağından uzaqlaşırdı. Qaçağı tuta bilmədiklərinə görə nə müddətdi üzləri damaq əppəyinə dönmüş qaçaq ovçularının Qarançıdan uzaqlaşdıqca çiyinlərindən dağ götürülürdü.
Nəhayət, onlar üstündə Şuranın qırmızı bayrağı, onu kənd sovetinə çevirmiş Cavad ağanın mülkünə gəlib çatdılar (üstündə qırmızı bayraqlarını asmaq üçün Şuranın qırmızı ulduz papaqlıları Cavad ağanı al qanına qərq eləmişdilər).
Coğardan keçərkən çaya dil uzadan öküzləri su içməyə də qoymayan qırmızı yezidlər, heç olmazsa həyətdə onları boyunduruqlarından açdı, çaya tərəf yürüşlərinin qarşısını da almadı.
Öküzlər quyruqlarını qamçı eləyib bulaya-bulaya qaldığı vaxt komandir də idarənin içindəki telefonun dəstəyini bulaya-bulaya qaçaq ucbatından xəcalətlərindən xilaslarına çalışdı.
Telefonun əl yerini ha bulayırdısa, hələlik, səsini Ceyrançölə, Şəkər ağanın mülkündə yerləşən, üstə daha yelənli bayraq yerləşən baş idarələrinə çatdıra bilmirdi. Kənavven həyəcandan nəfəsi kəsilən əsgərləri bir ağız yamanladı:
– Dəstəyin dodaq evinə var gücünlə üfür. Bu batmış da hərdən kəndin bəxtiqara, lal qızına dönür.
Axır ki, komandirin səsi Əskipara Ceyrançöl arası otuz kilometrlik yolu keçib enkevedi rəisi Xancanyana çatdı və çəmkirtisini eşitdirdi.
– Kopağlular, canınıza cəfa basıb o köpoğlunu bura çatdırın. Gəlib tula payınızı da alın.
Axırıncı kəlmələr bir qaçağı heç kim, beşaçılanın dişçiz ilan eləmiş adamları sevincdən öküz kimi böyürtməyə başlatdı. Komandir öküzlərin arxasınca böyürənlərdən ikisini göndərdi.
Yerdə qalanlardan biri özünü öküzlükdən qurtarıb adam kimi danışmağa başladı.
– A qəməndər (komandir), atana ayın-oyun dalınca göndərdiyin Sədi Çopuroğlunu gözləməyəcəyikmi? Bu dəqiqələr “ciç” eləyib üzə çıxmalıdı.
– Görmürsənmi yekənin (rəisin) hirsi yeri-göyü yandırır? Erməniliyinə salıb bir dənə çe (yox) dedi, bizim də pay-püşümüz yanacaq. İnsafən, öz qohumunun yerini də o şeytanlamışdı.
– Onun da paqonuna balaca bir ulduz yapışdırsanız bəsi olar.
Əslində, üstlərindən Qaçançı dağı götürülənlər, xəlvətə salıb gözlərinin qulağı ilə, öküzü açılmış arabadakı heç kim olmuş Qaçaq Alıya baxıb öküz kimi böyürənlər onun özləri barələrindəki hədə-qorxularını ağırlıq-uğurluq kimi canlarından çıxarmaq istəyirdi.
– Urus, erməni yalına hürən şuranın it oğlu, itləri, hamınızı bir-bir ələ keçirib küçüklüyünü görə qulaqlarınızı kəsib, səmə itlərə yedizdirəcəyəm. Sən Qəməndiri, ayı Səmədin, oğlunu erməni ayıbasan Adaşın yaraladığı, yalquzağa döndərdiyi ayıya yedirdirəcəyəm.
Bircə çopur oğlu Sədi barəsində cəzasını yumşaltmalı olmuşdu.
– Görünür, kəmərimlə ağlını başına gətirə bilməmişəm, bu dəfə Novlu bulağı üstə lütlədib beş-on zoğal şıvırtısını canında qırağacam.
Ovçu Alı (o zaman hələ qaçaq düşməmişdi) südə çəkib zatıqırıqlıq eləmiş Sədini kəmərinin altına salıb dağını çıxarmışdı. Həmin ağrıları da ha canından çıxara bilməyən Sədiyə içinin namərdlik tərəfi üstün gəlmişdi. Dəli şeytana uyub onun yerini şeytanlamışdı.
Əslində, Sədini kəmərin altına salmağına görə haqq eləyib, hərəkətini əlinin içindən gətirmişdi, kəndin ilk pioner, komsomollarından olan Sədi, bu tərəflərin ilk pioneri, komsomolu kimi ad çıxarmaq fikrinə düşmüşdü. Kənd Soveti sədrinə atası Çopur Yusifin on baş mal-qarasını kolxoza təhvil verməyib Arançıda gizlətdiyini şeytanlamışdı. Elat adamı olan sədr də yaxşı tanıdığı Yusifi Şuranın gülləsinə tuş gətirmək istəməmişdi. Xəlvətə salıb ovçu Alıya bildirmişdi.
– Bu nicatı qırılmamış Sədi… gör bir neyləyirsən, bizim adamlar Arançıya çatmamış.
Ovçu Alı da çaparaq özünü Aransıya verib Yusifin mal-qarasının üzünü erməni Sərxan kəndinə tərəf çevirib, Duraxan kişinin tövləsində gizlətmişdi. Ovçu Alı əslində namərdlik yolunun başında Sədiyə öz məhzəbiylə dərs keçmək istəmişdi. Ona elə gəlmişdi ki, sözlərini kəmərinin diliylə bu cavanın hafizəsinə naxışlaya bilir.
– Bir də belə qələt eləmə. Həm də doğma atana qarşı onun yekəsindən. Dünyanın adamlarının bəd əməlləri bircə dəfə yollarından azmalarından başlayır…
Öküz kimi böyürənlər Ceyrançölə tələsirdi. Onları başına yel, əlinə bel (tüfəng şəklində) verən erməni rəislərinin yanına tələsirdilər. Tək Şəkər bəyin üstündə Şuranın al bayrağı yellənən mülkündə deyil, həmin zaman, məmləkətin bütün bölgələrində, təhlükəsizlik idarəsinin rəis kürsüsündə erməni zabitləri əyləşdirilmişdi (Şuranın qırmızısıyla pərdələnmiş həmin dığaların çoxu da Andvonikin, Hamazaspın keçmiş əsgərləri idi).
Hələliksə, başı yellilər tula payları üçün özlərini Əskipara Ceyrançöl arası yel atına döndərib usta bayrağı idarəyə tez çatmağa çalışırdı. (Həmin bayrağın böyük ulduzundan onların paqonlarına qax kimi balaca ulduzlar kəsiləcəkdi.
Bircə aralarında başdan elədikləri Sədi Çopur oğlu çatışmırdı. Onun ulduzunu da özləriylə aparıb, dədəsinin Arançıdakı arıxanasının vərə mumuna döndərib ağzını mumlayacaq, üstəlik, bir toğlu da kəsdirəcəkdilər.
…Onlar yel atına döndükləri zaman Qaçaq Alının ölümündən qapqara qaralmış çopur Yusifin sir-sifətindən qarşısında ağzına su almış oğlu Sədi tərəfə qara yellər əsirdi. Həmin qararüzgarın vıyıltısından atasının ağzı açılmamışdan Sədi həmin gicitkanlı kəlmələri eşidirdi.
– Alını qızılgülləyə, adam balası kimi yox, qızıl ilan kimi böyütdüyüm sən gətirmisən. Onun yerini bilən sən, şurasının qamsomol adıyla başı yelçəkənlərdənindənsən.
Şura hökuməti xeyli müddət idi ata-bala arasına Əskipara dərəsivari bir ara açmışdı.
Ata oğlunu hələ yerini isidə bilməmiş hökumətə görə əvvəl ailədə, sonra el arasında yerini soyutmağını istəmirdi.
Sədi zəhmətkeş atasının qolçomaq daşlarını ətəyindən töküb kolxoza yazılmasına çalışırdı. İnanırdı ki, o nə qədər tez yeni quruluşun əməkçi dəstəsinə qoşulsa, o qədər də qabaqcadan onun qabaqcıl adamlarının birinə dönə bilərdi.
Ata oğul arasındakı uçurum anası Gülsəfa Arançıda pəncərədən zəhərlənib öləndən sonra açılmağa başlamışdı. Əvvəllər atasının haqsızlığına görə Sədi dinməyib gözlərini hirsinin qoşalüləsinə çevirirdi. Anası gözlərini yumandan sonra ağzı açılmışdı.
– Niyə onu Ceyrançölün Vəzir doxduruna aparıb çatdırmadın? Üst-üstə şələlədiyin pulların bir-iki işinə görə naziləcəyindənmi daraldın. İl boyu bizə ağzınla zəhrimar, xəsisliyinlə pencər yedizdirirsən.
– Onları sizə görə yığıram o beyşüur üzünə ələk kimi tutub bir yana çıxmağın üçün…
Atasının gözünə çevirəcəyindən çəkindi. Belə zamanlarda onun yelinin, selinin qabağında durmaq müşkülləşirdi.
Atasının üzünə ağ olduğu zaman Sədi özünü də kişinin birinci yağısı (göz ağrısı) arı quşlarının nəhənginə bənzətmişdi. Hər o quşlar çopur Yusifin Arançıdakı arıxanasının üstündə arıların qırıcı təyyarələsinə dönəndə kişinin əli qoşalülə tüfənginə gedirdi.
İl boyu bal tutub sərvətini ballandıran atası arılarının yolunda saysız-hesabsız qırıcı təyyarəni səmasından salmışdı.
Sədi gözünü açandan atasını çopur görmüşdü. Üzünün həmən “çiçəkləri də” adının qabağında gül aça bilmişdi. Sədiyə elə gəlirdi ki, arı quşları atasının üzünü o hala salıb. Arançıları atasının üzünü o hala salıb. Arançıda yorulub əldən düşəndə, bir ağac kölgəsində xorna çəkəndə atasının üzünü o ki var dimdikləyib qırmaya gəlmiş, tələf olmuş quşların hayıfını almışdılar.
Anası öləndən sonra atası onu da işinin-gücünün qulpundan yapışdırmağa başlatmışdı.
Uşağın ən çox xoflandığı tapşırıqsa atasının ona qoşalüləsini uzatmağı olmuşdu.
– Mən şenliyə ayaq qoyanda o gözün göydə olsun. Arı quşları daraşan kimi odla…
O da arı quşlarının axırına çıxıb özünün də çopur Sədi olacağından üşünüşmüşdü.
Qəfil gəlişiylə onu haqlaya biləcək atasına görə hər dəfə arı quşlarından yana bir-iki güllə atası olub, özünü həm kişinin qəzəbindən, həm də özünün çopurluğundan qurtarmağa çalışmışdı.
Yaxşı ki, ayızın əvvəlində dayısı Pirvəli ayağını Arançıya qoyub onun canını yerdə atası bal tutan zaman arılara tüstü verməkdən, göydə onların düşmənlərinə qoşalülə çevirməkdən xilas eləmişdi.
– Məktəb başlayır, uşağı aparıram. Bacımın da əli üstən götürüldü. Gələn yaya kimi bizdə qalacaq…
Demək istəmədiyini hər ikisi ürəyindən keçirməli olmuşdu.
Qirvəli: – Bir müddət qaravaşlığından canını qurtarar. Əlini yox, başını işlədər.
Çopur Yusif: – Aparıb özünüz kimi quru çanaq, daqqa eləyəcəksiniz. Südə çəkdirəcəksiniz. Sizlərə sümük caladığım günə daş yağaydı. Biri də mənim başıma düşəydi.
Süd qoxusunu onun mənbəyilə (anasıyla) itirmiş quzubala dayısı gildə qalıb südə çəkməyə başlamışdı. Ceyrançöl məktəbində pioner kimi təlim-tərbiyə görüb şuranın abu-havasını ciyərlərinə çəkmişdi.
Heç həmin yayda da Arançıya, arılara tüstü verməyə arı quşlarını vurmağa gələsi olmamışdı. Həm əlaçı, həm anadan yetim olduğuna görə onu pioner düşərgəsinə göndərmişdilər.
Sədi həmin düşərgədə yeni dostlar tapmış yeni quruluşun çiçəyi kimi aşılamağa başlamışdı.
Atası da Arançıda hər ədfə əlini arılar vuran zaman ağzından xəzan yeli əsdirib ətrafındakı qaymaq güllərini soldurmuşdu.
– Südünə lənət, çümrük südünə!
– Qaçaq Alının ölümü Çopur Yusifin varlığına üzünün çopurunun sayından çox qırma səpələmişdi.
Bax beləcə, ata-oğul üzbəüz dayanıb bir-birlərinə qarşı ağızlarını qoşalüləyə döndərməyə hazırlaşmışdı. (Çopur Yusifin kini keçmişin, Sədinin kini, Şuranın silahı hesab etmək olardı).
Oğlu dayısı Kamala qoşulandan (südə çəkilməsi başlanandan) ata ocağınnan ayağı da çəkilmişdi. Oğlunun soyuq nəzərləri qarşısında Çopur Yusif özünü atalıq kimi hiss eləməyə başlayırdı. Odur ki, yadlaşmış övladının sözünü yerə salacağından tasalandı. Əvvəlki ata zəhmini qoşalüləsi kimi xalçadan açıb sözünə and-amanla başlamağı qərarlaşdırdı…
Kəndin ala sağsağanı hesab edilən Qarğa Vəli doqqazına qonub, “qanadlarını” yelpiyə döndərib bir xəbəriylə canına üşütmə salmışdı. Əvvəlki vaxtlar olsaydı bu alasəy adamın həmin xəbərini qulağının birindən alıb o birindən ötürər, yel-quzuyla canını üşütməzdi.
– Melsə Kamal deyir ki, günü bu gün sabah Mehdi Alı oğlunu da cüyür balası kimi qızıl gülləsiylə mələdəcək.
Əvvəllər mal oğrusu olmuş Kamal otruyadların komandiri idi. Erməni mal oğlusu, qaranoyu Yegişin vasitəsilə Ceyrançölün erməni rəisinə yol çiyninə paqon tapa bilmişdi. Quşu quşla ovlamağı bacaran rəis həmin mal obrusunu canoğlusuna çevirməyə hazırlaşmışdı (əl-ayağına dolaşanların başını yedirtməyə hazırlamışdı). Elə Qaçaq Alı ya da əvvəl onun barmağı, sonra da cəlladının tüfəngi tuşlanmışdı. (Erməni rəis qaçaq Alının Dəmirçilər dərəsində on, on iki ermənini qanına qəltan eləmiş qanlı Rəhimin oğlu olduğundan xəbərdar idi. Ölənlər arasında dayısı Şahnazar da olmuşdu ki, geç də olsa hayıfını alırdı.
Çopur Yusif erməni oğlunun rəisi barədə bildiklərini sandıqda (çinadanında) saxlayıb, yaralar üçün ordan pambıq çıxarası olmadı. Əslən udin olmuş Duraxan Varazyandan onun barəsində öyrəndiklərini dilinə gətirib, oğlunun cinini tutdurmaq istəmədi. Duraxan həmin rəisin əslən Uzuntaladan olduğunu söyləmişdi. Sonradan bir müddət bayqulaq Andronikin dəstəsində türk əsillilərə divan tutanlardan olmuşdu. Şura qurulan kimi, özünə bolşevik quruluşu verib, onun paqonlarını taxmışdı. Özü qəsdən Ceyrançölü seçmiş, rəis kimi burda nəslinin-nəcabətinin hayıfını almaq istəmişdi…
Alının madar balasını gözü qabağına gətirib birbaşa andına keçdi.
– Sən öz canın, bu dəfə ananın goruna and verirəm, sözümü yerə salma. Alıya görə Rəhim erməniləri qıranda o yazıq südəmər uşaq olmuşdu…
Bir istədi desin ki, bu dəfə sözümü tutmasan, cinimi tutduracaqsan. Ağzını qatıqladıb, anan sənə verdiyi südü çürüdəcəksən.
Demədi sözünün arxasına yalvarış da qatası oldu.
– Bircə dəfə atana ata kimi baxıb dediyi kimi hərəkət elə. Uşağı aparıb Qoşqatalada çoban Alıya ver. İtirib-axtaran olsa öz balası kimi qələmə versin.
Oğlunu həmin an içini çalxalayan nəhrəyə bənzətdi. Axır ki, xahişinin yağı tutuldu.
– Yoldaş Stalin özü söyləyib ki, övladlar atalarına cavabdeh deyil. Günü bu gün uşağı coban Alıya çatdıracağam.
Sədi sözünü tutdu.
Amma bir müddət sonra çoban Alının özünü də tutdular. Qacaqları yemlədiyinə görə xalq düşməni çıxardılar. Külfəti ilə (içi “oğlu” qarışıq) Sibirə sürgün elədilər.
***
Buynuzsuz qoçun hayıfını buynuzlu qoçda qoymur çox zaman haqqın fırladığı çərxi fələk. İllər keçdi.
Ocaqlar söndürmüş erməni rəisin də çırağını keçirdilər. Keçmişini çalxalayıb üzə çıxardılan üzünə duranlardan biri (birincisi də) onun tulasına çevirdiyi Kamal oldu.
Bu dəfə də zamanın leysanından quru çıxmağı bacardı.
Sibirdəkilərin yolu doğma yerlərinə açılana kimi. Çoban Alı can üstə “oğluna” söyləmişdi.
– Atan ovçu, mən çoban Alını da namərdcəsinə uzuntula dığasının əl tulası Kamal keçi qiymətinə satmışdı. Yerimizdən, yurdumuzdan xəbərçiliyi də çopur oğlu Sədi eləmişdi. Atanı o dəqiqə ömründən salıb, heç kim eləyib, bir erməni dığasının ayağına gətirmişdi. Mənə dəyən gülləsinin yarası indi axırına çıxır. Ağrın alım, iki atanın bir tək madar oğlu. Bacarsan, məni buralarda qoyma. Aparıb doğma torpağımıza tapşır, bəlkə aralarında canım qızdı. Sonra ovçu Alının da gorunu axtarıb tap bizi yan-yana yerləşdir bacarsan… Bir də çalış…
Hayıfımızı al, – demək istədi…
Qisas alınası bir tək Kamal qalmışdı. Əməkdar çekist və yüksək təqaüd alan, iki Alını heç kim eyləyib ömründən salan mal və can oğrusu.
Axır ki, onu Sibirdə dönə bilmiş iki Alının oğlu yaxaladı.
– Atamın qəbrini göstər, səninlə işim olmayacaq.
Arxivdən atasının qəbrinin nömrəsi tapıldı. Amma qəbir boş çıxdı.
Və onu da, məzarını da heç kim eləmiş namərdin diliylə əsl həqiqət də üzə çıxdı.
– Onu rəis gecəynən uzuntalaya apardı.
…İki Alı qatilini oğulları erməni qəbiristanlığına gətirdi. Köhnə məzar daşlarının birinin üstündə oturtdu. Həmin an onu nəhəng qara gürzə kimi gördü. İlan dil çıxarırdı.
– Məni öldürmə, qoy Allah özü axırıma çıxsın…
– İkiüzlü Kamal kimi iki Alı axırına çıxmısan. Sənə ilk dəfə dünyanın ən yüngül (və ən ağır) güllələrini vuracağam.
Sonra növə ilə hər üzünə tüpürdü.
– Bu, ovçu Alı əvəzi…
– Bu da çoban Alınınkı…
Sonra yolunu Sədi səmtinə saldı…
Sədinin, qaçaq Alının oğlunu qaçırdığını da Kamal rəisə çatdırmışdı. O da mərəkə önündə onun zərli paqonlarını söküb arxasına bir təpik vurmuşdu.
– Sən donuzun başını siniyə qoyduq, özün, özünü təpdin…
Zərli paqonları çiynindən sökülməsi sonrası, yetkin yaşında Sədinin sarı tükləri tökülməyə başlamışdı. Gözləri açılmışdı. Sosyalizmin quzu dərisindəki canavarlarını görməyə başlamışdı. Ata kimi ayağa verdiyi atasının ayağına getmişdi. Onu anasının qəbri üstə tapıb iki gözündən iki adamlıq yaş tökməyə başlamışdı (Çopur Yusif çoxdandı ağlaya bilmirdi). Atası onu, ana məzarı da yeri və göyüylə hər ikisini bağışlamışdı.
Çopur atasını torpağa tapşırandan sonra arını qorumağa çalışıb arıxanasını qoruya bilməmişdi. Bircə adını saxlamağı bacarmışdı. “Arıxana” restoranı açmışdı. Ceyrançölün varlı-karlı adamlarının ayağını ora açmışdı. Vəzifə sahibləri qarşısında saz çalıb oxumağa da başlamışdı.
Arançının çənli-çiskinli obaşdanında Sədinin qarşısında tanımadığı bir adam dayandı. Gözlərinə baxanda canından üşütmə keçdi. Amma onların dərinliyindən bir rəhm işıltısı görə bildi.
– “Ruhani” çal görüm ruhunu durulda bilibsənmi?
Sədi zamanın ona məhkəmə qurduğunu anladı. Sazını üzünə ələk kimi tutub illərlə ürəyini əzdiyi günahını gözlərindən gizlətmək istədi. Və həmin günahını həmin sözlərlə eydirməyə başladı:
Bir Alın tüfəngsiz, vətənsiz ayrı.
Bir alın sürüsüz, vətənsiz ayrı.
Canları torpaqda vətənsiz ayrı.
Günahkar balanı bağışla, dünya…
Sədi sözünün sonrasını gətirə bilmədi. İki damla göz yaşıyla nöqtələdi. Tanımadığı hakim əlini cibinə atdı… Hökmünü qızıl güllə kimi gözlədi. Amma cibdən iki qızıl onluq çıxdı. Hakim əvvəlcə birinin üstə tüpürüb onun qaşqasına yapışdırdı:
– Bu, ovçu Alı üçün…
Sonra da o birisinin:
– Bu da çoban Alının nəməri…
Və çıxıb getdi. Arxasınca bir güllə səsi eşitdi, bir də qoyun, quzu mələşməsi.
Haqq məhkəməsindən canı qurtarmış Sədi, sonrakı ömrünün yaylım atəşini açmışdı, həmin gün kəsiləcək qoyun-quzunu saxladı açıb buraxmışdı…