VİKTOR PELEVİN. KEÇMƏK İSTƏDİYİM KÖRPÜ
Milan Kundera romanlarından birində sualı “insandan insana aşırılan anlayış körpüsü” adlandırır. Bu müqayisə hər iki tərəf üçün uyğundur. Sual körpüyə oxşayır, körpü isə insanın zamana və məkana müraciətlə verdiyi suala – digər tərəfdə nə var? Amma daha çox cavaba bənzəyən körpülər də var.
12 yaşım olanda hər gün velosipedə əyləşib şose yolla QULAQ (İslah əmək düşərgələri – tərc.) məhbuslarının nə vaxtsa inşa etdiyi kanala gedirdim. Şose yol kanala çatdıqda onu adlayaraq iki metal qövsün üzərində dayanan, yayı aşağı istiqamətlənən kamana oxşayan körpüyə çevrilirdi. Onun altında sarı çay qumu olurdu, ora getməyimdə əsas məqsəd də həmin qum idi. Mən qumdan yanından hər dəfə çay teploxodu, ya da böyük barja (yedək gəmisi – tərc.) keçdikdə dağılan evlər düzəldirdim. Saatlarla sahildə uzanaraq günəşin kanalın o tərəfinə düşən əksini, taxta çəpərləri, meyvə bağlarının tozlu yaşıllığını görürdüm. Qəribədir, bəzən istəsəm belə, heç vaxt bu körpünü adlayıb keçməmişdim.
On beş ildən sonra mən yenidən bu şose yola gəlib çıxdım – yenə velosipedlə. Nə vaxtsa keçmək istədiyim körpünü xatırladım. Bunu indi edəcəyim düşüncəsi gözlənilmədən sevinc hissinə bürünməyimə səbəb oldu. Başa düşdüm ki, bu yolla keçmişim və gələcəyim arasındakı sərhədi keçəcəyəm, bu isə o demək olacaq ki, həmin oğlanla mən eyni adamıq.
Bu, əsl əlkimya hadisəsi olardı. Onu xəyalən duyduqca addımlarımı yavaşıtdım. Artıq məqsədimə çatmaq üzrə ikən qəribəliklə rastlaşdım: şose yol genişlənmiş, əvvəl olduğu yerdən sağa doğru uzanmışdı. Sonra isə bu yolun aparıb çıxardığı təzə, beton körpü gördüm. Köhnəsi yüz metr solda idi – heç dəyişməmişdi, təkcə qarşısındakı yol dağıdılmış, hər iki tərəfdən boşluğa doğru uzanmışdı. Hə, bu, yaxşı cavab idi.
Amma Kövsərin bizim ölümdən sonra ayaq basacağımız sular deyil, həyatda ikən üzüb keçdiyimiz çay olmasına dair şübhəm var. Körpü ayağımızın altındadır. Bəs sahillər varmı? Getdiyim sərhədlər yadıma gəlmir. Yaxınlaşdığım sərhədləri görmürəm. Mənim haradansa gəlib, harasa getdiyimi demək olarmı? Amma hər halda həyatın keçəcəyimə ümid etmədiyim körpüdə gəzişməklə uyğunluğu mənə təsəlli verir. Bəzən isə düşünürəm ki, əslində həyatda boşluqda asılı qalan, heç yerə aparmayan yol parçasını – keçmək istədiyim körpünü addımlarımla ölçməkdən başqa heç nə etməmişəm.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül