Mən mövzu olaraq İrland dram hərəkatını seçmişəm, çünki məni təltif edərək göstərdiyiniz ehtiramı xatırlayarkən adı çoxunuza məlum olan, eləcə də hələ tanınmayan insanları unuda bilməzdim. Əgər mən pyeslər və teatr tənqidləri yazmasaydım, əgər mənim lirik şeirlərimin səhnədə səslənmək üçün incə məziyyətləri olmasaydı, yaxud bu şeirlər azacıq da olsa hərəkatın rəmzinə çevrilməsəydilər – bəlkə də, onların mənim haqqımda verdiyi yekun qərara bu amilin heç bir təsiri olmayıb - çox güman ki, İngilis komitəsi mənim adımı heç vaxt sizə göndərməzdi. Mən İsveç Kral Akademiyasına qələm dostlarımın zəhmətindən, zəfərindən və əziyyətindən danışmaq niyyətindəyəm.
Müasir İrland ədəbiyyatı və ingilis-irland müharibəsinə zəmin hazırlayan düşüncə tərzi başlanğıcını 1891-ci il Parnelin iqtidardan düşməsindən götürür. Məyus və qəzəbli İrlandiya parlament siyasətindən üz döndərdi. Belə bir məqamda Hayd mahnıların qal dilində oxunub əhvalatların qal dilində danışıldığı kənd yığıncaqları, eləcə də siyası mübahisələr və siyasi görüşlər üçün qal dilinin qrammatikasını uzun illər əvəz edəcək Qal liqasının əsasını qoydu. Mən isə müasir irlandların düşündüyü və iş prosesində ünsiyyət qurarkən istifadə etdiyi ingilis dilində hərəkat yaratmışdım. Məmurların, adi işçilərin , bir sözlə bütün siniflərdən olan insanların ingilis dilində yazıb yaradan İrland şairlərini, yazıçılarını, tarixçilərini , həmçinin ingilis dilinə tərcümə edilmiş qal ədəbiyyatı nümunələrini tədqiq edə biləcəkləri müəyyən cəmiyyətlərin əsası qoyuldu. Ancaq uzun-uzadı siyasi nitqlərə vərdiş etmiş xalqımız az oxuyurdu və lap əvvəldən hiss edirdik ki, bizim öz teatrımız olmalıdır. Dublin teatrlarında isə bizə aid heç nə yox idi. Onlar ingilis səyahət kompaniyaları tərəfindən kirayələnən boş binalardan ibarət idi. Biz isə İrland pyeslərini və İrland sənətkarlarını bu teatrların səhnəsində görməyi arzulayırdıq. Bu pyesləri xəyal edərkən təsəvvürümüzdəki hər şey romantik və şairanə idi –hər bir nəsil məyusluq dönəmlərində belə hisslər yaşayıb- çünki yenidən dirçəltmək istədiyimiz millətçilik duyğuları da bu cür romantik və şairanə idi. Ancaq mən 1896-cı ildə qədim Qalvey ailəsinə mənsub Ledi Qreqori ilə tanış olana qədər teatrla bağlı düşüncələr reallaşmamışdı. O, öz həyatını Qalveyde iki fərqli evdə keçirmişdi, bu evlərdən birində o dünyaya gəlmişdi, digərində isə ailə həyatı qurduqdan sonra yaşamışdı. O, kəndilərin əhatəsində yaşayırdı. Həmin kəndilər formaca əsl ingilis dilində olan, ancaq sintaksisi əsasən qal dilindən, lüğət tərkibi isə Tüdor ingiliscəsindən təşkil olunan əhvalatlar danışırdılar. Ancaq həmin əhvalatlarda səhnə üçün bizə lazım olan bədii ünsürləri çox gec aşkar etdik. Hətta Qreqori ədəbi fəaliyyətə başlayana qədər biz hələ bunlardan xəbərsiz idik. Baxmayaraq ki, mənim pyeslərim ingilis ağ şeirində və şivəsiz dil ilə yazılmışdı, mənə elə gəlir ki, onların mövzuları həmin kənd əhvalatlarından cuzi fərqləndiyinə görə Qreqori bizim hərəkatdan təsirlənmişdi. Ledi Qreqorinin evi özünün birbaşa iştirakı ilə qorunurdu, ancaq onun doğulduğu ev bir neçə ay öncə iğtişaşçılar tərəfindən yandırılmışdı; həmin ərəfədə İrlandiyanın böyük bir qismində hərc-mərclik var idi. Mən o vaxtlar anladım ki, torpağın bircə qarışı ilə bağlı mübahisədəcə bizim xalqımız vəhşət saça bilərmiş, əgər ingilis köməkçi polisi ilə mübarizədə onlara rəhm göstərilmirdisə, onlar da mərhəmətli olmurdular və qətlə qətllə cavab verirdilər. Bununla belə onu da anladım ki, nadanlıq və zorakılıq olmadan əsl gözəlliyin də qədri bilinmirmiş.
Qalveydə çox sevdiyim qədim və kiçik bir qala var. Onun zirvəsinə qalxanda kəndin gözəlliyini özündə təcəssüm etdirən qamış evin yerləşdiyi yaşıl düzənliyi və kiçik torpaq sahəsinin sahibi olan mülkədar qadını görə bilirdim. Təəssüf ki, indi bir çoxu həyatda deyil, bir vaxtlar onu xatırlayan qoca qadınlar və kişilərlə söhbətləşmişdim. Qocalar onun haqqında elə danışırdı ki, sanki Troya divarları Helendən bəhs edir. Üstəlik, kişilərlə qadınların tərənnümü bir-birindən geri qalmırdı. Qonşularının qalmaqallı taleyi ilə xatırladığı bir qoca qadın onun haqqında belə demişdi: “Onu düşünərkən təpədən-dırnağacan titrəyirəm”. Yaxınlıqdakı dağ kəndindən olan başqa bir qoca qadın isə bunları demişdi: “Günəş və ay hələ heç kimin gözəlliyini belə nurlandırmayıb. Onun dərisi o qədər ağ idi ki, səma rənginə bənzəyirdi, yanaqlarında isə həmişə xəfif allıq olardı.” Ordakı kişilər onu görmək üçün toplaşan izdiham haqqında danışırdılar. Hətta bir dəfə onu görmək istəyən bir kişi çaya düşərək boğulubmuş. Qal şairi Rafterinin yazdığı nəğmə ona daha da böyük şöhrət gətirmişdi. Baxmayaraq ki, mən gənc olarkən bu nəğməni oxuyan çox adam yox idi, kəndlilər indi də onu zümzümə edirlər:
Ulduzun şəfəqi, günəşin nuru
O kəhrəba saçlı , xoşrəftar huri;
Meri Haynsdır o, mənim bir parçam.
Cismi də, ruhu da nazənin pəri.
Sanki bu şeir qədim dünyanı öz təxəyyül azadlığı ilə yenidən canlandırırdı, sanki maraqlı hekayətlərdən, kişi gücü və qadın gözəlliyindən duyulan məmnunluq bu şeirlə yenidən qayıdırdı. Buna görə biz istəyirdik ki, şəhər kəndin düşüncəsini qavraya bilsin, ancaq sonra anladıq ki, bir şəhər ancaq başqa bir şəhərin düşündüklərini anlaya bilir.
Kənddə sən öz gücün, ruh düşkünlüyün və həyatın qaçılmaz faciəsi ilə baş-başasan. Əgər sənin azacıq bədii təxəyyülün varsa, sən gözəl hisslər arzusunda olacaqsan; ancaq yaratdıqları təəssürat nə qədər möhtəşəm olursa olsun, fəsillər həmişə eyni qalacaq (1). Şəhərdə, nəhayətsiz insan selinin içində özünə yox, qonşuna nifrət edəcəksən, sən öz həyatını və onun həyatını zəhər eləməsən, hətta inqilabi çılğınlıqla onu öldürməsən belə kimsə sənə həqiqət və ədaləti öyrətməlidir. Əvvəlcə sən o müəllimə nifrət edəcəksən, kitablarını pis, yalançı və faydasız adlandıracaqsan, ancaq sonda onunla razılaşmalı olacaqsan.
Bir də gözümüzü açdıq ki, ictimai rəylə qovğadayıq. Həmin ictimai rəy şivəni şeirlə, ümumi danışıq tərzini isə şivə ilə əvəz edərək, bizi və aktyorlarımızı daha realist olmaq üçün öz iradəmizə qarşı çıxmağa vadar edirdi.
Ledi Qreqoriyə demişdim ki, teatr üçün pul tapılacağına ümidim yoxdur. O söz verdi ki, dostlarından pul tapacaq. Onun qonşusu, Edvard Martin bizim ilk tamaşamızın pulunu ödədi; ilk ifaçılarımız İngiltərədən gəlmişdilər. (2) Lakin daimi fəaliyyət üçün İrland həvəskarlarından ibarət kiçik bir truppa ilə fəaliyyətimizə davam etdik. Mühazirələrin birində kimsə məndən soruşmuşdu “Bu aktyorları hardan tapmısınız?” Mən isə belə cavab vermişdim “Mən izdihamlı bir otağa daxil oldum, ordakıların hər birinin adını kiçik kağız parçalarına yazdım, bütün vərəqləri şlyapanın içinə qoydum və ilk on ikisinin adını seçdim”. Sonralar özüm də bu cavabdan heyrətləndim, hərçənd ki, o sözləri sual sahibini çaşbaş salmaq və dolaşdırmaq üçün vermişdim, tezliklə dediyim kimi də oldu. Bizim yalnız iki kişi aktyorumuz təsadüfən seçilməmişdi, onlardan biri səhnəyə məsul şəxsin köməkçisi, digəri isə zənci tərəfindən idarə olunan truppa ilə bütün İrlandiyanı gəzən aktyorlardan biri idi. Ancaq həmin truppanın üslubu kobud və səs-küylü olduğu üçün o aktyorun çox şey öyrəndiyindən şübhəli idim. Oynadığı rol belə tələb etdiyi üçün o, ağ adamı oynayarkən zənci onun üzünü ağ rəngə, qara adamı oynayarkən isə qara rəngə boyayarmış. Əgər bir aktyor səhnədə məktub açmalıdırsa, mənim şübhəm yoxdur ki, o bunu ovcunun içi ilə edəcək, basma kağız qumla əvəz olunmazdan əvvəl bu jest əhəmiyyətini itirsə də, gəncliyimdə bunu edən aktyorları görmüşəm.
Aktrisalarımıza gəldikdə isə, onlar məqsədi kasıb uşaqlara təhsil vermək olan kiçik siyasi cəmiyyətin üzvləri idi. Düşmənlərinin dediyinə görə, bu cəmiyyətlərdə dərslər “Pisliyin mənşəyi nədir?” sualına “İngiltərə” şəklində verilən cavabla başlayırdı. Onlar bizə vətənpərvər olduqları üçün qoşulmuşdular və kasıb uşaqları öyrətmək üçün göstərdikləri eyni həvəslə faəliyyət göstərirdilər. Bir müddət sonra onların ikisi isə həm də böyük sənətkar oldularını sübuta yetirdilər: miss Alqud və miss Meri O Neil. Onlar bacı idilər, biri çox sadədil idi, ruhu xalq mahnıları və xalq nağıllarından qidalanırdı, digəri isə məharətli, şair ruhlu və çox zərif bir qadın idi. Bizim başladığımız bu yeni fəaliyyətin onlarda hansı fikirlər oyatdığını tam əminliklə deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, onlar bu addımın şöhrətə qapılma olduğunu düşünərək, əvvəlki vətənpərvərlik coşğusunun yox olması ilə əlaqələndirir və bu səbəbdən vizdan əzabı çəkirdilər. Hələ də fikirləşirəm ki, onların bu ilkin yalnış anlaması özünəməxsus istedadlarının üzə çıxmasında böyük rol oynamışdı. Əgər onlar bizə vətənpərvərlik hissi ilə deyil, teatral ehtirasla yaxınlaşmış olsaydılar, bir neçə məşhur ingilis oyunçularını təqlid edər, ən məşhur ingilis pyeslərində yer almağa can atardılar. Əgər biz uzun müddət qabığında gizlənən quş kimi qaranlıqda qalmasaydıq, tamaşalarımız kiçik zallarda, yarı uçuq tikililərdə, gözdən uzaq yerlərdə oynanılmasaydı, onlar öz istedadlarından xəbərsiz qalacaqdılar. Biz heç bir siyasi anlaşılmazlıqdan qorxmadan tamaşalar göstərə və nəticəni gözləyə bilərdik. Bizim pulumuz az idi, hərçənd ilk olaraq elə də çox pula ehtiyac yox idi. İyirmi beş poundu Ledi Qreqori, iyirmi poundu mən verdim, fərqli adamlardan da bir az pul toplandı. Teatr təşkilatımızın qəribə cəhətləri də var idi, aktyorlar və müəlliflər hamısı bir yerə toplaşır, hansı əsərin oynanılacağı, kimin hansı obrazı ifa edəcəyi ilə bağlı səsvermə keçirirdilər. Bu isə təbii ki, ciddi fikir ayrılıqlarına, həftələrlə davam edən mübahisələrə və nəticədə ortaya heç bir işin çıxmamasına səbəb olurdu. Bütün bunlar Qreqori, Con Sinq və mənim teatrda nəzarəti əlimizə aldığımız vaxta qədər davam etdi. Biz cəmiyyətlə münasibətdə daha da səksəkəli idik. O vaxt bir tamaşamız vətənpərvər media tərəfindən kəskin hücuma məruz qaldı. Çünki tamaşada evli olsa da, məşuqu olan kəndli qadından bəhs edilirdi. Biz pyesin əsaslandığı qədim Aran xalq nağılını çap etdirəndə isə mətbuat cavabında bu əhvalatın heç bir mənəvi keyfiyyətlərə sahib olmayan Roma paqanizminə məxsus bir müəllifin əsərindən götürüldüyünü bildirdi. Həmin ərəfədə Ledi Qreqori özünün ilk komediyasını yazdı. Mənim mənzum pyeslərimin həcmi axşam tamaşaları üçün kifayət etmədiyinə görə, o, yerli şivədə sevgi əhvalatından bəhs edən kiçik bir pyes yazdı. Pyesdə Amerikadan yüzlərlə poundla qayıdan bir kəndli, sevgilisinin müflis olmuş fermərə ərə getdiyini görür. O fermerlə kart oynayır və bilərəkdən bütün pulunu ona uduzur. Ancaq truppa bu pyesi oynamaqdan imtina etdi, çünki onlar hesab edirdi ki, yüz poundla vətəninə qayıdan mühacir obrazı başqalarını da mühacirət üçün ruhlandıra bilər. Biz sübut etdik ki, daha böyük məbləğlə qayıdanlar da var, cavabında bildirildi ki, bu fakt məsələni qəlizləşdirməkdən başqa bir işə yaramır. Bu lazımsız mübahisə bizi elə yordu ki, Ledi Qreqori məbləği iyirmi pounda salmağa razılaşdı, aktyorlar da bundan sonra etiraz etmədilər. Bu kiçik pyes həssas qəlblərə toxunan gözəl bir əsər idi. Lakin onun növbəti ədəbi tapıntısı dühasını tamamilə üzə çıxardı. O daim bu yolda xidmət etməyə can atırdı, bu istedad onun özünə də ecazkar görünürdü. Həyatının orta çağında idi, siyasi xatirələr toplusundan başqa nəsə yazmamışdı və teatra xüsusi bir marağı da yox idi.
Ledi Qreqorinin Yeddi qısa pyesini oxuyan heç kim anlamır ki, bu gün İrland klassikası hesab olunan o pyeslərdən biri - “Ayın çıxması” niyə iki il siyasi qərəz ucbatından oynanılmayıb. Həmin pyesdə polis işçisi qaçmağa cəhd edən Fenianlı dustağı görür, lakin onu azad edir. Çünki dustaq polisin gəncliyindən bu yana hələ tamamən yoxa çıxmamış vətənpərvərlik duyğularını oyadır. Aktyorlar bu pyesi ona görə ifa etmiyəcəkdilər ki, polis işçisinin vətənpər olması ehtimalının özünü qeyri-vətənpərvər addım hesab edirdilər. Məşhur bir dəstənin lideri mənə yazmışdı: ” Əgər polis işçiləri vətənpərvər təsvir olunursa, onlara qarşı vuruşmağımızı necə gözləmək olar?” Pyes nəhayət ki, oynanıldıqdan və böyük şövqlə qarşılanandan sonra yeni məşəqqətlərimiz başladı. Dublin həmkarlar ittifaqının aparıcı mətbu orqanı onların Əlahəzrətinə dil uzatdığımızı bildirərək bizi kəskin tənqid etdi. İngiltərə hökumətinin İrlandiyadakı mərkəzi olan Dublin sarayı isə digər Dublin teatrları ilə birgə malik olduğumuz səhnə paltarlarının alınması kimi imtiyazlarımızı ləğv etdi. Əslində mətbuat da, saray da yaxşı bilirdi ki, polis addımbaşı siyasi məhbusları azad edir, ancaq “bu hər şeyi daha da pisləşdirir”. Bütün siyasi partiyaların məqsədləri bir-birinə bənzəyir. Onlar heç bir təkrara yol vermədən bu məqsədə doğru can atırdılar: həyat üçün etibarlı prinsiplər və ehkamlar yaratmaq. Ortodoks kilsəsinin də bizə göstərdiyi münasibət siyasi dairələrin münasibətindən fərlənmirdi. Onların da bizi görməyə gözləri yox idi. Mənim “Qrafinya Katlin” pyesim Kardinal Loge tərəfindən dinsiz əsər adlandırılaraq pisləndi. Mən, biz “xarici şedevrləri” ifa etmək istərdik ifadəsini işlətdikdən sonra isə Millətçi qəzeti bəyan etdi ki, “xarici şedevr çox təhlükəli bir şeydir”.
Tamaşaları ifa etdiyimiz zallar ən çox iki yüz nəfərlik idi, bizim tamaşaçılarımız isə iyirmi, otuz nəfərdən çox olmazdı. Biz ayda iki, ya üç dəfə tamaşa göstərirdik və müxtəlif mübahisələrə səbəb olduğumuz vaxtlarda heç o iyirmi-otuz tamaşaçı da tapılmırdı. Lakin mətbuat sarıdan heç bir çatışmazlığımız yox idi, biz ictimai təhlükəlilər siyasında birinci yerdə idik. İki hadisə bizə qələbə gətirdi: birincisi, bir teatrsevər dost bizə teatr binası bəxş etdi, ikincisi isə biz qəribə dahi Con Sinqlə tanış olduq. Son dərəcə qəzəbli bir məqalənin nəşrindən sonra mən pərdənin qarşısına keçdim və dəstək üçün tamaşaçılara müraciət etdim. Səhnədən aşağı endikdən sonra köhnə bir tanış, iyirmi poundla dəstək verəcəyini gözlədiyim Miss Horniman dedi: “Mən sizə teatr tapacam”. O indi Abbey teatrı kimi tanınan teatrın əsasını qoydu, sonrakı illər üçün kiçik maliyyə yardımı göstərdi.
Con Sinqə gəldikdə isə, onunla 1896-cı ildə Parisdə görüşmüşdüm. Kimsə mənə demişdi ki, sizin qaldığınız mehmanxananın yuxarı mərtəbəsində bir İrland var, sizi tanış edəcəm. Mən kasıb idim, ancaq o məndən də kasıb idi. O çox qədim İrland nəslinə mənsub idi, sadə və nəzakətli adam təsiri bağışlasa da, hansı nəslə mənsub olduğunu xatırlayarkən təkəbbürlü və tənha birinə çevrilirdi. O, çox pul qazanmağa cəhd göstərmirdi. Yeganə cəhdi ondan ibarət idi ki, acından ölməsin. Bir qarın ac, bir qarın tox yaşayaraq günlərini keçirir və bu cür həyatdan yaxa qurtarmağa da can atmırdı. Gah üçüncü sinif sərnişin kimi, gah da piyada gəzərək Avropa ölkələrini dolanır, yollardakı kasıb adamlara skripka çalır, bəzənsə skripka konsertini onların evlərində davam etdirirdi. O bizim ehtiyac duyduğumuz insan idi, çünki siyasi düşüncə və ictimai məqsəddən tamamilə uzaq idi. Bəzən o, hansısa kasıb adamla bir yerdə gəzib bütün gününü onunla keçirərdi. Ona nəsə yaxşılıq etməyə təşəbbüs göstərməzdi və vaxtını həmin adamla yalnız ona görə keçirərdi ki, sadəcə ondan xoşu gəlir.
Robert Börnsin Şotlandiya üçün etdiyini, o İrlandiya üçün etməli idi. Ancaq onun xidməti birbaşa olmayacaq, bu xidməti başqa dramaturqlara təsir etməklə yerinə yetirəcəkdi. Şotlandiya qəm-kədər və dini inanclar girdabında ikən, ilahi qüvvələr Robert Börnsü şotland xalqına göndərmiş, o isə onları şərab məclislərinə və şeytanın işığına çağıraraq bu xalqın xəyal və ilham gücünü yenidən özünə qaytarmışdı. Mən Con Sinqə Qalvey sahillərində vəhşi bir adaya gedərək, oranın həyatını öyrənməyi məsləhət gördüm, çünki həmin həyat “heç vaxt ədəbiyyata köçməmişdi”. Bunu edərkən nələrin baş verəcəyini görə bilməzdim. O qal dilini kollecdə öyrənmişdi, ona dedim ki, bu məsləhəti qal dilini bilən və yazmaq ehtirası olan hər hansı bir gəncə verə bilərdim. Adaya ilk dəfə gələndə o özünü xoşbəxt hiss etdi, lakin özünün də dediyi kimi “varlıların etinasızlığından və kasıbların səfalətindən” baş götürüb qaçdı. Səhhəti də yaxşı deyildi, adada uzun müddət məhrumiyyətlərə qatlana bilməzdi, ancaq ara-sıra ora və Dublinə baş çəkə bilərdi. Onun bizim aktyorlara yaşatdığı sarsıntı Börnsin Şotland kilsəsini sarsıtmasından daha təsirli idi. Onun haqqında öyrənən bəzi qadınlar yalvardılar ki, 98-in qiyamı haqqında pyes yazsın və onu ciddi cəhdlə inandırdılar ki, vətənpərvərlik mövzusunda olan bu əsər böyük uğur gətirəcək. Iki həftəlik gərgin əməkdən sonra o ssenarini bitirdi. Burada mağarada gizlənən biri protestant, biri katolik olan iki qadından bəhs edilir. Onlar dini görüşləri ilə bağlı nəhayətsiz bir mübahisəyə girişirlər. Katolik qadın VIII Henri və Kraliça Elizabeti, protestant qadın isə inkvizisiya və Roma papasını pisləyir. Onlar qiyamçılar və sadiq əsgərlərdən qorxaraq, alçaq səslə mübahisə edirlər. Lakin sonda hər ikisi bu qərara gəlir ki, belə zalım mühitdən uzun müddət gizlənməkdənsə, onu tərk edərək istənilən taleyə boyun əymək daha yaxşıdır. Lakin ssenari nə pyese çevrildi, nə də oynanıldı. Mən nə o vaxt, nə də sonralar tam anlaya bilmədim ki, Sinq bizə yaşatdığı sarsıntını dərk edir ya yox. Şübhəsiz ki, o möhtəşəm pyesinin səbəb olduğu təşvişi əvvəlcədən görə bilməzdi.
Sinqlə ilk görüşümdən bir neçə ay öncə mən balıqçı qayığı ilə Aran adasının gəlib çatanda yad adamı qarşılamaq üçün toplaşan ada sakinləri məni oranın ən yaşlı adamının yanına apardılar. O cəmi iki cümlə dedi, həm də çox sakit: “ Əgər bir adam cinayət törədibsə, biz onu gizlədəcəyik. Atasını öldürən biri var idi, mən onu üç ay evimdə Amerikaya gedənə qədər gizlətdim.” Geri dönərkən Sinqin özü ilə gətirdiyi yeni pyes həmin qoca kişinin əhvalatı əsasında yazılmışdı. Cavan oğlan kiçik bir pivəxanaya gələrək oranın sahibinin qızına deyir ki, öz atasının öldürüb. O hadisəni elə nəql edir ki, qız riqqətə gəlir, hər dəfə təkrar danışanda əlavələr və yeni mübaliğələrlə hadisəni elə bəzəyir ki, hər kəsin rəğbətin qazanır, çünki bu kəndlilərin qanuna qarşı çıxma vərdişi var idi. Kəndli düşünür ki, cinayət nə qədər dəhşətlidirsə, cinayətkarı buna vadar edən səbəb də o qədər dəhşətlidir. Cavan oğlan öz həyəcanlı hekayəsinin təsiri ilə daha fərəhli, enerjili və xəşbəxt olur. O sevgidə uğur qazanandan sonra ilk olaraq yerli yarışlarda iştirak edir, ardından isə rulet masasında müflisləşir. Sonra isə başı sarğılı, ancaq kifayət qədər gümrah görünən atası gəlir, insanlar cavan oğlanı yalançılıqda ittiham etməyə başlayırlar. İtirdiyi ehtiramı yenidən qazanmaq üçün əlinə kürək alaraq ciddi cəhdlə atasını öldürməyə çalışır, lakin bu hədələrdən dəhşətə gələrək bir anlıq dayanır, camaat polisə təhvil vermək üçün əlini bağlayır. Atası isə onu xilas edir və onlar birlikdə çıxıb gedirlər. Hadisələrdən ruhlanan oğul elan edir ki, bundan sonra o, usta olacaq. Təəssüf ki, üslubun və musiqinin kaloritli, şairanə, əfsanəvi olduğu, bizim dialekt teatrının bu ən möhtəşəm əsəri adamları qəzəbləndirdi. Biz bu tamaşanı polis nəzarətində oynadıq, yetmiş polis teatra, bəzi qəzetlərin də qeyd etdiyi kimi, beş yüzü də küçələrə nəzarət edirdi. Bu, İrland auditoriyasında oynanılan ilk tamaşa idi ki, tamaşaçılar aktyorların üstünə nəsə tullamadılar . Nyu-yorkda qarağatlı piroq və saat tullamışdılar, hətta saatın sahibi tamaşadan sonra səhnə arxasında saatını tələb etmişdi. Hər halda Dublin tamaşaçısı pyesi çoxdan həzm etmişdi. Mənə elə gəlir ki, səhnədə hər kəsin mehriban və sevimli olması onların diqqətindən qaçmamışdı. Sinq isə vurğun olduğu həqiqəti –o həqiqət aşiqi idi – bir az mübaliğəli simvolizmlə təsvir etmişdi. Başqalarının düşündüyü kimi, o İngiltərənin maraqları üçün fəaliyyət göstərən siyasətçi olmasa da, onda az da olsa siyasətçilik var idi və bu səbəbdən də bəzən dünyaya baxaraq əylənir, bəzənsə dünyaya yazığı gəlirdi.
1910-cu il Sinqin ölümünə qədər düşüncə demək olar ki, dəyişməmişdi. Biz az qala boş teatrda tamaşa göstərirdik, mətbuat isə həmişəki ab-hava ilə bizi tənqid etməyə davam edirdi. Bizim qələbəmiz fərqli məktəblərə məxsus, lakin ondan cəsarət və açıqürəklilik öyrənənlərin sayəsində qazanıldı. Sinqin və Qreqorinin əsərləri, mənim “Saat şüşəsi” nəsr əsərim bizim ilk hədəflərimiz üçün səciyyəvidirlər. Onlar xalqın nitqini və təxəyyülünü oyadır, orta əsrlərdən qalmış bütün bu poetik ənənəni şəhər əhalisinə qaytarırdı. O şəxslər ki, Sinqdən faydalanmışdılar onlar əsasən ölkə haqqında az məlumata malik olur və onun dialektinə az maraq göstərirdilər. Onların pyesləri açıq –aşkar söyüşləri, xəstəxana qəbullarındakı rüşvəti, bəzi yerli siyasətçilərin bütün partiyalarla dost qalma cəhdlərini addımbaşı tənqid edirdi. Həqiqətən də gənc nazirlər, Azad dövlət partiyasının siyasətçiləri, fikrimcə, bizdən maariflənirdilər. Bundan başqa şəhərin siyasi iradədən məhrum xalqına ithaf edilsə də, siyasi satira olmayan çoxlu komediyalar var idi. Buna ən bariz nümunə Lennoks Robinsondur: onun “Ağbaşlı oğlan” əsəri həm Amerika, həm də İngiltərədə oynanılıb. Görünən odur ki, son zamanlar köhnə ssenarilərin kiçik dəyişikliklərlə təkrarlanmasına və obrazların qeyri-iradi yaranmasına görə bu məktəbin sonu yaxınlaşa bilər. Son dörd ildə melodrama və tragediyadan nə əldə etdiyimiz demək hələ çox tezdir, ancaq əgər aktyorlarımızın pulunu ödəyə, teatrı qoruyub saxlaya bilsək, nəsə əldə edəcəyik. (4) Biz borc boyunduruğundayıq, çünki savaşdan və vətəndaş müharibəsindən çıxmışıq, küçədən gələn atəş səslərinə görə tamaşaçılarımızın azaldığı günlər olub. Nə qədər ki, biz nəfəs alırıq, mən uğura inanıram və düşünürəm ki, çıxışımın ortasında, hətta əvvəlində belə nitqimi bitirməyə haqqım var. Əlbəttə, mən kifayət qədər danışmışam və əminəm ki, siz hamınız anladınız ki, niyə mən sizin möhtərəm kralınızın əlindən İsveç akademiyasının mükafatını almaq şərəfinə nail olarkən, bir tərəfimdə gənc bir oğlanın kölgəsini, digər tərəfimdə isə həyatının müdrik bir çağında olan qadının varlığını hiss etdim. İsveçin bizim ölkəmiz üçün ümid etdiklərimizdən çoxuna artıq nail olması və son bir həftədə burda gördüklərimin kiçik bir qismi belə Ledi Qreqori və Con Sinq də üçün də unudulmaz və həyacanlı olardı. Mənə elə gəlir bütün bunlar ona görədir ki, sarayınızın bu möhtəşəm səhnəsindəki insanlar, bu möhtərəm və istedadlı ailə mənsəbinə görə deyil, öz ölkəsinin intellektinə görə toplanmışdır. İrlandiya bənzər bir səhnə işin intizamını və zövqünü belə nümayiş etdirə bilməz, lakin irqi ehtiyacı Amerika və İngiltərə demokratiyası tərəfindən yaradılan heç bir təşkilatın qarşılaya bilməyəcəyi səviyyədə həyata keçirər.
Qeydlər:
Yitsin Nobel nitqi heç bir qeyddən istifadə edilmədən birbaşa olub. Belə görünür ki, məhz bu səbəbdən 1925-ci ildə Dublində Kuala Pressdə “İsveç bəxşişi” adı ilə nəşr olunan versiyada müəyyən təkmilləşmələr apararaq, nitqə əlavələr edib.
- Vətəndaş müharibəsinin ilk ayında mən Qalveydəki evimdə idim, dəmiryol körpüsü partladılmış, yollar daşlar və ağaclarla tutulmuşdu. İlk həftə nə qəzet, nə də etibarlı xəbərlər yox idi. Biz bilmirdik ki, kim udub, kim uduzub, hətta əlimizə qəzet keçəndə də dağın o biri üzündə nə baş verdiyini bilə bilmədik. Ford maşınları bəzən şaquli dayanan, bəzən isə oturacaqların arasında üfuqi duran tabutlarla bu evdən o evə gedirdilər. Bəzən biz gecələr partlayış səsi eşidirdik, bir dəfə isə qonşuluqdakı böyük evdən çıxan tüstünü gördük. Deyəsən, uzun və alovlu əsrlər boyu insanlar elə bu cür yaşayıblar. Ancaq mütləq kimsə olub ki, kədərli yaxud təlaşlı böyüməmək, eləcə də xilqətin gözəlliyi ilə bağlı bütün duyğularını itirməmək üçün qarşısıalınmaz bir arzuya tabe olub. Sığırçın pəncərinin yanında yuva qurmuşdu, bu şeiri həmin an keçirdiyim hisslərlə yazmışam:
Pətək düzəldirlər işçi arılar,
Yarıuçuq divarların arasında.
Yem gətirir uzaqlardan ana quşlar.
Divarım uçmaqda, ey bal arısı
Boş qalıbdı sığırçının yuvası
Arılarsa orda pətək qurası.
Sanki zindandayıq, açar burulur,
Ətraf qaranlıqdır, kədər daimi.
Hardasa ev yanır, insan vurulur.
Bütün bunlarınsa yoxdur şahidi
Boş qalıbdır sığırçının yuvası
Arılarsa orda pətək qurası.
Bu sadəcə başlanğıcdır, lakin şeir eyni əhvalda davam edir. Tezliklə qəribə bir şey baş verdi: mən balın ola bilməyəcəyi yerlərdə, daş keçidlərdə, yolun külək
döyən döngələrində balın iyini almağa başladım. Üstəlik bu iy həmişə müəyyən fikirlərlə birgə gəlirdi. Dublinə qayıdandan sonra mən insanlara qəzəbli idim: hər şeyi mübahisəyə çevirdiklərinə və dəqiq faktları bilmə istəyinə görə. Onlar elə əhvalda idilər ki, sanki realist dram yaradırlar.
- Bizim ilk tamaşalarımızın pulunu Qalveyli mülkədar Edvard Martin ödəmişdi. Onun evinin bir qismi on dördüncü əsr üslubunda, digər qismi isə bir vaxtlar İrlandiyanın katolik ailələrini üçün doğma olan müasir Qotik üslubda tikilmişdi. Evin öz yeknəsəq əl işi ilə tanınan dekarator Krays tərəfindən təkrarlanan naxışlarla bəzənmiş böyük zalı var idi. Burada o, Palestranın bəstələrini orqanda ifa edər, şairlərin mozaikalı şüşələr üstünə nəqş edilmiş şəkillərinə baxar, başqa heç kəsi öz mütaliə siyahısına daxil etmədən yalnız İbsenin və Kilsə xadimlərinin əsərlərini oxuyurdu. O, mehriban, həssas, intelektli, məqsədyönlü və cəlb edici davranışlara malik bir adam idi. Orta əsr keşişləri kimi qadınlardan uzaq qaçırdı. Onunla bütün digər şeylər arasında sanki böyük bir dəhşət, böyük bir xof dayanmışdı. “Əgər mən bu cür hərəkət eləsəm, əgər mən filan kitabı oxusam öz ruhuma xələl gətirə bilərəm”. Biz ilk tamaşalarımızı mənim “Qrafinya Katlin” adlı pyesim və onun bir pyesi əsasında səhnəyə qoymuşduq. Mənim qadın qəhrəmanım ruhunu iblisə satır, yenidən ona görə alır ki, “Tanrı əməllərə deyil, niyyətə baxır”. Onun niyyəti bədənləri xatirinə ruhlarını satmağa hazır olan ac insanları xilas etmək idi. Bizim bütün afişalarımız yayılandan sonra Martin dəstək verməkdən imtina etdi, çünki bir keşiş onu inandırmışdı ki, bu pyes dini təhqir edir. Mən iki başqa keşiş tapdım ki, bunun həqiqət olmadığını ona başa salsınlar. O bizim demokratik ideallarımız naminə bunu anladı. Ancaq bir neçə ay sonra əlini üstümüzdən tamamilə çəkdi, sanki ruhu üçün olan təhlükəni qabaqcadan hiss etmişdi. Bir neçə ay əvvəl onun ölüm xəbərini eşitdik, bununla da əsası on ikinci əsrdə qoyulan bir nəsil tarixə qarışdı. Bədbəxt, övladsız, zəhmətkeş və nakam, tipik bir irland da beləcə bu dünyadan keçib getdi.
- Özünün “Xristian kilsə incəsənətinin mənşəyi” əsərində Jozef Striziqovski ( 1919-cu ildə Upsalada oxunan tərcümə olunmuş mühazirələr seriyası) yazır ki, “İncəsənət dünyanın bütün başqa yerlərinə nisbətdə saraylarda daha az çiçəklənir”. Siyasət güc naminə hər şeyi ram etməyə meyllidir: bunu qəbul edənlərin günü xoş keçər, etməyənlər isə ya köçüb getməli ya da tərəfsiz qalmalıdırlar”. İncəsənət və ədəbiyyat üçün bu gün əsas təhlükə istibdad, siyasi və dini təbliğat formaları və inqilabi cəmiyyətlərin dini etiqadlarıdır. Bu etiqad müasir İngilis ədəbiyyatında daha çox zədələnib: milli inqilabımızın intişar etdiyi son iyirmi il ərzində tiranlar enerjilərinin böyük bir qismini irland dramaturqları və şairlərinə xərcləyir. Yaratdıqlarını qorumaq üçün onlar əbədi oyaq qalmalıdırlar, yaratdıqları nə qədər canlıdırsa, müdafiə etmək də o qədər çətindir.
- Çıxışımdan sonrakı dönəmdə son illərin ən uğurlu tamaşası olan Okaseyin “Juno və tovuz quşu” pyesini tamaşaya qoyduq. Obraz və səhnələrini Dublin xarabalıqlarından götürən bu pyes Dostoyevskidən çox da fərqlənməyən bir düşüncə ilə vətəndaş müharibəsinin faciə və zorakılığına işıq tutur. Burada hər şey – qətllər, qəfil gələn səfalət, əyyaşların məzhəkəsi, bədxərclərin fəlsəfəsi, köhnəlmiş mövzu tamahkarlıq və güman ki, müəllifin sənət təhsilini hələ yekunlaşdırmadığını göstərən bəzi ifadələr və azacıq da yumor var. O, ingilis əsgərləri tərəfindən başqasının əvəzinə səhvən vurulana qədər bənna işləyirdi, ancaq ara qarışanda qaçmağa müvəffəq olmuşdu və təsvir etdiyi həyata bütünlüklə hakimdir.
Tərcümə: Zeynallı Afaq