Vladimir Nabokov bu hekayəni ingilis dilində yazıb. Hekayə ilk dəfə 1948-ci ildə “The New Yorker” jurnalında çap edildikdən sonra müəllifin hekayələr toplusuna daxil edilib. Jurnalda hekayə “Rəmzlər və işarələr” adı altında çap edilsə də, sonradan Nabokov bu adı dəyişdirib “İşarələr və rəmzlər” etmişdi.
1.
Uzun illərdən bəri düz dördüncü dəfə idi ki, eyni problemlə üzləşirdilər. Əqli qüsuru olan gənc adama doğum günündə nə hədiyyə etmək olar? Onun arzuları yox idi. İnsan əlinin yaratdığı şeylər onun gözünə yalnız özünün qavradığı şəkildə adama zərər verən şər yumağı, yaxud öz mücərrəd dünyasında yararsız kobud alətlər kimi görünürdü. Valideynləri onu qorxudan, ya da onun xətrinə dəyə biləcək bir çox şeyi (məsələn, istənilən mexanizm qadağan idi) hədiyyə siyahısından ixtisar edərək, yüngül bir şey seçdilər – məsum və dadlı: səbət və onun içində on cür meyvə jelesi olan bankalar.
Övladları dünyaya gələndə onlar artıq çoxdan evli idilər: iyirmi il ötmüşdü və indi lap qocalmışdılar. Qadının ağarmış saçları çox yaxşı yığılmışdı. Ucuz, qara paltarlar geyinirdi. Həmyaşıdı olan digər qadınlardan (məsələn, çiçək dəstəsinə bənzəyən şlyapa geyinən, sifəti boyadan çəhrayı rəngə çalan ən yaxın qonşuları missis Soldan) fərqli olaraq, bəzəksiz ağ bənizini yaz gününün hər şeydə səhv axtaran işığında çəkinmədən sərgiləyirdi. Bir vaxtlar vətənində kifayət qədər uğurlu iş adamı olan əri, indi qardaşı İsaakdan asılı vəziyyətə düşmüşdü. İsaak əsl amerikalı idi və onun qırx illik təcrübəsi vardı. Onlar İsaakla nadir hallarda görüşürdülər və öz aralarında ona “Şahzadə” ləqəbi qoymuşdular.
Həmin cümə heç bir iş düz gətirmirdi. Metroda, iki stansiya arasında cərəyan kəsildi və təxminən on beş dəqiqə ancaq sakit ürək döyüntüləri, qəzet xışıltıları səsləndi. Bundan sonra yola davam etdikləri avtobusu az qala “yüz il” gözləməli oldular. Avtobus gələndə ağzına qədər çərənçi məktəblilərlə dolu idi. Qocalar sanatoriyaya gedən boz yolla qalxanda güclü yağış yağırdı.
Onlar yenə gözləməli oldular. Nəhayət, adətən ayağını sürüyə-sürüyə otağa girən oğullarının (sızanaq ləkələri ilə dolu, yaxşı qırxılmamış, qaraqabaq, utancaq ağ sifət) əvəzinə onların tanıdığı, ancaq maraqlanmadıqları tibb bacısı gəldi və sevinclə elan etdi ki, o yenə intihara cəhd göstərib. Tibb bacısı dedi ki, onun vəziyyəti yaxşıdır, ancaq ziyarət onu narahat edə bilər. Bu müəssisədə işçi qıtlığı olduğu üçün onlar istənilən əşyanı səhv yerə soxuşdura və ya başqası ilə qarışdıra bilərdilər. Ona görə qocalar hədiyyəni burda qoymamağa, sonrakı ziyarətdə gətirməyə qərar verdilər.
Qadın ərinin çətiri açmağını gözlədi, sonra onun əlindən tutdu. Əri diqqət çəkəcək tərzdə boğazını arıtlayırdı. Dilxor olduğu aydın idi. Yolu keçib avtobus dayanacağında daldalandılar, kişi çətiri yığışdırdı. Onlardan bir neçə fut aralıda, titrəyən və sanki budaqlarından yağış ağlayan ağacın altındakı gölməçədə, yarımcan, lələksiz, aciz bir quş balası çırpınırdı.
Metro stansiyasına qədər davam edən “uzun səfər” ərzində onlar bir kəlmə belə kəsmədilər: hər dəfə qadın ərinin çətirin qulpunda sıxılmış, titrəyən qoca əllərinə (şişmiş damarlar, qəhvəyi ləkələrlə dolu dəri) baxanda hiss edirdi ki, o göz yaşlarını zorla saxlayıb, qəhər onu boğur. Beynini başqa bir şeylə məşğul etmək üçün ətrafa göz gəzdirdi. Sərnişinlərdən birinin – ayaq dırnaqlarına səliqəsiz qırmızı lak çəkmiş qarasaçlı qızın yaşca özündən böyük qadının çiyninə söykənib ağladığını gördü. Bu mənzərə onu sarsıtdı və mərhəmətlə qarışıq təəccüb hissi oyatdı. Bu qadın kimə oxşayır? Qadın bir vaxtlar qızı Minskdə Slovoeyçiklərdən birinə ərə gedən Rebekka Borisovnanı xatırladırdı.
Həkimin dediyinə görə, sonuncu dəfə oğullarının seçdiyi intihar üsulunu ixtiraçılığın şedevri saymaq olar; əgər onun uçmağı öyrəndiyini düşünüb buna mane olan paxıl qonşusu olmasaydı, intihar baş tutardı. Əslində, o öz aləmində deşik açıb qaçmaq istəyirmiş.
Onun dəliliyinin əlamətləri geniş bir məqaləyə mövzu oldu. Həmin məqalə hələ valideynləri bu əlamətləri aşkar etməmişdən çox-çox əvvəl aylıq elmi dərgidə dərc olunmuşdu. “İşarə maniyası” – German Brink bunu belə adlandırırdı. Çox nadir rast gəlinən belə hallarda xəstə elə təsəvvür edir ki, guya ətrafda baş verən hər şeydə onun varlığına, mövcudluğuna dair gizli eyhamlar var. O, adi insanları bu sui-qəsddən kənarda tutur – çünki özünü digərlərindən daha ağıllı hesab edir. Hara gedirsə, fenomenal təbiət onu izləyir. Ulduzlu səmadakı buludlar astaca işarələşib bir-birinə onun haqqında ən xırda məlumatları belə ötürürlər. Gecə düşəndə ağaclar qarışıq jestlər edərək, lal-kar dilində onun məhrəm fikirləri barədə söhbətləşirlər. Çınqılların, ləkələrin, günəş parıltılarının yaratdığı naxışlarda dəhşətli ismarıclar əks olunub və o bu ismarıcların məğzini tutmalıdır.
Hər bir varlıq – şifrədir və hamısının da mövzusu odur. Bəzi casuslar müşahidəçi qismindədirlər. Şüşə səthi və sakit hovuzlar belələrindəndir. Vitrində asılan paltolar isə qəlblərinin dərinliklərində əsl linç həvəskarı olan qərəzli şahidlərdir. Bəziləri isə, – fırtınalar və axar su, – dəli olma həddinə çatıblar, onun haqqında təhrif edilmiş təsəvvürə malikdirlər, onun hərəkətlərini yalnış izah edirlər. Həmişə ayıq-sayıq olmaq, hər dəqiqə, həyatın hər anında ətrafdakı əşyaların dalğavari hərəkətinin şifrəsini çözmək lazımdır. Onun nəfəs aldığı havaya belə etiket vurub arxivə göndərirdilər. Onun hamıda və hər şeydə yaratdığı maraq təkcə öz ətrafı ilə məhdudlaşsa yaxşı olardı – təəssüf ki, bu belə deyil!
Məsafələr uzandıqca şiddətli şayiələrin axını genişlənir, həcmi və gücü artırdı. Onun qanındakı hissəciklərin cizgiləri milyon dəfə böyüyərək geniş düzənliklərin üzərindən keçib gedirdi; nisbətən uzaqlarda isə inanılmaz dərəcədə sağlam, hündür dağ qalaqları qranitlərin və hüznün dilində onun mövcudluğu barədə ən son həqiqətləri üzə çıxarırdı.
2.
Onlar metronun boğanağından və səs-küyündən xilas olanda, batan günəşin qırmızı saçları küçə işıqları ilə qarışırdı. Qadın şam yeməyi üçün bir az balıq almaq istəyirdi. Əlindəki banka dolu səbəti ərinə verib onu evə yolladı.
O, üçüncü mərtəbəyə qədər qalxdıqdan sonra günorta açarı arvadına verdiyini xatırladı. Kişi sakitcə pilləkəndə oturdu. Təxminən, on dəqiqə sonra arvadı gülümsünərək, sanki öz axmaqlığını qınayırmış kimi başını yellədə-yellədə pillələri ağır-ağır yuxarı qalxanda, o, sakitcə ayağa durdu. Onlar iki otaqlı mənzillərinə keçdilər və kişi dərhal güzgüyə tərəf getdi. Ağzını heybətli maskalar kimi dartıb, baş barmaqları ilə yeni, çox narahat çənə protezini çıxartdı və ona yapışan uzun selik parçalarını qopardı. Qadın süfrə salana qədər əri rus qəzetini oxuyurdu. Qəzet oxuyanda çeynəmək üçün dişlərə ehtiyac olmayan yumşaq qidalardan yeyirdi. Arvadı onun vəziyyətini anlayır və susurdu.
Kişi uzandı, arvadı qonaq otağında bir dəstə kirli kartla və köhnə albomlarla baş-başa qaldı. Yağışın əzik-üzük zibil qablarını döyəclədiyi qaranlıq, dar həyətin o tərəfində pəncərələr işıldayırdı və o pəncərələrin birində, dağınıq yataqda uzanıb çılpaq qollarını kənara atmış qara şalvarlı kişi görünürdü. Qadın pərdələri endirdi, fotolara baxmağa başladı. Körpə olanda, elə bil, onun digər uşaqlardan daha çox hər şeyə heyrət edən görkəmi vardı.
Albomun arasından Leyptsiqdə onlara xidmət edən alman qulluqçu ilə onun irisifət nişanlısının şəkli düşdü. Minsk, İnqilab, Leyptsiq, Berlin yanmış evlərin köndələn fasadları fokusdan kənarda qalıb. Dörd yaşında, parkda: kədərli, qorxaq, alnı qırışlı, gözlərini dəcəl bir dələdən qaçırır. İstənilən yad adamdan, nəsnədən qaçırdığı kimi. Roza xala – bir yerdə durmayan, ələ-ovuca sığmayan narahat baxışlı qarı. Almanlar onu və qayğısına qaldığı hər kəsi öldürənə qədər o, pis xəbərlərin, iflasların, dəmir yolu qəzalarının, xərçəng şişlərinin narahat dünyasında yaşayardı. Altı yaş – bu vaxt o artıq əlləri-ayağı insanınkına bənzəyən möcüzəli quş rəsmləri cızma-qara etməyə və böyük kişilər kimi yuxusuzluqdan əziyyət çəkməyə. Əmisi oğlu – məşhur şahmatçı.
Yenə o, səkkiz yaşı var, artıq onu başa düşmək çətinləşib, dəhlizdəki divar kağızlarından və kitabdakı bir şəkildən qorxur. O şəkildə sadəcə, yamacında qayalar olan, təpələri görünən hamar landşaft və yarpaqsız ağacın budağından asılmış köhnə araba təkəri təsvir olunmuşdu. On yaş: o il Avropanı tərk etmişdilər. Utanc, məyusluq, təhqiramiz çətinliklər, həmin xüsusi məktəbdə bir yerdə oxuduğu inkişafdan qalmış eybəcər, kinli uşaqlar. Bax elə o vaxt onun həyatında ciyərlərin iltihabından müalicə dövrü başladı və bu dövr uzun çəkdi. Onda valideynlərinin israrla xüsusi istedadı olduğuna inandıqları övladlarının qəribəliyi, bütün xırda qorxular məntiqli şəkildə bir-birinə bağlanıb qalın illüziya yumağına çevrilir və onu normal şüur üçün əlçatmaz edirdi.
Qadın bununla və bir çox digər şeylərlə barışmışdı – çünki mahiyyətcə yaşamaq, bir sevincin ardınca digərinin itkisi ilə barışmaq idi. Onun vəziyyətində isə hətta sevinc də yox idi, sadəcə, sağalmaq ümidi vardı. Qadın naməlum səbəbdən ərinin və özünün daşımalı olduğu bitib-tükənməz ağrı dalğaları barədə; oğlunu ağlagəlməz dərəcədə incidən gözəgörünməz nəhənglər barədə; dünyaya səpələnmiş sonsuz şəfqət; ya boğulan, ya boş yerə sərf edilən, ya da dəliliyə çevrilən bu şəfqətin taleyi; çirkli-paslı künclərdə öz-özünə zümzümə edən atılmış uşaqlar barədə fikirləşir, qaçmağa yerləri olmayan çarəsiz alaq otlarının, əkinçinin özündən arxada əzilmiş çiçəklər qoyan meymunabənzər kölgəsini, onun dəhşətli qaranlığının yaxınlaşmasını necə gözlədiklərini düşünürdü.
O, qonaq otağından ərinin zarıdığını eşidəndə artıq gecəyarısı idi. Kişi ayaqlarını sürüyə-sürüyə içəri girdi. Gecə köynəyinin üstündən qaragül yaxalığı olan köhnə palto atmışdı. Bu paltonu gözəl mavi xələtindən üstün tuturdu.
– Yata bilmirəm! – qışqırdı.
– Niyə? – soruşdu qadın. Niyə yata bilmirsən? Axı çox yorğun idin.
– Çünki ölürəm, – deyib, taxta uzandı.
– Mədən? İstəyirsən həkim Solova zəng edim?
– Nə həkim, həkimi neynirsən? – inildədi. – Cəhənnəm olsun! Onu ordan götürməliyik. Yoxsa, cavab verməli olacayıq. Cavab! – təkrarladı və büzüşüb oturdu, ayaqlarını döşəməyə sallamışdı, alnını yumruqlayırdı.
– Yaxşı, – qadın sakitcə dedi. – Sabah səhər götürərik.
– Çay içərdim, – əri bunu deyib tualetə getdi.
Güclə əyilib taxtdan döşəməyə düşmüş bir neçə kartı və şəkilləri yığdı: valet qırmızı ürək, qaratoxmaq 9, qaratoxmaq tuz, Elza və onun iyrənc oynaşı.
Geri qayıdanda kişinin kefi kökəlmişdi, izah etməyə başladı:
– Mən hər şeyi düşünmüşəm. Biz yataq otağını onun üçün ayırarıq. Növbə ilə gecənin bir saatını onunla birlikdə, o birini isə burada, taxtda keçirərik. Həftədə iki dəfə həkim gətirib müayinə etdirərik. Şahzadə isə qoy nə istəyir, desin. Onsuz da deməyə sözü olmayacaq, belə daha ucuza başa gələr.
Telefon zəng çaldı. Adətən bu vaxt onlara zəng edən olmurdu. Ərinin sol ayağındakı başmaq sürüşüb çıxdı. Otağın ortasında donub qalmışdı, dabanı və ayaq barmaqları ilə başmağını axtarır, dişsiz ağzını yekə-yekə aralayıb təəccüblə arvadına baxırdı. Zənglərə ev sahibəsi cavab verirdi, çünki ingilis dilini daha yaxşı bilirdi.
– Çarlini olar? – tutqun bir qız səsi eşidildi.
– Hansı nömrəni yığmısınız? Yox. Bu, düzgün nömrə deyil.
Dəstək ehmalca yerinə oturdu. Əlini yorğun, qoca ürəyinin üstünə qoydu.
- Çox qorxdum, – dedi.
Kişi yöndəmsiz şəkildə gülümsəyib, həyəcanlı monoloqunu yenilədi. Onu səhər tezdən götürəcəklər. Bıçaq və çəngəlləri qıfıl altında saxlayacaqlar. Nə isə, hətta ən pis vəziyyətdə olanda belə, o, insanlar üçün təhlükəli deyil.
Telefon yenə zəng çaldı. Yenə həmin narahat, tutqun cavan səs Çarlini istədi.
- Siz səhv nömrəni yığırsınız. Sizə deyim də nə edirsiniz. Sıfır əvəzinə “o” hərfinə basırsınız.
Gecə təşkil etdikləri növbədənkənar çay süfrəsinə əyləşdilər. Hədiyyə stolun üstündə idi. Əri çayı marçıldada-marçıldada qurtumlayırdı, sifəti qızarmışdı. Şəkəri yaxşı həll etmək üçün vaxtaşırı stəkanı qaldırıb qarışdırırdı. Keçəl başının anadangəlmə ləkə olan hissəsindəki damar nəzərəçarpacaq dərəcədə şişmişdi, səhər üzünü qırxsa da, çənəsində ağ tüklər görünürdü. Qadın ikinci stəkanı tökəndə o, eynəyini taxıb növbəti dəfə parıldayan bankaları süzdü – sarı, yaşıl, qırmızı. Onun kobud, yaş dodaqları yaraşıqlı etiketlərdəki adları oxuyurdu: ərik, üzüm, dəniz gavalısı, heyva. Turş almaya çatanda yenə telefon zəngi eşidildi…
İngilis dilindən tərcümə edən: İlahə Əkbər