(İxtisarla)
… Prust “İtmiş zamanın axtarışında” romanını yazmağa 1906-cı ilin payızında Parisdə başladı və birinci qaralamasını 1912-ci ildə bitirdi; sonra xeyli hissəsini təzədən işlədi və 1922-ci ildə ölənə qədər yenidən yazıb düzəltməyə davam etdi. Əsər bütövlükdə dəfinə ovçuluğudur; dəfinə zamandır və dəfinənin gizləndiyi yer keçmişdir: “İtmiş zamanın axtarışında” başlığının əsas mənası budur. Təəssüratların hislərə çevrilməsi, yaddaşın get-gəlləri, arzu, qısqanclıq və bədii eyforiya kimi duyğu dalğaları – böyük, eyni zamanda, hədsiz dərəcədə xəfif və yarım-şəffaf olan bu əsərin materiallarıdır.
Prust cavanlığında Anri Berqsonun fəlsəfəsi ilə məşğul olmuşdu. Zamanın axıb getməsiylə bağlı Prustun əsas fikirləri şəxsiyyətin daimi təkamülüylə bağlıdır, təkcə intuisiya, hafizə, qeyri-iradi assosasiya yoluyla geri çağıra bildiyimiz təhtəlşüurun gözlənilməz zənginlikləri, üstəlik, mütləq ağlın daxili ilhamın dühasına tabe olması və sənətin dünyadakı yeganə reallıq kimi dərk olunması – Prustun bu fikirləri Berqsonun rəngləndirilmiş formasıdır. Jan Koktu bu roman haqqında belə demişdi: “İlğımlarla, üst-üstə salınmış bağçalarla, zaman və məkan içindəki oyunlarla dolu azman bir miniatür.”
Bir şeyi dəqiq yadınızda saxlayın: bu əsər avtobioqrafik deyil; təhkiyəçi Prustun özü deyil, personajlar da yazıçının ağlından kənarda mövcud olmayıblar. Buna görə də yazıçının həyatına girməyək. İndiki halda yazıçının həyatının heç bir mənası yoxdur, bu, məsələni bulandırmaqdan başqa heç nəyə yaramır, xüsusilə də təhkiyəçi və müəllif müxtəlif cəhətlərinə görə bir-birinə bənzədiyi və eyni mühitlərdə hərəkət etdikləri üçün.
Prust bir prizmadır. Prustun, yəni prizmanın yeganə məqsədi şüaları qırmaq və şüaları qıraraq keçmişə baxıb dünyanı yenidən yaratmaqdır. Bu dünyanın da, bu dünyada yaşayanların da heç bir ictimai və tarixi önəmi yoxdur. Burdakı insanlar qəzetlərin elita adlandırdıqları, boş vaxtları olan xanımlar və cənablar, işsiz varlılardır. Bizə əməli vəziyyətdə, ya da nəticə şəklində göstərilən peşələr təkcə sənətlə və elmlə bağlı olanlardır. Prustun prizmatik insanlarının heç bir işi yoxdur: onları işi yazıçını əyləndirməkdir. Meyvəylə dolu masaların ətrafında uzandıqlarını və ya boyalı zəminlərin üstündə böyük mövzular haqqında danışa-danışa yeridiklərini açıq-aydın gördüyümüz, amma qətiyyən mühasibatlıqda, ya da tərsanədə görmədiyimiz o əfsanəvi dövrün insanları kimi, Prustun insanları da söhbətə və kef-damağa dalmaqda sərbəstdirlər.
…Xatırladım ki, üslub yazıçının tərzidir, yazıçını digər yazıçılardan ayıran özəl tərzdir. Sizin üçün əsərlərini tanıdığımız üç fərqli yazıçıdan üç pasaj seçsəm – bu pasajları mövzuyla bağlı heç bir ipucu verməyən şəkildə seçsəm və siz də əminliklə qışqırıb “Bu Qoqol, Bu Stivenson, bu da vallah Prustdur” desəniz – seçimlərinizi üslubdakı nəzərəçarpan fərqliliklərə əsasən edəcəksiniz. Prustun üslubunda xüsusilə nəzərəçarpan üç ünsür var:
- Metaforik obrazlılığın zənginliyi, qatbaqat analogiyalar. Bax bu prizmadan baxıb Prustun əsərlərinin gözəlliyini görürük. Prust üçün metafora termini hibrid formanın ekvivalenti kimi və ya ümumilikdə müqayisə üçün əksərən sərbəst mənada istifadə edilir, çünki Prust üçün metaforik an üstünlük təşkil etmək şərtilə, bənzətmə daim metaforaya, metofora da bənzətməyə doğru meyillənir.
(Nabokov sadə bənzətməyə “dumanlı pərdə kimiydi”, sadə metaforaya “dumandan bir pərdə varıydı”, bənzətməylə metaforanın qarışığı olan hibridə isə “dumanın pərdəsi sükutun yuxusu kimiydi” misallarını gətirir – tərcüməçidən)
- Bir cümləni maksimum genişlikdə və uzunluqda doldurub uzatmaq, cümlənin torbasına möcüzəvi sayda cümləcik, mötərizə cümləsi, yan cümlə və yan cümlənin yan cümləsini yerləşdirmək meyli. Söz səxavətiylə Prust həqiqi Şaxta Babadır.
- Haqqında danışdığımız başqa yazıçılarda təsvir pasajları ilə dialoq hissələrinin arasında çox kəskin ayrım olardı: əvvəlcə təsviri xüsusun olduğu pasaj, sonra söhbət gəlir və beləcə davam edir. Bu, əlbəttə, ənənəvi ədəbiyyatda, qablaşdırılıb təqdim edilən B kateqoriyalı və C kateqoriyalı ədəbiyyatda bu gün də istifadə edilən metoddur. Amma Prustun söhbətləri və təsvirləri bir-biriylə çulğalaşır, çiçəyin, yarpağın və böcəyin eyni cücərən ağaca aid olduğu yeni bir bütövlük yaradır.
“Uzun müddət gecələri erkən yatdım.” Əsərin bu açılış cümləsi temanın açarıdır, onun mərkəzində həssas bir oğlan uşağının yataq otağı var. Oğlan yatmağa çalışır. “Uzaqdan eşitdiyim qatar fitləri, eynilə bir meşədə cəh-cəh vuran quşlar kimi, məsafələri xatırladar, sakit çəmənliklərin ənginliyini təsəvvürə gətirərdi, çəmənliyin ortasında, yaxınlıqdakı stansiyaya tərəf sürətlə irəliləyən bir sərnişin təsəvvür edər, yeni yerlərə, alışılmamış hərəkətlərə, bir az əvvəlki söhbətə, onu gecənin səssizliyində hələ də müşayət edən, yabançı lampanın altındakı vidalaşmalara və yaxında hiss edəcəyi dönüş rahatlığını borclu olduğu həyəcan sayəsində, qət etdiyi bu balaca yolun onun yaddaşına həkk olunacağını düşünərdim.” Qatar fitləri küləkdə bir quşun cəh-cəh vurması kimi məsafələri vurğulayır, əlavə bir bənzətmə, daxili bir analogiya; bir rəsmə mümkün olan bütün rəngləri və effekti yükləmək tipik Prustçu metoddur. Ardınca qatar fikrinin məntiqi olaraq inkişaf etdirilməsi, bir sərnişinin və onun hislərinin təsviri gəlir. Bir obrazın bu cür açılıb sərilməsi tipik Prust fəndidir. Məntiqi və poeziyası ilə Qoqolun avara analogiyalarından fərqlidir bu. Qoqolun müqayisələri həmişə qroteksdir, Homerin parodiyasıdır və metaforaları kabusdur; Prustun metaforaları isə xəyaldır.
(Ardı var)
Tərcümə: Qismət