Sim-sim.az Qismətin tərcüməsində görkəmli rus-amerikan yazıçısı Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr” kitabından “Rus yazıçılar, senzorlar və oxucular” essesini təqdim edir.
“Rus ədəbiyyatı” – bu anlayış rus olmayanların düşüncəsində, ümumən, XIX əsrin ortası ilə XX əsrin ilk on ili arasında, Rusiyanın beş-altı böyük nəsr ustası yetişdirdiyi fikriylə məhdudlaşır. Rus oxucularının düşüncəsində isə bu anlayış daha geniş mənalara sahibdir, çünki romançılardan başqa tərcüməsi mümkün olmayan şairləri də əhatə edir; lakin onların da düşüncəsi parlaq XIX əsrə fokuslanıb. Başqa cür desək, “Rus ədəbiyyatı” dünənin-srağagünün hadisəsidir. Eyni zamanda, məhdud hadisədir; əcnəbilərin düşüncəsi onu bitkin, yekunlaşmış bir şey kimi dərk etməyə meyillidir. Bu, bir az da sovet iqtidarı altında keçən son qırx ildə istehsal edilmiş regional xarakterli ədəbiyyata görədir.
Bir ara hesablamışdım ki, keçən əsrin başından bu yana rus nəsr və şeir nümunələri arasında ən yaxşı qəbul edilənlər, təxminən, 23 min kitab səhifəsidir. Fransız ədəbiyyatını da, ingilis ədəbiyyatını da bu qədər az mətnin içində ümumiləşdirmək qeyri-mümkündür. Sözügedən ədəbiyyatlar neçə əsrə yayılıblar, şedevrlərinin sayı adamın gözünü qorxudur. Orta əsrdəki bir şedevrini kənara qoysaq, deyə bilərik ki, rus nəsrinin könül oxşayan gözəlliyi, dairəvi bir əsrin amforasına yerləşməkdən irəli gəlir, həmçinin, o vaxtdan bu yana yığılanlar balaca bir krem qabına yerləşər. Bircə əsr – XIX əsr özünə aid heç bir ədəbi ənənəsi olmayan bir ölkə üçün, sənət dəyəri bir yana, həcm baxımından da İngiltərənin, Fransanın bütün şanlı əsərləri ilə bərabər dayanan, böyük təsir gücünə malik bir ədəbiyyat yaratmasına bəs eləyib – adları çəkilən ölkələr şedevr yaratmağa daha tez başlasalar da. XIX əsrdə Rusiyanın mənəvi böyüməsi ədəbiyyatdan başqa sahələrdə də ağlasığmaz sürətlə baş verməsəydi, qədim qərb ölkələrinin mədəni səviyyəsiylə ayaqlaşmasaydı, bu qədər gənc mədəniyyətdə bu cür möcüzəvi şəkildə estetik dəyərlər axını meydana gələ bilməzdi. Fərqindəyəm ki, Rusiyanın bu keçmiş mədəniyyətinin tanınması, əcnəbilər üçün rus tarixi anlayışının ayrılmaz hissəsi deyil. İnqilabdan əvvəlki Rusiyada liberal düşüncənin təkamülü məsələsi bizim əsrin 20-30-cu illərində kommunist propaqandanın hiyləgərliyi nəticəsində xaricdə tamamilə qaralanıb, təhrif edilib. Rusiyanı mədəniləşdirmə şərəfinə onlar sahib olmaq istəyirdilər. Lakin Puşkinin, Qoqolun dövründə rus xalqının böyük əksəriyyətinin kəhrəba rəngli parlaq pəncərələrdən çöldə, qarın-çovğunun örtüyü altında tək başına qalması doğrudur; bütün bunlar bəxtsizliyi ilə, aşağı təbəqədən olan insanların çəkdiyi əzab-əziyyətlə məşhurlaşmış bir ölkənin oturuşmuş avropa mədəniyyətinə çox sürətlə girməsinin nəticəsidir – bu başqa söhbətin mövzusudur.
Bəlkə də deyil. Əgər şansım varsa, yaxın dönəm rus ədəbiyyatının tarixini ümumiləşdirmək cəhdlərimdə, daha dəqiq desəm, sənətçilərin ruhunu ələ keçirməyə çalışan qüvvələri təyinetmə prosesində, əzəli və əbədi dəyərlərlə xaotik dünya arasındakı yarılma ucbatından həqiqi sənətin həmişə insanda oyandırdığı o dərin mərhəmət hissinə nüfuz edə biləcəyəm – əgər ədəbiyyatı aktual bələdçi-kitab kimi görmürsə, ədəbiyyata lyuks, ya da oyuncaq gözüylə baxan bu dünyanı ittiham etmək nəyə lazım.
Sənətçinin təsəllisi azad bir ölkədə heç kimin onu bələdçi kitablar yazmağa məcbur etməməsidir. İndi, sırf bu rakursdan baxanda, XIX əsr Rusiyası qəribə şəkildə azad bir ölkəydi: düzdür, kitablar və yazıçılar yasaqlanır, sürgün edilirdi; senzorlar fırıldaqçı və axmaq tiplər idi, uzun bakenbardlı çarlar guruldayırdı, amma sovetlərin o möhtəşəm kəşfi, yəni əli qələm tutan hamının dövlət nəyi məsləhət bilirdisə, onu yazması – bax, bu metod XIX əsrdə Rusiyada yox idi; şübhəsiz ki, xeyli mürtəce dövlət adamı belə bir metod kəşf etməyi çox istəyərdi. Sağlam bir determinist belə bir müqayisə apara bilər: demokratik ölkələrdə oxucu deyilən kəsimin istəklərini qarşılamaq üçün jurnallar öz müəlliflərinə iqtisadi təzyiq göstərir, polis dövlətlərində isə lazımı siyasi mesajları versinlər deyə yazıçılara daha dolayı yolla təzyiqlər edilir. Bu iki təzyiq arasında sadəcə səviyyə fərqi olduğunu iddia etmək olar, lakin belə deyil, çünki azad ölkələrdə xeyli davamlı nəşr və xeyli fəlsəfə sistem var, amma diktaturada, sadəcə hökumət var. Bu, keyfiyyət fərqidir. Deyək ki, bir amerikan yazıçısı ənənəvi olmayan kitab yazmaq qərarına gəlsin. Kitab xoşbəxt bir ateistdən, öz əli öz başı olan bir Bostonludan bəhs etsin; bu adam özü kimi ateist olan gözəl bir zənci qızla evlənsin, şirin, balaca-balaca aqnostik uşaqları olsun; 106 yaşına qədər məsud, gözəl və xoşbəxt həyat sürən bu adam, bəxtiyarlıq içində yuxuda ölsün. Naşir uzağı deyəcək ki, cənab Nabokov, sizin böyük istedadınıza bələd olsaq da, belə bir kitabı çap edə bilmərik, çünki hiss edirik ki, heç bir kitab satıcısı bu kitabı əlinə almaq istəməyəcək (belə vəziyyətlərdə düşünmərik, həmişə hiss edərik.) Naşirin fikri belədir, hamının haqqı var ki, öz fikri olsun. Etibarsız, eksperimentləri sevən bir şirkət xoşbəxt ateistimin hekayəsini çap edəndən sonra, heç kim məni Alyaskanın vəhşi torpaqlarına sürgün etməz, üstəlik, hökumət Amerikada yazıçılara heç vaxt sərbəst təşəbbüs və ya səhər duasının gözəlliyi haqqında möhtəşəm romanlara yazmağı sifariş vermir.
Sovet iqtidarından əvvəl Rusiyada, əlbəttə ki, məhdudiyyətlər vardı, lakin heç kim sənətçilərə əmr verməzdi. Onlar – XIX əsrin yazıçıları, bəstəkarları və rəssamları – despotizm və köləlik diyarında yaşadıqlarını çox yaxşı bilirdilər, amma dəyəri yalnız indi bilinən müdhiş bir avantajları var idi; modern Rusiyadakı nəvələrindən fərqli olaraq, despotizmin və köləliyin olmadığını deməyə məcbur deyildilər. Sənətçinin ruhunu ələ keçirmək üçün eyni vaxtda əlləşən iki qüvvədən, onun əsərləri haqqında hökm verən iki hakimdən birincisi hökumət idi. Ötən əsrdə hökumət, fərqli və orijinal düşüncə örnəklərinin qulağı cırmaqlayan xaric not, inqilab yolundakı ilk addımlar olduğunun fərqindəydi. Dövlətin ehtiyatlı yanaşması, ən açıq şəkildə 30-40-cı illərdə Çar Birinci Nikolay tərəfindən ifadə edilmişdi. Çarın soyuq təbiəti, özündən sonra gələn hökmdarların cahilliyindən daha çox hiss edilirdi; ədəbiyyata olan marağı ürəkdən olsaydı, adamı yandırmazdı. Böyük fədakarlıqla o dövrün rus yazıçıları üçün hər şey olmağa çalışdı – ata, baba, dayə, həbsxana müdiri və tənqidçi; eyni vaxtda bunların hamısı birdən. Hökmdarlıq keyfiyyətləri nə olur-olsun, rus ilham pərisiylə münasibətlərində qaba, yumuşaq desək, təlxəyin biriydi. Onun yaratdığı senzura sistemi 1860-cı illərə qədər davam etdi, 60-cı illərdəki böyük reformalarla yumuşaldı, əsrin son illərində yenə qatılaşdı, bizim əsrin ilk on ilində qısamüddətli səngidi, inqilabsonrası sovet iqtidarında ağlasığmaz və qarşısıalınmaz dərəcədə geri qayıtdı.
Ötən əsrin ilk yarısında işgüzar məmurlar, Bayronu italyan inqilabçısı hesab edən polis şefləri, özündənrazı senzorlar, maaşını hökumətdən alan qəzetçilər, səssiz, amma küsəyən və ehtiyatlı kilsə – monarxiyanın, fanatik və yaltaq idarəetmənin bu sintezi yazıçılara çox mane olurdu, amma bunlar həm də yazıçılara imkan verirdi ki, onlar hökuməti min yolla iynələsinlər, barmaqlarına dolasınlar. Axmaqca idarə olunan hökumət onlarla bacarmırdı. Bir idiot təhlükəli tip ola bilər, amma mexanizmin bu qədər kövrək olması, təhlükəni birinci klas idmana çevirir; bütün qüsurlarına baxmayaraq, qəbul etmək lazımdır ki, Rusiyadakı köhnə idarəetmənin üstün tərəfi vardı: ağılsızlıq. Bir açıq-saçıqlıq görən kimi o saat üstünə cuman senzorlar, siyasi eyhamları çözməkdə aciz idilər. Çar Birinci Nikolayın vaxtında rus şairləri doğurdan da diqqətli olmalıydı, Puşkinin yaramaz fransızlar Parni və Volterdən təsirlənərək yazdığı şeirlər senzorlar tərəfindən asanca ifşa olunurdu. Fəqət proza çox fəzilətli idi. Rus ədəbiyyatı başqa ədəbiyyatlar kimi İntibah ənənəsindən gələn birbaşalığa sahib deyildi; Rus romanı ümumən, günümüzə qədər gəlib çatmış romanların ən tərbiyəlisidir. Əlbəttə ki, sovet dönəmindəki rus ədəbiyyatı da, aydan arı, sudan duru idi. Məsələn, “Ledi Çatterleyin sevgilisi” (Devid Lourensin romanı – tərcüməçidən) kimi bir rus romanı təsəvvür etmək çətindir.
Yəni ki, hökumət sənətçiylə mübarizə aparan əsas qüvvə idi. XIX əsr rus yazıçısının öhdəsindən gəlmək istəyən ikinci qüvvə isə dövrün siyasi, radikal, ziyalı fikir adamlarının hökumətə müxalif, utilitar sosialist tənqidi idi. Bu adamların ümumi mədəni səviyyələri, dürüstlükləri, əməlləri, intellektual fəaliyyətləri, insani keyfiyyətləri maaşını hökumətdən alan fırıldaqçılardan da, qorxu içində hökmdarın ətrafında sıx birləşən dolaşıq fikirli köhnəpərəstlərdən də müqayisəgəlməz dərəcə yuxarı idi. Radikal tənqidçilər əsasən xalqın rifahını vacib sayır və hər şeyə – ədəbiyyata, elmə, fəlsəfəyə məzlumların iqtisadi vəziyyətini düzəltməyin, ölkənin siyasi strukturunu dəyişdirməyin vasitəsi kimi baxırdılar. Həqiqətpərəst, qəhrəman, radikal tənqidçilər sürgünün çətinliklərini vecə almazdılar, amma sənətin incəliklərinə də fikir verməzdilər. Despotluqla mübarizə aparan bu adamların hamısını – 40-cı illərin atəşli Belinskisini, 50-60-cı illərin inadçı Çernişevski və Dobrolyubovunu, xoşməramlı, amma darıxdırıcı Mixaylovskisini və xeyli başqa dikbaş, dürüst adamı – bir başlıq altında toplamaq olar: kökləri köhnə fransız sosialist fikir adamlarına və alman materialistlərinə gedib çıxan, son illərin inqilabi sosializminin və gönüqalın kommunizminin xəbərçisi olan siyasi radikalizm. Bunu Qərbi Avropa və Amerikanın oturuşmuş demokratiyasıyla tamam eyni şey olan həqiqi rus liberalizmi ilə qarışdırmaq olmaz. 60-70-ci illərin nəşrlərinə baxanda, hakimi-mütləq bir hökmdarın idarə etdiyi ölkədə bu adamların bu şeyləri necə yazdığına heyrətlənirsən. Ancaq bütün üstün keyfiyyətlərinə baxmayaraq, bu radikal tənqidçilər də hökumət kimi sənətin başına bəlaydılar. Həm hökümət və inqilab, həm də çar və radikallar sənət məsələsində cahil idilər.
Radikal tənqidçilər despotizmlə mübarizə apararkən, öz despotizmlərini yaratmışdılar. İradları, sentensiyaları, yeritməyə çalışdıqları nəzəriyyələr siyasi sistemin sənətə qarşı basmaqəlib yanaşmasıyla eyni şey idi. Yazıçılardan əndrabadi şeylər yerinə, ictimai mesaj verməyi tələb edirdilər; onların baxış bucağına görə bir kitab ancaq insanların rifahına xeyir verirsə dəyərli idi. Onların bu coşğunluğu dəhşətli nəticələrə gətirdi. Səmimiyyətlə, cəsarətlə azadlığın və bərabərliyin tərəfindəydilər, amma sənəti aktual siyasətin boyunduruğu altına verməklə özləriylə paradoksa düşürdülər. Çarların gözündə yazıçılar dövlətin xidmətçisiydisə, radikal tənqidçilərin gözündə də kütlələrin xidmətçisi idi. Nəhayət, XX əsrdə yeni növ siyasi rejim kütlə fikri ilə dövlət fikrini Hegelçi sintez içində birləşdirəndə, bu iki düşüncə xəttinin qovuşub güclərini birləşdirməsi qaçılmaz oldu.
XIX əsrin 20-30-cu illərində sənətçilərlə tənqidçilər arasında baş verən toqquşmanın ən yaxşı örnəklərindən biri Rusiyanın ilk böyük şairi Puşkinin başına gələnlərdir. Başda Çar Nikolay olmaqla, hökümət adamları son dərəcə həyasız, özbaşına və bədniyyət şeirlər yazan Puşkinə dəlicə əsəbləşirdilər; onların fikrincə, o, illah yazmalıdırsa, heç olmasa dövlətin yaxşı bir qulluqçusu kimi davranıb, basmaqəlib şeylərə difiramblar-təriflər yazmalıydı. Puşkinin misralarındakı orijinallıqda, cismani fantaziyalarındakı cürətkarlıqda, irili-xırdalı bütün tiranlarla məzələnmək meylində təhlükəli bir düşüncə azadlığı sezilirdi. Kilsə onun qeyri-ciddiliyinə təəssüf edirdi. Polislər, yüksək rütbəli dövlət məmurları, hökümətdən maaş alan tənqidçilər onun səthi şair olduğunu deyirdilər. Dövrünün ən təhsilli adamlarından biri olan Puşkin qələmini dövlət idarələrindəki darıxdırıcı sənədləri kopyalamağa sərf etmədiyi üçün, Qraf Fışqırıq tərəfindən cahil, General Nəsihət tərəfindən başıboş kimi damğalanmışdı. Dövlət Puşkinin dühasını boğmaq üçün onu sürgünə göndərmiş, yazdıqlarını vəhşicə qayçılamış, onu dayanmadan sıxma-boğmaya salmış, ata kimi qulağını dartmış, nəhayət, şairi kralpərəst Fransadan gəlmiş bir macəraçıyla ölümünə duelə təhrik edən cındırların saçına tumar çəkmişdi.
Bundan başqa, sistem mütləq monarxiya olsa da, çox oxunan nəşrlərdə inqilabi fikirlərini, ümidlərini dilə gətirməyi bacaran və Puşkinin ömrünün son illərində əməllicə özünü tutan, təsir dairəsi böyüyən radikal tənqidçilər də xalqın və ictimai işlərin qulluğunda durmaq əvəzinə, dünyadakı hər şey haqqında son dərəcədə avara, xəyalpərəst şeirlər yazan, maraq dairəsinin müxtəlifliyi, irili-xırdalı tiranlara atdığı gəlişi gözəl, həddən ziyadə gəlişi gözəl atmacalarla onları gözdən salan bu şairə dəli kimi qəzəblənirdilər. Misralarındakı cəsarəti aristokratik bəzək kimi görürdülər, məsafəli sənətçi mövqeyini ictimai günah sayırdılar; yazıçılıqları biabırçı, amma siyasi fəaliyyətləri yaxşı olan bu adamların fikrincə, Puşkin dayaz şair idi. 60-70-ci illərdə məşhur tənqidçilər, ictimaiyyətin kumirləri Puşkinə zırrama dedilər; məxsusi şəkildə təkrar edə-edə dedilər ki, rus xalqı üçün bir cüt çəkmənin əhəmiyyəti dünyadakı bütün Puşkinlərdən, Şekspirlərdən əhəmiyyətlidir. Rusiyanın bütün şairləri haqqında ifrat radikallarla ifrat monarxistlərin dediyi fikirləri tutuşdursanız, dəhşətli bənzərliyi görəcəksiniz.
30-40-cı illərdə Qoqolun başına gələnlər bir az fərqli idi. Əvvəla deyim ki, “Müfəttiş” pyesi ilə “Ölü canlar” romanı Qoqolun öz fantaziyasının məhsuludur; onun bənzərsiz xortdanlarla dolu şəxsi kabuslarıdır. Bu əsərlər Qoqolun dövründəki Rusiya mənzərələri deyil, ola da bilməz, çünki hər şey bir yana, Qoqol Rusiyanı yaxşı tanımırdı. Onsuz da “Ölü canlar”ın davamını yazarkən uğursuzluğa düşməsinin səbəbi əlində kifayət qədər faktın olmaması və məmləkətin əxlaqını düzəltmək istəyən realist bir əsərdə fantaziyadan istifadənin qeyri-mümkünlüyü idi. Fəqət radikal tənqidçilər həm pyesdə, həm də romanda rüşvətxorluğa, bayağılığa, ədalətsizliyə, köləliyə tuşlanmış ittihamlar tapdılar. Qoqolun əsərlərinə inqilabi məzmun geyindirildi və mühafizəkar partiyada çoxlu dostu olan, qanunlara hörmət edən ürkək vətəndaş Qoqol o qədər qorxdu ki, sonrakı əsərlərində pyesin və romanın inqilabiliyi bir yana, əslində, yazdıqlarının dini ənənəyə və gələcəkdə inkişaf etdirəcəyi mistisizmə uyğun olduğunu isbat etməyə girişdi. Dostoyevski cavanlığında uşaqcasına bəzi siyasi işlərə girişdiyi üçün sürgünə göndərilmiş, edamın ucundan qayıtmışdı, ancaq sonradan yazılarında təvazökarlığın, təslimçiliyin və çiləkeşliyin fəzilətlərini tərifləməyə başlayanda radikal tənqidçilər tərəfindən kağız üzərində qətlə yetirilmişdi. Həmin tənqidçilər “kübar xanımların sevgi macəralarını yazır” – dedikləri Tolstoya da vəhşicə hücum çəkdilər, kilsə özünəməxsus inanc sistemi yaratdığı üçün onu aforoz etdi.
Bu örnəklər, elə bilirəm, kifayətdir. XIX əsrdə yaşamış bütün böyük rus yazıçıları, təxminən, bu qəribə “iki daşın arasında qalma” halında olublar.
Sonra möhtəşəm XIX əsr bitdi. Çexov 1904-cu ildə öldü, Tolstoy 1910-cu ildə. Ardınca yeni yazarlar nəsli, sonuncu günəş partlayışı, istedad fırtınası qopdu. İnqilabdan əvvəlki bu iyirmi ildə, nəsrdə, şeirdə və rəsmdə böyük modernist irəliləyiş oldu. Ceyms Coysun müjdəçisi olan Andrey Belıy, simvolist Aleksandr Blok və bir neçə avanqard şair üzə çıxdı. Liberal inqilabdan heç 20 il keçməmişdi ki, Bolşevik liderlər Kerenskinin demokratik rejimini yıxıb, rəsmən öz rejimlərini quranda bir xeyli rus yazıçısı mühacirətə getdi, bəziləri, məsələn, futurist şair Mayakovski getmədi. Xarici müşahidəçilər inkişaf etmiş ədəbiyyat ilə inkişaf etmiş siyasəti bir-birinə qarışdırmış, xaricdəki sovet propaqandası da bu qarışıqlığa həvəslə girişmiş, onu dəstəkləyib diri tutmuşdu. Əslində, Lenin sənət məsələlərində son dərəcə cahil bir burjua idi və sovet höküməti lap əvvəldən ibtidai, regional, siyasi, polis nəzarətində, açıq-aşkar mühafizəkar və basmaqəlib ədəbiyyat mühiti yaratmışdı. Köhnə idarəçiliyin pərt, istəksiz, şaşqın davranışlarının əksinə, sovet höküməti heyrətamiz dürüstlüklə ədəbiyyatın dövlət xidmətində bir vasitə olduğunu elan etdi; son qırx ildə şairlərlə polislər arasındakı bu məsud razılaşma çox ustalıqla davam etdirildi. Nəticədə sovet ədəbiyyatı deyilən şey ortaya çıxdı, bu ədəbiyyat klişe burjua ədəbiyyatı üslubundadır və hökümətin bu və ya digər fikrini sözəbaxanlıqla şərh edərkən hədsiz dərəcədə darıxdırıcıdır.
Qərb faşistlərinin ədəbiyyatdan istədikləri ilə Bolşeviklərin ədəbiyyatdan istədikləri arasında çox da ciddi fərqin olmaması maraqlıdır. Bir sitat gətirəcəm: “Sənətçinin şəxsiyyəti azad, məhdudiyyətlər olmadan inkişaf etməlidir. Lakin istədiyimiz bircə şey var: İnancımızın qəbul edilməsi.” – böyük Nasistlərdən biri olan, Hitler Almaniyasının Mədəniyyət naziri Dr. Rosenberg belə demişdi.
Başqa bir sitat: “Hər sənətçinin azad yaradıcılıqla məşğul olmaq haqqı var, fəqət kommunistlər, onu planlarımız çərçivəsində idarə etməyə məcburdur.” Bu da Leninin sözləridir. Bunların hər ikisi konkret mətnlərdən götürdüyüm sitatlardı, vəziyyət bu qədər kədərli olmasaydı, aradakı oxşarlığa baxıb qəhqəhə çəkə bilərdik.
“Qələmlərimizi biz yönləndiririk” – Kommunist partiyasının əsas qanunu bu idi; bu yolla “həyati olan” ədəbiyyatın istehsal edilməsini istəyirdilər. Qanunun karuselvari gövdəsində həssas dialektik nöqtələr vardı: növbəti addım yazıçının əsərlərini ölkənin iqtisadi sistemi kimi başdan ayağa planlaşdırmaq idi, kommunist idarəçilər saxta təbəssümlə bunun yazıçıya “sonsuz mövzu çeşidliliyi” vəd etdiyini, çünki hər ekonomik və siyasi proqresin ədəbiyyatda da öz yerini tapacağını deyirdilər. Bir gün dərsin mövzusu “fabriklər” olacaqdı, sonra “tarlalar”, sonra “sabotaj”, nəhayət “Qızıl ordu” (nə gözəl çeşidlilik!) Sovet romançısı nümunəvi xəstəxanlardan nümunəvi mədənlərə və bəndlərə qədərə hər şeylə bağlı təmtəraqalı sözlər deyərkən, təriflər yağdırdığı bir sovet qəhrəmanı düz kitab nəşr olunanda vurulsa, müəllif can qorxusu içində yaşamağa başlayırdı.
Qırx illik mütləq hakimiyyət dövrü boyunca Sovet höküməti sənətin nəzarətini qəti əldən vermədi. Arabir nə olacağını görmək üçün vintləri boşaldırdılar, xaricdəki optimistlər də bu yeni kitabı ictimai protest kimi alqışlayırdı. “Don çayında yeni heç nə yoxdur”, “Şeytanlar yalnız çörəklə yaşayar”, “Zedin daxması” kimi bestsellerlər siyahısına düşən düşük kitabları hamımız yaxşı tanıyırıq. (Nabokov burada özünəməxsus ironiya ilə “Sakit Don”, “Yalnız çörəklə yaşamaq olmaz” kimi sovet romanları ilə “Qərb cəbhəsində yenilik yoxdur”, “Şeytanlar”, “Tom dayının koması” kimi məşhur kitabların adlarını qarışdırır – tərcüməçidən)
Əcnəbi tənqidçilərin “güclü” və “diqqət layiq” kimi qiymətləndirdikləri bu romanlar, əslində, dağ boyda klişelərlə, intəhasız səthiliklə dolu idi. Fəqət, əfsus ki, bir sovet yazıçısı ədəbiyyat sənətində müəyyən səviyyəyə, məsələn, hər hansı bir ad çəkməmək üçün deyək ki, tutalım, Epton Lyuis səviyyəsinə çatsa belə, dünyanın ən cahil qruplaşması olan Sovet Hökümətinin fərdi axtarışlara, yaradıcı cəsarətə, yeni, orijinal, çətin, qəribə şeylərə yaşamaq şansı verməyəcəyi aydın idi. Yaşlı diktatorların dünyadan köçüb getməklərinə aldanmayın, Leninin yerinə Stalin keçəndə dövlətin fəlsəfəsində zərrə qədər dəyişiklik olmadı; Kruşçevin, Xruşşovun ya da adı hər nədirsə, onun iqtidarında da heç nə dəyişmədi. Xruşşovun yaxın zamandakı bir partiya iclasında dediklərinə baxaq (iyun 1957-cı il). Belə deyib: ”Ədəbiyyat və sənət sahəsindəki yaradıcı işlər kommunizm üçün aparılan mübarizənin ruhuyla çulğaşmalı, sosialist şüuru və qrup intizamını inkişaf etdirməlidir.” Bu tayfa üslubundan, təntənəli dildən, didaktik cümlələrdən, qəzetə müsahibə verirmiş kimi səsləndirilən çıxışların çoxalmasından ləzzət alıram.
Yazıçının fantaziyasına və azad iradəsinə konkret sərhəd qoyulduğu üçün bütün proletar əsərlər xoşbəxt sonluqla, sovetlərin zəfəriylə bitməlidir, deməli, kitabının necə bitəcəyi oxucu tərəfindən bilindiyini üçün yazıçı maraqlı sujet yaratmağa çalışarkən, it zülmü çəkməlidir. Həyəcanlı Anqlasakson romanlarında pis adam adətən cəzasını çəkir, güclü, sakit oğlan adətən gücsüz boşboğaz qızın saqqızını oğurlayır; lakin qərb ölkələrində axmaq ənənəyə uyğun olmayan hekayələri yasaqlayan qanun yoxdur; buna görə də həmişə pis, amma romantik adamın cəzadan yaxasını qurtaracağına və yaxşı, amma darıxdırıcı adamın da kaprizli qadın qəhrəman tərəfindən aşağılanacağına ümid edirik.
Amma sovet yazıçısının belə bir azadlığı yoxdur. Onun son sözü qanun tərəfindən müəyyənləşib və təkcə yazıçı yox, oxucu da bunun fərqindədir. Bu halda yazıçı oxucunun marağını diri saxlamaq üçün nə etməlidir? Bunu etməyin bir neçə metodu kəşf edilib. Əvvəla, xoşbəxt sonluq fikri xarakterlərə yox, polis dövlətinə işarə etdiyi və hər sovet romanının həqiqi qəhrəmanı sovet dövləti olduğu üçün yekunda Mükəmməl Dövlətin qalib gəlməsi şərtiylə, bir neçə kiçik xarakterə – əslində, yaxşı Bolşeviklər olsalar da – ağrılı ölüm bəxş etmək olar. Hətta bəzi ayıq yazıçılar işlərini elə tuturlar ki, kommunist qəhrəmanın son səhifədəki ölümü xoşbəxt kommunist düşüncənin zəfəri mənası gəlir: Sovet İttifaqı yaşasın deyə ölürəm mən. Metodlardan biri budur, ancaq təhlükəli metoddur, çünki yazıçı qəhrəmanla bir yerdə simvolu da öldürməklə, od tutmuş göyərtədəki gənc ilə bir yerdə dəniz donanmasının hamısını yandırıb kül etməkdə ittiham oluna bilər. Amma yazıçı diqqətli və hiyləgərdirsə, aqibəti pis olan kommunist qəhrəmana kiçik bir zəiflik, azca – ahh, azca! – siyasi sapqınlıq, ya da bir parça burjua eklektizmi bəxş edə bilər. Bu da onun fərdi faciəsini qanuna uyğun şəkildə haqlı göstərəcək, fəaliyyətindən və ölümündən ötrü hiss etdiyimiz acıma duyğusuna da təsir etməyəcək.
Yetkin sovet yazıçısı fabrik, ya da zəmilərdəki personajları toplayarkən, eynilə sirli hekayələrin, cinayət baş verəcək kottecdə, ya da qatar stansiyasında bir qrup insanı bir yerə yığan yazıçılar kimi hərəkət edir. Sovet hekayələrində cinayət fikri sovet insanının işinə, planlarına mane olmağa çalışan gizli düşmən formasında olur. Banal detektivlərdə olduğu kimi, xarakterlər elə göstərilir ki, dəqiq bilmirik, sərt və kədərli adam həqiqətən pisdirmi və ya şirindilli, nəşəli tip göründüyü kimidirmi? Burada xəfiyyəni, ya Rusiya Vətəndaş Müharibəsində bir gözünü itirmiş yaşlı fəhlə, ya da filan malın istehsalının niyə aşağı düşdüyünü araşdırmaq üçün mərkəzi bürodan göndərilmiş, mükəmməl dərəcə sağlam gənc qadın təmsil edir. Xarakterlər – məsələn, fabrik işçiləri – dövlət şüuruna sahib olmağın bütün tonlarını göstərəcək formada seçilir; bəziləri etibarlı, dürüst realistlərdir, bəziləri inqilabın ilk illərinə dair romantik xatirələrin daşıyıcısıdır, digər xarakterlər isə bilgiləri, təcrübələri olmasa da, sağlam Bolşevik fəhminə sahibdirlər. Oxucu aktları və dialoqları izləyir, ipuclarına baxır, bunlardan hansının səmimi olduğunu, hansının qaranlıq bir sirri gizlətdiyini anlamağa çalışır. Sujet xətti inkişaf edir və kuliminasiyaya çatanda, güclü qarandinməz qız pis adamın maskasını yırtanda, onsuz da şübhələndiyimiz şeyi kəşf edirik – fabriki xaraba qoyan adam, sən demə, Marksist terminləri yanlış tələffüz edən kifir, tösmərək yaşlı fəhlə deyilmiş, qoy, bu yaxşı adam salamat yaşasın. Günahkar marksist irfanı sağlam olan, mülayim, hiyləgər adam imiş; gizlətdiyi qaranlıq sirr isə ögey anasının xalası uşağının gizli kapitalist olmasıymış. Nasist romanlarının eyni şeyi irqçi xəttdə təkrarladığını gördüm. Ən boyat detektiv romanlara xas olan struktur bənzərliyindən başqa burada “yalançı-dini” örtüyü aşkarlamaq lazımdır. Göründüyündən daha yaxşı olduğu ortaya çıxan nərmə-nazik yaşlı adam, ağıllı riyakarlar cəhənnəmə vasil olanda, tanrının cənnətinə düşməyə haqq qazanmış, ağlı az, amma ruhu və inancı sağlam adamların ürəkbulandırıcı parodiyasıdır. Bu şərtlər içində ən əyləncəli şey sovet romanlarındakı romantizm temasıdır. Başdansovdu seçdiyim iki nümunəni təqdim edirəm.
Əvvəlcə Antonovun 1957-ci ildə çap olunmuş “Böyük ürək” romanında bir hissə:
“Olqa səssiz idi. “Ah,” deyə hayqırdı Vladimir, “niyə mən səni necə sevirəmsə, sən də məni elə sevmirsən?”
“Mən ölkəmi sevirəm,” – dedi Olqa.
Vladimir, “Mən də,” – deyə hayqırdı.
Olqa özünü gənc oğlanın qollarından qurtarıb, “Daha çox sevdiyim bir şey də var,” – dedi.
“Nədir o?” – deyə soruşdu Vladimir.
Olqa təmiz mavi gözlərini Vladimirə dikib tezcə cavab verdi: Partiyamız.”
Başqa bir nümunəyə baxaq, Qladkovun “Enerji” romanından bir parça:
“Gənc fəhlə dəzgahı tutdu. Metalı hiss eləyən kimi həyəcanlandı, canından üşütmə keçdi. Dəzgahın adamın qulağını kar edən səsinə görə Sonya kənara çəkildi. Sonra əlini İvanın çiyninə qoyub, qulaqlarının üstünə düşən saçlarını tumarladı… Ardınca ona baxdı, lülə-lülə saçlarına keçirtdiyi balaca kepka İvana qəribə gəlirdi, onu coşdururdu. Eyni anda iki gəncin gövdəsindən sanki elektrik enerjisi keçdi. İvan dərin-dərin köks ötürərək, cihazdan daha möhkəm yapışdı.”
XIX əsrdə sənətçinin ruhu üçün döyüşən gücləri, nəhayət, sovet polis dövlətində sənətə tətbiq edilən təzyiqləri, kədərli şəkildə yox, xoruldaya-xoruldaya təsvir etdiyimi düşünürəm. XIX əsrdə düha, təkcə yaşamamışdı, həm də inkişaf etmişdi, çünki ictimai rəy çarların hamısından güclü idi və yaxşı oxucular da proqresdən yana olan tənqidçilərin təmənnalı fikirlərinin təsirindən çıxa bilirdilər. Rusiyada ictimai fikrin hökümət əliylə tamamilə əzildiyi indiki dövrdə, hələ də Tomskda, ya da Atomskda yaxşı oxucular mövcuddur bəlkə də, amma səsləri gəlmir, qidalanma rejimləri nəzarət altındadır, zehinləri xaricdə yaşayan qardaşlarının zehnindən qoparılıb. İşin açar nöqtəsi budur: necə ki, istedadlı yazıçıların universal ailəsi milli bariyer tanımır, eləcə də, istedadlı oxucular da zaman və məkan qanunlarından azad olan bəşəri fiqurlardır. Sənətçini təkrar-təkrar imperatorlar, diktatorlar, rahiblər, puritanlar, qara cahillər, siyasi əxlaqçılar, polislər, poçtxana müdirləri və çoxbilmişlərin əlində yox olmaqdan xilas edənlər, oxucu qardaşlarımızdır. Bu təqdirəlayiq oxucunu siz üçün təsvir etməyə çalışım.
Heç bir vicdan nəzarətçisi, heç bir kitab klubu onun ruhuna nəzarət edə bilməz. Onun bir ədəbiyyat əsərinə yanaşması, primitiv oxucunun özünü bu və ya digər personajla identifikasiya etməsindən, “təsvirlərin üstündən keçmək” kimi gənclik həyəcanlarından uzaqdır. Bu yaxşı, təqdirəlayiq oxucu, kitabdakı qız, ya da oğlanla yox, kitabı yaradan təfəkkürlə özünü eyniləşdirir. Yaxşı oxucu bir rus romanında Rusiya ilə bağlı informasiya axtarmaz, çünki bilər ki, Tolstoy və ya Çexovun Rusiyası tarixdəki Rusiya yox, individual dühanın fantaziya ilə yaratdığı xüsusi bir dünyadır. Yaxşı oxucu ümumi fikirlərlə maraqlanmaz, xüsusi bir obraz, təxəyyül onun üçün daha maraqlıdır. Onun kitaba olan sevgisi, kitabın ona qrup arasında ünsiyyət qurmağı öyrətdiyi üçün deyil (proqressiv tənqid məktəbinin şeytani klişesi); kitabı sevir, çünki mətnin hər detalını öz daxili dünyasından keçirib başa düşür, müəllifin vermək istədiyi həzzi hiss edir, içi başdan-başa işıqla dolur, yaradıcı emalatxanasında xəyallara çəkic vuran usta dəmirçinin, sehirbazın, sənətçinin sirli-sehrli təsvirlərinə baxıb həyəcanlanır.
Keçmişə hissi yanaşsaq, necə ki, rus yazıçıları başqa dillərdə yazanlar üçün nümunə olublar, eləcə də köhnə rus oxucuları da başqa oxuculara örnək olub. Bu oxucu öz kariyerasına çox erkən yaşda başlayır, hələ uşaq otağındaykən qəlbini Tolstoya və ya Çexova verir, dayəsi “Anna Karenina”nı əlindən alarkən uşağa belə deyir: “Ah, yaxşısı gəl, bunu sənə öz sözlərimlə danışım.” Yaxşı oxucu ixtisar edilmiş şedevrlərdən, Karenin qardaşlarla bağlı axmaq filmlərdən, tənbəllərə yarınmaq üçün möhtəşəm əsərləri kəsib-doğramağın bütün yollarından uzaq gəzməyi öyrənir. Fikrimi cəmləyərkən, yenidən vurğulamaq istəyirəm: rus romanında Rusiyanı axtarmayaq; individual dühanı axtaraq. Şedevrə baxaq, çərçivəsinə yox. Çərçivəyə baxan insanların üzünə də baxmayaq.
Qədim, mədəni Rusiyadakı oxucu, əlbəttə, Puşkinlə, Qoqolla fəxr edirdi, fəqət eynilə Şekspirlə, Danteylə, Bodlerlə, Edqar Po ilə, Floberlə, Homerlə də qürur duyurdu; bu, rus oxucusunun gücüydü. Haqqında danışdığım məsələyə xüsusi marağım var, çünki əcdadlarım yaxşı oxucular olmasaydı, bu gün burda olmaz, belə danışmazdım. Yaxşı yazıçılıq və yaxşı oxuculuq qədər əhəmiyyətli olan başqa şeylərin də olduğunun fərqindəyəm, ancaq hər şeydə birbaşa əsas olana, mətnə, mənbəyə, mahiyyətə getmək daha ağıllı işdir – ancaq bu yolla filosofu, ya da tarixçini razı salmaq, yaxud bu günün ruhuna uyğun nəzəriyyələr yaratmaq mümkündür. Oxucular azad doğulur, azad da qalmalıdırlar, mühazirəmin sonunda oxuyacağım Puşkin şeiri, təkcə şairlərə yox, şairləri sevən hamıya aiddir.
Ali, uca qaydalar kimə verir-versin həzz,
Məndən ötrü o şeylər qara qəpiyə dəyməz.
Vergilərə etiraz eləmək səadəti
– qismətimdə yox imiş, incimirəm mən qəti.
Çarların saçyoldusu məni etmir narahat,
Vecimə də deyil heç azaddımı mətbuat.
Axmaqlar aldanırlar, senzuramız həssasdı-
Nə vecimə senzorlar jurnala nəyi basdı.
Bütün bunlar, bilirsiz, sözdü, sözdü, təkcə söz.
Başqa şeylər gözümdə daha doğma, daha düz;
İstəyir çara əyil, istəyir xalqa sığın
Mənim üçün əzizdir mənim öz azadlığım.
Fərqi varmı mənimçün? Qoy canları sağ olsun.
Şairin üzü gərək öz yanında ağ olsun,
Əyilməsin heç kimə – nə hakim, nə əyana,
Şair gərək özünün vicdanına inana.
Təbiətdən ruhlanmaq, onu heyrətlə süzmək-
Gəzmək öz kefin üçün, min cür diyarı gəzmək.
Titrəyib coşmalıdır insanın ruhu ancaq,
Sənətin və ilhamın həzzini anlayaraq.
Bax budur xoşbəxtlik! Budur qanun-haqq…
Tərcümə edən: Qismət