Sim-sim.az Vüqar Əmrahın “Farmalin ətirli bənövşələr” hekayəsini təqdim edir.

Səlim yenə yuxusunu qarışdırmışdı: metal konstruksiya ilə tikilmiş, amma tikintisi hələ başa çatmamış hündür binanın sonuncu mərtəbəsindəydi. Həmyaşıdı olan millət vəkili onlara – Səlimə, qrup yoldaşı Məzahirə və tanımadığı bir nəfərə dərs deyirdi. Dərsin mövzusu süni intellekt idi. İki yarımadam masa üstə dəmir müstəvilər üzərində uzadılmşdı. Gözləri çox qəmli və qəzəbli idi. Deputat dayanmadan onlar haqqında danışır, nəsə göstərir, arabir əlindəki mətbəx bıçağı ilə qəssab kimi haralarınısa kəsib atırdı. Məzahir əynində qolu gödək həkim xalatı, damağında papiros, etinasız halda ona baxırdı. Səlim deputata irad tutub yarımadamların ölə biləcəyini söylədi. O isə cavabında gülümsünərək: “Rəhmətliyin oğlu, gör neçəsini qanına qəltan eləmişəm. Bax, məhəccərin yanındadırlar…”, – dedi. Baxdı. Məhəccərin yanında qəribə ətirli bənövşələr bitmişdi. Bənövşəliyin ortasında qanlı mələfəyə bükülmüş bir cüt qəhvəyi ayaqqabı vardı…
Qan-tər içində ayıldı. “Bəs Freyd niyə görünmədi?” Adətən, yuxunun axırında qaşqabağını sallayıb üzünə acıqlı ifadə verib: “Yuxunu düz görməmisən”, – deyərdi. Yuxusunu yozmağa çalışdı. Yatmazdan qabaq neyrocərrah Serjo Kanavero haqqında filmə baxmışdı. O, insana baş calamaq istəyirdi. Günahı öz boynuna, deyilənə görə, siçanlarda təcrübəsi alınmışdı. Baş caladığı meymun isə ölmüşdü. Bəs millət vəkilinin bura nə dəxli var? Beynini bir az da işlətməli oldu. Həə! Serjo çalışqanlıq rəmzidir. Tələbə vaxtından tanıdığı millət vəkili də bu cür çalışqan idi. O, harda olsa, hansı müstəvidə olsa, yaltaqlansa belə, uğur qazanacaqdı. Bəs süni intellektlər? Niyə gözləri belə qəmli idi? Heç bir müsibət bü cür qəm yarada bilməzdi. Millət vəkilinin çalışqanlığını başa düşürdü, bəs onları niyə acımadan kəsirdi? Niyə onlarla təcrübə heyvanı kimi rəftar edirdi? Axı heç Kanavero təcrübə heyvanlarına belə amansız yanaşmırdı…
Zəngli saata baxdı. Yenə zəngi qabaqlamışdı. Xatırladı, kəndə getməli olduğu üçün saatın zəngini qurmuşdu. Kefi duruldu. Çoxdan uzaq düşdüyü doğma yerləri görəcək, gözəllər gözəli güllü qobuya gedəcəkdi…
Bir neçə il olardı, kəndə getmirdi. Atası ilə arası dəyəndən sonra daha kəndə getməyəcəyinə söz vermişdi, amma indi buna məcbur idi. Sonbeşik qardaşı sağalmaz mərəzə tutulmuşdu. Xərcəng! Bir ay qabaq əməliyyat olunsa da, şiş yenidən öz yerində bitmişdi. Sanki təbabətə meydan oxumuşdu – “Allahla Allahlıq etməyin!”. İkinci əməliyyata həkimlər razılıq verməmiş, şüa terapiyasını məsləhət bilmişdilər. Bakıda, Moskvada götürülmüş histoloji analizlərin cavabı eyni idi – “şvannoma”! Səlim bunun nə demək olduğunu yaxşı başa düşürdü. İşlədiyi illər ərzində ürəyi sənətindən doğan sərtliklə cilalansa da, başa düşürdü ki, bu, ölüm hökmü almış adamın edam gününü gözləməyinə oxşayır. Bir az fərqi vardı – doğmaların yanında olur…
Avtobusda ürəyi sıxılırdı. Tez çatmaq istəyirdi.
Daşüzdə avtobusdan düşəndə dua etdi: “Nə ola, rastıma heç kim çıxmaya!” Xəyalatın şirəsini çıxara-çıxara evə qədər yolu piyada getmək fikrindəydi. Daşüzdə yazılmamış qanun vardı: maşını olan kimsə piyada gedəni gördüsə, tanıdı, ya tanımadı, mütləq götürürdü. Xoşbəxtlikdən sakitlik idi. Əyriyə çatdı. “Salam, ağsaqqal!” – salamlaşdı. Cavab gözləmədi. Əyrinin cavabı əzəmətli sükutu idi. “Qardaşın necədir?” – ağlına gələn ilk sual bu oldu. Soruşdu və qərbə baxdı. Qobu o tərəfdə Əyriyə qovuşurdu. Xəyali cavabı aldıqdan sonra yola davam etdi. Türkoğlu yamacına qədər sözsüz-sovsuz gəldi. Daşlı yol geridə qalmış, göy çəmənlik başlamışdı. Fındıq budaqlarından hörülmüş çəpərlər, payaların dibində bitən bənövşə, novruzgülü ayrı aləm yaradırdı. Qəflətən göy guruldadı, sonra sifətinə düşən damcıları hiss etdi. Dalınca da şarax-baraxla basdalanmış çəpər səsi gəldi:
– Dədəm-ciyim saa qurvan, ay həkim! – O dəqiqə tanıdı. Ənvər kişi idi. – Mənəm daa, tanımadın? Vəlioğlu Ənbər.
Sözləri basa-basa, özü demişkən, “tısbağa yerişli” danışırdı. Balaca boyu, sarışın sacı, dərisinin bəyaz rənginə görə yaşadığı kəndin adamlarına oxşamırdı. Qırışmış, gündən qızarmış dərisi zəhmətdən daha çox çətinliklə qocaldığından xəbər veriridi. Hal-əhval tutdular. Səlim kəndi, Ənvərin oğlu Vəlini xəbər aldı.
– Vəlidi da. Dədəmin adını qoymuşam, dədəm kimi də baxıram. Yanı heş baxmıram, – zarafatından qalmadı. Danışdıqca ağzından su sıçrayırdı. İlahi, insanın ağzında nə qədər su olarmış! Elə bil zalım oğlunun tüpürcək vəzlərinə Niaqaradan boru çəkmişdilər. “Sənin sitatların üçün yaman darıxmışam” – Danışdıqca Ənvər kişinin Tolstoydan, Balzakdan sitatlar gətirdiyini bilirdi. Hələ öz aləmindəydi:
– Kənt də həmin kəntdi. Balzak dimişkən, blatnoy ərindən dul qalmış arvada oxşuyur, – xırda, nüfuz edən baxışlarını Səlimə zillədi.
Səlim artıq islandığını hiss edirdi. Ənvər kişi isə xoşbəxt görünürdü. “Sağ ol, Ənvər dayı! Sənsiz bu kəndin nə ləzzəti? Buranın Niaqarası da sənsən, Viktoriyası da. İslat məni nə qədər istəyirsən”, – ürəyində fikirləşdi. Bədənindən xoş gizilti keçdi. Deyəsən, Ənvər kişi də “Niaqaranın” fərqinə varmışdı. Bir az geri çəkildi. Səlimin gəlişinin məqsədini anlayıb, qardaşını soruşdu və cavab almadan:
– O yazığın da cavan canına müsibət gəldi. Heç insafdandı ki, o cür oğlan göz baxa-baxa ərisin? Çox cürrux eləmişdıx, – artıq keçmiş zamanda danışırdı.
Ənvər kişi danışır, Səlim isə xəyalən onun macəralarının ritmini tuturdu. Bu kolxozun toyuqlarını oğurlamaq üçün orijinal üsul fikirləşən həmin Ənvər kişi idi: “Qaz-51”in arxasını açar, dən səpərək toyuqları kuzova yığar, sonra da sürüb gedərdi.
Bu buğdanı xırmanın yanından keçən arxa tökən, oğlu Vəliyə onları yığıb qurutmağı tapşıran Ənvər kişi idi. Sonra danışıb gülərdi:
– Qoy zəhmətə öyrəşsin. Oğrudan oğruya pay düşər.
Ənvər kişinin öz yolu vardı. Heç vaxt bu yoldan sapmazdı. Lap Əyri kimi. Bəlkə, Ənvər kişi nəsə istəsəydi, verərdilər, ancaq belə etmirdi. Zəhmətlə oğurlayırdı. Hər oğurluqdan sonra hardansa öyrəndiyi riyazi termini başbilənlərə tolazlayırdı: – “Surətnən məxrəci ixtisar eliyirəm”.
Bic, bir az da sulanmış gözlərini Səlimə zilləyərək cavab gözləyirdi.
– Neyləmək olar, Ənvər dayı? Qismət beləymiş, – Səlim başqa söz tapmadı.
– Onsuz da çox yaşasaq, hamımız gec-tez xərçəng olasıyıq. Amma ona nəsə yaraşdırammıram, – Səlim Ənvər kişinin daşı hara atdığını başa düşmədi. Onun müəmmalı danışığı hamıya məlum idi. Ayrı vaxt olsaydı, çəpərin dibində oturar, həvəslə Ənvər kişinin şərhində dünyadakı, kənddəki təzə-köhnə xəbərlərə qulaq asardı. Ancaq ovqat həmin ovqat deyildi. Sanki Daşüzdən kəndə baxanda aldığı ləzzət də qeybə çəkilmişdi. Bunu hiss edən Ənvər kişi: “Yaxşı, get, gör nə xavar var”, – deməklə kifayətləndi.
Evə az qalmışdı. “Bəs Məzahir niyə bu qədər laqeyd idi?” – gördüyü yuxu yadından çıxmırdı. Bəstə boyu, üzünün qırmızımtıl rəngi, üstündə kapillyarları görünən kiçik, qartal burnu, nitqindəki burun tembri Məzahiri digərlərindən dərhal fərqləndirərdi. Xeyirxah, həssas olan bu adam Bodlerin “fırtına quşuna” bənzəyirdi. Rəhmətlik sağlığında sakit və səbrli görünərdi. Nadir hallarda qəzəblənərdi. Amma elə ki, qəzəblənəndi, hətta ən çılğın həmkarları belə qarşısında susardı. “Yəqin hələ səbri tükənməmişdi…”
Qapıdan içəri girən kimi evin matəm havasını duydu. Özü də bu havadan qəribə qoxu gəlirdi. Atasını heç vaxt belə kədərli görməmişdi. Anasının gözləri ağlamaqdan şişmişdi. Qardaşları, qardaş arvadları sual dolu baxışlarını ona zilləmişdilər. Tanış baxışlar idi. Ağır xəstələrinin yaxınları ona həmişə belə baxırdılar. Çox da təsirlənmədi. Qardaşı çarpayıda uzanmışdı. “Deməli, hələ var. Yoxsa yerdən uzadardılar”, – ağlına gələn ilk fikir bu oldu. Çuxura düşmüş, nuru itmiş gözlərini tavana zilləmişdi. Sifəti sarımtıl idi. Sanki evin öləzimiş işığını özünə çəkmişdi. Sümükləri, vətərləri aydın görünürdü. Ağır-ağır nəfəs alırdı. O qədər ağır ki, diqqəti özünə çəkirdi. “Görəsən, nəfəs alırmı?” Bir ay əvvəl qardaşının xəstəxanada yatdığı günü xatırladı. Palatada ona ürək-dirək verir, təcrübəsindəki bütün üsullardan istifadə edirdi. Qəflətən qardaşının məktəb yoldaşları içəri girmişdilər. Həmin an qardaşının üzündə gördüyü sevinc Səlimin yaddaşından heç vaxt silinməyəcək. Danışdılar, güldülər. Sanki heç xəstə deyildi. Axırda sağollaşmadan əvvəl qardaşının dediyi söz Səlimin dünyasını alt-üst eləmişdi: “Siznən orta məhlədə bir dəfə futbol oynaya bilsəydim, heç dərdim olmazdı”. Səlim dözə bilməmiş, palatadan çıxıb özünü güclə vanna otağına çatdırmışdı. Onda necə ağladığını indi də xatırlamırdı. Bircə o yadındaydı: bütün içalatı tökülmüşdü. Həmin gün qardaşı onun üçün ölmüşdü və bugünkü qəribə qoxunu Səlim neçə illərdən sonra onda hiss eləmişdi.
İndi bir az rahat idi. Qardaşı neçə dəfə öləcəkdi ki… Onun bu laqeydliyi sanki evdəkilərə də sirayət etdi. Atası, anası onu indi görürmüş kimi hal-əhval tutdular. Qardası arvadları tədarük görməyə başladılar. Deyəsən, xəstə yaddan çıxmışdı. Şam yeməyindən sonra keçmiş xatirələr, Səlimin, qardaşların dəcəllikləri söylənildikcə qardaşarvadları şaqqanaq çəkib gülürdülər. Xəstə isə öz dünyasındaydı. Birdən anası təlaşla dilləndi:
– Ay qız, dur televizoru aç, serialın vaxtı keçir.
Bir anda otağı yenə həmin qəribə qoxu bürüdü. “Bu nə qoxudu, İlahi? Dəli oluram, nədi?” – Səlim bəhanə ilə həyətə çıxdı. Həmişə kölgəsində oturduğu qoca yasəmən ala-toranlıqda nəhəng divə bənzəyirdi. Yasəmənin altındakı torpağa bərkidilmiş skamyaya çökdü. Gözləri dolsa da, ağlaya bilmədi. Axşam yuxusunda gördüyü süni intellektlər gözünün qabağına gəldi. “Qaldı məhəccərlə ayaqqabı” – düşündü. Yozmağa çətinlik çəkmədi. Avinquda Diaqonalo və ona çarpaz küçələrdə əldən düşənə qədər gəzmiş, bir-birinə bənzəməyən yaraşıqlı binaların bir-birinə bənzəməyən yaraşıqlı məhəccərlərinə tamaşa eləmişdi. Əslində, məhəccərlər bəhanə idi. Düzünə qalsa o, pəncərələrə baxmışdı. Baxmışdı ki, bəlkə, ünvanını bilmədiyi, pərəstiş etdiyi qoca Qabonu hansısa pəncərənin arxasında görə bildi. Ancaq görməmişdi. Yorulmuşdu, ancaq görməmişdi. Günahı şişmiş ayaqlarında deyil, ayaqqabılarında bilmişdi. Oradan aldığı ilk şey ayaqqabı olmuşdu. O zaman dəbdə olan qəhvəyi rəngli, “Armani” istehsalı ayaqqabı. Yəqin, Qabo da axtardığını tapmaq üçün vaxtaşırı hər şəhərdəki evində bir cüt ayaqqabı saxlayıb. Yəqin, hər yerdə axtarmağa nəsə var…
Yasəmənin altında xeyli oturdu. Otağa girəndə “iyli-qoxulu” serial davam edirdi. Gecə növbəsindən çıxdığı üçün yuxusuz olduğunu bəhanə edib yataq otağına keçdi. Çarpayıda uzanıb gözünü tavandakı tirlərə zillədi. Tavan üzgüçülük hovuzunu xatırladırdı. Tələbə vaxtı anatomiyanın miologiya bölməsini keçərkən “canlı” meyitlərdən istifadə edirdilər. Yaxşı oxuyan tələbələri dərsdən sonra meyit soymaq üçün saxlayırdılar. İki-üç tələbə səliqə ilə meyitin dərisini soymalıydı. Və elə soymalıydı ki, əzələlərə xətər toxunmasın. Səlim ilk dəfə həmin meyitləri anatomiya kafedrasının zirzəmisindəki hovuzda görmüşdü. Qaranlıq zirzəmi, divarlarında kiçik, yaşıl işıqları olan hovuz, çanağa qədər çəkilmiş rezin çəkmələr, vahiməli baxışları, dağınıq saçları olan meyitlər və qəribə iy. Əgər həmin gün qüruru imkan versəydi, dərhal əlindəki xərəyi atıb qaçardı. Qaçar və bir də instituta qayıtmazdı. Həmin gün sanki zirzəmidə zaman donmuşdu. Bir kəlmə kəsmədən meyitləri robot kimi xərəklərə qoyub kafedraya gətirdilər. Soydular, sonra da bir yağlı təşəkkür aldılar. Həmin iy Səlimin burnundan heç vaxt getmədi. Həmin iy gücünü-qüdrətini gah artırdı, gah azaltdı, ancaq Səlim o iydən heç vaxt qurtula bilmədi.
Gözləri yumulurdu. Hipnozla Morfey onu yavaş-yavaş mühasirəyə alırdı. Qayıdırdı. Göy üzü qapqaraydı. Doğa bilməyib, eklampsiyaya düşən analara oxşayırdı. Tək-tək damcılar düşürdü. Bu yağışa həzin ağlaşma da qoşulmuşdu. Qardaşı Səlimə hovuzdan əl edirdi. Ətraf insan boyunda müdhiş, qoxulu bənövşələrlə dolu idi. “Bu, farmalin iyidir. Meyitlərin saxlandığı hovuza doldurulan farmalin”, – bənövşələr qəribə pıçıltı ilı Səlimə sarılmağa çalışırdı. “Eh, sizin də skalioz var-yoxunuzu!” – Səlim qışqıraraq onlardan qurtulmaq istəyirdi. Uzaqdan qatar fiti eşidilirdi.
– Mənim qatarımdı, – qardaşı dalğın gözlərilə Səlimə baxdı. – Səninki hələ gec gələcək… – Freyd qatarın pəncərəsindən Səlimə gülümsəyirdi…
O, yuxudaykən qardaşı dünyasını dəyişmişdi, Səlim bunu sonralar biləcəkdi. Onu oyatmağa atası qoymamışdı. “Yorğundu, növbədən çıxıb, yol gəlib. Onsuz da gözləyirdik”, – demişdi. Çox sonralar, Səlim özü ağır xəstələnəndə yuxusuna farmalin ətirli bənövşələrlə birlikdə Ənvər kişi də gələcəkdi. Gələcəkdi ki, desin:
– Dədəm-ciyim saa qurvan, ay həkim!
İyul 2018