Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” adlı əsəri ədəbiyyatımızda bir yazıçının öz əsərinin yazılma tarixçəsindən danışması baxımından unikaldır. Həmişə olduğu kimi, Kamal Abdullanın yeni kitabı haqqında bir-biriylə diametral əks mövqedə olan müxtəlif fikirlər səslənir.
Sim-sim.az bunları nəzərə alaraq, durğun düşüncə mühitimizə dinamika gətirmək ümidiylə, yeni müzakirəyə start verir. Buyurub, roman haqqında yazılarınızı göndərə bilərsiniz. Müəllif hər bir yazıya münasibət bildirmək hüququnu özündə saxlayır.
Müzakirənin ilk yazısı kimi Cenevrədə yaşayan gənc yazıçı Vüsal Aydın yazısını təqdim edirik. Qeyd edək ki, Vüsal Aydın yazısının sim-sim.az-da dərc olunmasını özü istəyib. Redaksiyadan
Vüsal Aydın. “Laokoon… Laokoon…”
Xalq yazıçısı, akademik Kamal Abdullanın “Laokoon… Laokoon…” əsərini oxudum və o qədər çox “bəyəndim” ki, akademiki “tərifləmək” qərarına gəldim.
Şərti şumda kəsək, xırmanda yabalaşmayaq, Kamal Abdulla Azərbaycan ədəbiyyatına, teatrına, ümumiyyətlə, incəsənətinə fenomenal tövhələr vermiş, dünya miqyasında müzakirəyə çıxan dəyərli əsərlər yazmış, öz üslubu və yanaşması ilə fərq yaradan, böyük yazıçıdır. Buna heç kim etiraz edə bilməz. Lakin mən akademikin bütün külliyyatı barədə yazmıram, elə bir fikrim də yoxdur, sadəcə “Laokoon… Laokoon…” kitabını oxuduqca “heyrətlənmişəm”, “təəccüblənmişəm” və keçirdiyim hissləri Sizinlə də bölüşmək istəyirəm.
Müəllifin köhnə dostu, xalq şairi Ramiz Rövşən kitabda “ön söz” başlığı altında toplanmış tərifnamələrdən birinin müəllifidir və orada qeyd edir ki, bu romanın əsas məzmunu aralarında böyük yaş fərqi olan iki nəfərin – Vaqif və Firəngizin sevgi hekayətindən ibarətdir. Kitabda bu obrazların yaşı barədə açıq heç nə yazılmayıb, ancaq mən sevimli şairimin bu böyük yaş fərqini haradan anladığını düşünüb, romanda verilmiş əlamətlərdən obrazların yaşını hesablamaq istədim. Belə ki, kitabda Firəngiz işləməyən həkimdir. Mən özüm də həkim olduğum üçün bilirəm ki, bu ixtisasa ən tezi iyirmibeş-iyirmialtı yaşlarında yiyələnmək mümkündür. Firəngizin də universiteti elə lap romana yazılan gün bitirmədiyini, bir neçə ildir ki, işləmədən “gəzişdiyini” düşünərək belə qənaətə gəlmək olar ki, onun otuza yaxın yaşı var. “Vaqif müəllim”in də yaşı yazılmayıb, ancaq mən oxuduğum kitabın (“Köhlən” nəşriyyatı, 2021-ci il, birinci nəşr) 55-ci səhifəsində baş qəhrəmanımız Vaqifin “otuz illik” dostu Aslanla “on bir il məktəbdə, eyni sinifdə oxumuduğu” bildirilir. Buradan biz Vaqif və Aslanın yaşını hesablaya bilərik, belə ki, məktəbə altı yaşdan başlayırıq və bunlar otuz ildir ki, tanışdır, deməli, Vaqifin də, təxminən, otuz altı yaşı var. Belə çıxır, sevgilisi Firəngizlə aralarındakı yaş fərqi elə də böyük deyilmiş.
Xalq şairi həmin yazısının kitabın arxa qapağına salınmış hissəsində qeyd edir: “Köhnə dostum Kamalın bu yeni romanı (onun öz sözüylə desək, “romanabənzər”i, məncə, təxminən, iyirmi il bundan əvvəl məşhur “Yarımçıq əlyazma” ilə başlayan romanlar silsiləsinin son, yekun kitabıdır”. Düzü, bu cümlə mənə şairin arzusu kimi göründü.
Kitabın baş qəhrəmanı professordur və vəzifədə olan yazıçıdır. Özü də yanında işlətdiyi adamların hamısı ağıldankəm, nadürüstlərdir. Bilmirəm, niyə?.. Ümumiyyətlə, romanda normal düşünən, aydın fikir yürüdən, demək olar ki, bütün davranışları təriflənən və haqq qazandırılan bir nəfər var: Vaqif. Qardaşı müəllifin “bir az qəribə adam” ifadəsi ilə təsvir etdiyi, avarayana obrazdır, Vaqifin maşınını sürəcəyini eşidəndə sevincini bilmir necə gizləsin, yanında çalışanlar nadürüst axmaqlar, sevgilisi “Dədə Qorqud”u tanımayan, 86-cı səhifədə haqqında “Bu vaxta qədər Lermontovdan və Çingiz Abdullayevdən başqa heç kimi oxumamış” yazılan (ancaq necəsə həkim olan) Firəngiz… Vaqiflə Firəngizin də romanda çox maraqlı münasibətləri var, görüşüb dəniz kənarında çay içirlər, sonra bağ evinə gedib orada gecələyirlər, yatırlar, sevişirlər. Ancaq ikisi də subaydır… Evlənmirlər… Postmodernistdirlər…
Əsərin əsas mahiyyəti budur ki, müəllifin 29-cu səhifədə “hər şeyi gözəl anlayan, başa düşən Vaqif” deyib təriflədiyi obrazı “Kitabi-Dədə Qorqud” dastanını sevgilisi Firəngizə oxutdurur və haqqında roman yazmağa çalışır, adı birbaşa verilməsə də, anlayırıq ki, burada söhbət “Yarımçıq əlyazma” romanından gedir. Firəngiz isə Kitab barədə birinci dəfə eşitmiş kimi göstərilir. Düzü, müəllifin qeyri-adi təxəyyülünü tam dərk etməyə gücüm çatmadığına görə səhifə 86-da “Bu yana Firəngiz öz otağında divana uzanaraq hər iki əli ilə bərk-bərk sinəsinə sıxdığı kitabı oxuyurdu” cümləsində qızın kitabı necə oxuduğunu anlamadım. Əvvəla, kitab “bərk-bərk sinəyə” sıxılmaz, ancaq sinəyə bərk-bərk sıxıla bilər, çünki zərf feildən əvvəl gəlməlidir ki, hərəkətin necəliyini bildirsin, kitabdakı halda “bərk-bərk” ifadəsi “sinə” ismindən əvvəl gəldiyinə görə təyin rolunu oynayır və Firəngizin sinəsinin bərkliyini göstərir, bu öz yerində, qaldı, sinəyə bərk-bərk sıxılan kitabı necə oxumaq olar, qızın gözləri sinəsindədirmi, yoxsa kitabı qucaqlayıb yatanda kitabdakılar beyninə yuxusundamı hopur, nədirsə, anlamadım… Məni əsas heyrətləndirən məsələ Firəngiz doktorun “Dədə Qorqud” barədə tamam məlumatsız olmasıdır. Bununla akademik həkimlərin kitab oxumadığınamı işarə edir, görəsən?
Mətn çox “möhtəşəm” korrektə olunub, kitabın başından sonuna qədər olan bütün qrammatik xətaları saymağa, loru dildə desək, “dux” lazımdır, mən ilk otuz səhifədə altmış dörd qrammatik xəta sayandan sonra əldən düşdüm. Akademik üçün otuz səhifəyə altmışdördcə səhv… Göz yummaq “olar”. Vergüllərin istifadəsi barədə isə danışmağına dəyməz, elə bil mətn yazılandan sonra korrektora bir qab vergül vermisən ki, götür bunları lazım olan yerlərə “düz”, o da romanın “dərinliyindən” hayıl-mayıl olub, özünü ititib, qab əlindən sürüşüb, vergüllər mətnə ixtiyari olaraq dağılıb, hansı hara düşdü, düşdü. Diqqətlə baxanda görürsən ki, bu mətndəki vergüllər müəllifin xalq yazıçısı və akademik olduğunu qətiyyən nəzərə almır, dilimizin qrammatik qaydaları isə onun, yəni vergülün, ümumiyyətlə, quyruğuna da deyil, hansı harada dayanmaq istəyibsə, orada dayanıb. Bəlkə də, vergüllər bu “özbaşınalığı” ilə akademikin sərhədsiz yazı istedadına işarə edir. Heç şübhəsiz ki, bu “parlaq” istedad mənim kimi yeni addım atan naşı müəlliflərin yoluna gur işıq tutur.
Romanın hər tərəfindən postmodernizm fışqırır. Bu sözü məhz müəllifin romanda “tanış və yad sonsuz lüğət” olaraq dəfələrlə adını çəkdiyi və öz romanını yazarkən “uğurla” istifadə etdiyi lüğətlərin şərəfinə yazdım. Bəli, müəllif mətndə o qədər postmodernistdir ki, dilimizdə “alışqan” sözünün nəyisə yandırmaq üçün istifadə olunan alət olduğuna, “alışqanlıq” deyərkən hansısa yanıcı maddənin alışma dərəcəsi nəzərdə tutulduğuna məhəl qoymur, “tanış və yad sonsuz lüğət”ində əl-ayağına dolaşan “öyrəşmək” və “öyrəncəli” sözlərini götürməyib mətnin hər yerində “alışqan” sözünü işlədir. Bundan başqa, akademik öz romanı ilə Türkiyə-Azərbaycan qardaşlığına da xüsusi, belə demək mümkünsə, subliminal tövhə verməyə çalışır. Belə ki, “ən azından”, “kuzen”, “laübali”, “cami”, “tanır-tanımaz”, “suç üstü yaxalamaq”, “dərsə gec qalmaq”, “mışıl-mışıl yatmaq” kimi ifadələrin, loru dildə desək, biri bir qəpikdəndir. Üstəgəl, şəkilçisiz xəbərlər (“bunu danmaq imkansız” kimi) və düzgün qoyulmamış xəbər şəkilçiləri (“deyilmiydi” kimi – “deyildimi” olmalıdır) də bunu deməyə imkan verir ki, akademik gələcəyə yönəlik strateji addım atır və demək olar ki, eyni olan bu iki dil arasında körpülərin möhkəmlənməsini arzulayır. Təbii ki, bununla yanaşı akademik digər qonşularımızı da unutmur və mətndə çoxlu sayda “kurtka”, “papka”, “toktan çıxarmaq”, “aeroport”, “podnos”, “motor”, “balkon”, “paraliç” kimi, dilimizdə olmayan söz və söz birləşmələri də işlədir. Akademik tez-tez adını çəkdiyi “tanış və yad sozluz lüğət”inə müraciət edərkən dilimizi zənginləşdirmə ehtimalı olan, daha doğma görünəcək sözlərin üzərində düşünməyə vaxt itirmir. “Şəbəkə” restoranın süfrəçisi heç vaxt xörək paylamasa da, gay “xörəkpaylayan” olur, gah “çayçı”. Jurnalistlər gah intervügötürən olur, gah qəzetçi. “Allah” sözü də mətndə allahlıq edir, özü istəyəndə böyüklə yazılır, istəyəndə balaca ilə. Allah demişkən, müəllif səhifə 141-də yazır ki, “Haman gecə kişi rəhmətə getdi”. Söhbət baş qəhrəman Vaqifin atasından gedir. Başa düşmədim, müəllif “öldü”, yaxud ən uzağı “vəfat etdi” əvəzinə niyə “rəhmətə getdi” deyir? Baş qəhrəmanın atasına ölümü qıymır, ya nədir?..
…və bütün bunlar, əlbəttə ki, müəllifin təhkiyəsindədir, dialoqlarda deyil.
Dialoqlar demişkən, akademikin nümunəvi postmodernizmi dialoqlarda da özünü göstərir. Kitabın müəllifi ilə obrazlar tamamilə eyni tonda, eyni ləhcədə danışır və müəyyən (dar) çərçivədə istifadə olunan sözlər eyni cürə yanlış işlədir: müəllif də narahatlıq əvəzinə “narahatçılıq” deyir, obrazlar da; müəllif də nigaranlıq əvəzinə “nigarançılıq” deyir, obrazlar da; müəllif də yorğunluq əvəzinə “yorğunçuluq” deyir, obrazlar da; müəllif də müsahibə əvəzinə “intervü” deyir, obrazlar da və s. Bu da, şübhəsiz, dərs çıxarılası, ibratəmiz bədii “yenilikdir”.
Əsərdə “hamam” əvəzinə “vanna otağı” ifadəsi işlədilir. Biz avropalılara çimməyi öyrətməyimizlə qürrələnən adamlarıq, “hamam bizimkidir, Avropaya hamam bizdən gedib” deyirik, bunun üstünə hamam əvəzinə fransız dilindəki “salle de bain” sözünün birbaşa hərfi tərcüməsi olan “vanna otağı”nı işlətmək müəllifin “hamam bizimdir” kimi banal söz-söhbətə son qoyma cəhdidir, məncə. “Əla” alınıb. Bir şeyi dəqiq başa düşmədim, hamam səhnələrində belə cümlələr var: “…yalançı gümrahlıqla alt tuman-köynəkdə əlini, ayağını ata-ata gedib vanna otağına girdi”, yaxud “Vaqif alt tuman köynəkdə (bəli, əvvəlki cümlədə tuman-köynək defislə yazılsa da, burada ayrıdır, yəqin, müəllif bununla mədəni formada bildirmək istəyir ki, tuman obrazın əynində bir az aşağı sürüşüb, köynəkdən ayrılıb) vanna otağından sivişib çıxdı”. Bu cümlələrdə “alt” sözünü anlamadım. Bilmirəm, tumanı üstdən geyninən qalıbmı ki?.. Superman?..
Akademikin obrazı – Vaqif “Kitabi-Dədə Qorqud”u analiz edərkən hətta orada yazılmamış şeylərdən belə nəticələr çıxarır, bu çox gözəl alınıb, həqiqətən! Mən də akademikin “Laokoon… Laokoon…” əsərində yazmadıqlarından belə nəticə çıxardım ki, o, metrodan istifadə etmir, etsəydi, “İçərişəhər” sözünün bitişik yazıldığını bilərdi.
Bəzi yerlərdə akademikin çox “müasir”, heç yerdə “görülməmiş” postmodern təsvirləri də var, məsələn, səhifə 125-də sonuncu abzas belədir: “Ən pozulmuş saatlar belə gün ərzində bir dəfə doğru zamanı göstərdikləri kimi Vaqiflə Firəngiz də bu gün ərzində ilk dəfə bir-birini doğru-düzgün anladılar”. Düzünü desəm, “ən pozulmuş saat” bilmirəm, nədir. Əvvəl düşündüm ki, müəllif xarab olmuş, dayanmış saatları nəzərdə tutur, ancaq sonra yanıldığımı anladım, çünki dayanmış saat gün ərzində burada göstərildiyi kimi bir dəfə yox, iki dəfə düz göstərir. Yəqin, o elə məhz pozulmuş saatdır ki, gün ərzində cəmi bir dəfə düz göstərir. Bütün hallarda bu cümlələr türk qardaşlarımızın “kamyon arkası yazısı” dediyi və hər yerdə köçürülən “bozuk saatler bile günde iki kez doğruyu gösterir” ifadəsinə, heç cürə “oxşamır”.
Bundan başqa, 86-cı səhifədə belə bir cümlə var: “O, həmişə saniyələrin, dəqiqələrin necə ağır-ağır keçməsinə məəttəl qalırdı. Günlər, aylar sürətli idi, saniyələr və dəqiqələr isə ağır-ağır gəlib saatlara dönürdü”. Akademikin 2021-ci ildə nəşr olunan kitabındakı bu cümlələri də mənə Teomanın 2000-ci ildə oxuduğu “Paramparça” mahnısındakı
“…Nasıl oluyor, vakit bir türlü geçmezken
Yıllar, hayatlar geçiyor…”
sözlərini qətiyyən “xatırlatmadı”.
Öz aramızdır, sizcə, bu fikri kim daha yaxşı ifadə edib, xalq yazıçısı Kamal Abdulla, yoxsa müğənni Teoman?
Dəqiq hiss edirəm, hətta az qala eşidirəm ki, “o boyda kitab oxumusan, gördüyün ancaq nöqtə-vergül olub” deyirsiniz, başa düşürəm, haqlısınız. Lakin kitabda danışılası, təqribən, heç nə yoxdur. Çox bəsit sujet xətti, romanın bətninə dəxli olmayan bir neçə ofis səhnəsi, Vaqifin tərifi, onun nə qədər yardımsevər, intellektual, ağıllı, dünyagörmüş, mədəni, uzaqgörən olduğunun dəfələrlə təkrarı və digərlərinin onun yanında bütün bu cəhətlərdə nə qədər geridə qaldığının ifadəsi, üstəgəl, çoxlu sözlə yüklənmiş zəif dialoqlar. Bir məşhur lətifə var ey: “…Qız deyil, oğlan, Əzrayıl deyil, Cəbrayıl, keçi deyil, qoç… Mən bunun harasını düzəldim?…”
Bəlkə də, “bu kitab “Yarımçıq əlyazma”nın davamıdır, sən ona görə başa düşməmisən” deyə düşünə bilərsiniz, ancaq bunun dəxli yoxdur axı. “Laokoon… Laokoon…” ayrıca kitabdır, səkkiz manata satılır, “Köhlən” nəşriyyatında çap olunub. Özünün sərbəst mövzusu və ondan da vacibi, özünün sualı olmalı idi. Çap demişkən, kitabın çapa aid cəhətləri mükəmməldir. Heç bir irad tapa bilmədim. İstər keyfiyyət baxımından, istər tərtibat baxımından deyə bilərəm ki, “Köhlən” nəşriyyatı əla iş qoyub ortaya… Əslində, bu əla işlər, kitabın texniki cəhətləri nəşriyyatın yox, mətbəənin işləridir. “Köhlən” nəşriyyatı, mənə elə gəldi ki, mətnə ümumiyyətlə, müdaxilə etməyib…
Bunu da deməsəm, vicdansızlıq olar: əsərdə “Kitabi-Dədə Qorqud”un motivləri ilə müasir zamanda baş verən hadisələrin bir-birinə sintezi çox yüksək səviyyədə işlənib, bundan başqa, müəllifin obrazı Kitabda yazılmasa belə, digər əlamətlərdən Basatı sevə biləcək qızları tapmağa çalışır, Banuçiçək və Kafir qızı arasında “yaşana” biləcək qısqanclıq məsələlərini anlamağa cəhd edir. Oğuz elində olduğu bildirilən, ancaq adı Kitabda birbaşa verilməyən “cəsus”la Troya atının şəhərə girməsinə etiraz edən rahib Laokoon arasındakı əlaqələr, bənzərliklər üstündə müzakirələr aparır və s. Bu hissələr o qədər özünəməxsus və gözəldir ki, həqiqətən, oxuduqca zövq alır, mətnin digər hissələrinin varlığına heyfslənirsən. “Kaş yaxşı redaktə ilə lazımsız hissələr çıxarılaydı”, düşünürdüm. Təəssüf ki, belə zövqlü, ləzzətli hissələr çox azdır.
Sonda bu mətni oxuyanlardan bir xahişim var: sözümü akademikə çatdırın, qoy bilsin ki, onun romanını korrektə və redaktə etmirlər. Əgər bunu özü istəmirsə, mətninə toxunmağa icazə vermirsə, onda kitabda redaktor və korrektor olaraq öz adı yazılsın. Əks təqdirdə, bütün bu problemlərin günahını Cavid Zeynallının və Gülər Uğurun adına yapışdırırıq. Nəyə görə mən üzərində heç bir təsiri olmadığı kitab barədə Cavid Zeynallını zəif redaktor, Gülər Uğuru bacarıqsız korrektor kimi tanımalıyam? Bir halda ki, onlara mətnə müdaxilə etməyə icazə verilmir, onda bütün məsuliyyət müəllifin üstündə qalır. Redaktor müdaxiləsi ilə, heç olmasa, “saat 10-da” əvəzinə “saat onda”, “narahatçılıq” əvəzinə “narahatlıq” yazıla bilərdi axı…
Bir məsələ var ki, oxucunu ilk otuz səhifədə altmış dörd qrammatik xəta qarşılayırsa, dəqiq aydın olur ki, mətn üzərində yaxşı iş görülməyib, qayğı göstərilməyib, düzəlişlər olunmayıb, təkrar baxılmayıb, bir sözlə, mətn tam “bişirilməmiş”, “çiy” formada çap olunub, satışa çıxarılıb. Bu da oxucunu təhqir etməkdir!
Mən isə akademiki sadəcə “təriflədim”.