Sim-sim.az xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon” romanı ətrafında başlayan müzakirənin növbəti yazısını təqdim edir.
Aristotel “Topiklər” (əsli – Τοπικά) kitabında o dövrün məşhur mübahisəkarları olan sofistiklərin mübahisə sənətindən bəhs etmiş və onların yanlış arqumentasiya metodlarını izah edib ortaya qoymuşdur. Sonralar Artur Şopenhauer də bu məsələyə özünün “Müqayisə sənəti…” kitabında yer vermişdir. Buradakı “sənət” sözü bizi çaşdırmasın, bu söz də “süni” sözündən gəlir və birbaşa “uydurmaq”la əlaqədardır. Bu gün də bu ifadə və bu tip yanlış arqumentləmə üsulları (çox təəssüf ki) qalmaqdadır. “Sofistika” sözü sophisticus (əsli – σοφιστιϰός) sözündən gəlir və indilərdə səfsətə kimi işlənir. Bu söz (yəni “səfsətə”) qurluşca bizə fərli bir şey olmayacağı barədə müəyyən enerji ötürsə də, dilimizə yad olduğu üçün məzmunca özünü tam ifadə etmir. Qabaqlar buna qiyas-i batil (xarab müqayisə) deyərdilər. Buradan yola çıxsaq, öz dilimizdə bunu “yanlış üzləşdirmə (tutuşdurma)” kimi tərcümə edib üzərində işləmək olar, bəlkə də, bir az da baş sındırıb dilimizə yeni söz qazandıra bilərik. Belədir, dili köməyə möhtac görəndə özümdən asılı olmur, başlayıram yardım əlimi uzatmağa. Əslində, bunu mən eləməməliyəm, ancaq elə ki, dilçi alim kitabında “başını yerə dikdi” yazır (“Laokoon… Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi”, “Köhlən” nəşriyyatı, 2021-ci il, birinci nəşr, səhifə 77), baxıram, baş yerə dikilən şey deyil, normal adam başını dik tutur, yerə dikmir, göz isə (hər) yerə dikilə bilər, sonra kitabın başqa bir yerində “işarə” barmağı (səhifə 165) gözümə girir, öz-özümə deyirəm ki, bədənimizdə “işarə barmağı” adında orqan yoxdur, “şəhadət” barmağı var, sonra bir yerdə “nyuans” olan söz (səhifə 83) başqa yerdə “nüans” kimi çıxır qabağıma (səhifə 117), başa düşürəm ki, akademik bu sözün necə yazılmalı olduğuna qərar verə bilmir (yaxud işi redaktora həvalə edir, o isə akademikin qorxusundan mətni oxumur belə, oxusaydı, heç olmasa, tumanla köynək arasına bir balaca defis qoyardı), mən də bunları kitabdakı səhifəsinə qədər ünvan verməklə yazıram ki, növbəti nəşrlərdə düzəlsin, oxucu qabağına daha ləyaqətli (ləyağ, layiqli) mətn gəlsin, bunun üstündən digər dilçi alim də mən bunları göstərdiyimə görə kitabı-zadı qoyub kənara mətnimdən misallar gətirərək məni nifrət püskürməkdə ittiham edir, onda başa düşürəm ki, dilçi alimlərimiz “məşğuldur”, qalıram tək, yazıq canım, həkim adamam, ancaq oturub dilimizə yeni sözlər tapıram.
Şəhadət barmağı demişkən, son vaxtlar dəb düşüb, gənc yazarlar (yazıçılar yox, məhz gənc yazarlar) da bu yazığı “işarət” barmağı kimi yazır. Başa düşürəm, türk seriaları korlayır dilimizi… Onları çox da qınamıram. Ancaq kitabın müəllifi xalq yazıçısı, akademik, dilçi alim olanda vəziyyət dəyişir axı. Kimlərsə “şəhadət” sözünü ərəbcə bilib “işarət” işlədir və yağışdan çıxıb yağmura düşür. Deyirəm, akademik bu barmağı “dürt” olaraq yazsaydı, ürəyimdən tikan çıxardı, düşünərdim ki, “İlahi, estetikaya, zövqə, ləzzətə bax, barmağın adını Dədə Qorqudun vaxtında olduğu kimi yazıb”. Necə möhtəşəm olardı… Əriyib gedərdim… “Uyqu” gözəl idi, məsələn. “Gecən xeyrə, Buğacım…” adamın ürəyinə yağ kimi yayılır. Ancaq “işarət” barmaq… Nə bilim, vallah… Dili sevən adamın ağzı büzülür… Türk seriallarına söymək istəyirsən… Heyf…
Bu kitab, lap elə kitabın yazılma anından başlayaraq, söz haqqında olduğuna görə, mən sözlərə xüsusi diqqət etməyə çalışıram. Səfsətə (yanlış arqumentləmə, yanlış üzləşdirmə, tutuşdurma və s.) sözünü, şübhəsiz, boş yerə demədim. Çünki Mehman bəy Qaraxanoğlu mənim mətnimdə olmayan nifrəti, nə bilim, rişxəndi guya aşkara çıxardığı yazısında birbaşa olaraq səfsətəyə əl atır. Elə ən məşhuruna – “argumentum ad hominem“ə, yəni fikrə yox, fikri bildirən adama hücum edir. Nə bilim, dağlar mənim nifrətimi azaltmayıb və s. Halbuki nə nifrət e, mənim o kitabda olan qüsurları görməyim əsəri diqqətlə oxumağımdan, sözə olan eşqimdən, sizin oxucularınıza sizin qoymadığınız hörmətimdən qaynaqlanır. Bəlkə, deyərsiniz ki, “ədəbsizə bax, mən oxucularıma haçan hörmət qoymadım?” Sizə cavab yazınızdakı Umberto Eko ilə bağlı cümlənizi təəssüflə xatırladıram və bunun da, çox pis ki, növbəti səfsətə (argumentum ad verecundiam – daha yüksək avtoritetin məsələ ilə əlaqədar olmayan fikrinə əsaslanmaq) olduğunu bildirmək istəyirəm. Çünki əvvəla, Umberto Eko sizin “Yarımçıq əlyazma” kitabınız barədə fikir bildirib, biz isə “Laokoon… Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” kitabından danışırıq, ikincisi, adıgedən yazıçının sizin birinci əsərinizi bəyənməsi, sizin növbəti kitabınızın da yaxşı olduğuna qətiyyən dəlalət eləmir. Bu, sadəcə olaraq, “Yarımçıq əlyazma” əsərinizin bu adama cəlbedici gəldiyini göstərir və bizə sizin digər kitablarınız barədə heç bir informasiya vermir (“Yarımçıq əlyazma” romanı cəlbedicidir, amma onu çimərlikdə oxumaq olmaz” – Umberto Eko). Axı bunu dilçi alimlərə mən izah etməməli idim…
Hömrətli akademik, Mehman bəy mənə, siz demişkən, “fb-də” gedən rəyləşmələrdə yazır ki, “Sən bizi açıq polemikaya dəvət etmisən”. Halbuki mən Mehman bəyi heç vaxt heç yerə və heç nəyə dəvət etməmişəm. Burada “bizi” deyərkən kimləri nəzərdə tutur? Romanı birlikdəmi yazmısınız? Başqa bir rəydə qeyd edir ki, “Buyurun, mənim mətnimi darmadağın edin.” Düzü, bu qəribə arzudur, ancaq mən buna getməyəcəyəm. Əgər Mehman bəy öz yazısında sizin kitabınıza, heç olmasa, bir hərflik müraciət etsəydi, bu olardı müzakirə, mən də nəsə yazardım. Ancaq təəssüf ki, Mehman bəy sadəcə mənim cümlələrimdən sitat gətirərək sizi (yaxud əsəri) müdafiə etməyə çalışıb…
Qərəz, mənim sizin kitabınız barədə yazdığım məqalə bəradə yazılan məqalə barədə məqalə yazmaq fikrim yoxdur.
Bir şeyi vurğulamaq istəyirəm ki, mən yazımda “romanın əsas məzmunu Vaqiflə Firəngizin sevgi hekayətindən ibarətdir” yazmışdım və Mehmən bəy Qaraxanoğlu bunu mənə irad tutmuşdu ki, guya mən əsəri anlamamışam və bu roman söz haqqındadır, halbuki mən onu öz fikrim olaraq yazmamışdım, bu cümlə xalq şairi Ramiz Rövşənin yazdığı önsözdəndir, mən şairə istinad edib onun cümləsini köçürmüşdüm. Buyurun, romanı anlamamaq barədə iradınızı Ramiz Rövşənə bildirin.
Bir də Mehman bəy mənim kitab haqqında yazıların yazılmadığı barədə şikayətimə cavab olaraq, bir çox yazıçı və fikir adamının roman barədə “Ədəbiyyat qəzeti”ndə paylaşılan rəylərini göndərdi. Mən açıb-ağartmadım, dedim, haqlısınız, ancaq əslində, o yazılar mənim fikrimi yalanlamır. Çünki onlar kitabı gedib mağazadan alan müstəqil oxucu-rəyçi fikri deyil, kitab çap olunmamışdan qabaq mətnə əli çatan, sizinlə birbaşa münasibəti olan adamların çapdan qabaq yazdıqlarıdır və əksəriyyəti də kitabın önsözünə salınıb. Yenə min şükür, yoxa lənət, ancaq çox arzu edərdim ki, çağdaş və yerli ədəbiyyatımıza həssas yanaşan həmin rəy sahibləri, heç olmasa, arada-bir başqa kitablara da nəzər salsın. Tənqidçilərlə birbaşa münasibəti olmayan adamların kitabına da belə yazılar həsr edilsin. Arzum var, ümidim yox…
Sizin cavab yazınızdakı “bəyənən tərifləsin, bəyənməyən unutsun” səfsətənizə isə ümumiyyətlə münasibət bildirmək istəmirəm. Mən dəqiq bilirəm ki, siz sözə vurğun adam kimi bu cümləni dərin tərəddüdlə yazmısınız, bu fikrə özünüz də inanmırsınız. Elə sizin yazınızda adlarını çəkdiyiniz gənclər (məsələn, Çinarə Əhmədova) tamamilə heç bir umacağı olmadan kitabları oxuyub haqqında nəinki fikir bildirir, hətta əziyyətə qatlaşıb mütəmadi videolar çəkir. Bəyəndiyi, bəyənmədiyi cəhətlərdən danışır, obyektiv, subyektiv münasibət bildirir. Bu təşəbbüs, heç olmasa, heç olmasa, çap olunan kitab barədə müzakirə mühiti yaradır, oxucu və yazıçılar arasında körpü rolu oynayır və s. Bunun nəyi pisdir ki? Yalnız tərifləyəcəyimiz (adamların yazdığı) kitablar barədə danışmaq, çox yumşaq desək, heç təbii proses deyil.
Dəyərli akademik, mənim sizin kitabınıza həssas münasibətim sizə, yaxud kitabınıza olan qərəzimdən, kinimdən, nifrətimdən irəli gəlmir, bu anlayışlar mənə kökündən yaddır, hər zaman da yad olub. Mənim münasibətim yalnız və yalnız ana dilinə olan məhəbbətdən qaynaqlanır. Bunu məni tanıyan hər kəs bilir, bu yazını oxuyanlar arasında məni tanıyanlar varsa, dəqiq bilirəm ki, yazının bu yerində, heç olmasa, ürəklərində “düz deyir” deyəcəklər. Siz də məni tanıyanda bundan əmin olacaqsınız. Mənim sizin kitabınıza qarşı tələbkarlığım həm də onu göstərir ki, mən sizin kitabınızı digərlərindən – bütün hərflərinizi, hətta hərf səhvlərinizi, qoyulmuş-qoyulmamış vergüllərinizi belə tərifləyən adamlardan daha diqqətlə, daha içdən, daha yaxından oxumuşam. Siz də öz yazınızda deyirsiniz ki, Vüsal Aydın “o qədər anlayıb”. Təəssüf… Axı mən öz yazımda bunu vurğulamışam ki, sizin Kitabda (bilməyənlər üçün – “Kitabi-Dədə Qorqud”da) apardığınız araşdırmalar, yazılmış-yazılmamış səhnələrdən nəticələr çıxarma istəyiniz (mənim üçün) hədsiz zövqlüdür. Sonra da bunların azlığından fəryad etmişəm. Firəngizlə Vaqifin Kitab üzərində “baş sındırması”nın bir adamın – bir yazıçının öz içindəki əks qütblərinin, eyniliyin ayrı baxışlarının, insanın özü ilə barışmazlıqdan keçib sonda uzlaşmaya varması və bu uzlaşmanın, “bir”ləşmənin, təkcənəliyin, harmoniyanın ulduzların düzümünü müəyyən eləməsinin təmsili olduğu gözümdən qaçıbmı, sanırsınız?.. Axı mən bunları niyə yazım? Axı niyə hər kəs sizin romanınız barədə danışanda oradakı “kod”larınızı açmağa, daha doğrusu, yazdıqlarınızda kodların olduğunu sübut eləməyə çalışır? Siz xalq yazıçısı deyilsinizmi? Heç yazdıqlarınız kodsuz-zadsız söz yığını ola bilərmi? Axı bu təəccüblü olmamalıdır. Təəccüblü olan məhz elə yüksək notlarda yazılmış, yüksək zövqə xitab edən kitabda hərf, nöqtə-vergül, qrammatik və texniki xətalardan tərpənməyin çətin olmağı deyilmi?
Bəli, böyük əsərlərin məhz elə texniki xətaları tənqid olunmalıdır!
Nəyə görə mən “Kitabi-Dədə Qorqud”u araşdırıb roman yazmağa çalışan, özü də “həyatda hər şeyi gözəl anlayan, başa düşən” vəzifə adamı, ən azı otuz altı yaşı olan yazıçının (Vaqifin) “əhvalatlar”ını oxuyarkən onun yanında işləyən “axmaq”ların “nadürüstlüyü” ilə girinc olmalıyam? Nəyə görə belə bir yazıçı “aeroportun” yanından keçərkən təzə maşınının xoruldayan “motor”u ilə yeniyetmə tin uşaqları kimi qürrələnməlidir? Nəyə görə (yeddi, səkkiz) Firəngizin öz əli ilə arxa oturacağa qoyduğu bənövşəyi şərfi birazdan dizinin üstündə olmalıdır? Nəyə görə “ən pozulmuş saatlar” gün ərzində iki dəfə yox, bir dəfə düz göstərməlidir? Nəyə görə obrazın atası “ölmür”, “rəhmətə gedir?” Adam “yox bir, konsertə gedir” demək istəyir. Nəyə görə siz “tanış və yad sonsuz lüğət”ə baş çəkərkən “öyrəncəli” kimi təmiz azərbaycanca olan sözün üstündən keçib, əslində nəzərdə tutulan mənanı ifadə etməyən “alışqan” ifadəsini götürürsünüz? Bunlar düzəldilə bilərdi axı…
… və ən əsası, mən bunları özümə görə azca yumor qataraq yazdım deyə iki dilçi alim nəyə görə məsələni bədii müstəvidən tamam-kamal uzaqlaşdıraraq məni tənələməlidir?
Bütün bunları nəzərə alaraq, nə sizin, nə də Mehman bəy Qaraxanoğlunun yazdığı yazını mənim məqaləmə cavab saymıram. Xahiş edirəm, yeganə istinad yeri olaraq sizin romanınızdan istifadə edib yazdığım yazıya, nəhayət ki, bir cavab yazılacaqsa, səfsətələrlə, şər-böhtanla deyil, elə həmin istinad yerindən düzgün arqumentlər göstərilməklə yazılsın.
Siz demişkən, “nə isə…”
Sonda dəvətinizə görə təşəkkür edirəm, Akademik. Böyük məmnuniyyətlə dəvətinizi qəbul edirəm. Bakıya gələndə mütləq görüşərik. Mehman bəylə də məni barışdırmağa ehtiyac olmayacaq, mən heç kimdən (hələ bu günəcən heç vaxt) küsüb inciməmişəm. Hamıya hörmətim var, çox şükür.
Sizdən cəmi bir xahişim olacaq: o görüşdə ana dilimizə yad dildən gəlmiş “nifrət”, “kin”, “qəzəb” və “ədavət”dən danışmayaq, öz doğma sözlərimiz olan “söz”, “sevgi”, “yaradıcılıq” və “ƏsƏr”dən danışaq.