Sim-sim.az ABŞ yazıçısı Cerom Devid Selincerin qızı Marqaret Selincerin “Xəyallarda uçurumdan qoruyan: Atam C. D. Selincer” kitabından parçaları təqdim edir.
(ixtisarla)
Uşaqlığım uydurmalarla dolu idi: meşədə yaşayan ruhlar, pərilər, təxəyyül məhsulu olan dostlar, Günəşdən şərqə və Aydan qərbə doğru uzanan torpaqlardan bəhs edən kitablar. Atam insanlar və heyvanlar barədə cürbəcür əhvalatlar uydururdu. Bu hekayətlərin sayəsində gündüzü axşam eləyirdik. İllər sonra oxuyub bildim ki, atamın qəhrəmanı Holden Kolfild də nə zamansa belə bir yerdə – meşənin kənarında, bir daxmada yaşayıb, orada oğul-uşaq sahibi olmağı arzulayırmış (“Biz onları hamıdan gizlədəcəyik”). Arvadıyla birgə övladlarına çoxlu kitab alacaq və onlara oxuyub-yazmağı öyrədəcəkmiş.
Əslində, bu, şirin yuxu ilə kabus arasındakı dünya idi. Bu aləm sanki zərif, şəffaf hörümçək torundan asılmışdı. Toru valideynlərim elə havadaca, hər hansı dirəyin köməyi olmadan toxumuşdular: uçurumun üzərindən asılan dünyada heç kəs kimisə qorumaq barədə düşünmürdü. Valideynlərim əsrarəngiz yuxular görürdülər, amma onları göydən yerə çəkib, real həyata endirməyi, uyğunlaşdırmağı bacarmırdılar. Məni dünyaya gətirəndə anam özü hələ uşaq idi. Sonra o, uzun illər ömrünü xülyalarda keçirdi və beləcə, ledi Maqbet kimi yuxulu-yuxulu dolaşmağa başladı. Yazıçı atam isə xəyallara o qədər qapılmışdı ki, ayaqqabısının bağını belə təkbaşına bağlaya bilmirdi. Əlbəttə, belə bir şəraitdə qızını büdrəyib yıxılmaq təhlükəsindən xəbərdar eləməkdən söhbət gedə bilməzdi.
Təxəyyül, başqa dünyalar, ayrı gerçəkliklər atam üçün canlılar, bitkilər və heyvanların real aləmindən daha üstün idi. Xatırlayıram ki, bir dəfə onunla birgə qonaq otağımızın pəncərəsindən açılan gözəl mənzərəyə – çölə, meşəyə, üfüqdə ləkə formasında görünən fermalara və dağlara tamaşa eləyirdik. O, sanki lövhədən yazıları silirmiş kimi, əlini havada yelləyərək dedi: “Bütün bunlar görüntüdür, illüziyadır. Təəccüblüdür, deyilmi?” Сavab vermədim, çünki üstündə durduğum torpağa ayağımı möhkəm basmaq üçün uzun müddət mübarizə aparmışdım və bircə əl hərəkətinin onu laxlada biləcəyi ehtimalı mənə heç də təəccüblü görünmədi. Başgicəllənməsi, dağıntı, fəlakət – mənim ağlıma gələn sözlər bunlar idi; burada təəccüb doğurası nə vardı ki? “Alt-üst olmuş meşə”nin qaranlıq tərəflərini məhz həmin kəlmələr ifadə edə bilərdi…
***
İlk dəfə yazıçının mənzilində qonaq olan qız təəccübdən quruyub qalmışdı. Anam danışır ki, həmin yarımzirzəmi mənzil sualtı səltənəti xatırladırdı: “Orada hər şey ağ və qara rənglərdə idi. Mən sarsıntı içərisindəydim, canımı qorxu almışdı, gözlərimi bərəldərək yatağın üstündəki qara mələfələrə baxırdım. Onlar mənə pozğunluğun, ədəbsizliyin zirvəsi kimi görünürdü. Amma indi düşünürəm ki, bütün bunlar – qara mələfələr, qara kitab rəfləri, qara qəhvə masası və sair o zaman Cerrinin yaşadığı depressiyanın əlamətləriydi”.
Bəlkə də, Kler gecəni bu qara mələfələrin üzərində keçirmək istərdi, amma o zaman hələ atamla sevgili deyildilər. Cerri həmin vaxt Vedanta mərkəzi ilə sıx bağlı idi, orada Vivekananda təlimi keçirdi və anamın sözlərinə görə, o da qəhrəmanı Teddi kimi düşünürdü ki, qadınla yaxınlıq adamı kamilliyə gedən yoldan sapındırır.
***
Klerin hamiləliyi hiss olunanda atamın ona marağı “nifrətlə” əvəzlənib. Məryəm istisna olunmaqla hər bir qadının hamiləliyində elə bir mərhələ olur ki, bakirəlik illüziyasını saxlamaq mümkünsüzləşir. Kler də bu təmizliyini itiribmiş – atamın fikrincə, onun istənilən hərəkətinin motivi şübhə doğururmuş.
Anam danışır ki, evlənməzdən əvvəl Cerrinin dostları ilə görüşürdülər, onlarla tez-tez Nyu-Yorka və ya Bostona gedirdilər; amma evlilikdən sonra Kler insanlardan, ətraf aləmdən o qədər təcrid olundu ki, qadın özünü, az qala, əsir zənn eləyirdi. Hamiləliyinin dördüncü ayından etibarən o, ümumiyyətlə, heç kəslə görüşməyirmiş.
Bir məqamı da dəqiqləşdirim: Kornişdə heç kəsi görməmək təkcə qonaq qəbul eləməmək anlamına gəlmir; bu o deməkdir ki, bəlkə də, həftədə iki dəfə zibilimizi yığıb aparan Aleks Uaytdan, ya evdən bir az aralıdakı yolayrıcında məktubları poçt yeşiyinə atan və yalnız atama hansısa kağızı imzalatmaq üçün qapımızı döyən mister Makkoulidən başqa kimsə gözə dəymir.
Anam evimizə telefon çəkildiyi vaxtı da dəqiq xatırlamır – axı kimə zəng edəcəkdi? O, hamı ilə bütün körpüləri yandırmışdı – atam belə istəyirdi. Cerri tələb edirdi ki, Redkliffdə keçən tələbəlik həyatından qalan hər nə varsa, Kler bu evə gətirməsin. Anam kollecdə oxuyarkən yazdığı hekayə və dram fraqmentləri də daxil olmaqla bütün kağızlarını yandırmışdı. Məktəbdəki rəfiqələri və ailəsi ilə münasibətləri kəsməyə gəlincə, bunları mənə danışmağa ehtiyac da yox idi: mən özüm şahid idim ki, anamın tapdığı dostları və onun öz ailəsiylə yaxınlaşmaq cəhdlərini atam necə ələ salırdı. Ailə üzvlərini ziyarət eləmək, əlbəttə, yaxşı şeydir; amma ana nənəmi görməyə getməyimiz daim mübahisə predmeti olurdu. Hətta mən – körpə uşaq belə – bir sualın cavabını dərhal verməli idim: atamın hörmətə layiq hesab eləmədiyi adamdan necə hədiyyə almaq və ya onun istirahətlə bağlı təkliflərini necə qəbul etmək olar? O, hələ də gənc arvadı Kolinə ailəsi ilə əlaqə saxladığına görə əziyyət verir, sanki doğmaları ilə görüşmək ayıb sayılan zəiflik və ya naqislik əlamətidir. “Hər şeyi kənara at və mən deyəni elə”.
Kornişdə faktiki olaraq əsirlik həyatı yaşayan Kler heç atamı da tez-tez görə bilmirdi. Anam danışır ki, Cerri kitabları nəşr olunan zaman hələ öz iş qrafikini işləyib hazırlamamışdı. Mən bu qrafiki yaxşı xatırlayıram: o, səhər erkəndən oyanır, günortaya qədər işləyir, poçt dalınca Vindzora gedir, evə qayıdıb, məktubları cavablandırardı. O, məktubları “lənətə gəlmiş zir-zibil” adlandırırdı. Beləcə, gündəlik işini başa çatdırandan sonra bağı belləmək, uşaqlar və itlərlə oynamaq, ya evdə hansısa işi görmək üçün vaxtı qalırdı. Əvvəllər isə 16 saatlıq iş onun üçün norma idi. O, bütün gecəni və hətta sonrakı günü də iş masası arxasında otura bilərdi.
***
Atamın fikirlərindəki radikal dəyişikliklər təşviş doğuran qanunauyğunluqlara tabe idi. O, hər hansı əsərin “qaralama versiyasını” başa çatdırandan sonra işləmək üçün bir neçə həftəliyə Nyu-Yorka, Monreala və ya Atlantik-Sitiyə gedirdi. Anam xatırlayır ki, bəzən Cerri bir ay itib-batırdı, o ya əsəri tam hazır vəziyyətə salaraq geri qayıdır, ya da onu tamamilə məhv edərək, özü ilə yeni bir “izm” gətirirdi: “Biz də bu “izm”in qaydalarına əməl etməyə məcbur olurduq”.
Hər dəfə əsər alınmayanda və ya kitabı çap olunmayanda bu hal təkrarlanırdı: zen-buddizm, 1950-ci ildən bugünədək də zaman-zaman təkrarlanan Vedanta induizmi; 1954–1955-ci illərdə kriya-yoqa; 1954-cü ildən mərhələlərlə qayıtdığı “xristianlıq elmi”; 1950-ci illərdə dianetika adlanan sayentologiya; Edqar Kaysın əsərləri ilə bağlı 1960-cı illərdən bugünədək davam edən düşüncələr, eyni zamanda homeopatiya və akupunktura; 1966-cı ildən anamla boşandıqları vaxtadək davam edən makrobiotika… Düşünürəm ki, bütün bunları Cerri yeni bir əsəri məhv etdiyi və ya korladığı faktını gizlətmək üçün eləyirdi. Bəzən o, əsərin keyfiyyətindən razı qalmır, bəzən də kitabın çap olunma perspektivi ona dözülməz gəlirdi.
Əvvəllər arabir görüşdüyü Leyla Hedli yazıçı ilə münasibətləri barədə belə deyirdi: “Fikrimcə, məni alçaltmaq onun xoşuna gəlirdi. Onda sadizmin hansısa əlaməti vardı. Cerri mənə “Alt-üst olan meşə” əsərindəki qəhrəmanı Reymond Fordu çox xatırladırdı… O, fiziki deyil, məhz zehni cazibəyə malik idi. Ağlının qüdrəti ilə adamı əsir edə bilərdi. Yaratdığı təhlükə ilə sənin ləyaqətini yox, məhz ağlını təhdid edirdi”.
***
Cerri evimizdən bir az aralıda, meşədə özünə daxma da tikməyə başladı. Sonra isə daim anamla məni bir neçə günlüyünə evdə tək qoyub, özünün sevimli komasında inzivaya çəkildi.
Mən hansısa bir möcüzə sayəsində – yəqin ki, anamın qatil olmadığının canlı sübutu kimi – həyatda qalmışam. Amma anam, həqiqətən də, öldürməyə çox yaxınmış. Tək məni yox. Elə özünü də…
Kler mənim bir yaşıma qədər olan zaman kəsiyini təfərrüatı ilə xatırlamır. Sanki hər şeyin üzərini qara pərdə örtüb. Atamın mənə münasibəti isə onun yaxşı yadındadır (mənim dörd ayım yeni tamam olubmuş, daim gülümsəyirəmmiş, atam da o vaxt Hendlərə belə deyirmiş: “Biz hər günün gəlişinə sevinirik”). Mən atamın ürəyində onun yerini tutmuşdum, Kler etiraf edir ki, qısqanclıqdan dəliyə dönürdü və sonrakı illərdə də hər şeyin acığını məndən çıxmaq üçün tez-tez cəza üsullarına əl atırdı…
Atam Hendlərə mənim daim xəstələnməyimdən gileylənirdi, deyirdi ki, bütün qışı heç kəsin üzünü görməyiblər, amma o, körpəni həkimə göstərmədiklərini heç dilinə də gətirmirdi. Cerri qəfildən “Xristianlıq elmi” ilə maraqlanmağa başlamışdı və bunun sayəsində biz təkcə dost-tanışdan deyil, həkimlərdən də qaçırdıq. Tamamilə təcrid olunmuşduq. Anam depressiya girdabına yuvarlananda mənim uzun müddət tamamilə tək qaldığımı heç kəs bilmir. Atam həmin vaxt öz komasında “Frenni”nin ardını – “Zui” əsərini yazırdı. Həmin novella belə bitir: əsəb böhranından yenicə özünə gələn Frenni divanda uzanır və tavana baxaraq gülümsəyir. Simor: “Bizim hamımızın elə İsa Məsihik” – deməklə ona şəfa verir.
Anam da meşənin kənarında yerləşən Qırmızı evdəki divanda uzanmışdı, amma o heç də tavana baxaraq gülümsəmirdi. Klerin əsəbləri daha çox pozulmuşdu, öz şəfası ilə onun köməyinə tələsən heç bir Simor da mövcud deyildi. 1957-ci ilin qışında – o vaxt mən 13 aylıqdım – anamın vəziyyəti bir qədər də pisləşir. O, “xəyallar ölkəsinin dəmir məntiqli sakini” kimi planlar qurmağa başlayır – məni öldürəcək, sonra da intihar edəcəkmiş.
Anam bir neçə həftədə bu iki qətlin bütün detallarını işləyib hazırlayır. “Nyu-Yorker” jurnalının təşkil etdiyi ziyafət yaxınlaşırmış. O zaman Cerri hələ bu dəvətdən imtina edə bilməzdi. Anam da onunla gedəcək və mehmanxana otağında ərinin gözü qarşısındaca beynini dağıdacaqdı. Amma hansısa sehrli qüvvə – mərhəmətli Tanrımı, ya qəfil oyanmış analıq hissləri işə qarışır. Atam qısa müddətə harasa ayrılan kimi anam məni də götürüb otaqdan qaçır…
Atalığı Kler üçün mənzil kirayələyir, həkim tapır, mənim üçün də dayə tuturlar. Anamın sözlərinə görə, dörd aydan sonra atam bizim arxamızca gəlib, qayıtması üçün onu dilə tutmasaydı, hər şey başqa cür olacaqdı…
Tam sağalmasa da, Kler bu dörd ay ərzində xeyli özünə gəlibmiş. O, artıq öz tələblərində israr edə bilirmiş. Evə, Cerrinin yanına müəyyən şərtlərlə qayıdacaqmış: mənim də, onun da dostlarımız olmalıdı; atam evə bitişik ayrıca usaq otağı tikməli, yaşıllıq salmalıdır və əlbəttə, müntəzəm müayinədən keçməyim, ehtiyac olarsa, müalicə almağım üçün məni həkimə aparmağa anama icazə verməlidir. Cerri razılaşıbmış…
Kler 1957-ci ilin yayında Kornişə geri qayıdanda yaşıllığın salınması və uşaq otağının hazırlanması üçün işlər başlanmışdı. Anam layihələşdirir, atamsa icra edirdi. Cerri yaxşı tövsiyyələr edən bənnaların dürüstlüyünə inanmırdı (O, tez-tez dürüstlüyü cahillik, sadəliyi isə qeyri-peşəkarlıqla səhv salırdı). Üstünlüyü anamın “zır kəndçi” adlandırdığı, tikinti işlərindən başı çıxmayan oğlanlara verirdi, düşünürdü ki, onlar hələ “korlanmayıblar”. Nəticədə bu “ustaların düzəltdikləri” dam qar əriyəndə axıdır, anam hər dəfə əziyyət çəkirdi. Bütün qış boyu uşaq otağına suyun damıb tökülməsi üçün vedrələr qoyulurdu. Tavan isə pas ləkəsi ilə örtülmüşdü, divarlar boyasız idi, otağı qızdırmaq mümkün olmurdu…
Anamın qoyduğu tələblərdən sonra kiçik bir qrup “icazəli siyahıya” düşdü – onlar bizim kandardan içəri ayaq basa bilərdilər. Xatırladığım qədəri ilə, bu adamlardan birincisi keşiş Con idi, kişilərdən yalnız ona evimizdə gecələmək hüququ verilmişdi. Bir də, missis Koksun (Arçibald Koksun1 anası) istədiyi vaxt qapımızı döyməyə ixtiyarı çatırdı.
Atam bayramları sevmirdi. Hətta bazar gününün gəlişi belə onu özündən çıxarırdı, çünki həmin gün poçt işləmir. Başdan-başa bayramlarla dolu olan yay da ona pis təsir göstərirdi. Cerri deyirdi ki, bu fəsil ona “dondurma yeyən kürən, çilli bir oğlanı xatırladır”. O oğlanı yada salmaq kifayət edir ki, adamın ürəyi bulana. Atamla yaşadığımız müddətdə o, bayramlarda yalnız missis Koksu ziyarət edirdi.
Hakim Hend və onun xanımı ilə də tez-tez görüşürdük. Onlar qışı Nyu-Yorkda keçirir, yayda Kornişə gəlirdilər. Həftədə bir dəfə onları görə bilirdik…
***
Anam evi yandıranda tüstünü ilk hiss edən mən oldum, dərhal qardaşımın otağına qaçıb onu oyatdım: “Meytu, qalx. Biz buradan çıxmalıyıq”. Bəlkə də, Kler bizi yanğından xəbərdar etmək üçün qışqırıbmış, düzü, xatırlamıram.
Ağlımın ucundan da keçmirdi ki, yanğın təsadüfən baş verə bilər, evi anamın yandırdığından tam əmindim. Bu qənaətə özüm gəlmişdim. İndi Kler mənim haqlı olmadığımı deyir. Bəlkə də. Amma onda onu ittiham eləyən olmadı, o da heç nəyi izah eləməyə tələsmirdi. Yalnız bir neçə gündən sonra mən gözlərimi bərəldərək atama anamın versiyasını çatdırdım: yanıq iyi gəlib, əvvəl buna fikir verməyib, elə bilib, sobada mənim oyuncaq fiqurlarım yanır…
Yanğınsöndürənlər müəyyən elədilər ki, yanğın dəhlizdəki şkafdan başlayıb: yataq mələfələri yığılmış çuval elektrik lampasına çox yaxın imiş. Bu, əlbəttə, anama imkan verir ki, yanğına hər hansı aidiyyəti olduğunu boynundan atsın, amma atam mənim fikrimlə razı idi. Alov anamın paltarlarının saxlandığı dəhlizdən başlamışdı. Atam ona görə Klerdən şübhələnirdi. Cerri deyirdi ki, anam yanğını qəsdən təşkil edib – o, qarderobunu yeniləməyə bəhanə axtarır. “Yeni cır-cındır üçün başqa cür pul qoparda bilməyəcəkdi axı”. Bu hadisə atamın əminliyini bir qədər də artırdı: qadın şöhrət üçün hər şeyə qadirdir…
Fəhlələr pis-yaxşı otaqları abıra salandan sonra atam mənimlə qardaşımı bizə sığınacaq vermiş qonşulardan alıb evə, uçurumun lap kənarına gətirdi. Sonra tənha komasına işləməyə getdi.
***
Adətən, atam filmləri Darmuq filmotekasından götürürdü. Biz ora tez-tez gedirdik, kitabxanaya baş çəkirdik. Amma görünür, filmotekada kimsə ağzından qaçırmışdı ki, C.D.Selincer bura gəlib hansı filmləri seçir. Bu söhbət qulağına çatandan sonra atam bir də ora ayaq basmadı. Məsələ onda deyildi ki, atam seçimlərindən utanır, qətiyyən! Sadəcə, həyatına hər hansı müdaxilə onu cinləndirir, özündən çıxarırdı.
Adamlarla görüşmək onu qorxudurdu. Atam tam gizli bir ab-havaya, anonim qalmağa üstünlük verirdi…
And içə bilərəm ki, evdə onun hansısa bir kitabı barədə də kəlmə kəsməzdik, naşirlərin göndərdikləri bütün nüsxələr də qutulara yığılaraq, gözdən-könüldən uzaqda – zirzəmidə gizlədilirdi…
Hətta yeddi yaşımda mən anlayırdım ki, bizim Floridada qaldığımız yer Nyu-Yorkdakı möhtəşəm mehmanxanalara bənzəmir. Mənim üçün əhəmiyyəti yox idi, sadəcə, onların fərqli olduğunu görürdüm. Düşünürdüm ki, dənizdən çox uzaqda, üzgüçülük hovuzunun ətrafında L hərfi formasında tikilmiş 10 nömrədən ibarət birmərtəbəli mehmanxanada qalmaq “məxfi səyahət” adlı oyunun, özü də çox ciddi oyunun bir hissəsidir. 1961-ci ildə Cerrinin fotoşəkli “Tayms”ın üz qabığında görünəndə hətta gözdən-könüldən uzaqda olan Kornişədək xəbər yayıldı ki, atam məşhurlaşır. Hər səfərdən öncə valideynlərim mənə özümü yad adamlara münasibətdə necə aparmalı olduğum barədə öyüd-nəsihət verirdilər: yad maşına minmək olmaz, heç kəsdən şokolad götürməməliyəm və sair.
Floridaya biz saxta adlarla gedirdik. Mən özümə Ennabel adını seçmişdim, bu mənim ikinci adıma – Ennə bənzəyirdi, sadəcə, daha qəşəng səslənirdi. Qardaşım belə səfərlərdə Robertə “çevrilirdi”: əslində, bu da onun ikinci adı idi və Metyunun bu adı unutmayacağına ümidimiz olmurdu. Atam özünə Con adını seçirdi, bu, ən yayılmış ad idi. Anam da uyğun olaraq Meri adını götürmək istəyirdi, amma atam onu “Rubi” çağırırdı.
***
Atamı ömrümdə bircə dəfə ağlayan görmüşəm…
Bir gün müəlliməmiz içəri girib təşvişlə dedi: “Uşaqlar, elə indicə prezident Kennedini güllələyiblər…” Onun dəfni zamanı televizorun qarşısından çəkilməyən atamın üzü kül rəngində idi, yanaqlarından yaş süzülürdü.
Anam isə Kennedi üçün daha əvvəl göz yaşı tökmüşdü. Onda hələ prezident sağ idi. Yarım il əvvəl, yazda prezident Kennedi amerikalı yazarların və rəssamların şərəfinə ziyafət təşkil eləmişdi. Dəvətlilər arasında valideynlərim də vardı. Onlar, az qala, gedəcəkdilər, atam prezident Kennedini çox sevirdi (mənim də ona müəyyən rəğbətim var, amma hələ də başa düşmürəm ki, atam niyə onu başqalarından bu qədər fərqləndirir). Cerri fikirləşib qərar verəcəyini bildirdi.
Missis Kennedi Ağ evdən bizə, Kornişə zəng vurdu. O zaman telefon nömrəmiz 401 idi. Kennedinin xanımı anamla danışdı. Anam ona dedi ki, ziyafətdə məmnuniyyətlə iştirak edərdi, amma bu barədə danışmaq ona xoş olmasa da, ərini dilə tutmaq çətindir – “siz ki bilirsiniz, o, tənhalığı sevir”. Missis Kennedi yazıçı ilə danışacağına söz verdi. Anam həmin günü belə xatılayır: “Ceki əvvəl onunla, sonra mənimlə danışdı. Xanım Kennedi atanı ziyafətə getməsi üçün razı salmaq istəyirdi. Yəqin, mənim də bunu çox arzuladığıma işarə vurub. Atan dedi: “Yox, ora getməyəcəyik, vəssalam”. Cerri istəmirdi ki, mən nəyəsə layiq olduğumu hiss eləyim. Amma onun üçün daha vacib bir məsələ vardı: o bilməliydi ki, mən qadınlara xas qüsurlardan, xüsusən şöhrətpərəstlikdən etibarla qorunuram. Həm də əmin olmalıydı ki, mənim özümü göstərmək üçün kiçik bir şansım belə yoxdur…”
***
Mən düşərgəyə getdikdən az sonra, 1966-cı ilin yayında valideynlərim boşanmağa hazırlaşdıqlarını elan elədilər. Daha doğrusu, buna cəhd göstərdilər. Boşanacaqlarını çoxdan hiss elədiyim üçün xəbər məni təəccübləndirmədi.
Onlar qardaşımla məni evə çağırıb bizimlə danışmaq istədiklərini bildirdilər. İndiyədək belə bir şey olmamışdı, mən iri, qırmızı kreslomuza oturdum. Danışmağa başlamağa imkan vermədim, sözlərini kəsdim. “Bilirəm, siz ayrılırsınız”. – “Hə, ayrılırıq”, – anam təsdiqlədi və əvvəlcədən hazırladığı çıxışı səsləndirməyə başladı: “Bəzən böyüklər bir yerdə yaşaya bilmirlər…”
***
Yanvar ayında anam, qardaşım və mən zökəmə yoluxduq, xəstəlik ürəkbulanması və yüksək hərarətlə müşayiət olunurdu. Atam bizə hansısa homeopatik həblər gətirdi. Anam yataqda idi. O, qəfildən çarpayıdan dikəldi, nümayişkaranə şəkildə barmağını atama sarı uzadıb çığırdı: “Sən uşaqları zəhərləyirsən! Mən daha bir dəqiqə də dözməyəcəyəm. Anamın evinə gedirəm”. Bizi – “zəhərlənənləri” isə o özü ilə aparmaq fikrində deyildi.
Elə həmin il öyrəndim ki, o heç də nənəmin yanına getməyib, Kaliforniyaya dostlarından biri ilə romantik görüşə yollanıb. Anamın keçmiş pərəstişkarlarından biri təsadüfən onları restoranda görüb və bu alçaq dərhal məsələni atama söyləyib, o isə söhbəti mənə açdı. Mən bir il ürəyimdə kin saxladım, sonra vaxtı yetişəndə bildiklərimi anama söylədim. Məqsədim onu qorxutmaq, hər şeydən xəbərdar olduğumu göstərmək idi: “Hə, yeri gəlmişkən, sən keçən il harada idin, bizim hamımıza demişdin ki, guya Nyu-Yorka ananın yanına gedirsən?”. Hər şeyi, onun harada, kimlə olduğunu dedim, amma bütün bunları haradan öyrədiyimi söyləmədim.
Özümü istədiyim qədər hər şeydən xəbəri olan adam kimi qələmə verə bilərdim, amma anamın gözlərində ehtiras, nifrət, qəzəb, qorxu qığılcımlarını görəndə anladım: o mənim fərqimdə deyildi. Mən onun üçün mövcud deyildim. Kler tornadoya, kükrəyən dağ çayına, günəşdən qızmış səhraya bənzəyirdi. Həmin yaz o, evə düşən ildırım kimi bizim nüfuzumuzu yerlə bir elədi, bütün Kornişdə biabır olduq…
Atam qaraja aparan yolda maşını saxladı, qapını açıb evə tərəf qaçdı: “Anan hanı? Onunla danışmalıyam. Kler?” Səsində əsəbilik hiss olunurdu, atam anamla həmişə bu tonda danışırdı. Bu dəfə, az qala, nəfəsi dayanacaqdı, atam xırıldayırdı – belə söhbətlər onda ciddi gərginlik yaradırdı.
O, evə daxil oldu və anamla pilləkəndə qarşılaşdı: “Kler, indicə Meri Cons mənə zəng vurdu, o ağlayırdı. Dedi ki, Co onu atıb səninlə evlənmək istəyir. Bu, doğrudur?”
Valideynlərim heç vaxt bizi otaqdan çıxarmaz, hər hansı məsələni təklikdə müzakirə edəcəklərini deməzdilər. Anam bəzən əziyyəti öz üzərinə alıb, bizi inandırırdı ki, atamız çox yaxşı adamdır. Amma Cerri ittiham eləyəndə də, söyəndə də, xoşagəlməz şeylərdən danışanda da təmkinli davrana bilmirdi: fürsət tapan kimi özünün də, anamın də “çirkli paltarlarını” ortaya çıxarırdı. Öz şəxsi işlərindən və əsərlərindən kult düzəldən, heç kəsə işlərinə müdaxilə eləməyə imkan verməyən adam kimi o, uşaqların yanında nəyi danışıb-danışmamalı olduğunu anlamırdı, bu mənada atam tanıdığım adamlarım hamısından daha az bilirdi.
Atam bizə görə narahat deyildi, sadəcə, keçmiş arvadına ildə 5 min dollar aliment ödəmək istəmirdi. O, fikrini belə ifadə edirdi: “Ananızın aşnalarını yedirtmək fikrində deyiləm”. Atam bu aliment üzündən daim gileylənirdi. Sonralar, mən ondan kollecdəki təhsilhaqqımı ödəməsini istəyəndə – boşanma şərtlərinə görə, o, bunu eləməyə məcbur idi – anladım ki, o da elə anam kimi real dünyadakı addımlarının məsuliyyətini daşımağa qadir deyil; iş – yaradıcılıq tamam ayrı məsələdir. Atamın fikrincə, alimentlər, heyvanların saxlanması, geyim və təhsil haqqı – onu son qəpiyinədək soymaq məqsədi daşıyan böyük sazişin tərkib hissələri idi.
Mən uşaq olanda elə bilirdim, atam qüsursuzdur: hə, xasiyyəti bir az ağır, bəzən çox qəribə idi, amma əxlaq baxımından onu mükəmməl sayırdım. Atamla biz andlılar kimi verdikt çıxarmışdıq ki, əxlaqla bağlı bütün cinayətlərdə günah anamdadır. Özümü təhqir olunmuş sayır və daha ondan qorxmurdum…
Sonralar mən internatda oxuyanda atam zaman-zaman onunla Hanoversdə qarşılaşırdı. Cerri bu barədə mənə yazırdı. Bir dəfə o bildirdi ki, həmyaşıdım Nikkinin anası ilə supermarketdə, kassanın qarşısındakı növbədə rastlaşıb. Onun böyük ehtimalla əxlaqsız qadın olduğunu düşünsə də, mənim “axmaq atam” – o, özü haqqında belə yazırdı – bu cazibədar qadının üzünə nəzər salmaqdan çəkinməyib. Bu zaman o da, Holden kimi səmimi şəkildə etiraf eləyir ki, gözəl üz onun diqqətini çəkir və hormonların doğurduğu arzular ağlın üstünlük verdiyi dəyərlərlə üst-üstə düşmür. Amma bu məni narahat eləmirdi. Tam əmindim ki, anamdan fərqli olaraq, atam özünə nəzarət eləməyi bacarır. Başa düşürdüm ki, o nə vaxtsa evlənəcək, amma atamın kiminləsə görüşdüyü barədə “alçaldıcı fikir” mənim ağlıma da gəlmirdi. Çünki görürdüm ki, əxlaqsız davranışlarına görə Cerrinin özü anama qəzəblidir.
***
Deyəsən, səkkiz yaşım olanda bir dəfə atama dedim ki, adamlar ona yalnız homeopatik dozada maraqlıdırlar. Cerri gəldiyim qənaətin o qədər dəqiq olduğunu düşünmüş və bu müşahidəmdən o qədər xoşlanmışdı ki, bunu daim bütün dostlarına təkrarlayırdı. Valideynlər övladlarının ilk sözləri, ilk mükafatları ilə məhz bu cür öyünürlər…
Mənə elə gəlir, atam nə demək istədiyimi anlamışdı. Amma indi başa düşürəm ki, söylədiyim o fikir başqa müstəvidə özünü doğruldur. Cerri yalnız özü kimi – homeopatik cəhətdən ona bənzəyən, identik özəllikləri olan, təkcə ölçülərinə və formalarına görə fərqlənən adamlardan xoşlanırdı.
Mən çox həssas uşaq idim, buna görə də onun etimadını doğrulda bilirdim. Beləcə, onun uydurduğu maraqlı əhvalatlarla dolu sehrli aləmdə yaşamağa davam eləyirdim: biz burada, onunla meşədən göbələk yığırdıq, mehmanxanalarda səhər yeməyi yeyirdik. Amma bu dünyada qalmaq çox baha başa gəlirdi. Adi, real qızcığazın onun aləminə daxil olması üçün gərək o, hansısa mənada uydurulmuş olmalı, özünü real həyatın qeyri-mükəmməliyindən qoparmalı idi. Onun rəğbətini qoruyub saxlamaq ciddi əqli təmrin tələb edirdi, deməli, həddən ziyadə ehtiyatlı olmalı, sözləri seçməli, öz şəxsiyyətimin yalnız bir tərəfini göstərməliydim. Daxili aləmim özünəməxsusluğunu itirmədi, amma o, bölünməli oldu. İçimdə, demək olar, iki nəfər yaşayırdı: biri rəfiqələri ilə oynayır və zaman-zaman öz sirli fikirlərinə qərq olurdu. O biri isə Cerrinin dünyasının bir hissəsiydi və mənə daim onun sevimli qızı olaraq qalmağa imkan verirdi.
O zaman mən bunları anlamırdım, sadəcə, belə öyrəşmişdim. Bu reaksiya mexanikiləşmiş, psixikam zərbəyə məruz qalmış şüşə kimi çat-çat olmuşdu.
***
Qardaşımla mən uşaq olanda atam hansısa yoqun şəklini bizə verib, onu döş cibimizin dərinliyində gizlətməyi tapşırdı. Guya belədə oğrular bizə yaxın düşə bilməz. Hara getsək, həmin şəkli üstümüzdə gəzdirməliydik.
O vaxt atam bu yoqun adını çəkmədi, mən də soruşmadım. Düşündüm ki, şəkildəki adam babama çox oxşayır: saçları eyni cür ağarıb, onunku kimi şeşə bığları var. Təsəvvür edin ki, çox sonralar anamın göndərdiyi Yoqananda kitabının ortasında “bizim” yoqun şəklini görəndə nə qədər təəccüblənmişdim. Bu, Lahiri Mahasayya idi. Kitabda onun şəklinin insanları ölümdən xilas etməsi barədə müxtəlif möcüzəvi hadisələr sadalanırdı, guya ildırım bu şəkildən yan keçirmiş və sair.
***
Bir dəfə atam qaradərili sinif yoldaşlarımı tənqid eləməyə başladı. Onun fikrincə, dostlarım da mənim kimi “bayağı” idilər. Atam dedi ki, zəncilərdə, ümumiyyətlə, yumor hissi olmur. Ardınca da üzünə səfeh bir ifadə verdi, özündənrazı bir təbəssümlə gülümsədi, ağzı qulağının dibinə getdi, gözlərini bərəltdi, əllərini yelləyib soruşdu: “Məgər onların üzləri bu cür deyil?”. Mən etiraz elədim: “Ata, axı yalnız kinolarda belə olur. Bütün bunlar kamera üçündür: onlar bilirlər ki, ağ adamlar məhz bunu görmək istəyir. Real həyatda onlar elə deyillər.” Üzündəki ifadə dəyişdi və o, düşüncəli halda dedi: “Əlbəttə, əlbəttə ki, sən haqlısan. Bu, ədalətli yanaşmadır”.
Təbii ki, atam riyakar adam deyildi, dəlillər qarşısında geri çəkilir, saxta ideyaları müdafiə eləmirdi. Amma onun dəqiq nəticəyə gəlmək üçün istinad nöqtəsi iyirminci, otuzuncu və qırxıncı illərin Hollivud filmləri idi…
İyirmi yaşım hələ tamam olmamışdı, elan elədim ki, qaradərili karate müəllimimə ərə gedirəm, o vaxt atam çox həyəcanlandı, halbuki deyə bilərdi: “Sən axı bu oğlanı cəmi bir neçə aydır tanıyırsan, özün də hələ məktəbi bitirməmisən, onun əlində bir sənəti yoxdur, bircə karate bilir, bir də arada, imkan düşəndən-düşənə gitara çalıb, mahnı oxuyur” və sair. Bunun əvəzinə atam söylədi ki, bir vaxtlar “Cazmen” adlı filmə baxıb, orada ağdərili qadın zənci müğənniyə ərə gedir və onların həyatı olmazın əzablarla keçir…
***
Getdikcə atama qarşı olan rəğbətim öləziyirdi. Növbəti davalarımızın birində onu və qardaşımı, ümumiyyətlə, bütün ailəni vecimə almamaqda atam məni ittiham elədi: guya mən dostlarımdan başqa, heç kəsi düşünmürəmmiş. Hirslənib, onu acıladım: “Səninsə heç dostların da yoxdur”. Həmişə belə vaxtlarda olduğu kimi, etiraz elədi, dedi ki, dostlara heç bir ehtiyac hiss eləmir, amma qızında belə bir ehtiyac var, guya bu da mənim bir zəifliyimdir.
***
Gömrük məntəqəsini keçəndə ingilis ləhcəli bir nəfər atamdan soruşdu: gəlişinin məqsədi nədir? Əyləncə üçün, ya işgüzar səfərə gedir? Cerri ona nəzakətlə və qısaca cavab verdi. O, tez-tez dalaşardı, amma orduda qulluq etdiyindən bilirdi ki, bəzən söz güləşdirməmək daha yaxşıdı. Mən kənardan onun kiməsə – stüardessaya və ya qeydiyyat masasında əyləşənlərə istehza elədiyini heç vaxt görməmişəm. O, ürəkdən sevinib gülə bilməyəcəyi adamlarla zarafat eləməzdi. Belə şeylərdən yaxşı başı çıxırdı. Yad adamlara sataşmazdı – uzaqbaşı onları da bir güldürərdi.
***
Bu səfərdə yaxşı olmayan yeganə bir şey vardısa, o da atamın məktəbli bir qızla məktublaşması və onların romantik bir sevgi macərası yaşamalarıydı. Bu səfərdə Cerri onu ilk dəfə görəcəkdi. Bütün Şotlandiyanı onunla birgə gəzməyi planlaşdırırdıq, orada atamın çox sevdiyi “Otuz iki pillə” filminin çəkildiyi yeri də axtarıb tapacaqdıq…
Edinburqda qız bizi təyyarə limanında qarşıladı. Onlar salamlaşan kimi mən nəsə xoşagəlməz bir hiss keçirdim. Nə baş verdiyini anlamırdım. Sonralar atam özü mənə etiraf elədi: o qızı görəndə dəhşət narahat olub. Naqolaylıq və günahkarlıq hissi yaşayıb. Mən səbəbini soruşdum, atam keyliyimə təəccüblənərək üzümə diqqətli nəzər saldı: hər şey elə qızın uzun burnu kimi açıq-aşkar ortada idi: “O, çox çirkindir, əlbəttə, ona yazığım gəlir. Belə olacağı ağlıma da gəlməzdi”.
Əlbəttə, qızın da iki gözü, iki qulağı vardı, qətiyyən eybəcər deyildi, onu heç çirkin də adlandırmaq olmazdı. Sadəcə, heç nəylə seçilmirdi. Atam üçünsə bu, çox vacib məqam idi. O zaman mən ironiyasız-filansız düşündüm: oğlanlar eynək taxan qızları xoşlamırlar. Kim bilir, bəlkə, heç qızın da atamdan xoşu gəlməmişdi. Hərçənd buna şübhə eləyirəm…
O, çox mehriban qız idi, amma utanır və yöndəmsizliyini gizlədə bilmirdi. Bütün səfər boyunca otağımı onunla bölüşməli oldum. Hətta qız çox cazibədar olsaydı belə, atamla bir otaqda gecələyə bilməyəcəkdi. Çünki anamdan fərqli olaraq, atam öz münasibətlərini – əlbəttə, əgər ortada münasibətlər vardısa – açıq-aşkar göstərməyi qəbul eləməyən bir nəslin təmsilçisi idi, üstəlik, onun zehni də başqalarından seçilirdi. Mən nəhəng fərqi duyurdum: anam davranışı ilə məni təqhir eləmiş və özündən iyrəndirmişdi, atam isə mənim gözümün qarşısında özünü yaxşı aparır, münasibətlərini nümayiş etdirmirdi. Bununla belə, daha yaxşı olardı ki, bu qızcığaza başqa otaq ayrılsın. Mənim ona çox yazığım gəlirdi: o, yəqin ki, ağlamaq istəyirdi, amma yanımda olduğundan, birtəhər özünü saxlayırdı…
Bərəyə minmişdik. Nəhəng bir qağayı qardaşımın barmağından dişlədi, o, məhəccərin kənarında dayanıb, quşa vermək üçün çörək qırıntıları hazırlayırdı. Xatırlayıram, Meytu möhkəm ağlayırdı – lənətəgəlmiş quşun dişlədiyi yerdən qan gəlirdi, atam qağayıları ovcumuzda yedirtməyə icazə verdiyi üçün məyus idi. O, qağayılara əsəbiləşmişdi…
Cerrinin “nakam” məhəbbəti ilə vidalaşdıq.
***
“Cerom Selincerin övladı olmaq bəxtəvərlikdir”. Bu sözləri çox eşitmişəm. Uşaqlıqda, yəqin, özüm də belə düşünürdüm. Amma…
Atam həmişə deyirdi ki, əsərlərini gənclər üçün yazır. Fikrimcə, bacısının “böyüyəndə kim olmaq istərdin” sualına Holdenin cavabı yeniyetmələrdə, həqiqətən, fərqli reaksiya doğurur. Çox güman, yaşlılar bunun elə də fərqində deyillər.
Holden deyir: “Bütün körpə uşaqlar axşamçağı yığışıb intəhasız çovdar çölündə qaçdı-tutdu oynayardılar. Milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər yaşlı adam yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap ucunda dayanmışam. Və mənim işim, bu qayanın kənarındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə də almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə tutaram ki, ora yuvarlanmasınlar. Bütün günü ancaq işim bu olur: çovdarlıqda uşaqları yıxılmaqdan qorumaq!
Bilirəm, sarsaqlıqdır, ancaq ürəyimə yatan yeganə peşə varsa, o da budur”.
Özüm valideyn olandan sonra bu hissəni təkrar oxuyanda əvvəlcə hiddətləndim. Məsələ Holdendə deyil, onun arzusu gözəldir. Başqa şeyə əsəbiləşirdim – axı mən də həmin uşaqlar kimi böyümüşəm, onlar kimi uçurumun kənarında oynamışam. Bəs o vaxt böyüklər hardaydılar? Niyə bizə orada oynamağa icazə vermişdilər? Niyə uşaqlar üçün təhlükəsiz oyun meydançası düzəltməmişdilər? Niyə, heç olmasa, həmin uçurumun kənarına hasar çəkməmişdilər? Niyə Holden kimi oğlanlar və mənim kimi qızlar daim kimisə xilas etməyə məcbur olmalıydıq?
***
Atam narkotik maddələrin zərərindən çox danışırdı. Deyirdi ki, marixuana meditasiya vasitəsilə öz-özünə açılan kundalini çakrasını qeyri-təbii şəkildə bağlayır. Çox sonralar qardaşım da etiraf elədi ki, orta məktəbdə onu bu zərərli vərdişdən uzaqlaşdıran atamla söhbətləri olub.
Narkotiklərin ölümə apardığını hamı bilir. Belə maarifləndirmənin bir o qədər də nəticəsi olmur. Əslində, “Ağ ölüm” barədə çeynənmiş söhbətləri təkrarlamaq yerinə yeniyetmələrə onun insanın kamilləşməsi yolunda maneə olduğunu anlatmalısan. Çünki bu yaş dövründə olanlara məhz belə söhbətlərlə təsir etmək mümkündür.
***
Atamın evinə otuz ildən çox gəlib-getmişəm, amma məsələn, onun şkafını və özü üçün ayırdığı vanna otağını heç görməmişəm. Yataq otağı, hamam və kabinet mətbəxin o biri üzündə yerləşirdi, aradakı qapı isə həmişə bağlı olurdu. Cəmi iki, ya üç dəfə nəyisə göstərmək istəyəndə məni kabinetinə dəvət edib: bir dəfə çox təriflədiyi yeni kitab rəflərinə baxmaq, bir dəfə də mənə seyfdə saxladığı materialların təsnifat sistemindən danışmaq üçün. O vaxt bəzi şeyləri öyrəndim: məsələn, mətndəki qırmızı işarə o deməkdir ki, atam əsəri bitirmədən dünyasını dəyişsə, onu olduğu kimi nəşr etdirə bilərik, göy rənglə işarələnmiş mətn isə yalnız redaktədən sonra çap olunmalıydı…
***
Cerom Selincer yaradıcılıq prosesini böyük bir sirr kimi gizləyirdi. Əsərin üzərində işləyib onu mükəmməl şəklə salmayınca, bu barədə heç nə danışmırdı.
Onun ikinci dərəcəli rəssamlara, artistlərə, yazıçılara ünvanlandığı söyüşləri təkrarlamayacağam. Qalib gəlmək, birinci olmaq onun sadəcə əsas deyil, həm də yeganə məqsədi idi. Atamın nəzərində çalışmaq, ortaya yaxşı əsər qoymaq kifayət eləmirdi, dahi olmalıydın. Nə qədər çalışsam da, atamın gözündə heç cür kamil insana çevrilə bilmirdim. (Qardaşımın aktyorluq sənətini seçməsi də onu çox narahat edirdi; atam Metyunun daha faydalı işlə məşğul olmasını istəyirdi).
Cerrinin fikrincə, biznes, alver çox ləyaqətli peşə idi. O, xəyallarında yalnız ədəbiyyat və mədəniyyət adamlarını rüsvayçılıq dirəyinə bağlayır, bütün kinini, qəzəbini onlara yönəldirdi. Atam düşünürdü ki, istedadsız adam incəsənət sahəsini seçməklə küfr edir, təmiz, müqəddəs bir şeyi murdarlayır. Onu qəzəbləndirən təkcə diletantların ədəbiyyata gəlmək cəhdləri deyildi. Bir dəfə bazarda ipdən hördüyü müxtəlif bəzək əşyalarını satan hippinin üzərinə atılmışdı. Bəs necə? Axı hippi özünü sənətkar adlandırırdı! Selincer buna yol verə bilməzdi. Həqiqətən də, Korniş bazarında evdar qadınların satışa çıxarılan əl işləri həmin hippinin “sənət əsərləri”nin yanında toya getməli idi. Atam bundan uzaqbaşı məyusluq keçirə bilərdi. Amma Allah göstərməsin, o satıcı qadınlardan biri sənət barədə danışmaq istəyəndə atam güllə kimi açılır, evə çatanadək sakitləşmirdi. Əgər bəxtin gətirməyib, onun maşınına oturmusansa, qolubağlı əsir kimi istədin-istəmədin qəzəbli nitqlərə qulaq yoldaşı olacaqdın, üstəlik, bu püskürən vulkanın lavaları sənə də toxunacaqdı…
***
Yanında qaldığım günün ertəsi atam məni görməkdən bezdiyini eşitdirirdi. Hər dəfə onun evində gecələyəndən sonra bu hal təkrar olunurdu. Əvvəlcə qonaq otağında qəfəsə salınmış vəhşi heyvan kimi var-gəl edir, sonra fikirlərini sanki bizə – uşaqlarına deyil, daşa-divara ünvanlayıb, sözünü belə bitirirdi: “Ətrafımda kimsə vurnuxanda işləyə bilmirəm”.
O bizi televizorun qarşısında oturdub, özü bir neçə saatlığa kabinetinə çəkilirdi. Bu müddətdə yalnız haqq-hesabla məşğul olur və təcili məktubları yazırdı.
Qışda onun evində filmə və ya televizora baxmaqdan başqa məşğuliyyət tapmırdım. Gizlincə kitab oxumaq olardı. Əlbəttə, xoşuna gəlməyən kitabı əlimdə görsə, vəziyyət daha da qəlizləşirdi. Dostlarıma zəng eləmək də asan məsələ deyildi, atam bundan bərk əsəbiləşirdi, üstəlik, telefon da ümumi otaqda idi.
***
Yaz tətilindən bir neçə həftə sonra babamın ölümü barədə ondan məktub aldım: yazırdı ki, atası dünyasını dəyişib, bibim Dorislə birgə sadə dəfn mərasimi keçiriblər. Atam ağlına belə gətirmirdi ki, “bu bayağı mərasimdə” mən də iştirak etmək istəyə bilərəm, məktubda buna kiçik bir eyham da yox idi. Babamın ölüm yatağında olduğunu mənə deməmişdilər, bilsəm, heç olmasa, gedib ona baş çəkərdim. Atam nənəmin keçirdiyi iztirabları belə izah edirdi: “Ərinin qarşısında vicdanı təmiz deyilmiş”. Məktub çürümüş ailə institutu barədə cəfəngiyyatla doluydu. Atam təsəvvür eləmirdi ki, insan altmış il bir yerdə yaşadığı ömür-gün yoldaşı üçün darıxa bilər…
Nənəmə dibçəkdə gül və başsağlığı məktubu göndərdim. Əlimdən başqa heç nə gəlmirdi, mənə başqa yol qoymamışdılar. Atam sonradan dedi ki, nənəm məktubumdan çox təsirlənib, amma gözləri zəiflədiyindən cavab yaza bilməyib. Atam bu jestimə görə təşəkkür elədi. Sanki bu mənim borcum deyildi, nəsə qeyri-adi bir şey eləmişdim. O, ailədən az şey gözləyirdi, ailə üçün az iş görürdü. Kədərli olan da elə budur…
Növbəti il nənəm dünyasını dəyişəndə eyni şey daha pis formada təkrar olundu. Atam onun xəstə olduğunu söyləməmişdi. Ən pisi o idi ki, nənəmin dünyasını dəyişdiyini mən qəzetlərdən öyrəndim (qardaşımın nişanından da belə xəbər tutmuşdum; mənə deməyi unutmuşdular. Qəribə ailədir, qohumların barədə yenilikləri yalnız qəzetlərdən oxuyursan). Cerri bunu mənə başağrısı vermək istəməməsiylə izah etdi. O zaman fikirləşdim ki, yəqin, xəstəxananı və dəfn mərasimini deyir. İndi, onu daha yaxşı tanıyandan sonra başa düşürəm: atam ailəni və qohumluq əlaqələrini nəzərdə tuturmuş. Bu yaxınlarda Dorisdən öyrəndim ki, nənəm xəstə yatanda tez-tez məni soruşurmuş…
***
Cerri mənə nişan almadan güllə atmağı öyrətmişdi: elə hiss eləməlisən ki, barmaqların tapançanın bir hissəsidir. Çox düşünsən, güllə yayınacaq. Adətən, uzaqdakı çobanyastığı çiçəklərini hədəf seçirdim, açdığım atəşlə gülün başını gövdədən ayırırdım. Denin sərrast atışları atamın xoşuna gəlirdi, əlbəttə, bu şərəfə nail olmaq o qədər də asan deyildi, amma atəş açarkən onun üzündə yaranan qeyri-adi ifadə məni narahat edirdi. İki il sonra kollecdəki otağıma daxil olanda qaranlıqda Denin çılpaq oturub, 38 kalibrli tapançanı gicgahına sıxdığını görüb dəhşətə gəldim. Onu tətiyi çəkməkdən güclə yayındırdım. Bir dəfə də oyanıb gördüm ki, Den yataqda oturub, tüfənglə çarpayının ayağını nişan alıb. Nə baş verdiyini soruşanda belə cavab verdi: “Məgər sən bu alçaqları görmürsən?”
***
Məktəb illərindəki son tətilimi Kornişdə, atamın yanında keçirdim. Orada sürprizlə qarşılaşdım: səhər oyananda gördüm ki, bir qız nazik gecə paltarında qonaq otağındakı divanda oturub. Atam, yəqin, onun barəsində nəsə danışmışdı, yadımda deyil, amma bir şeyi dəqiq xatırlayıram ki, Coys Meynardla görüş mənə qəribə təsir bağışladı. Coys mənimlə həmyaşıd olardı. İlk ağlıma gələn fikir bu oldu: doğrudanmı, atamın illər boyu gözlədiyi sevgi buymuş? Hər halda, Coys onun evinə dəvət etdiyi ilk “qadın” idi. Əlbəttə, qəşəng qızdı, amma… ona cəmi 12 yaş vermək olardı. Mən ögey ana əvəzinə kiçik bacıyla qarşılaşmışdım. Qız ipli yeniyetmə köynəyini geyinib çıxanda atam dedi: “Peqqi, bax gör nə qəşəng ayaqqabılardır. Beləsini “Vulvort”dan ala bilərsən. Coysun cürbəcür rənglərdə çoxlu belə ayaqqabıları var”. Burnumun altında nəsə mızıldandım, ürəyimdə fikirləşdim: “Hə, ata, çox gözəldir, indicə qaçıb eynisindən özümə alacağam, amma gözlə, qoy başım tamam xarab olsun, sonra…”
***
Orta məktəbdəki məzun gününə getmədim. Atam zəng vurub dedi: “Yəqin ki, mənim orada iştirakımı istəmirsən, bilirsən də, bu mənimçün əlavə başağrısıdır”. Etiraf eləyə bilmədim ki, başağrısı hesab elədiyi bu hay-küyün içində olmaq istəyirəm. Cəsarət tapıb özümü axmaqlığa qoysaydım, bəlkə də, bayrama gələcəkdi. Ola bilsin, bunu özü də istəyirdi, sadəcə, naqolay duruma düşməkdən ehtiyatlanırdı. İstənilən halda, məzun gününə getmədim, çünki valideynlər öz övladlarını qucaqlayaraq şəkil çəkdirib, sonra da restoranlara dağılışanda mən tək qalacaqdım.
***
Atam bir dəfə Oksforda gəldi. Mənə baş çəkmək üçün gələcəyini qabaqcadan xəbər verməmişdi. Biz o vaxt həyat yoldaşım Markla Portuqaliyaya tətilə getmişdik. Qayıdanda telefonun yaddaşında çoxlu qeydlərlə qarşılaşdım, geri zəng vurdum və məlum oldu ki, Cerri evə sabah qayıdacaq. Biz Londonda görüşdük, ayaqüstü nahar elədik – atama sevimli kollecimi və başqa görməli yerləri göstərə bilmədim. O, neçə gündü iyrənc mehmanxana otağında qalırmış, kondisioner də işləmirmiş. Otağı və ya mehmanxananı niyə dəyişmədiyini soruşdum (alternativ olsaydı, mən elə yerdə bir gecə də qalmazdım). Cerri qətiyyətlə başını yelləyəndə məni kədər bürüdü: artıq o, görməyə alışdığım güclü ata deyildi, əvvəlki hakimiyyətini itirmişdi. Hətta deyə bilərəm ki, indi mənim onun üzərində təsirim daha güclü idi. Atamın vaxtilə qardaşımla Vindzorda qolf oynadığını xatırladım. Cerri həmişə qalib gəlirdi, amma günlərin birində qardaşım ona qələbə çalmağın necə asan olduğunu anladı. Evdə Metyu mənə oyunu qəsdən yarımçıq saxladığını dedi. Düşünürəm ki, bundan sonra onlar bir daha qolf oynamayıblar. Bir məqam da yadımdadır: uşaqlıqda hamamın divarında karandaşla bizim boyumuzu qeyd edirdilər. Qardaşımın boyu atamı bir balaca keçən kimi bu qeydləri dayandırdılar. Atamın mənimlə müqayisədə nə qədər aciz olduğunu anlayanda Metyunun o zaman keçirdiyi hissləri başa düşdüm…
***
Bir neçə həftə sonra mənə poçtla məktub gəldi. Bu, Xristian Elmi kilsəsinin bukletlərinə üçillik abunə qəbzi idi. Orada möcüzəvi şəfalardan bəhs olunurdu. Cerri Meri Beyker Eddinin qalın cildli kitabını da göndərmişdi.
Mən xəstəliyimin “illüziya” olduğuna inandığım andan sağalmağa başlayacaqdım. Amma atamın illüziyalarına inamım gözümün qarşısındaca dağılıb pərən-pərən olurdu.
Tələsmədən həyatımı saf-çürük edərkən belə qənaətə gəldim ki, bundan sonra sağ qalsam, vaxtımı kiminsə xəyallarını gerçəkləşdirməyə sərf eləməyəcəyəm. Əlbəttə, demək asandır. Bununla belə, niyyət də işin əhəmiyyətli hissəsidir, bu, lazımi istiqamətdə hərəkət etmək cəhdindən xəbər verir. Sürətlə başqa bir adama çevrilirdim, düzü, bu qədər asan olacağını gözləmirdim. İlk növbədə, Selincerlər ailəsindəki qadağaları diqqətlə nəzərdən keçirməyə başladım. Dahi deyilsənsə, sənətlə oynama; dini öyrənmə – ayaqların hansısa ilahiyyat müəllimlərinin uzun əbasına dolaşmasın. Murdar Sarmaşıq Liqasının1 kandarına ayaq basma. Allah xatirinə, atanı sevirsənsə, heç vaxt ingilis dili və ədəbiyyatı kurslarına getmə. Mükəmməl görə bilməyəcəyin heç bir işlə məşğul olma; nöqsansız ol, böyümə, qadına çevrilmə.
***
Xəstəxanadan çıxandan sonra atam məni inandırmağa çalışırdı ki, çox narahat olub, halbuki bir dəfə də olsun baş çəkməyə gəlməmişdi. Yalnız Kolin yanımda olanda bir neçə dəfə zəng vurmuşdu, onda da arvadının nə vaxt qayıdacağıyla maraqlanmışdı. Onların uzun çəkən söhbətləri zamanı Kolinin cavablarından başa düşürdüm ki, atam salat qabının, mətbəxdə hansısa əşyanın yerini soruşur, gün ərzində nə yediyini deyir və sair…
Xəstə yatdığım müddətdə o, cəmi bir kərə mənimlə danışmışdı. Atamın xəstəliklərə nifrət elədiyini bilsəm də, eşitdiklərimə hazır deyildim.
Cerri bütün hirsini üstümə tökdü. Soruşdu ki, uşağı hansı pulla saxlayacam. Elə bildim, kömək eləmək fikri var, buna görə də çox narahat olduğumu dedim. O bildirdi ki, mənim bu yaramaz dünyaya uşaq gətirməyə haqqım yoxdur, övladımı heç nəylə təmin edə bilməyəcəyəm. Atam ümid edirdi ki, uşağı saxlamayacağam.
Bu inanılmaz reaksiyaya hazır deyildim. Cavab verdim ki, otuz yaşımda uşağı tələf etdirməyə cəsarətin çatmaz.
O etiraz elədi:
– Tələf eləmək! Bu, axmaq ifadədir, mənasız şeylərdən faciə düzəltmə. Mənim yerimdə kim olsa, eyni vəziyyətdə qızına elə bu sözləri deyərdi.
Bilmirəm, həmin vaxt cəsarəti haradan aldım, bəlkə də, danışan içimdəki analıq hissiydi, övladımı qorumalıydım. Sevinirəm ki, içimdə yığılıb qalan, indiyədək susduğum hər şeyi həyatımda ilk dəfə atama dedim.
– Səhv edirsən, istənilən normal ata kömək eləməyə çalışardı. Sənsə adamı yalnız qınamağı bacarırsan.
O təəccübləndi:
– Mən heç vaxt səni qınamamışam. Səni nə vaxt ittiham eləmişəm ki? Lazım olanda həmişə yanında olmuşam.
Mən sarsılmışdım. Qulaqlarıma inana bilmirdim. Etiraz elədim:
– Bu, cəfəngiyyatdır. Sən heç vaxt uşaqlarına görə özünə əziyyət verməmisən. Nə vaxt, nə istəsən onu da eləmisən.
– Yadındadı, sizi İngiltərəyə aparmışdım? Gərək bunu eləməyəydim, hə?
Nə cavab verəsən axı? Bu adam yüz ilin başında bizi Birləşmiş Krallığa səfərə aparıb və elə bilir ki, valideynlik borcunu artıqlaması ilə ödəyib.
Özümü ələ ala bilmirdim:
– Elə bu? Başqa heç nə yadına düşmür? Niyə demirsən ki, əslində, İngiltərəyə romantik yazışmalarının qəhrəmanını görmək üçün getmişdin.
– Aman Allah, sən də hamı kimisənmiş! Həyatımda gördüyüm bütün qadınlar kimi! Bacım da, keçmiş arvadlarım da belə danışırlar. Hamısı mənə hücuma keçərək, deyirlər ki, onlara qarşı etinasız olmuşam.
Sözünü ağzında qoydum:
– Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı!
– Məni bir qədər soyuqqanlılıqda ittiham eləmək olar. Bununla razıyam. Amma heç vaxt etinasız olmamışam. Sadəcə, sən qəzəbini tökməyə adam axtarırsan. Həmişə düşmən gəzirsən. Əvvəl qardaşına nifrət eləyirdin, sonra anana, indi də məni görən gözün yoxdur. Sən hələ də psixiatr yanına gedirsən də, hə?
– Bunun bizim söhbətimizə nə dəxli?
Sanki məni eşitmirdi:
– Gedirsən, əlbəttə ki, gedirsən. Səni heç cür razı salmaq olmur. Həmişə hər şeydən narazısan. Əsəb xəstəsisən də….
Yalnız söhbətin bu yerində anladım ki, atam özündə heç bir günah görmür. Mənə həmişə elə gəlirdi ki, onun etinasızlığı işlərinin çoxluğu ilə bağlıdır, yeganə bəraəti bu ola bilərdi. Fikirləşirdim, ürəyində bizə vaxt ayırmadığı üçün, heç olmasa, bir damcı utanır. Amma o bizi – məni və qardaşımı evimizi yandıran qadınla birgə yaşamaqda ittiham edirdi (Cerri hələ də yanğın hadisəsində anamı günahkar bilirdi), bunu xatırladanda atamın səsində kiçicik də olsa, tərəddüd və peşmanlıq əlaməti hiss eləmədim.
Dəstəyi asdım, daha doğrusu, isterika içərisində yerə çırpdım və dərhal söhbətimizi sözbəsöz qeydə almağa başladım. Bunu nə üçün elədiyimi bilmirdim. Qəzəbdən az qala ağlımı itirəcəkdim; keçirdiyim sarsıntıdan beynim gərginləşsə də, aydın düşünə bilirdim. Bir sual mənə rahatlıq vermirdi: lənət şeytana, indicə danışdığım və ata hesab elədiyim bu adam kimdir? Bu necə insandı? Mən həmişə onu sevmişəm, müdafiə eləmişəm. Amma bu sədaqət kimin, nəyin naminə imiş?
Həmişə fikirləşirdim ki, bütün qüsurlarına rəğmən, atam yaxşı baba olacaq. Supermarketdə növbədə dayanarkən o, körpə arabalarına nəzər salır, qarşısına çıxan hər uşaqla söhbət edir, arada zarafatla onlara göz ağardırdı. Simor “Sibilloçka” ilə asanlıqla dil tapdığı kimi, o da uşaqlarla rahat ünsiyyət qura bilirdi. Bütün bunlar gözlərimi bağlamışdı, gerçəyi görə bilmirdim. Ona görə də atamın fərqli reaksiyasına hazır deyildim. Bir andaca onun gözündə qadına – “yalnız qandan, selikdən, çirkdən və natəmizlikdən ibarət ət və sümük yığınına” çevrilmişdim.
Sarsıntı içərisində anama zəng vurdum. Soruşacaqdım ki, bəlkə, atam havalanmağa başlayır. Anam xəttin o üzündə xeyli susdu, sonra dilləndi: “Peqqi, mən sənə hamilə olanda eyni vəziyyəti yaşamışdım”. Beləcə, Kler öz əhvalatını, bizim ailənin tarixçəsini danışmağa başladı. Ona diqqətlə qulaq asır, arada suallar verirdim. Qəfil ağlımdan bir fikir keçdi – bütün bunlara son qoymaq lazımdır. Biz bütün yaşadıqlarımızı saf-çürük etmədən, müfəssəl öyrənmədən bu təcrübəni nəsildən-nəslə ötürə bilmərik, bu barədə susmağımız gələcək nəsillər üçün də ziyandır, onlar bizim səhvlərimizi təkrarlamağa məcbur olacaqlar. Bundan sonra heç kəs tərki-dünyalığa çəkilməməlidir.
***
Təəccüblü deyil ki, atamın həyatında canlı insanlar azlıq təşkil edirdi, uydurma aləmində isə daim intihar hadisələri qeydə alınırdı.
***
İnsanların təbliğ etdikləri prinsiplərə əməl etmələri Cerom Selincer üçün kamillik demək idi. Atam bu kamillik axtarışlarını bədii yaradıcılıq prosesindən ayırmırdı. Amma onun özünün də sözü ilə əməli fərqlənirdi. Atamın adamlardan uzaqlaşma doktrinasını təbliğ edəndə demək istəyirsən: “Mənə elə gəlir, siz həddən çox qəzəblənirsiniz”. Siz onun öz iztirablarına, hiss-həyəcanlarına soyuqqanlı yanaşdığını görə bilməzsiniz. Şəxsi həyatının hansısa gizli məqamları ortaya çıxanda hirsindən özünə yer tapa bilmir. Heç kəs onun təkliyini poza, onun müqəddəs hesab elədiyi sözlərinə şübhəylə yanaşa bilməz. Yaxşı, hər şey illüziyadan ibarətdirsə, bu qədər qəzəb, qıcıq nədən ötrüdür? Nə üçün o özünü daim iynə üstündə oturmuş kimi hiss edir? Ədəbiyyatda Budda ən müxtəlif vəziyyətlərdə təsvir olunur, amma heç vaxt onun qəzəbli şəklini və ya heykəlini görməmişəm axı! İndi başa düşürəm ki, müqəddəslikdən, kamillikdən, ruhi paklıqdan danışdıqlarına, yazdıqlarına baxmayaraq, atam, əslində, çox bədbəxt adam idi.
***
Bibim atam haqqında deyirdi: “Onu mükəmməl insan sayırdım. Sən ki bilirsən, Sanni də belə düşünməyimi istəyərdi. Qardaşımın tənqidə dözümü yoxdur. Təəssüf ki, mən onun son illər ərzində yazdığı kitabı görmədən dünyadan köçəcəyəm. Neçə ildir ki, heç nə nəşr etdirmir. Çünki tənqiddən qorxur. Bu, axmaqlıqdır. Qoyasan elə başqalarına ağıl versin. Mən onu çox istəyirəm, bilirsən də, biz uşaqlıqda yaxın dost olmuşuq, amma etiraf etməliyəm ki, atan laqeyd adamdır. Başqa nə deyim axı? Mən ürək tutmasından əziyyət çəkəndə Sanni1 bir damcı da olsun narahatlıq keçirmədi. Cəmi iki, ya üç dəfə məni görməyə gəldi. Hərdən zəng vururdu. O vaxt özümü çox pis hiss edirdim. Tək qalmışdım. Bundan dəhşətli heç nə ola bilməz. Xəstəydim, yanımda bir doğma adamım yox idi. Atanın isə – həmişəki kimi – başı özünə qarışmışdı”.
Bibim əllini yelləyir, bir qədər susur. Sonra yenidən sözünə davam edir: “O, adamın zəif yerindən vurmağı bacarır. Bilirsən, mən xəstələnəndə zəng edib nə dedi? Dedi ki, axır vaxtlar çox kökəlmisən. Soruşdu: “Həkimlər sənə arıqlamağı məsləhət görməyiblər?” Mən də onu danladım. Dedim ki, həmişə hamını tənqid edirsən”.
***
Həqiqətən də, atam yazdığı bütün əsərlərdə səmimiydi. Amma onun həyat tərzinin ruhi tarazlığa, ya hansısa rahatlığa aparan yol olduğundan əmin deyiləm. Əsərlərini fədakar bir yazıçı zəhmətinin bəhrəsi hesab etmirəm. Daha doğrusu, niyyəti yaxşı ola bilər, amma əməlləri yanlışdır. Bir şeyi bilirəm – bu, (fəlsəfə və ya din, yaxud da yaradıcı poza olsun, fərq etməz) onun üçün bəraət rolunu oynayırdı: “necə istəyirəm, elə də yaşayıram, başqaları məni maraqlandırmır”. Hər hansı səbəbdən kimsə ona mane olsa, atam bunu bağışlanmaz günah sayardı – onun müqəddəs işinə əngəl yaratmaq olmazdı. Atam bu şüarla yaşayırdı:
yolumda dayanma – kənara çəkil, ya da məhv ol. Təkrar edirəm: o, haqlı da ola bilərdi, haqsız da, məsələ bu deyil. Sadəcə, belə yanaşma narsissizmi xatırladır, insan eqoizminin ən qatı təzahürlərinə də müqəddəs don geydirir. Bu, bir az mübahisəli məsələdi: kimin üçünsə narsissizmdi, kimin üçünsə kamillik axtarışları. Zui1 deyirdi: “Xəzinə xəzinədi, ilahi dünyaya nifrət edənlərin doxsan doqquz faizi, əslində, elə bizim hamımız qədər tamahkar olublar. Bu barədə müqəddəs tarixdən bilirik…”
Gözəl ata barədə xəyallarım dağılanda atamla birgə keçirdiyimiz bəzi xoşbəxt anları fərqli şəkildə xatırlamağa başladım. Bu gerçək xatirələr mənə məxsusdur. İstədiyim vaxt, istədiyim yerdə onları “vərəqləyib”, həzz ala bilərəm. Daha atamın göylərdən qayıtmasını gözləməyə ehtiyac yoxdur. Onun arxasınca uçuşları dayandırmağım kifayət idi ki, cəhənnəm kabusu məni təqib eləməsin. İndi mən atamın şəxsində istedadlı bir adamı görürəm, o elə bizim kimi nə pisdir, nə yaxşı…
Son illər içimdə bəslədiyim bütün qəm-qüssəni dağıtdı, ürəyimdəki gizli bir arzudan xilas oldum. Əvvəllər düşünürdüm ki, kaş dünyaya gəlməzdim. Amma zaman keçdikcə həyatımda kədərlə sevinc arasındakı nisbət pozuldu, tərəzinin gözləri xoşbəxtliyə tərəf əyildi, amma çətin keçən hamiləlikdən az sonra yaşadığım müəyyən anadək bunu dərk eləyə bilmirdim, o xatirələrin özü qısa, əzablı ağrılarla yadda qalan doğuş sancılarından, doğuşdan sonrakı dəhşətli təşviş hissindən daha qorxunc idi. Xatırlayıram ki, uzun, əzablı günün sonunda beşikdə yatan oğluma baxıb demişdim: “Səninlə bu günü keçirmək üçün bütün həyatımı yenidən yaşamağa razıyam. Hətta sabah ikimizdən birimiz ölsək belə (mən sancı içərisində qıvrılarkən öləcəyimi tez-tez ağlımdan keçirirdim), həyat öz ahəngini tapıb, orada lazım olan hər şey var və heç nə artıq deyil”.
***
Bu yaxınlarda “Boston-Qlob” qəzetindən oxudum ki, hansısa kənd məktəbində belə bir hadisə olub: şagirdlər dərsdə əsəri təhlil edəndən sonra müəllimlərindən xahiş ediblər ki, onları yazıçının yanına – Kornişə aparsın. Müəlliflə görüşməyə cəhd eləyən uşaqlar atamın evinədək getsələr də, arzularına çatmayıblar. Hadisədən xəbər tutan jurnalist şagirdlərin birindən soruşub: “Sizi içəri buraxsaydılar, nə deyəc əkdiniz? Selincerə hansı sualınız vardı?” Qız bir az karıxaraq gülümsəyib, sonra isə deyib: “Xahiş edəcəkdim ki, bizi çovdarlıqda uçurumdan qorusun…”
O, real həyatda sizi uçurumdan qorumayacaq. Yazıçının əsərlərindən hansı nəticəni istəyirsiz çıxarın, amma istənilən halda müəllif çovdarlıqda oynayan uşaqların köməyinə gəlməyəcək…
Tərcümə: Rəbiqə Nazimqızı
Epiloq.az