Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin üçüncü cildi çap olunub.
Üçüncü cildə müəllifin müxtəlif illərdə yazdığı şeirlər, rus klassik şairlərinin yaradıcılığından etdiyi tərcümələr, ədəbiyyatın və mədəniyyətin problematik aspektlərindən bəhs edən esselər və ölkəmizin teatr səhnələri ilə yanaşı, xarici ölkələrdə də səhnələşdirilən pyeslər daxil edilib.
Kamal Abdullanın şeirləri daha öncə “Qəribədi, deyilmi?!” (Bakı, BDU-nun mətbəəsi, 1998), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “Nar çiçəkləri” (Bakı, Mütərcim, 2014), Alla Axundova tərəfindən rus dilinə tərcümə edilərək “Господин дороги” (Москва, Риф Рой, 2004) kitablarında çap edilib. Kamal Abdullanın çoxcildliyini izləyən diqqətli oxucu bu şeirlərin hansı məqamda hekayəyə, hansı məqamda romana, yaxud da pyesə çevrildiyini asanlıqla görüb duya biləcəkdir. Müəllifin şeirləri haqqında ədəbi tənqidçilər və məşhur şairlərimiz yüksək fikirlər söyləmişdir. Şeirlərin və esselərin toplandığı “Господин дороги” kitabı Moskvada Yazıçılar İttifaqında geniş müzakirə olunmuş, bu müzakirələrdə Rusiyanın tanınmış ədəbiyyatşünasları və yazarları iştirak etmişdir. Bu cildə daxil edilən şeirlərin bəziləri bəstəkarlarımız tərəfindən unudulmaz nəğmələrə çevrilmiş, bəziləri isə zaman-zaman Kamal Abdullanın pyeslərinin səhnələşdirilməsində musiqi mətni kimi istifadə edilmişdir. Kitabda şeirlərin davamı kimi “Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış kiçik poemalar verilmişdir. Hər poema “Kitabi-Dədə Qorqud” dastanından bizə tanış olan hansısa qəhrəmanın gizli və aşkar hisslərinin tərənnümünə həsr edilib.
Müəllifin kitaba daxil edilən rus poeziyasının “Gümüş dövrü” şairlərindən etdiyi tərcümələr öncə “Gümüş dövrün sirləri” (Bakı, Mütərcim, 2001) adlı tərcümə kitabçasında çap olunub. Müxtəlif müəlliflərdən seçilən bu şeirləri birləşdirən ümumi cəhət antik motivlər, xüsusən mifik qəhrəmanların əzablı taleyidir. Rusca orijinal mətnlərin də tərcümələrlə bir yerdə kitaba daxil edilməsinin məqsədi oxucunun diqqətini tərcümə zamanı məzmunla birlikdə formanın da saxlanmasına yönəltməkdən ibarətdir.
Kamal Abdullanın “Müəllif-əsər-oxucu” (Bakı, Yazıçı, 1985), “Əvvəl-axır yazılanlar” (Bakı, Yazıçı, 1990), “Yolun əvvəli və axırı” (Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1993), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007), “Düma ilə Coys arasında” (Bakı, Mütərcim, 2016), “Mənim Füzulim” (Bakı, Mütərcim, 2019) kitablarında zaman-zaman çap edilmiş dünya və Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının, həmçinin mədəniyyətin müxtəlif problemlərindən, ədəbi və mədəni proseslərdən bəhs edən esseləri sistemləşdirilərək bu cildə daxil edilmişdir. “Əvvəl-axır yazılanlar”, “Düma ilə Coys arasında”, “Mənim Füzulim” bölmələrində toplanan esselər oxucunu ədəbiyyatın və ümumiyyətlə, sənətin müxtəlif məqamlarına səyahətə çağırır. Oxucu bu səyahətdə müxtəlif ədəbi sirlərə vaqif olur, ədəbiyyatın bizlərə ötürdüyü energiyanı açıq-aydın hiss edir, sənətin görükməz, amma var olan sərhədlərini görür, ayrı-ayrı sənət sahələri arasında mövcud olan multidissiplinar lağımları kəşf edir, uzaq-yaxın ədəbi simaları bizə bir qədər də doğma edir.
“Seçilmiş əsərləri”n üçüncü cildinə daxil edilmiş pyeslər müəllifin daha öncə çap edilmiş “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “Bir, iki – bizimki!” (Bakı, Mütərcim, 2003), “Casus” (Bakı, Mütərcim, 2004) kitablarında işıq üzü görüb. Kamal Abdullanın bu pyesləri Əflatun Neymətzadə tərəfindən türk dilinə tərcümə edilərək “Ruh” (Ankara, 2006) kitabında, həmçinin Azər Mustafazadə, Vaqif İbrahimoğlu, Gülnar Şıxəliqızı tərəfindən rus dilinə tərcümə olunaraq “Господин дороги” (Москва, Риф Рой, 2004) və “Все мои печали…” (Баку, Мутаржим, 2009) kitablarında da çap olunub. Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Əsgər Əsgərov, Mikayıl Mikayılov, Əlif Cahangirli, Gümrah Ömər və başqa məşhur rejissorlar Kamal Abdullanın müxtəlif pyeslərini ayrı-ayrı teatrlarda səhnələşdirmişlər.
Müəllifin “Kim dedi ki, Simurğ quşu var imiş?!” pyesi Azərbaycan sənət tarixində ilk dəfə olaraq Gürcüstanda Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram Teatrında gürcü dilində, eyni zamanda Estoniyada eston dilində tamaşaya qoyulmuşdur.
Oxucu Kamal Abdullanın pyeslərində “Kitabi-Dədə Qorqud” qəhrəmanlarının, Şah İsmayıl Xətainin taleyinin ədəbi yozumu, mifoloji simvolların və xalq ədəbiyyatından gələn deyimlərin şifrəli kombinasiyaları ilə üz-üzə qalacaq. Teatrşünaslar və teatr xadimləri tərəfindən Azərbaycan teatr tarixində unikal hadisə kimi xarakterizə edilən bu pyeslər oxucu üçün paralel zaman və məkanlara səyahət imkanıdır. Məhz bu xüsusiyyətlərinə görə böyük Azərbaycan aktyoru və teatr xadimi Həsənağa Turabov Kamal Abdullanın pyeslərini belə dəyərləndirmişdir: “…Yaradıcılıq təcrübəmə söykənərək tam məsuliyyətimlə Kamalın dramaturji düşüncə və üslubunu yeni əsr və minilliyin aparıcı meyli, tendensiyası kimi qiymətləndirirəm”.
Kamal Abdullanın bu cilddə toplanan seçilmiş pyesləri müxtəlif illərdə Azərbaycanın ayrı-ayrı teatrlarında, həmçinin Gürcüstan və Estoniyada səhnəyə qoyulmuş, böyük tamaşaçı rəğbəti qazanmışdır.