Xalq yazıçısı, akademik Kamal Abdullanın yeddi cildliyinin ikinci cildi işıq üzü görüb.
İkinci cildinə müəllifin “Sirlərin sərgüzəşti” romanı, “Tarixsiz gündəlik” povesti və müxtəlif illərdə yazdığı hekayələri daxil edilib.
“Sirlərin sərgüzəşti” romanı 2019-cu ildə “Ədəbiyyat qəzeti”ndə hissə-hissə çap edilib, daha sonra “Azərnəşr”də kitab şəklində işıq üzü görüb.
Roman öz polifonikliyi ilə müxtəlif zamanların mənəvi əlaqəsinin qırılmazlığından bəhs edir. Roman ayrı-ayrı zaman və məkanlarda yaşayan insanların – Hacı Mir Həsən ağa Səyyah və professor Həsən müəllimin mənəvi-psixoloji dialoqları üzərində qurulub. Bu dialoqlar fonunda baş verən şəxsi və ailə faciələri romanı gözlənilməz situasiyalarla zənginləşdirmiş və oxucu üçün daha maraqlı etmişdir.
Kitabdakı “Tarixsiz gündəlik” povesti müəllifin orta məktəb xatirələrinin melanxoliyasının anoxronik təsviridir. 2005-ci ildə Bakıda çap edilən povest 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Əsərlər toplusu” adlı kitabda dərc edilib. Povest rus və bolqar dillərində də işıq üzü görüb.
Xalq yazıçısı Kamal Abdullanın bu kitaba daxil edilən hekayələri mövzu zənginliyi və problematika baxımından, həmçinin arxitektonikasına görə özü-özlüyündə müxtəlif qruplarda birləşir. Bəzi hekayələr qədim mifoloji mətnlərdən, bəziləri müasir insanların həyatından, bəziləri isə sirli qəhrəmanların real, yaxud irreal məkanda səyahətindən bəhs edir. Oxucu bu hekayələrdə – mifoloji mətnlər, şəxsiyyətin tənhalığı, insanların ağlasığmaz arzularının reallaşması, insan səhvlərinin şəcərə və qrammatikasının analizi, müəllif yuxularının sehrli alleqoriyalarla təsviri, qədim zamanla müasir zamanın vəhdəti, zaman dəyişilmələrinin ruhunu və səbəbini anlamaq cəhdi, mifoloji qəhrəmanların müasir məkanlara personefikasiyası ilə qarşılaşır.
Hekayələrdəki xronotopların rəngarəngliyi oxucunu təəccübləndirir və onu gözləmədiyi vəziyyətlərlə üz-üzə qoyur.
Kitaba daxil edilən hekayələr öncə Azərbaycanda müəllifin “Kədərli seçmələr” (Bakı, 2002), “Hekayələr” (Bakı, 2009), “Labirint” (Bakı, 2012), “Sirri-zəmanə” (Bakı, 2014) kitablarında, bir qismi rus dilinə tərcümə olunaraq Moskvada 2014-cü ildə çap olunan “Платон, кажется, за
болел…” kitabında və bu kitabın Belqradda 2018-ci ildə serb dilində çap olunan “Platon se izgleda razboleo…” nəşrində yer almışdır. Həmçinin bir çox hekayələr ölkəmizdə və dünyada nəşr edilən ədəbi jurnallarda, qəzetlərdə və almanaxlarda müxtəlif dünya dillərində çap edilmişdir.
Moskvada “Художественная литература” nəşriyyatı tərəfindən çap olunan “Пла
тон, кажется, заболел…” hekayələr kitabı “intellektual nəsrə verdiyi töhfə”yə görə Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata – “Qızıl Delviq”ə layiq görülüb.
Kitaba daxil edilən roman və hekayələrlə tanış olan oxucu bir daha əmin olur ki, Xalq yazıçısı Kamal Abdullanın söylədiyi əhvalatlar, qələmə aldığı bu çoxqatlı mətnlər nahaqdan müasir Azərbaycan intellektual nəsrinin nümunələri kimi təqdim edilmir.