Xavier Marias 1951-ci ildə Madriddə doğulub. Uşaqlığının bir hissəsi məşhur filosof olan atasının – Culian Mariasın müxtəlif unversitetlərdə dərs dediyi ABŞ-da keçib. Madriddəki “Colegio Estudio”dan məzun olub. Marias yazmağa erkən yaşlarından başlayıb. “Qadınlar yatarkən”dəki hekayələrdən biri olan “Marselino İturriaqanın doğumu və ölümü”nü yazanda 14, ilk romanı “Canavar dominyonlar”nı yazanda isə 17 yaşı vardı. Madrid “Compultense Universiteti”nə qəbul olunandan sonra ingilis dilindən ispancaya tərcümələr etməyə başladı. Apdayk, Hardi, Konrad, Nabokov, Folkner, Kiplinq, Ceyms, Stivenson, Braun və Şekspir ispancaya tərcümə etdiyi müəlliflərin arasındadır. 1979-cu ildə Lorens Sternin “Tristram Şendi” əsərinin tərcüməsi ilə “Premio de traduccion Fray de Leon”a layiq görüldü. 1983-85-ci illər arasında Oksford Universitetində İspan ədəbiyyatı və tərcümə haqqında mühazirələr oxudu. Marias 1986-cı ildə “Sentimental adam”ı, 1988-ci ildə hadisələrin Oksford Universitetində baş verdiyi “Bütün ruhlar”ı, 1992-ci ildə “Bəyaz qəlb” adlı əsərini çap etdirdi. 1994-cü ildə çap olunan romanı “Sabahkı döyüşdə özünü düşün” ilə Venesuelanın “Romulo Gallegos” mükafatına layiq görüldü. Mariasın 1986-cı ildən bəri yazdığı romanların hamısının qəhrəmanı tərcüməçilərdir. 2002-ci ildə Marias trilogiyasının ilk kitabı olan “Sabahkı sifətin – 1: atəş və mizraq”ı, 2004-cü ildə ikinci kitab “Sabahkı sifətin – 2: rəqs və röya”nı, 2007-ci ildə isə üçüncü kitab “Sabahkı sifətin – 3: zəhər, kölgə və vida”nı çap etdirdi. 2011-ci ildə “Ağlasığmaz böyümə”ni, 2014-cü ildə isə “Pis başlanğıclar”ı çap etdirdi. İndiyə qədər dörd roman, dörd hekayə kitabı, müxtəlif şeylər haqda yazdığı esselərdən ibarət 19 kitabı çap olunan Mariasın əsərləri əlliyə yaxın dilə çevrilib. Marias “Redonda krallığı” adlı xırda bir nəşriyyatın sahibidir. Hər həftə “El pais” qəzetinə yazılar yazır. 2013-cü ildə prestijli mükafat olan “Prix Formentor”a layiq görülüb. Son illər adı Nobel mükafatına namizədlər arasında çəkilir.
Folknerlə bağlı ədəbiyyatın dəbdən düşmüş əfsanənəsi belədir: o, “Döşəyimdə ölərkən” romanını çox çətin şəraitdə, özü də cəmi altı həftəyə yazıb; gecələri mədəndə işləyərkən, tərs üzünə çevrilmiş kömür vaqonunun üstünə səpələdiyi kağız-kuğuza tozlu mədənçi kasketindəki fənərin ölgün işığı düşürmüş. Bu köhnə-külüş əfsanənin yaranma səbəbi görünür odur ki, Folkneri yoxsul, fədakar, bir az proletar yazıçılar arasında görmək istəyiblər. Bu deyilənlərin içində doğru olan yeganə şey romanın altı həftəyə yazılmış olmasıdır: elektrik enerjisi emal edən bir stansiyada işlədiyi yaz fəslində, uzun fasilələrlə qazana kömür atdığı altı həftə boyunca. Folknerin dediyinə görə, həm stansiyada onu narahat edəcək heç kim olmayıb, həm də köhnə və azman dinamonun fasiləsiz mızıltısı “sakitləşdirici” effekt verirmiş, məkan da “ilıq və səssiz” imiş.
Şübhəsiz ki, əsas məsələ yazıçının yazıb-oxuduğunun havasına düşə bilməsidir. Missisipi Universitenin poçt idarəsində məmur olduğu əvvəlki işindən qovulandan sonra, ona termik stansiyadakı bu təzə işi atası düz-qoş etmişdi. Deyəsən tələbələrdən biri öz adına yazılan məktubları tapmaq üçün idarənin arxa tərəfindəki zibil qabına atılmış təptəzə poçt çuvallarının içində eşələnəndən sonra, son dərəcə haqlı şəkildə Folknerdən şikayət etmişdi. Görünür, Folkner mütaliəsinin bölünməsini sevmirdi; idarədə poçt markasının satışları kifayət qədər aşağı düşmüşdü. Yazıçı ailəsinə vəziyyəti belə açıqlamışdı: kassadakı balaca pəncərənin qabağına getmək üçün dəqiqəbaşı ayağa durmaqdan və marka almağa iki senti olan hər it uşağına gülərüz görünməkdən xoşum gəlmir.
Bəlkə də Folknerin məktublara olan qərəzi orda yaranmışdı. Ölümündən sonra pərəstişkarlarından gələn, üzünü də açmadığı paketlər, məktublar yığını tapıldı. Əslində, ancaq naşirlərdən gələn məktubları min bir zülümlə açırdı: balaca bir deşik açıb içində çek olub-olmadığına baxırdı, yoxsa həmin zərf əbədiyyətə qədər açılmadan kağız yığını içindəki öz yerini tuturdu.
Çeklərə həmişə böyük maraq göstərirdi, amma elə çıxmasın ki, pulgir, yaxud xəsis adam idi. Səxavətli idi, çünki pulu əlində saxlamaz, növbəti çek gələnə qədər borc içində yaşayardı. Borclarını ödəyər, qalanını da o saat at yarışlarına, tütünə və viskiyə xərcləyərdi. Çox paltarı yox idi, amma olanlar da bahalı parçadan idi. Hələ 19 yaşındaykən geyim-kecim xəstəsi olduğu üçün ona “qraf” ləqəbi qoşmuşdular. Əgər dar şalvarlar dəbə minirdisə, o, yaşadığı Oksford şəhərində (Missisipi əyalətindəki) ən dar şalvarları geyinirdi. Folkner Oksforddan birinci dəfə 1916-cı ildə, Torontodakı “Britaniya Krallığı Hava Donanması”nda təhsil almaq üçün çıxmışdı. Rəvayətə görə, yetərli təhsili olmadığı üçün Amerikan Hava Donanmasına, boyu qısa olduğu üçün isə ingilis donanmasına qəbul olunmayada, hamını təhdid edibmiş ki, gedib alman ordusuna yazılacaq.
Başqa bir rəvayətə görə, bir dəfə cavan bir oğlan nəyəsə görə onun ziyarətinə gedir və görür ki, Folkner bir əlində sönmüş tənbəkisini, o biri əliylə isə qızı Cillin mindiyi poninin cilovunu tutub. Cavan qonaq aradakı soyuqluğu götürmək üçün soruşub ki, qızınız nə vaxtdan ata minir? Folkner uzun fasilədən sonra cavab verib: “Üç ildir”, bir az da fasilədən sonra əlavə edib: “Bilirsiniz, bir qadının bilməli olduğu üç şey var: düzünü demək, ata minmək və çek imzalamaq.”
Cill onun Esteldən olan birinci qızı deyildi. Estelin ilk evlilikdən iki uşağı da vardı. Folknerin Estellə birinci uşağı doğuşdan beş gün sonra ölmüşdü. Adını Alabama qoymuşdular. Qadın hələ yataqda və halsız idi, Folknerin qardaşları şəhərdə deyildilər, uşağı görməyə çatmadılar. Folkner uşaq üçün cənazə mərasimi tərtib etmir və bunu belə izah edir: uşaq fərdə yox, xatirəyə çevriləcək qədər yaşadı. Körpənin ölüsünü balaca bir tabuta yerləşdirdikdən sonra məzarlığa qədər qucağında aparır, tək başına qəbrə qoyur, heç kimə xəbər vermir.
1950-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüləndə, əvvəlcə İsveçə getmək istəməsə də, sonra təkcə getməklə qalmır, “dövlət qulluqçusu” kimi bütün Avropanı və Asiyanı gəzir. Dəvət olunduğu ziyafətlərdən heç vaxt xoşu gəlməyib. Deyirlər ki, fransız naşirinin onun şərəfinə verdiyi bir ziyafətdə jurnalistlərin bütün suallarına yarımçıq cavablar verəndən sonra addım-addım dal-dala getməyə başlayıb və bir divara söykənib. Jurnalistlər də qərara gəliblər ki, o, artıq düzələn deyil, uzaqlaşıb gediblər. Folknersə qaçıb həyətdə gizlənib. Bəziləri söhbət etmək üçün yazıçının dalınca düşsə də, yazıçı tezcə içəri qayıdıb deyirmiş ki, “Çöldə hava soyuqdur.”
Folkner qaraqabaq, axırtaxtalı, səssizliyi sevən adam idi və bütün həyatı boyu teatra cəmi beşcə dəfə getmişdi: üç dəfə “Hamlet”ə, sonra “Yaz gecəsində yuxu”ya və “Ben-Hur”a, vəssalam. Freydi oxumamışdı, bir dəfə belə demişdi: “Freydi qəti oxumamışam, Şekspir də, Melvil də Freydi oxumamışdılar, məncə, Mobi Dik də Freydi oxumamışdı.” Amma hər il “Don Kixot”u oxuyurdu.
Bir qəribə xasiyyəti də bu idi: hamını inandırmaq istəyirdi ki, mən düz danışmıram. Nəticə etibarilə axı o, çeklərə olan sevgisini və ata minmək həvəsini bölüşdüyü qadınlar kimi deyildi, elə deyilmi? Həmişə deyirdi ki, ən ticari romanım “Müqəddəs sığınacağı” pul üçün yazmışam: “Yaxşı bir at almaq üçün pul lazım idi.” Üstəlik həmişə deyirdi ki, atla gəzmək olmur deyə, böyük şəhərlərə tez-tez gedə bilmirəm. Qocalmağa başlayanda bütün həkimlərin və ailə üzvlərinin xəbərdarlıqlarına baxmayaraq, ata minməyə, əngəllərin üstündən tullanmağa davam etdi, həmişə də yıxılırmış. Axırıncı dəfə yenə atdan yıxılır. Arvadı pəncərədən görür ki, at bağça qapısının yanındadır, amma üstündə heç kim yoxdur. Ərini atın üstündə görməyəndə doktor Feliksə zəng vurur və onu axtarmağa başlayırlar. Onu bir kilometr aralıda axsayarkən, hətta sürünərkən görürlər. Folkner deyirmiş ki, beli üstə yıxıldığım üçün ayağa dura bilmədim. At bir neçə addım atandan sonra dayanıb, ətrafına baxıb. Folkner dikəlmək istəyəndə at gəlib burnuyla onu toxunub, yazıçı atın cilovunu tutmaq istəsə də, bacarmayıb. Heyvan görüb ki, sahibi ayağa dura bilmir, evə tərəf götürülüb.
Bu hadisədə ciddi şəkildə zədələnən Folkner, uzun müddət əzablar içində yatağa düşdü, dünyadan köçəndə belə tam özünə gəlməyibmiş. O, vəziyyətinin necə olub-olmadığını öyrənmək üçün yatırıldığı xəstəxanada ölüb. Amma onun atdan yıxıldığı üçün ölməsi ədəbiyyat əfsanəsinə layiq görülmədi. Onu 1962-ci il, 6 iyulda, 65 yaşına çatmamış trombozdan ölməyə layiq gördülər.
Folknerdən soruşanda ki, Şimali Amerikanın ən yaxşı yazıçısı kimdir, o cavab verərdi: hamısı uğursuzdur, ən dəyərli uğursuzluq Tomas Vulfun uğursuzluğudur, ikinci ən böyük uğursuzluq isə Vilyam Folknerə məxsusdur. Bu cümlə heç vaxt dilindən düşmürdü, amma unutmayaq ki, Vulf 1938-ci ildə ölmüşdü, yəni Folkner bu sözləri deyəndə, çoxdan bu dünyadan köçmüşdü.
Tərcümə etdi: Qismət