Xavier Serkasla 2005-ci ildə “İşıq sürətilə” kitabının çap olunmasından sonra tanış oldum. O ərəfədə ispanca danışanlar arasında “Salamina əsgərləri”ni hələ oxumamış azsaylı insandan biriydim. Bu romandan sonra Xavier artıq tanınmayan, elə-belə özüyçün nəsə yazan bir yazıçı deyildi, fövqəladə bir fenomen idi: həm ciddi bir romançı, həm də kitabları İspaniyada ancaq katedrallarla bağlı tarixi-mistik romanların, ya da rəsmlərlə bağlı klişe detektivlərin satış rəqəmlərinə çatmağı bacaran bir yazıçı. O vaxtdan bu yana, az qala, bütün kitablarını oxudum, sözü gedən əsərdən başlayaraq Serkasın şedevri olan – müəllifinə və oxucusuna fərqli növdə şedevr olduğu üçün iki qat daha dəyərli – “Bir anın anatomiyası”na, romanların nə olduğuna və nələri bacardığıyla bağlı baxış bucağımızı yenidən açan sonuncu kitabı “Sərhəddin qaydalarına” qədər.
2013-cü ilin yanvarında Kolumbiyanın sahil şəhəri Kartagenada Latın Amerikası ədəbiyyatının simvolları ilə çevrələnmiş bir halda onun əsərləri haqqında danışmaq üçün görüşdük: “Teatro Heredia”da Markesin “Vəba günlərində eşq” romanında epizodik şəkildə qarşımıza çıxan 1906-cı ildə tikilmiş binada söhbət etdik. O ərəfədə ikimiz də Markesin “Eşq və başqa cinlər”in məkanı kimi müəyyənləşdirdiyi Santa Klara Monastırına bir vaxtlar ev sahibliyi etmiş modern bir oteldə qalırdıq; birinci sırada Mario Varqas Lyosa əyləşmişdi, onun bizə olan təsirini ikimiz də dəfələrlə dilə gətirmişik. Son ana qədər üçümüz səhnə arxasındakı kondisionerli balaca bir otaqda əyləşdik və sanki müəllif aramızda deyilmiş kimi, Lyosanın 1969-cı ildə yazdığı klassikləşmiş “Katedralda söhbət”dən danışdıq. Səhnəyə çıxanda Xavierin əsərlərinə olan heyranlığımdan və kitablarımızın eyni dərdlərə, eyni ənənəyə bağlı olmaq istəyini daşımasıyla bağlı həmişəki hislərimdən bəhs etdim. Sonra isə Xavierdən “Sərhəddin qaydaları”nı soruşdum.
Xuan Qabriel Vaskes: “Xavier, bir dəfə mənə demişdin ki, 1975-ci ildə diktator Fransisko Frankonun ölümüylə başlayan İspaniyanın keçid dövrünün inanılmaz dərəcədə sülhpərvər bir keçid idi, amma o ərəfədə də heç kimin fərqinə varmadığı və İspaniyada “quinqui” (“kinki” kimi oxunur) adlandırılanların qurban getdiyi bir yeraltı savaşı var idi. Keçid dövrünün şiddət tərəfini təşkil edən o savaş nəydi? Kim idi o kinkilər? “Sərhəddin qaydaları”nın həqiqi arxa fonu nədir? O dönəm sənin bioqrafiyanın da önəmli hissəsini təşkil edir.
Xavier Serkas: “Siyasi keçid prosesini yüksək siyasətin baxış bucağı ilə ifadə etməyə çalışan “Bir anın anatomiyası” kitabımın axırında belə bir fikir vardı: Şiddət, Marksın dediyi kimi, bəlkə də tarixin mamaçası deyil, amma yüz faiz mədən ocağıdır. Bütün böyük dəyişikliklər içində şiddət olan metodlarla reallaşıb. İspan keçidi əslində olmayacaq duaya amin demək təşəbbüsü idi: Diktaturanı şiddətsiz demokratiyaya çevirmək çox çətin iş idi, amma qəribə şəkildə alındı; qəribə şəkildə deyirəm, çünki İspaniyanın milli idman növü vətəndaş müharibəsidir, o da olmasa hərbi çevriliş. Amma təzə bir vətəndaş müharibəsinə girişmək və bir-birimizi öldürmək əvəzinə, biz ispanlar demokratik bir rejim qurmağa, sülh içində yaşamağa qərar verdik. Bu inanılmaz bir şey, bənzərsiz bir uğur oldu – əlbəttə ki, bütün qüsurları və problemləriylə birlikdə. Amma bu təbiəti zidd şeydir. Xüsusi vurğulayıram: Tarixi şiddət formalaşdırır. Həqiqətən də xatırlaya bildiyim qədərilə uzaq keçmişə boylananda belə bir fenomenin bənzərini tapmıram, heç politoqlar da tapa bilmir. Buna görə də İspaniyanın keçid dövrü başqa ölkələrə model oldu: Latın Amerikadakı keçidlər, köhnə Şərq Blokundakı ölkələr və başqaları da onu örnək aldılar. İndi sual budur: Heç şiddət olmayıb? Bəli, təbii ki, olub. O günlərdə İspaniyada fövqəladə bir fenomen yaşandı, amma tam şəkildə üstü örtüldü və onun haqqında həqiqi mənada bilgi sahibi olmağımız əngəlləndi. Siyasi keçid dövründə İspaniyada əvvəllər heç olmadığı qədər yeniyetmə vardı. Əls “baby boom” dövrü. O yeniyetmələrin çoxu pulsuz, ümidsiz gənclər idi. Sözü həqiqi mənasında bir inqilabın yanacağıydılar. İnqilablar həyat perspektivi olmayan, bütün ümidini itirmiş, amma bir şey üçün həyatını ortaya qoymağa hazır gənc sayının çox böyük rəqəmlərə çatdığı zamanlarda gerçəkləşir. İspaniyada vəziyyət bax bu idi. Və qeyri-adi bir şey yaşandı: mənim nəsildaşlarım heroin savaşının qurbanı oldular. Həqiqi bir epidemiya mənim nəslimi silib süpürdü. Bu savaşda neçə nəfər öldü? Bilmirik. On minlərlə. Bu mövzuyla bağlı yapılan çox ciddi araşdırmalar qeyri-iradi bir soyqırımdan bəhs edir.
Vaskes: “Bu qeydi-iradi soyqırım” terminindən istifadə edən kitablar varmı?
Serkas: “Bəli, bu temrindən istifadə edən kitablar var. Neçə nəfərin öldüyünü bilmirik, amma bu həqiqətdir ki, mənim nəslimdən olan hamı bir doğmasını itirdi. Bu sadəcə ən xırda həyat ümidi qalmamış və əksəriyyəti eynən kitabımdakı kimi, şiddətə bulaşmış kinkilər, məhəlləli uşaqlar, yaxud qonşu məhəllə uşaqları məsələsi deyildi. Təkcə onlar bu təsirə məruz qalmadılar, hadisənin miqyası orta təbəqəyə, hətta üst sinifə qədər uzandı. Bizim savaşımız bu idi. Bu, bir qara dəlikdir, çünki ortada sübut, fakt yoxdur, hamısının üstü örtülüb. Üç uşağının necə öldüyünü görən analar danışmaq istəmirdilər. Və o soyqırım hər cür konspiroloji versiyanı işə saldı, məsələn, o insanların sülhpərvər bir keçidi yekunlaşdıracaq əks-inqilabın yanacağına çevrilməsinə mane olmaq üçün dövlətin o vaxtkı vəziyyəti təşviq etdiyi belə deyildi, amma bu doğru deyil, o vaxtkı versiyaların heç biri doğru deyil. İndi bu mövzu kitabımda üstü örtülü ifadə edilib. Belə deyək ki, kitabın altdan axan hekayəsidir. Romanın ilk səhifələrindən etibarən hərəkətə keçən Zarkonun komandasındakılar ən axırda elə özlərinin yaratdığı şiddətlə heroin ya da heroinin nəticələri ucbatından ölürlər. Buna görə də mənim kitabım siyasi keçid haqqında bir kitab deyil.
Vaskes: “Bir anın anatomiyası” keçidin ictimai tərəfi haqqında bir kitab idi, “Sərhəddin qaydaları” isə mövzunun özəl tərəfini ifadə edir demək, səncə nə dərəcədə doğrudur?
Serkas: “Tamamilə doğrudur. “Bir anın anatomiyası” keçidi reallaşdıranlardan bəhs edən kitabdır: Adolfo Suarez, Santiyaqo Karill, Qutiyerez Mellado – bunlar təxminən ispan demokratiyasının yüksək siyasətdən üç adıdır. “Sərhəddin qaydaları” isə keçidin daha çox şəxsi, hissi, özəl bir görünümü kimi başlayır.
Vaskes: “Bir anın anatomiyası” Hamlet, “Sərhəddin qaydaları” isə məzarçılar haqqında kitabdır.
Serkas: “Deyəsən, bəli. Lyosanın dediyi kimi, bütün romanlar avtobioqrafikdir, amma bu mənim təcrübə daha yaxındır və onu yazmaq məni rahatlatdı. Bunu bir neçə cəhətdən deyirəm: əvvəla, bədii mətnə geri qayıtmağın rahatlığı var. “Bir anın anatomiyası” çılğın bir kitab idi və orda fiksiyadan istifad etməmişdim. Əslində bir roman yazmaq istəyirdim, amma hekayə məni gözləmədiyim bir yola sürüklədi və fiksiyadan vazkeçməyə məcbur etdi. Uydurmağa, öz icad etdiyimiz qaydalara görə oynanan bir oyun yaratmağa alışan bizim üçün hər hansı başqa şeyə məcbur qalmaq dəhşətli bir fədakarlıq, təbiətin ziddinə getməkdir, bu mənada deyə bilərəm ki, “Bir anın anatomiyası”nı bir əlim arxada bağlı halda yazmışam. Buna görə də fiksiyaya qayıtmaq möhtəşəm bir şey idi. Onun nəşəli bir kitab olduğunu deməyəcəm, amma ümid edirəm ki, ən azından bədii ədəbiyyatın azadlığına qayıdanda yaşadığım sevincin hiss ediləcək.
Vaskes: “Bu halda məni forma haqqında danışmaq məcburiyyətinə salırsan. Mən iki cür yazıçı olduğuna inanıram: biri forma, səs, ton və ifadə tərzi tapıb onunla davam edənlər, məsələn, Tomas Bernhard və Xavier Marias, o biri isə müəyyən mənada özlərinə üsyan edənlər, bu ikincilərin etmək istədikləri şey, Andre Jidin də dediyi kimi, əldə edilən instinktdən istifadə etmək yox, əvvəlki kitabda öyrəndiklərini dağıtmaqdır. İlk ağlıma gələnlər Orxan Pamuk (bir-birinə bənzəyən iki kitabı yoxdur, Xulio Kortasar, həttə müəyyən qədər Lyosa. Sən də bu heyətin içindəsən elə bil.