MİF
Habil və Qabil Habilin ölümündən sonra təzədən görüşdülər. Səhralıqla yol gedirdilər və uzaqdan bir-birlərini tanıdılar, çünki ikisinin də boyu uzun idi. İki qardaş yerdə oturdular, bir ocaq da qalayıb yemək yedilər. Qürub çağı yorğunluqdan üzülmüş insanlar kimi sükutu pozmadan dayandılar. Göy üzündə hələ ki adı qoyulmayan bir neçə ulduz görünməyə başladı. Ocağın gur işığında Qabil Habilin alnında daşın izini gördü və əlindəki çörəyi yerə atıb, günahının bağışlanması üçün yalvardı.
Habil cavabladı:
– Sənmi məni öldürdün, yoxsa mənmi səni? Xatırlamıram; burada əvvəlkitək yenə bir yerdəyik.
– İndi bildim, məni həqiqətən bağışladığını, – dedi Qabil, – çünki unutmaq bağışlamaqdır. Mən də unutmağa çalışacağam.
Habil yavaşca:
– Doğrudur. Peşmanlıq qaldıqca, günah da qalar.
Xorxe Luis Borxes “Kölgəyə tərif” (1969) kitabından
PƏLƏNG
Olduqca möhkəm barmaqlıqların ardında zərif ölümcül, sonsuz bir instinktlə gedib qayıdırdı və biz hamımız ona baxırdıq. Bu səhər Palermoda gördüyümüz pələng idi və Şərq Pələngi, Bleykin və Hüqonun pələngi indiki və gələcəkdəki pələngdi. Eyni zamanda qədim pələngdi. Çünki onun vəziyyətində olan fərd bütün cinsi əks etdirir. Biz onun qan tökən və gözəl olduğunu düşünürdük. Noran adlı kiçik bir qız – “Eşq üçün yaradılıb” – dedi.
Xorxe Luis Borxes “Gecənin hekayəsi” (1977) kitabından
KİTABIN RƏFTARI
Kitabxananın bütün kitabları içində ərəbcə yazılmış bir əsgərin bir neçə qəpik qarşılığında Toledo bazarından aldığı və Şərq dilləri mütəxəssislərinin belə tanımadıqları və yalnız ispanca variantı məlum olan bir kitab vardı. Bu kitab sehrli idi: kahincəsinə bir üslubda yazılmışdı, bir insanın qırx yaşından başlayaraq son gününə kimi etdiklərindən və dediklərindən bəhs edirdi. Bu, 1614-cü ilə təsadüf edirdi.
Bu kitabı daha sonra heç kəs görməyib. O, altıncı hissədə qeyd olunduğu kimi baiskarı bir rahib olan əsgər ilə bərbərin arasında baş verən məşhur döyüşdə məhv olub.
Adam kitabı əllərinə aldı və oxumadı, amma ərəblərin arzuladıqları alın yazısını dəqiqliklə yerinə yetirdi və yerinə yetirməyə davam edəcək, çünki onun macərası bundan sonra insanların yaddaşının bir parçasına çevrildi.
Bu arzu həqiqətdə bir Tanrının ardıyca gedən islamiyyətin qəzavü-qədər qanunundan və ya bizə o dəhşətli cəhənnəmi seçmə şansını verən cüzi iradədən daha da çaşdırıcıdır.
Xorxe Luis Borxes “Şifrə” (1981) kitabından
BİR DUA
Dodaqlarım “Tanrı Atamız” duasını, mənə yaxın olan hər iki dildə də minlərcə dəfə oxudu və oxuyacaq, amma mən yalnızca bir qismini başa düşürəm. Bu səhər – 1 İyul 1969 tarixində mənə miras qalmayan şəxsi duanı sınamaq istəyirəm. Bunun hardasa fövqəlbəşər səmimilik tələb edən bir cəhd olduğunu bilirəm. Əvvələn, eyni arzunu diləməyimizin qadağan olduğu aydındır. Gecənin artıq gözlərimə düşməməsini aruzlamaq dəlilik olar; gözü görən minlərlə insan tanıyıram, heç biri məxsusi xoşbəxt, doğruçu və müdrik deyil. Zamanın axını bir səbəb-nəticə örtüyüdür, belə ki hər hansı bir yaxşılık etmək nə qədər kiçik olursa-olsun, bu dəmir örtüyün bir halqasının parçalanmasını istəməkdir, öz özünə parçalamasını istəməkdir. Belə bir möcüzəyə heç layiq deyil. Səhvlərimin bağışlanmasını da diləyə bilmərəm; bağışlama bir başqasının hərəkətidir və mən yalnız özümü xilas edə bilərəm. Bağışlamaq hücuma məruz qalanı saflaşdırar, hücuma keçəni yox, hətta onu maraqlandırmaz belə. İstəyimin reallığı bəlkə də aldadıcıdır, amma edə bilərəm və ya etdiyimi xəyal edə bilərəm. Məndə olmayan cəsurluğu verə bilərəm; hiss etmədiyim ümidi verə bilərəm; birazca bildiyim ya da yalnız yenicə görməyə başladığım öyrənmə arzusunu verə bilərəm. Yaddaşlarda şairdən çox dost olaraq qalmağı diləyirəm; Dunbarın və ya Frostun və ya gecəyarısı qanayan ağacı, Xaçı görən adamın ritmini (hərəkətini) təkrarlayan birinin, bunu ilk dəfə mənim ağzımdan duyduğunu düşünməsini diləyirəm. Yerdə qalanın mənim üçün əhəmiyyəti yoxdur; Unudulmağın uzun çəkməyəcəyinə ümid edirəm. Kainatın dizaynlarını tanımırıq, amma şəffaflıqla əsaslandırmağın və düzgünlüklə hərəkət etmənin bizə açıqlanmayacaq bu dizaynlara qatqısı olacağını bilirik.
Tamamilə ölməyi arzulayıram; həmin bu yol yoldaşımla, gövdəmlə birlikdə ölməyi arzulayıram.
Xorxe Luis Borxes “Kölgəyə tərif” (1969) kitabından
Tərcümə etdi: Məhəmməd Tanhu