Xose Mariya Merino ispan hekayəçisi, şairi, esseisti və İspan Kral Akademiyasının alimidir. Ədəbi fəaliyyətinə şeirlə başlasa da, Xose Mariya Merino sonralar daha çox nəsr sahəsində özünü inkişaf etdirib: kitablar və səyahət yazıları, ədəbi esselər, icmallar, romanlar və qısa hekayələr.
Xose Mariya Merino 1976-cı ildə “La novela de Andrés Choz” (Andres Çozun Romanı) adlı ilk əsəri ilə biri-birindən fərqli üç hekayəni – birincisi, kənd mühiti, ikincisi, elmi-fantastik əhvalat, üçüncüsü isə psixoloji aspekti ilə seçilirdi – vahid roman kimi təqdim etməklə tənqidçilərin və oxucuların diqqətini cəlb etmişdir.
Digər tərəfdən, müasir ispan yazıçılarının roman və hekayələrinin qəhrəmanları kimi, Mariya Merinonun qəhrəmanları da təkcə zamanın deyil, həm də itirilmiş şəxsiyyətlərinin axtarışındadırlar. Bəzən hekayə sadəcə kimlik axtarışına çevrilir. Xose Mariya Merino əsərlərində nə reallıqdan, nə ənənəvi ədəbiyyatdan, nə də fantaziyadan əl çəkmir. Uşaq ikən ona danışılan nağıllardan, sonralar oxuduqlarından, xüsusən də “Min bir gecə” nağıllarından çox təsirləndiyini bildirən Xose Mariya Merino əsl hekayəçi, hekayə danışmağı sevən yazıçıdır.
Fərari
Məhəbbət çox xüsusi şeydir. Buna görə də ayın işığı altında, yaxşı aydınlanmadığı üçün düz və məşum ləkə kimi görünən qapının yanındakı kölgəni görəndə qəti qorxmadı. Bilirdi ki, o, evinə qayıdıb. San Xuan gecəsinin yumuşaqlığı, aydın səma, otların təzə qoxusu, suyun şırıltısı, bülbüllərin nəğməsi bu qovuşma anında onun hissləri ilə necə də gözəl uyğunlaşırdı.
Müharibə başlayanda cəmi beş ay idi evliydilər. Onu orduya çağırmışdılar və gənc qadın cızma-qara ilə dolu qısa məktubların sətirlərində cəbhənin təlatümləri ilə tanış olurdu. Lakin əvvəl-əvvəl baş verən hadisələrdən qarışıq da olsa bəhs edən bu məktublar bir müddət sonra həsrət və geri qayıtmaq hisslərini özündə əks etdirməyə başlamışdı. Artıq cızma-qara olmadan gələn bu məktublar o qədər həsrətlə dolu idi ki, gənc qadın onları oxuyanda göz yaşlarına boğulurdu.
O vaxtlar bu qədər tənha deyildi. Evdə hələ də qayınanası ilə yaşayırdı. Bu yaşlı qadın çox xəstə olsa da, varlığı ilə ona müşayiət edir, xırda-xuruş işlərlə məşğul olur, ya da oğlundan gələn məktublar və qaranlıq müharibə xəbərləri haqqında onunla söhbətləşərək müxtəlif şərhlər verirdi. Bir il sonra öldü. O mətbəxdəki oturacaqda, qucağında bir salxım, sağ əlinin barmaqları arasında bircə üzüm dənəsi ilə ölmüşdü. Gənc qadının göndərdiyi məktubdan anasının ölüm xəbərini öyrənəndə gənc əsgərin komandirləri anası çoxdan dəfn edildiyi üçün ona icazə verməyin doğru olmadığını dedilər.
Tamamilə tək qalan qadın gənc oğlanlardan, təzə evlənmiş gənclərdən məhrum olan və bu məhrumiyyəti ağlasığmaz heyrət hissi ilə yaşayan sakit bir kənddə, gününün böyük hissəsini (bacısının yanına söhbətə getdiyi zamanlar istisna idi) səssiz və tənha şəkildə öz evində keçirirdi.
Qadın unutmaq istəyi ilə özünü işə həsr etmişdi. Beləliklə o, tam ciddi iş planı tətbiq edərək gündəlik təmizliyi, mətbəx, camaşır işini bitirir, heyvanlara qulluq edir, sonra isə toxum əkmək, ot biçmək, tərəvəzlərin arasındakı zərərli otları qoparmaq, meyvə ağaclarının diblərini belləmək, çovdar üyütmək kimi bir-birini izləyən çöl-bayır işləri ilə məşğul olurdu. Bəlkə də gənc qadın özünü fiziki güc, xüsusi ritm tələb edən bu işlərə həsr etməklə onun yoxluğunun gərçək olmayan, yuxudan durar kimi ağlından silib atacağı dumanlı bir xəyal olacağına ümid bəsləyirdi.
Fəqət zaman keçir, müharibə isə bitmək bilmirdi. Qadın mührabinənin səbəblərini tam dərk etməkdə çətinlik çəkirdi. Rahib onlara minbərində oturaraq düşmənin vəba kimi yoluxucu, şeytani və qorxuc bir şər qüvvə olmasından bəhs edirdi. Nəhayət, müharibə və düşmən kəlmələri real ünsiyyət vasitəsi olmaqdan uzaqlaşmışdı, hərbçilər nəyin bahasına olursa-olsun, uzaq və uğursuz bir diyardan gələn insanların işğalına qarşı sərhədləri müdafiə etməyi qarşılarına məqsəd qoymuşdular. İş o yerə çatmışdı ki, bir dəfə əsirlərlə dolu bir qafilə kənddən keçəndə, böyük maraqla onları görmək üçün çölə çıxan qonşuların içindən bir qadıncığaz düşmənin, rahibin onlara təsvir etdiyi və digər xəbərlərin onların təsəvvüründə yaratdığı obraza uyğun gəlmədiyini böyük məyusluqla, haray-qışqırıqla dilə gətirdi.
– Axı onların quyruqları yoxdur!
Onların nə quyruqları, nə dırnaqları, nə də ki buynuzları vardı. Onlar kişiydilər. Üstlərində köhnə-kürüş gödəkcə və çirkli plaş, üzlərində isə qəmgin və pessimist hava vardı. Keçəl başlarına boyunlarını, qulaqlarını örtən beretlər və əsgər papağı taxmışdılar. Bəzi cavan dəliqanlıların saqqalsız yanaqları görünsə də, demək olar ki, əksəriyyətinin sısqa üzündə uzun saqqal var idi.
Qəfildən o pərişan əsgərlərin görüntüsü qadının ağlına, bəlkə də o anda palçıqlı bir qafilənin içində, qəhvəyi plaşın altında gizlənən yoldaşını gətirdi. Hətta qəfildən bütün ruhunu ələ keçirən daxili sıxıntı ucbatından bu fərqli üzlərdə sevdiyi insanın üzünü gördüyünü zənn etdi.
Zaman ötüb keçdi. Bir il daha. Kəndin əhalisi o qədər azalmışdı ki, ancaq uşaqlar, qadınlar və yaşlılar qalmışdı. Gecələr nağıl danışmaq, keçmiş hadisələri yad etmək xoşbəxtliyindən məhrum şəkildə keçirdi, təkcə dua etməklə. Bir yerə toplaşıb söhbətləşməli olduqları vaxtı təsbehlər, dualar, doqquz günlük ibadət və ayinlər doldururdu.
Həmin San Xuan gecəsi gəlib çatanda artıq inanmırdılar ki, onların padşahı və gənclər təpənin zirvəsində böyük, ənənəvi tonaq yandırdıqları vaxtı xatırlayalar. Uşaqlar meydanda böyük tonqal qalayaraq qədim bayramın xatirəsini oyatdılar. Od – ətrafına toplaşan insanları cəlb edirdi. Küləyin əsmədiyi, aydın və isti gecə idi.
Uşaqlar alovun isti küləyinin kənarında qışqırırdılar. Yaşlılar digər San Xuan gecələrini gənclərə xatırlatmaq üçün qatmaqarışıq söz yığınından istifadə edirdilər. Cavan vaxtlarında qaçılmaz şəkildə qaydalara boyun əyməyə məcbur edilən, məcburi tolerantlıq və istəksizliyin qarışığı ilə qəbul etdikləri şey, sanki o gecə həyatlarından qoparılmış bir parça kimi həsrətlə qarşılarında idi.
Çünki keçən il olduğu kimi bu il də yumurtalara, donuz ətlərinə, çaydanlara baxmağa ehtiyac qalmayacaqdı. Gecələr onları oğurlamağa heç kim gəlməyəcəkdi. Nə kimsə yolları kəsəcək, nə də ailə ocağının müqəddəsliyinə hücüm edəcəkdi. Kənddə gənc oğlanlar qalmamışdı, gecənin şirin havası məlum səbəblərə görə açıq-aydın şəkildə kəndi daha acınacaqlı və hüznlü edirdi.
Alov sönəndə qabaqcadan nəzərdə tutmadığı bir görüş baş verdi. Qadın bacısının evinə gedib tez-bazar ailə üzvləri ilə salamlaşdı və evinə qayıtdı. Bu zaman qapının yanında bir kölgə gördü. Onu dərhal tanıdı, ona sarı qaçdı və var gücü ilə sarıldı.
Dəyişmişdi. Daha da arıqlamışdı, solğun idi, hərəkətlərində də bir növ gecikmələr yaranmışdı. Qadın onun qaçdığını başa düşmüşdü. Qumbara qəlpəsindən yaralanmış və xəstəxanaya yerləşdirilmişdi. Müalicə olunub özünə gəldikdən sonra isə qaçıb evə qayıtmaq qərarı vermişdi. Bu həftələrlə davam edən ağrılı bir qaçış idi. Buna baxmayaraq, orada sakitcə dayanıb gülümsəyirdi.
Həddindən artıq gizlilik lazım idi. Buna görə də qadın sevincini gizlədərək həyatını həmişəki kimi yaşamağa davam etdi. Gənc oğlan günün işıqlı saatlarında evin içində gizlənirdi. Gecələr isə zülmət qaranlıq hər şeyi örtəndə meyvə bağına çıxır, yan-yana əyləşərək sayrışan ulduzların döyüntüsünü, çayın pıçıltısını, gözəgörünməz çardaqların arasından bir-birini səsləyən quşların səsini hiss edirdilər.
Onun qollarında hiss etməyə başlamışdı ki, evliliklərinin ilk vaxtlarındakı dad qayıdır, öpüşün və qucaqlaşmaqların yoxluğundan yaranmış iztirab sağalır. Və məhəbbət çox özəl bir şey olduğu üçün bütün problemlər (müharibə, xeyli işi təkbaşına edərkən çəkdiyi əziyyət, müntəzəm həyat yaşamaq üçün pul qazanmaq) ikinci plana keçmişdi.
İndi onun yeganə narahatçılığı yoldaşının tapılmamağı idi. Bir gecə bir qucaq odunla evə qayıdarkən jandarmlarla qarşılaşdı. Əsgər qaçağı şikayətinə əsasən jandarmlar evini aşkar etmişdilər (xəstəxanada yüksək hərarət zamanı sayıqlamışdı). Nə qədər yoldaşını tapa bilməsələr də, bu gözlənilməz ziyarət onu narahat etmişdi, fikirləşirdi ki, bir gün onu tapa, yenidən alıb apara və bəlkə də qaçdığı üçün edama məhkum edə bilərdilər.
Beləliklə, yoldaşının evdə olmağının şirinliyi və panik ataklar arasında yay fəsli ötüb keçdi. Bəzən o, heç özü də bilmədən mahnı oxuyurdu, onun bu hərəkətləri səssiz və kədərli kənddə böyük təəccüblə qarşılanırdı.
Ancaq qəribə bir hiss gecə yarısı yuxularını qaçırırdı, yoldaşının bədənini yanında hiss etsə də, sanki gələcək çoxdan aşkar edilmiş və bütün mənfi imkanlar reallaşmış, bir qalaq qarışıq, qaranlıq duyğular onun təxəyyülünü ələ keçirmişdi.
Sentyabrın başladığı gün qadın oyananda əri yanında deyildi. Boz, rütubət qoxulu bir gün idi. Onu həm evdə, həm bayılda axtardı, amma tapa bilmədi. Uzun yalnızlıq mənzərəsini yenidən canlandıran bu yoxluq qadının daxilində qorxulu bir hiss yaratdı.
Axşam duası zamanı jandarmların yaxınlaşdığını gördü. Yağış daha da güclü yağmağa başlamışdı və onların rezin plaşları tamamilə suyla ötrülmüşdü.
Onu tapmışdılar. O, təpənin başında, qayaların arasında idi, kəndə tərəf bacardığı qədər başını çölə çıxarmaq üçün əzalarını uzatmışdı. Şübhəsiz ki, uzun qaçış yolunda yarası yenidən açılmışdı. Bədəni dərisini dəyişdirən ilanın qabığı kimi qupquru idi. Jandarmlar onun ən azı San Xuan günündən bəri öldüyünü söylədilər.
İspancadan çevirən: Həmidə Əliyeva, ADU, Ədəbiyyatşünaslıq (ispan ədəbiyyatı), II kurs magistr