“Vətəndaşların xəzəlləri yığmaq öhdəliyini ortaya atan qanunun dəqiq xülasəsini heç kəs xatırlamır,amma kiminsə bu qanunu pozmağı ağlının ucundan belə keçirməyəcəyinə özümüz kimi əminik. Axı bu, lap uşaqlıqdan vərdiş elədiyimiz qədim adətlərdən biridi və hər il noyabrın ikisi, səhər saat doqquzda başlayan xəzəllərin yığılma kampaniyası bizlər üçün çəkməmizin bağını bağlamaq ya çətiri açmaq qədər sadə bir işdi.
Üstəlik bu tarixə etiraz etmək heç kəsin ağlına gəlməz – əgər ölkəmizdə bu cür qərara gəliblərsə, deməli, buna əsasları olub. Axı öncəki günü qəbiristanlıqda keçiririk: bu dünyadan köç etmiş qohumlarımızın qəbrinin üstünə gedirik və qəbir daşlarını basmış xəzəlləri yığışdırırıq; yalnız həmin gün quru yarpaqlar, belə demək olarsa, rəsmi əhəmiyyət daşımır və olsa-olsa, yalnız xoşagəlməz maneədi, onu sonradan güldanlardakı suyu dəyişmək, məzarın üzərindəki çirki təmizləmək üçün aradan qaldırmaq lazımdı. Ara-sıra bəziləri kampaniyanın iki-üç gün əvvələ keçirilməsi fikrinə eyham vururdular, guya noyabrın biri qəbiristanlıq təmiz olar və adamlar vaxtlarını yorucu işə sərf etmək əvəzinə, anım günündə qəbir üstündə rahat-rahat yaxınlarını xatırlayarlar. Yalnız biz bu iftiranı həmişə rədd edirdik, necə ki, hansı sayda qurban vermələrinə rəğmən, şimala, selvasa (Cənubi Amerikada Amazonka çayı boyunda yerləşən rütubətli tropik meşələr – red.) ekspedisiyaları ləğv etməyi könlümüzdən belə keçirmirdik.
Vətənimizin boş-boşuna yaranmayan ənənələri belədir və dədə-babalarımız həmişə anarxist ab-havanın ağzından vuraraq təsdiqləyirdilər ki, qəbirlərin üzərindəki xəzəllər məhz xəzanla bağlı yaranan narahatlığa xatırlatmadı və kollektivimizi səhərisi gün başlayacaq kampaniyaya daha da həvəsləndirir.
Camaat yekdilliklə xəzanın yığışdırılmasına öz töhfəsini verir. Bir gün əvvəl, adamlar qəbiristanlıqdan qayıdanda, bələdiyyə meydanın ortasında ağ boyayla rənglənmiş köşk qoyur və biz həmin yerə çatanda, növbə tutaraq səbirlə gözləyirik. “Quyruğ”un ardı-arası kəsilmədiyindən, çoxumuz evə yetərincə gec qayıdır, lakin hər kəs bələdiyyə məmurunun əlindən öz üzvlüyünü almaqdan xüsusi qürur hissi keçirir. Sabahsı gündən başlayaraq, damalara bölünmüş bu kağızda əmək növbəsindəki iştirakımız öz əksini tapacaq: qəbul məntəqəsində xəzanla dolu kisələri, ya manqusta (isti ölkələrdə yaşayan uzun bədənli kiçik yırtıcı heyvan – red.) qəfəslərini təhvil verəndə, – baxır kimə nə tapşırırlar, – xüsusi maşın kağızda deşik açır.
Hamıdan çox uşaqlar sevinir, axı ən böyük kartları onlara təqdim edirlər (onlar öz növbələrində bu kağızları fərəhlə analarına nümayiş etdirirlər) – və onları ən asan işlə təhkim edirlər, adətən, manqustaları izləməyi tapşırırlar. Biz böyüklərə daha çətin olur və bu təbiidi: biz yalnız yarpaqları yığan manqustalara əmrlər vermirik, üstəlik xəzanları kisələrə yığırıq, sonrasa yükü çiyinlərimizdə bələdiyyənin ayırdığı yük maşınlarına daşıyırıq. İlan esensiyasını quru yarpaqlara fısqırtmaları üçün qocalara tapançalar etibar edirlər. Lakin ən məsuliyyətli tapşırıqlar böyüklərin öhdəsinə düşür, çünki manqustalar tez-tez yayınır və ümidləri doğrultmurlar; belədəsə artıq bir neçə gündən sonra kağızdakı qeydlərdən yetərli işləmədiyimiz bəlli olacaq və bizlərin şimala, selvasa yollanma ehtimalımız birəbeş artacaq.
Gözlənildiyi kimi, biz hər vəchlə bunun baş verməməsinə çalışırıq, hərçənd məsələ bu həddə çatanda belə, şimala yollanmanın məlum kampaniyadan heç də az təbii olmadığını etiraf edirik; belə ki etiraz eləmək ağlımızın ucundan belə keçmir; yalnız heç kəsə sirr deyil ki, manqustaları işlətmək üçün dəridən-qabıqdan çıxırıq. Kartlarda maksimum deşiyin açılmasımı çox istəyirik, bunun üçünsə kampaniyada iştirakları zəruri olan manqustalar, qocalar və uşaqlarla bəzən sərt davranırıq.
Vaxtilə yarpaqlara ilan esensiyası fısqırtmaq ideyasının hansı şəraitdə meydana gəlməsi üzərində baş sındırsaq da, sonralar tənbəlcəsinə bir neçə ehtimal irəli sürüb belə bir nəticəyə gəldik ki, adətlərin, xüsusilə faydalı və ağıllı ənənələrin mənşəyi, adətən, əsrlərin dərinliyində itib-batır. Gözəl günlərin birində bələdiyyə, görünür, xəzan yığımında insanların çatmadığını aşkar edib və manqustalardan düzgün yararlanmaqla boşluğu doldurmağı qərara alıb. Yəqin selvasla sərhədə yaxın şəhərcikdən olan məmur müşahidə edib ki, adətən, quru yarpaqlara tamamilə etinasız olan manqustalar birincilər ilan qoxusu verdikdə, dəli kimi üzərinə cumurlar.
Xalqımız bunu heç də dərhal kəşf eləməyib, yalnız tədricən manqustaların reaksiyalarını izləməklə anlayıb ki, bu heyvanlar ilan esensiyası fısqırdılmış quru yarpaqların üstünə atılır və onları kürəyib bir yerə yığırlar. Bizsə sarsılmaz əsaslar dönəmində böyümüşük, indi həyatın bütün təsadüflərinə dair göstərişlər mövcuddu, manqustaların yetişdirildiyi müəssisələrdəsə yetərincə heyvan təlimçisi var, üstəlik selvasa hər ilki yay ekspedisiyaları kifayət qədər ilanın əldə edilməsiylə müşayiət olunur. Bütün bunlar bizə o qədər təbii görünür ki, nadir hallarda özümüzə sual verməyimiz belə qəribə gəlir.
Maraqlıdı ki, sual vermək istəyi yalnız təmizləmə kampaniyasından ya əvvəl, ya da sonra meydana çıxır. Noyabrın ikisisə kartları əlimizə ələ alan və işə başlayan kimi, hərəkətlərimiz bizə tamamilə haqlı görünməyə başlayır. Beləcə, yalnız divanə birisi təmizlik kampaniyasının faydasını və keçirilmə formasını şübhə altına ala bilərdi. Yeri gəlmişkən, hakimiyyət bu ehtimalı da nəzərdən qaçırmayıb – kartın arxa tərəfində məlum taqsırın qarşılığında verilə biləcək cəza növləri təsvir olunub. Yalnız biz bu cəza tədbirlərinin nə vaxtsa tətbiq edilməsinə ehtiyac duyulduğunu xatırlamırıq.
Biz bələdiyyənin iş bölgüsünə heyrətlənməkdə davam edirik. Onların səyi nəticəsində kampaniyanın həyata keçirilıməsi heç bir halda ölkə həyatının nörmal axarını pozmur. Böyüklər inzibati müəssisələrdə, ya ticarətdə öz əsas işlərindən əvvəl, ya da sonra beş saat ərzində təmizliklə məşğul olurlar. Uşaqlar həmin müddətdə məktəbə getmirlər, hərbi və vətəndaş hazırlığından azad edilirlər, qocalarsa günəşin çıxmağından istifadə edib, həmçinin öz sığınacaqlarından çıxıb yerlərini tuturlar. Bir neçə gündən sonra kampaniyanın ilkin tapşırığı yerinə yetirilmiş olur: mərkəzi küçələr və meydanlar xəzandan təmizlənib.
Manqustalara görə məsuliyyət daşıyan bizlərəsə xüsusilə sayıq olmaq lazım gəlir, axı heyvanların həvəsi tədricən sönür və üzərimizə məsuliyyətli vəzifə düşür – rayonumuzun bələdiyyə inspektorundan ilan esensiyasının fısqırdılmasının gücləndirilməsi əmrini verməsini xahiş eləmək. İnspektor bu əmri yalnız manqustalara təsir üsullarının hamısı tükənəndən sonra verir; işə can yandırmamağımız subut olunduğu təqdirdəsə təcili səfərbərlik və selvasa yollanma riskinə məruz qalırıq. Hərçənd “risk” demək lap ağ oldu, axı selvasa ekspedisiya elə kampaniyanın özü kimi dövlətimizin ənənəsidi və vəzifə borcuna qarşı çıxmaq heç kəsin ağlına gəlməz.
Bəzən narazılıq sədaları eşidilir: guya fısqırdan tapançaları qocalara etibar eləmək düzgün deyil. Amma burda səhv ola bilməz, çünki adət çox qədimdi; lakin bəzən qocalar yayınır və mümkün qədər böyük bir sahəni əhatələmək lazım olduğunu unudub, küçənin, ya meydanın balaca bir hissəsinə böyük miqdarda esensiya xərcləyirlər. Bu zaman manqustalar azğıncasına bir yığın quru yarpağın üstünə atılır, sayılı dəqiqələrdə bir yerə yığır və ağzı açıq kisələrimizə tərəf daşıyırlar, yalnız biz sadəlövhlüklə onların bundan belə də inadkarlıqla çalışacaqlarını düşünəndə, heyvanlar tədricən yavaşıyır, təəccüblə bir-birini qoxulayır və işlərinə son qoyurlar, aşkar yorğunluq, hətta narazılıq nümayiş etdirirlər. Onda təlimçi fitə əl atıb, bir müddət manqustaları intizama çağırmağa müvəffəq olur. Lakin tezliklə anlayırıq ki, torpaq qeyri-bərabər çilənib və manqustalar haqqına olaraq onlar üçün qəfildən əhəmiyyətini itirən tapşırığı yerinə yetirməkdən boyun qaçırırlar. Axı bizim yetərincə ilan esensiyamız var, heç bir gərginliyimiz meydana çıxmazdı, belədəsə qocalar da, biz də, bələdiyyə inspektoru da yorğanı özünə tərəf dartmalıdı və hamımımz bundan əziyyət çəkirik; lakin çox qədim zamanlardan esensiyanı bizə zorla çatacaq qədər gətirirlər, üstəlik bəzən ekspedisiyalar selvasdan boş əllərlə qayıdır, bu səbəbdən bələdiyyə növbəti kampaniyanı həyata keçirmək üçün onsuz da kasıb ehtiyatını boşaltmaq məcburiyyətində qalır. Əgər bu, baş verirsə, daha çox əsməyə başlayırıq, selvasa genişləndirilmiş çağırışın elan olunacağından qorxuruq. Hərçənd “əsmək” də lap ağ oldu, çünki genişləndirilmiş çağırış həmçinin dövlətimizin ənənələrinə daxildi, elə kampaniyanın özü kimi və yerdə qalan başqa şeylərlə yanaşı, vəzifə borcumuza daxil olan bu tədbirə qarşı çıxmaq heç kəsin ağlına gəlmir.
Selvasa ekspedisiyalardan az-az danışırıq, ordan qayıdansa sirrin yayılmaması barədə sənədə qol çəkir və biz bu sənəd haqqında, demək olar ki, heç nə bilmirik. Yəqin hökumət belə etməklə bizləri təlaşdan qorumaq istəyir. Lakin bədbəxtlikdən itkilərimiz həddən artıq gözümüzə girir. Heç bir nəticə çıxarmağa hazırlaşmasaq da, çoxlu sayda qohumlarımızın və tanışlarımızın tələf olması belə bir fikrə yönəldir ki, ilan axtarışı hər il qonşu ölkələrin sakinləri tərəfindən müqavimətlə qarşılanır və həmvətənlərimiz bəzən hətta ciddi itki hesabına düşməni dəf etmək məcburiyyətində qalır, sonuncuların qəddarlığı və hiyləgərliyisə əfsanəyə çevrilib. Bu barədə açıq-aşkar danışmırıq, lakin xəzan yığmayan millətin bizlərə onun ərazisində ilan ovlamağa imkan verməməsi hamının hiddətinə səbəb olur. Hökumətimiz, şübhəsiz ki, selvasa ekspedisiyanın ilan tutmaqdan savayı başqa bir məqsəd daşımadığına zamin olmağa hazırdı, düşmənlərimizsə müstəsna olaraq öz əcnəbi qürurları ucbatından müqavimət göstərir və buna haqq qazandırmaq mümkün deyil və ola da bilməz.
Hökumətimizin alicənablığı sərhəd tanımır, onlar bu comərdliyi hətta ictimai asayişə təhlükə zamanı göstərirlər. Bu səbəbdən yaralı qəhrəmanlarımızın nəsibi barədə heç nə bilmirik və ən əsası, bilmək də istəmirik. Hökumətimiz bizi lazımsız təlaşdan nə qədər qorumağa çalışsa da, salamat qalanların, ya da həlak olanların (sonuncuların tabutları elə ekspedisiyanın sağ qalmış üzvlərini, həmçinin ilanları gətirən hərbi qatarda çatdırılır) siyahısını təqdim edirlər.
İki gün sonra rəhbərlik və əhali həlak olanları basdırmaq üçün qəbiristanlığa gedir. Hökumət mərhumların qardaş qəbiristanlığında bayağı basdırılma üsuluna qarşı çıcır – onlar hər kəsin öz təpəsinin olmasını istəyirlər, qoy bu qəbirlər qəbirdaşı hesabına rahat ayırd edilsin, qohumları onun üzərində heç bir məhdudiyyət qoyulmadan istənilən yazıları yazsınlar; son illər insan qurbanlarının sayı durmadan artdığından, bələdiyyə yaxınlıqdakı torpaqlar hesabına qəbiristanlığı böyüdüb. Noyabrın biri səhər tezdən necə böyük bir kütlənin yaxınlarının qəbirlərinə baş çəkməyə getdiklərini təsəvvür eləmək çətin deyil.
Bədbəxtlikdən məlum hadisə payızın sonlarına doğru baş verir və çığırların, qəbirlərin üzərindəki xəzan o qədər sıxdı ki, bizlər lazım olan qəbri tapmaq üçün saatlarla dövrə vurmaq məcburiyyətində qalırıq. Demək olar ki, hər kəs özüylə süpürgə gətirir və qəbri təmizləyəndən sonra səhv elədiyini, başqasının qəbrini təmizlədiyini görürsən. Lakin tədricən hər kəs öz yaxınının qəbrini tapır və günortaya yaxın artıq dincini alıb, düşüncələrə dala bilirsən. Hansısa anlamda bizlər hətta qəbir axtraışının bu qədər çətinliklə üzləşməsindən məmnunuq, bu, qarşıdakı kampaniyanın faydasını bir daha sübut edir; əziz mərhumlarımız sanki bizləri xəzanın toplanmasına ruhlandırır, hərçənd həmin gün manqustalar işə qoşulmur. Onlar səhərisi gün fəaliyyətə başlayırlar, o zaman ki, rəhbərlik yeni ilan esensiyası payını müəyyənləşdirir, o ilan esensiyasını ki, ekspedisiyadan tabutlarla bigə gətirilir və onda qocalar manqustaların səylə işləməsi üçün xəzanları çiləyirlər…”
Tərcümə: Kifayət Haqverdiyeva