Azərbaycanlı şair-publisist Yafəst Türksəs uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra dünən axşam dünyasını dəyişdi.
Sim-sim.az xəbər verir ki, mərhum bu gün günorta saat 12-də Müşfiqabad qəbristanlığında dəfn ediləcək.
Allah rəhmət eləsin.
OĞLUM ŞƏHRİYAR HAQQINDA
Oğlum Şəhriyar necə də
Mənə oxşayır
Bəlkə də
Hər dəfə dünyaya
Təzədən gəlmək istəyimdən yaranıb o
Geriyə buraxdığım səhvlərin çoxluğundan
Doğmuşdu bu istəyim.
İlk sevdiyim qızı qaçırmaq istəmədim
Əvəzinə bəxtimi əlimdən qaçırdım.
Yaman hikkəliydim o zamanlar
Ən balaca səhvin üstündə belə
Tez-tez döyərdim balaca qardaşımı
Hikkəmi yelə verdi zaman
Əzə-əzə muma döndərdi məni.
İndi balaca qardaşı Bəxtiyarı döyməyi
Qadağan etmişəm oğlum Şəhriyara.
Anamın son tikəsini də alardım əlindən.
Sanardım ki yeməyi var gizlində.
Bənna atamın divara uyğun axtardığı daşı
Ən tez mən tapardım
Həyatda yerimi tapmadım amma
On yaşlı bacımla anamın
Xalça toxumaqdan çıxardığı çörək
Acı dadırdı boğazımda
Kasıbçılıqdan xilasımıza
Yeganə ümidimiz olan
Son kurs tələbəsi qardaşımın
Qəfil ölümündən sonra uçdu
Bu dünyanın bənnasına bəslədiyim
İnam divarı.
Sevdiyim qızların heç birini
Ala bilmədim
Əlim çörəyə çatanacan uçub getdilər
Dünyanın ən aşılmaz səddiymiş
Kasıblıq.
Oğlumla eyni ölçülü paltar geyəndən
Əynim sevinməyib
Aldığım təzə paltarları
Birinci ona uzadıram.
Anası
onun cibindəki sevgi məktubunu cıranda
İçimdə nəsə qırıldı
O qədər yalanımı tutub ki oğlum
Düzlüyü öyrədə bilmədim ona.
Amma yaxşı ki,
Yaxşı ki öyrədə bilmədim.