Noyabrın 14-də Azərbaycan Dillər Universitetində “Yaradıcılıq fakültəsi”ndə şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə görüş keçirilib. Görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan “Yaradıcılıq Fakültəsi”nin dekanı Qismət Rüstəmov tədbir iştirakçılarını salamlayıb, silsilə şəklində davam edən ədəbi-bədii görüşlərin əhəmiyyətindən danışıb.
Şair, tərcüməçi, esseist Səlim Babullaoğlu tələbələrə yaradıcılığın fəlsəfəsindən, ədəbi cərəyanlardan danışıb. Qonaq görüşdə çağdaş dünya poeziyasındakı meyillərdən, avanqard və eksperimental poeziyadan, şeir təhlilinin problemlərindən, eləcə də sistemli mütaliənin əhəmiyyətindən söhbət açıb. Görüşün ikinci hissəsində qonaq öz şeirlərdən nümunələr oxuyub və tələbələrin suallarını cavablandırıb.