13 yanvar 2024 – cü ildə Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən “İntellektuallar klubu”nda, professor, filologiya üzrə elmlər doktoru Tərlan Quliyevin yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun birinci müavini, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Kaşanlı açmış, Tərlan Quliyevin azərbaycan Yaradıcılıq Fondu ilə sıx əlaqəsindən danışmış, alimin həyat və yaradıcılığından qısa məlumat vermişdir.
Tərlan Quliyev çıxışında Azərbaycan poeziyasında əruz vəzninin çətinliklərindən, əruzun mükəmməl biliciləri, parlaq nümayəndələri mərhum Əkrəm Cəfər, Əli Fəhminin yaradıcılığından və özünün əruz sahəsində apardığı işlərdən danışmışdır.
Tərlan Quliyev 2007-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Özbəkistanın Azərbaycandakı səfirliyi, Azərbaycan Mədəniyyət Fondu (AMF) (indiki Azərbaycan Yaradıcılıq Fondu), Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti (AÖDC) və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə ana dilmizə tərcümə etdiyi böyük özbək şairi Əlişir Nəvainin “Mizanül-övzan” (vəznlərin tərəzisi) əsərinin təqdimat mərasiminin keçirildiyini qeyd etmişdir.
2016-cı ildə Özbəkistanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti və Azərbaycan Yaradıcılıq Fondunun birgə təşəbbüsü ilə, ssenari müəllifi olduğu biri azərbaycanın, digəri özbəkstanın görkəmli dövlət xadimləri, sərkərdə və şairləri – Şah İsmayıl Xətai və Zəhirəddin Məhəmməd Babura həsr edilmiş “İki sərkərdə, iki şair” adlı ədəbi-bədii kompozisiya, Rəşid Behbudov adına Mahnı Teatrında poeziya sevənlərə nümayiş olduğunu vurğulamışdır.
Məhəmməd Füzulinin, Nəsiminin, Ömər Xəyyamın, Hafiz Şirazinin əruz vəznində yazdışı qəzəllərdən azərbaycan və fars dilində söyləmiş və özünün “Kitabi-Dədə Qorqud”un tədqiqatı ilə bağlı apardığı işlərdən danışmışdır. “Kitabi-Dədə Qorqud”un Vatikan variantının əl yazmasını latın qrafikasına çevirmiş və o kitabın işıq üzü gördüyünü demiş, tədbir iştirakçıların suallarını cavablandırmışdır.
Yaradıcılıq gecəsinə gələn tədbir iştirakçılarından, “İntellektuallar klubu”nun üzvləri, Azərbaycan Yaradıcılıq Fondunun baş eksperti, Bakı Slavyan Universitetinin müəllimi Zenfira Kadırova , əməkdar jurnalist Əlirza Balayev və başqaları maraqlı çıxışlar etmiş, Tərlan müəllimə gələcək şəxsi həyatında sabitlik, yaradıcılıq işlərində müvəffəqiyyətlər arzu etmişlər.
Sonda Tərlan Quliyev ona göstərilən diqqətə görə, “İntellektuallar klubu”nun üzvlərinə, “Azərbaycan Yaradıcılıq Fondu”nun rəhbərliyinə minnətdarlığını bildirmiş, klubun üzvləri ilə xatirə şəkilləri çəkdirmişdir.