Fəlsəfə doktoru Şölət Zeynalovun “Yaşamağın yolları haqqında” və “Balaca adam” esselərini təqdim edirik.
XXI əsr insanı hələ də cəmiyyətlərdə sosial, siyasi, iqtisadi dəyişiklikləri inqilablarla, fiziki məhvetmə, müharibə və s. yoluyla həll etmək istəyirsə, görünən odur ki, Yer üzündə insan faciələri hələ uzun zaman bitməyəcəkdir. İndi elə bil ki, demokratiya, liberalizm, xalqların, cəmiyyətlərin, insanların haq və hüquqları geniş anlamda qlobal güclər, insani birliklər üçün söz oyunu və ya ritiorikadan o tərəfə keçmir. Halbuki, hamı indi yüksək sivilizasion inkişafdan danışır. Bu zaman sual yaranır, bəs onda nə etməli? Necə etmək olar ki, İnsan, tədricən bəşəriyyət qlobal anlamda Yaradıcı və qeyri-aqressiv sivilizasiyanın təməlini qoysun, insanlar, dövlətlər, cəmiyyətlər yaşam fəlsəfəsinin arzulanan səviyyəsinə yüksəlsin, əməyin qiymətləndirilməsi və bölgüsünə, sosial, siyasi, iqtisadi, mənəvi, ruhi, mədəni və s. insani, sivilizasion düzənin harmoniyasına, vəhdətinə nail olunsun. İnsani iztirablara son qoyulsun? Ümumiyyətlə bu mümkündürmü?
Bitkin cavabı əgər təfəkkür verə bilmirsə, deməli, böyük anlamda ümid itirilməsə də, çıxış yolları ola bilsin ki, insan zəkası üçün son dərəcə qaranlıq olduğundan, bizim üçün müasir sivilizasion hal dialektika kimi qavranıldığından, labrintdən çıxmaqda hətta qanın axıdılması, müharibə və münaqişələr məqbul sayılır; “Yeməsən, yeyəcəklər”. Fəaliyyət, hərəkətlilik dağıdıcılıq törətsə də, o zərurətdir? Ağırdır, amma reallıqdır. Məsələn, vaxtilə alman filosofu M. Haydegger bu bəşəri fəaliyyətdən əndişələrək izah edirdi ki, düşdüyümüz fəlakətdən qurtulmaq üçün hətta biz düşüncəmizdə belə tanrını çağırmaq iqtidarında deyilik.
Odur ki, bu kimi interpretasiyalarda, yaradılış, Yaşamağın yolları haqqında məna, mahiyyət və s. barədə hər bir insanın özünəməxsus cavabları ola bilər və bu cavablandırma, cəhdetmə əslində, insani təfəkkür üçün hansısa bir ümidin də olduğuna işarələr verə bilir. Məsələn, kimsə bunu siyasət və ya dinlərdən, kimsə hərbdən, kimsə elmdən və ya fəlsəfədən, olsun ki, incəsənət və ya ədəbiyyatın qəlblərə təsiretmə nüfuzundan çıxış edərək mənalandıra bilər və bu tarixən belə də olmuşdur. Bizimsə baxışımız – tezisimiz məhz fəlsəfədən çıxış edir.
Və ya ümumiləşmiş anlamda cavab təxminən belədir: Dəyişiklik təfəkkürdə, dünyagörüşdə, həyat və birgəmövcudluq fəlsəfəsində edilməlidir. Yaşamağın yolları bir deyildir və onun alternativləri aydın şəkildə olmasa da, ümumi anlamda insan təfəkkürü üçün seziləndir: dialoq və dialoji ruhla hər cür tarixi travmalardan arınmaq olar. Elm vacibdir, amma o əbədi həqiqət deyil, əbədi həqiqət insanın özüdür. Bizim məqsədimiz bilikli insan yetişdirməklə bərabər anlayan insan tipinə yetişmək olmalıdır. Zor, güc, təhdid, müharibə, münaqişə yolu ilə bəşəriyyət heç zaman arzulanan sivilizasiyanı qura bilməz. Bunun üçün hər şeydən əvvəl təfəkkür humanistləşməli, elm, bilik, fəlsəfə yeni-yeni yaranan elm sahələri – xüsusilə kibernetika, psixologiya insan məninin, insan fenomenologiyasının dərin qatlarına qorxmadan nüfuz etməyi bacarmalıdırlar. İnsan anatomiyası cilalandığı kimi, onun psixologiyası da, ruhu da təcrübə masasına daşınmalı, oradakı tarixin, təbiətin, sivilizasiyanın yaratdığı zərbələr terapevtik üsullarla müalicə olunmalıdır. Bütün bütlər, ehkamlar, sorğuya alınmalı bizim arxetiplərimizi müəyyən edən, hətta mehvər şərtlərimiz belə dialoqu ehtiva edən baza kimi qavranılmalıdır. Tanrılar belə əbədi döyüşü deyil, əbədi yaradıcı yarışı qəbul edirlər.
İnsan qəbul etməlidir ki, o, maşına, bütə, ruhsuz bir varlığa, təzədən hansısa ən gözəl, danışan və yaradan bir digər anlaqsız canlıya çevirilə bilməz. Onun Yer üzündə tarixi, mənası və missiyası tiraniya, ekspansiya, qan, qada, müharibə, yalnız maraqlar, gedonizm və s. ola bilməz – bu tarixi yanlışlığı hansısa nəsil düzəltməlidir, ya yox? Yoxsa böyük dünya Nitsşenin dediyi kimi, O, yalnız ölüm ayağında dönüb geri baxmalı və canını tapışırmalıdır? Elm, ədəbiyyat, fəlsəfə fatalizmə yuvarlanıb?
Nəhayət biz qəbul etməliyik ki, kin, qan, dava-dalaş sonucda müharibə və xaos gətirir, insanlar, konsensusa gəlmək üçün özündən kənar olanı, başqasını dərk etmək üçün cəhd etməlidir. İnsan tarixin məhkumu olduğu, özünü sivilizasiyanın məhkumuna çevirdiyi halda başqa canlıları, başqalarını necə ittiham edir? Bu total qürub və ya qüruba gedən yol deyilmi? Biz qəbul etməliyik ki, cəhalət epidemiya, vəba kimi bir şeydir, xurafat, cəhalət yalnız imana aid hadisə deyil, bu iş həyatın fiziki atılışın bütün sahələrini əhatə edir.
Məsələn, indi Qərb ölkələri texniki, iqtisadi, rifahın, demokratiya və s. yaratdığı, Şərq ölkələri isə həyatın, keçmişin ən müxtəlif və müasir xurafatının, cəhalətinin iztirabını çəkirlər. Yəni, əgər desək ki, hazırda Yer üzündə qaranquşun, qarışqanın həyatı, insan müdaxilə etməzsə daha xoşbəxt və doğaldır, nəinki müasir insanların. Bu, heç kimi təəccübləndirməməlidir. Paradoksa bax, qarışqa insandan xoşbəxtdir, bunun əksini sübut etmək olarmı? Məsələ, “Mercedes” minməkdə, atom kəşf etməkdə və ya bərli-bəzəkli qalstuk taxmaqda deyil, məsələ insan olmaq texnikasına, paradiqmasına yiyələnməkdədir. Bunun üsulunu, metodologiyasını bilən varmı? Varsa, niyə tətbiq edə bilmirik, siyasət münəccimlik elminin, konspirologiyanın əsarətinə düşməyib ki?
Yaşamağın yollarının kəşfi… Biz bunu bacararıqsa, başqa canlıların da, özümüzün də həyatımızı xilas etmiş olarıq. Zira, şəri bizə zorən sırıyıblar? Fakt odur ki, indi bilik və elm həyatı deyil, ölümü tərənnüm edir. Digər bir nümunə: keçmişdə insan pislik, şər törətmək üçün fiziki olaraq çox əziyyət çəkməli idi, indi isə vəziyyət dəyişib. O, elmin imkanları hesabına oturduğu, olduğu yerdən belə tərpənməməklə bütün bunları – şəri həyata keçirə bilir. Ağıl sevgi, vəhdət, birlik, azadlıq, dialoq və ortaq yol yaratmaq əvəzinə, qorxu yaradır. Aydın olan odur ki, İnsan yaşam fəlsəfəsində, dünyagörüşündə böyük dialoqa doğru dəyişiklik etməlidir. Zira o, bunu etmək fikrində deyil. Hamı bu həqiqəti bilsə də, heç kim onu etmək, ona əyilmək istəmir. Biz bilmirik ki, bu əslində əyilmək deyil, ucalmaqdır! Yaşamağın yolları birdən çoxdur.
Balaca adam
Müdrikin nitqindən: Zərdüşt nurlanma mərhələsindən elə bil ki, imtina etmək qərarına gəlmişdi. O, həyatının əhəmiyyətli hissəsini tənhalıq içində dağda-daşda heyvanlar arasında yaşamışdı. Bu ötmüş illər onun hər şeyini – arzularını, sevgisini, insana əzəldən verilmiş hislərini aparsa da, arınmışdı. Onun baxışları həlim, duruşu sərrast, baxışı son dərəcə nüfuzedici və insan qəlbinin dərinliklərində gizlənmiş ən kiçik yaraları belə görmək halına gəlmişdi.
O, indi düşünürdü, əgər o, Yaradanın imkanlarının ən kiçik bir hissəsinə malik olsaydı, mütləq hər kəsi, zəmanənin özünü belə arınma, təmizlənmə, ruhun azad, hürr olma, nəfsin qul xislətindən azad olma məqamına dəvət edərdi. Heyhat o, anlayırdı ki, insan cildinə girmiş və heyvan həyatı yaşayan “balaca adam” törəsi üçün bu mümkün deyildir.
Dəvət – bu indi qorxu törədərdi, bu balaca adamın xoşbəxtliyini, riyakar həyatını darmadağın etmək olardı. Zərdüşt anlayırdı, bu, intihar kimi bir şeydi – balaca adam üçün, – çünki, balaca adam olmaq üçün o illərlə sürünmüşdü, ilan kimi qabıq vermiş, kaftar kimi çox rəzilliklər etmişdi… Yox, Zərdüşt bilirdi ki, balaca adamı bu “xoşbəxtlikdən” məhrum etmək olmaz, bu balaca adam üçün intihar olardı. Zərdüşt indi müdrik olmuşdu, anlayırdı ki, şəri şərdən, xeyiri xeyirdən kal qoparanda nə qədər faciələr baş verir. Balaca adamın hətta Tanrının belə yaratdığı hər şeyə üsyan etdiyi, hər şeyi naqqa kimi udduğu bir mərhələdə onu özündən – naqis xislətindən qoparmaq Zərdüştün öz əlləriylə özünü dəfn etməsi olardı.
Zərdüşt düşünürdü, balaca adam öz əməlləriylə, rəzalətiylə bax belə xoşbəxt idi, o, hər şeydə əzəmət, təmiz ruh, insanı sevgi, ilahi eşq və saf zəka, munislik görəndə narahat olur, bütün bu yüksəlişlər onun kürkünə birə salır, bu yüksəlik önündə cılız olduğunu dərk edir; bu balaca adamın xisləti idi; o, bu naqisliyi yüksəliş, zəmanənin hökmü kimi qəbul edirdi. Onun həyatı daima yalanı daşımaq, onu tərənnüm etmək, təmiz və tər, ağ və təmiz olanı ləkələmək olmuşdu. Balaca adan anlayırdı ki, bir dəfə sındınsa artıq sınmaq elə də qorxulu deyildir, buna vərdiş edirsən, işin satmaq, yaramazlıqlar və iftira olur. Bu balaca adamın artıq xisləti idi, bu xisləti qazanmaq üçün o, ilan kimi qabıq vermiş, kaftar kimi, çox namərdliklər etmişdi. (Tanrının hökmünə bir bax: biri ilan kimi qabıq verərək nurlanma mərhələsinə qalxır, o, biri ilan kimi sürünərək heyvanı mərhələyə enir… eyni yol fərqli nəticələr).
Bütün bu hal balaca adamı xoşbəxt edirdi, onun hər şeyi qara idi, o dəvətin zəif nurundan belə qorxurdu, bu qorxu nəinki Zərdüştə hətta Yaradana belə özündə sonsuz aqressiya və nifrət daşıyırdı, balaca adam məhz öz balaca xislətiylə xoşbəxt idi.
Zərdüşt yenidən öz həyatına qayıtdı.
Zərdüşt xatırlayırdı o, əvvəllər çox ağıllı, çox zəkalı, çalışqan, həyat, mənsəb, şan, şöhrət və nüfuz uğrunda yarışda öncüllərdən olsa da, balaca adamın uzun sürən təqiblərindən sonra, cılızlığın gətirdiyi yçurumun dəhşətindən, insani enmənin fəlakətindən qaçaraq, cəmiyyətdən öz iradəsinin gücüylə, dağa, daşa, balaca adamın ayağı, hənirtisi, insi, cinsi dəyməyən vadiyə, tanhalığın tanrı evinə, çöl heyvanlarının arasına pənah aparmışdı. Bu qaçış Zərdüştü xilas etmişdi! Çünki burada hər şey doğulduğu ilkin halında idi, hər şeydə həya həya kimi, mərdlik mərdlik, namərdlik namərdlik kimi qavranılır, kaftarın, tülkü və çaqqalın siması özünkü kimi, aslan və pələngin, qaranquş və qartalın, hətta ilanın da xisləti özünkü kimi idi, hər şey bakirə, təmiz, olduğu kimi ilkin halında idi. Zərdüşt bunu görmüş və anlamışdı…
O, nitqinə ara verdi. Susdu, gözlərini insanların arasından, heyrətlə qulaq asan şəklənmiş qulaqlarından çox, çox uzaqlara öz tənhalığının səssiz sükunətinə döğru yönəltdi…
– Baxın, lap uzaqlara baxın…
– Diqqətlə baxın… – Görürsünüzmü orada nə qədər yüksəliş və əzəmət var?
– Orada heç nə yoxdur, Zərdüşt, sən bizi aldadırsan…Sənin nurlanman, sənin dəvətin, sənin mərhəmət və nəvazişin sehirbaz çubuğuna bənzəyir Zərdüşt… Biz heç nə görmək istəmirik, Zərdüşt biz korluğu sevirik, korluğun öz həzzi var…
Zərdüşt daha uzaqlara baxdı, baxdı o, kiminləsə elə bir danışırdı…
Bu baxışlar o qədər dərin idi ki… Adamlar Zərdüştün ya kor olduğunu, ya da onları aldatdıqlarını düşündülər, çünki, Zərdüştün baxdığı yerdə yalnız “boşluq” və “heçlik” var idi.
Halbuki hər şey orada idi, balaca adamın gözü o uzaqlıqları görə bilməzdi…
Sən demə, kor korun, anlayan anlayanın yanında xoşbəxt olurmuş, Zərdüşt düşündü!