Sim-sim.az Bakı Dövlət Universitetinin tələbəsi Nərmin Əsgərlinin “Yeni həyat” hekayəsini təqdim edir.
Praqa
“Anamın atama, atamın da anama olan sevgisi məni gələcəyə ümidli baxışlarla baxmağa daha da çox həvəsləndirirdi. O qədər gözəl və gerçək idi ki hər şey, heç bitməyəcəyini düşünürdüm. Anam həkim-kardioloq, atam ədəbiyyat müəllimi idi. Anam tez-tez başqa ölkələrdə konfranslarda olardı. Atamla tək qalanda isə həyətimizdəki söyüd ağacının altında oturar, göy üzünün möcüzəvi gözəlliyinə baxardıq. Heç vaxt yadımdan çıxmaz, atamın danışdığı hekayələr. Bəzən anamla necə tanış olduqlarını, onu necə sevdiyini danışardı, bəzən isə öz yazdığı hekayələrdən. Axı o ədəbiyyatçı idi. Onun bu ədəbiyyatçı ruhu məndə də vardı deyəsən. Şeir deməsini çox sevərdim məsələn. Kitab oxuyarkən gözünün kənarından yaşı silməsini çox sevərdim. Hə, bir də məni çox sevməsini sevərdim. Bir ata qızını ancaq bu qədər çox sevə bilərdi yəqin.
Heç yadımdan çıxmaz, bir dəfə doğum günü sabahımda atamla anam yanıma gəlib məni oyatdılar. O zaman 8 yaşım olacaqdı. Adətən doğum günüm olanda onlar mənə çox gözəl sürprizlər edirdilər. Bu dəfə də anam mənə çox istədiyim çalışma masasını almışdı. Atam isə hələki sürpriz etməmişdi. Deyəsən biraz inciməyə başlamışdım. O gün axşam dostlarımla birlikdə bizim evdə idik. Rəqs edir, əylənirdik. Birdən təcili anamı xəstəxanaya çağırdılar. O getdi. Qonaqlar da getdikdən sonra atamla mən söyüdün yanında oturduq. Başımı atamın sinəsinə qoymuşdum. O isə saçlarımı sığallayırdı. Birdən ovucunda bəzəkli bir qutu göstərdi. “Gözəlim, bu sənin hədiyyəndir” dedi. Qutunu açanda içində boyunbağı gördüm. Çox gözəl idi. Klounu bir birinə sarılmış iki əl idi. Uşaq idim, bəlkədə o vaxt dərk etmirdim necə dəyərli, mənalı bir hədiyyə olduğunu. Sadəcə çox sevinmişdim.
Amma indi başa düşürəm. Onu hər zaman yanımda hiss edim, əlimdən tutan
biri olsun deyə. Beləcə, xoşbəxt həyatım illərcə sürdü. Mən artıq Praqa Universitetinin Ədəbiyyat fakültəsində 3-cü kursda oxuyurdum. Son vaxtlarda ürəyimdə ağrılar başlamışdı. O vaxta qədər heç bir problem olmadığı üçün elədə əhəmiyyət vermədim doğrusu.
Bir müddət sonra ağrılar gücləndi və artıq həkimə getməli idim. Anamın işlədiyi klinikaya getdim. O əməliyyatda idi. Biraz gözləməli oldum. Çıxdıqdan sonra ürəyimi kardioqramma etdi. Sonra anamın qorxduğunu hiss etdim. “Nə olub, ana?” deyə soruşdum. O isə heçnə, qorxulu heçnə yoxdur dedi, sadəcə stressdən, yorğun olmalısan dedi. Həqiqətən də özümü çox yorğun hiss edirdim.
Və artıq 1 ay sonra əməliyyata hazırlaşırdım. Bəli, ürəyim artıq fəaliyyətini itirirdi. Kiminsə ürəyini mənə verəcəkdilər. Anam donorun beyin ölümü keçirdiyini, orqanlarını isə öz vəsiyyəti ilə bağışladıqlarını dedi. Çox şanslı idim deyəsən. Çünki qısa vaxt ərzində uyğun
olan donor tapılmışdı. İynəni vurduqdan sonra ondan geriyə saymağımı istədilər. Və artıq yuxudaydım. Yuxuda atamı gördüm. Təxminən 7-8 yaşım olarkən yaşadığım bir əhvalatı eyni ilə yuxuda gördüm.
Atamla ikimiz yenə söyüdün altında oturmuşduq. Göy üzünə, ulduzlara baxırdıq. Atam bir hekayə danışdı yenə mənə. Bu hekayədə Ay ulduzların atası, Günəş isə anaları idi. Uşaq ağlımla hətta atamdan soruşmuşdum: ” Ata, bəs onlar ailədirlərsə,niyə birlikdə olmurlar? Axı Günəş gündüzlər, Ay isə gecələr olur?” Atam isə ” Ay gecələr uşaqları qorxmasınlar deyə onların yanında qalır. Günəş isə öz sevgisini- işığını aya verərək ona kömək edir. Bəzən ana-atalar övladlarının xoşbəxtliyi, qorunması üçün fədakarlıq etməlidirlər.” deyə cavab vermişdi.
Yuxu bitmişdi. Artıq yavaş yavaş oyanırdım.
Oyananda ağ xalatlı anamı gördüm başımın üstündə. Başqa bir həkimlə nə isə danışırdı. Oyandığımı görüb sevindi. Necəsən deyə soruşanda isə yaxşıyam deyə bildim yavaşca. Sonra atamı görmək istədiyimi dedim. Onda anam bir zərf verib otaqdan çıxdı.
Məktub
“Gözəl qızım, bugün doğum günündür. Təbrik edirəm səni, gözəlim. Bu doğum günündə sənə hədiyyəm ürəyim oldu. Hər zaman səninləyəm. Heç vaxt qorxma, ömrün boyunca yanında olub səni qoruyacağam.
Dima, çox güclü bir qadın ol. İstədiyini almağı bacar. Heç vaxt heç kimin qəlbini qırmasına izin vermə və heç vaxt heç kimin qəlbini qırma. İçindəki kiçicik qızın böyüməsinə icazə vermə ki, ruhun saf və təmiz olsun hər zaman. Ananı necə sevdiyimi bilirsən, onun kimi mükəmməl bir qadının qızı olduğunu xatırla. Sən çox gözəlsən, bunu unutma.
Dima, hər zaman arxanda dayanan bir Kölgə olduğunu bil.
Sənə aldığım boyunbağı, klounu bir-birinə sarılmış əldir, bax o əl həmişə sənin əlindən tutacaq.
Bil ki, mən sənin xəyalınla Tanrının yanında yaşayacam. Əgər mənlə söhbətləşmək istəsən, göy üzünə baxmağın yetər. Ordan səni izləyəcəm.
İndi yanında olub qoxunu nəfəsimə çəkməyi necə istəyərdim bir bilsən. Gözündən axan yaşları silərdim. Əllərindən tutub kiçik barmaqlarını öpərdim, mələyim mənim. Qorxma, indi də ruhum yanındadır. Bilirəm, sən gələcəkdə çox güclü bir qadın, əsərləri insanların qəlbinə toxunan bir yazıçı olacaqsan həmdə.
Dima, artıq məktubu bitirməliyəm. Əməliyyat başlayır. Yanındayam, səninləyəm, üzülmə. Atan hər zaman səni qoruyacaq. Səni sevirəm.”
O hisləri necə təsvir edim?! Çox çətin idi. Hər zaman yanımda olan, ilk sığınacağım,Atam mənə ürəyini vermiş və həyatda olmayacaqdı. Gözlərimdən axan yaşı dayandırmaq qeyri-mümkün. Daha bir az əvvəl onu istədiyim qədər qucaqlamaq, öpmək şansım varkən indi o yox idi. Xəstəxanadan evə getdiyim gün, o gecə atamın köynəyini qoxlayaraq yatmışdım. Hər dəfə göy üzündəki gözəlliyi, o ulduzları, Ayı gördükdə atamı yanımda hiss edirdim, sanki göyə baxdığımda o mənlə danışırdı ” Bax, yanındayam” deyirdi.
O zaman 21 yaşım var idi, amma özümü sanki çox uzun bir həyat yaşamış, qocalmış kimi hiss edirdim. Deyəsən anlamışdım: insanın bədənini illər böyütsə də, ruhunu böyüdən yaşadıqlarıdır hər zaman”
Beləcə illər sonra atasının da dediyi kimi əsərləri insanların qəlblərinə toxunan yazıçı olan anam, Dima, gerçək həyat hekayəsini son hekayəsi və mirası olaraq oxucularına təqdim etmişdi.