Sim-sim.az Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Yun Fossenin “Səssiz dil” adlı Nobel nitqini təqdim edir.
Səssiz dil
Mən ibtidai sinifdə oxuyanda gözlənilməz bir hadisə baş verdi. Müəllim məndən yüksək səslə üzündən oxumağımı istədi. Qəfildən, bütün bədənimi bir qorxu bürüdü. Sanki qorxunun içində yox oldum və sadəcə qorxudan ibarət oldum. Ayağa qalxdım və qaça-qaça sinifdən çıxdım. Sinif yoldaşlarımın və müəlliməmin sinifdən çıxmağımı izləyən təəccübdən bərəlmiş gözlərini hiss etdim. Sonra bu qəribə davranışımı belə izah etməyə çalışdım, təcili tualetə getməliydim. Bu cavabımı eşidənlərin gözlərindən oxuyurdum ki, mənə inanmırlar. Yəqin dəli olduğumu düşünürdülər, bəli, bu uşaq dəli olmaq ərəfəsindədir.
Yüksək səslə üzündən oxumaq qorxusu məni sonralar da təqib etdi. Bir müddət sonra özümdə cəsarət toplayıb müəllimlərimdən xahiş etdim ki, məni üzündən oxutmayın. Bəziləri mənə inanıb daha bunu istəmədilər, bəziləri isə inanmadı, onlar hiylə gəldiyimi düşündülər. Bu təcrübə sayəsində insanlar haqqında çox vacib bir şey öyrəndim. Başqa şeylər də öyrəndim. Hə, mən, indi, burada, bu auditoriya qarşısında dayanıb çıxışımı bərkdən oxumaqla bağlı keyfiyyətlərimi yəqin onda öyrəndim. Özü də indi demək olar ki, heç bir qorxu olmadan oxuyuram.
Mən nə öyrəndim?
Müəyyən mənada dilimi lal edən şey qorxu idi, belə deyək ki, mən dilimi geri qaytarmalıydım. Əgər bunu edəcəyəmsə, həyatıma başqa adamların yox, öz şərtlərimlə davam etməliydim. Öz mətnlərimi yazmağa başladım, qısa şeirlər, qısa hekayələr. Və bir şeyi kəşf etdim ki, bu məni qorxu yox, əksinə təhlükəsizlik hissi bəxş edir. Bir növ mən öz içimdə yalnız mənə aid olan bir yer tapdım və həmin yerdən yalnız özümə aid şeyləri yazmağa başladım.
İndi, təxminən əlli il sonra, mən hələ də oturub yazıram və hələ də içimdəki həmin gizli yerdən yazıram. Səmimi deyirəm, həmin yer haqqında onun eləcə mövcud olmasından başqa heç nə bilmirəm.
Norveç şairi Olav H. Hauqenin bir şeiri var, orada yazmağı uşaq olmağa, meşədə böyük yarpaqlardan daxma qurmağa, sürünüb həmin daxmaya girməyə, şam yandırmağa, qaranlıq payız axşamlarında o daxmadakı şam işığında özünü təhlükəsizlikdə hiss etməyə bənzədir. Məncə bu təsvir mənim də yazını necə təcrübədən keçirdiyimi çox gözəl ifadə edir. İndi də – 50 il əvvəl olduğu kimi.
Mən başqa şeylər də öyrəndim, öyrəndim ki, ən azı mənim üçün, şifahi və yazılı arasında böyük fərqlə var, eləcə də ədəbi dil və şifahi nitq arasında. Şifahi nitq çox vaxt nəyinsə o cür, yaxud bu cür olmasını xəbər verən monoloji ünsiyyət vasitəsi, yaxud bir fikir və ya qənaətdən ibarət mesajın ritorik ifadəsidir. Ədəbi dil heç vaxt belə olmur, o, məlumat vermir, çünki kommunikasiyadan daha çox mənadır, onun özünəməxsus mövcudluğu var. Və bu mənada yaxşı yazı və hər növ moizə, şübhəsiz ki, bir-birinin əks qütbüdür; bu moizə istər dini, istər siyasi, istərsə də başqa hansısa növdə olsun.
Mən yüksək səslə oxumaq qorxusu ucbatından hər yazı adamının az, ya da çox dərəcədə qədəm qoyduğu tənhalığa addım atdım – və o vaxtdan bu yana orada yaşayıram. Mən xeyli prozaik, eləcə də dram əsəri yazmışam. Əlbəttə, dram əsərləri xarakterizə edən şey yazılı nitqdir, həmişə xəyali bir fəzaya aid olan dialoqlardan, söhbətdən və ya əksərən söhbətləşmək cəhdindən və monoloqlardan ibarət olur – bunlar məlumat verməyən, ancaq özünəməxsus varlığı olan bir nəsnənin hissələridir.
Prozaya gəlsək, Mixail Baxtin “ifadə formasının, nəqletmə aktının içində iki səs olduğunu” deyəndə haqlı imiş. Daha sadə dildə desəm: danışan, yazan adamın səsi, bir də haqqınnda danışılan adamın səsi. Bu iki səs çox vaxt bir-biriylə elə çulğalaşır ki, adam hansı səsin kimə aid olduğunu ayırd edə bilmir. Bu, az qala, ikiqat yazılı səsə çevrilir; bu isə əlbəttə, yazı dünyasının və bu dünyanın içindəki məntiqin bir hissəsidir.
Yazdığım hər bir əsərin, belə deyim, öz bədii kainatı, bədii dünyası var. Hər roman, hər pyes üçün yeni bir dünya. Ancaq yaxşı şeirin də – çoxlu şeir yazmışam – öz dünyası var, bu dünya bir qayda olaraq həmin şeirlərin özüylə bağlıdır. Və bu şeirləri oxuyanlar həmin şeirin dünyasına daxil ola bilərlər – bəli, bu proses kommunikasiyadan daha çox bir növ iştirak kimidir. Əslində, bu dediyim demək olar ki, yazdığım hər şey üçün keçərlidir.
Bir şey dəqiqdir: mən heç vaxt, çoxlarının dediyi kimi, özümü ifadə etmək üçün yazmamışam, əksinə, özümdən uzaqlaşmaq üçün yazmışam. Beləcə, mən dramaturq oldum – bəli, bu barədə nə deyə bilərəm?
Mən romanlar, şeirlər yazırdım, teatr üçün yazmaq fikrim yox idi, ancaq vaxt keçdikcə, yazdım, çünki – yeni Norveç dramlarının yaranması üçün dövlət dəstəkli təşəbbüsün bir hissəsi kimi – mənimtək kasıb bir müəllifə bir dram əsərinin sadəcə açılış səhnəsini yazmaq üçün həqiqətən də yaxşı pul təklif edirdilər. Beləcə başladım və bütöv bir əsəri, hələ də ən çox səhnələşdirilən ilk pyesimi – “Kimsə gələcək” – yazıb bitirdim. İlk dəfə pyes yazmağın yazıçılıq həyatımdakı ən böyük sürpriz idi. Çünki mən prozada və poeziyada çox vaxt adi danışıq dilində sözlərlə ifadə edilməyini yazmağa çalışırdım. Bəli, bu belədir. Mən ifadə edilməyəni ifadə etməyə çalışdım, Nobel Mükafatının mənə verilmə səbəbində də bu göstərilib.
Jak Derridanın məşhur sözünü azca dəyişdirsək, belə alınar: həyatdakı ən vacib sözü demək olmaz, ancaq yazmaq olar. Buna görə də mən sükuta sözlər tapmağa çalışıram. Pyeslər yazmağa başlayanda gördüm ki, səssiz nitqdən, səssiz insanlardan prozada, poeziyada olduğundan tamam fərqli cür istifadə edə bilirəm. Ehtiyacım olan yeganə şey “pauza” sözünü yazmaq idi, bununla da səssiz nitqi ora yerləşdirmiş olurdum. Mənim dramaturgiyamda “pauza” sözü, şübhəsiz ki, ən çox işlənən sözlərdən biridir – uzun pauza, qısa pauza, yaxud sadəcə pauza. Bu pauzalarda həm hədsiz çox, həm hədsiz az şey ola bilər. Deyilə bilməyənlər, deyilmək istəməyənlər, yaxud da ən yaxşısı heç nə deyilmədən deyilənlər. Mən yenə də bir şeyə əminəm ki, pauzaları ən qüvvətli edən məhz səssizlikdir.
Bəlkə də nəsr əsərlərimdəki bütün təkrarlarların dram əsərlərimdəki pauzalara bənzər funksiyası var, ya da bəlkə də belə düşünürəm, dramlarımda səssiz nitq varkək, romanlarda yazılı dilin arxasında səssiz bir dil var. Və əgər yaxşı ədəbiyyat yaratmaq istəyirəmsə, bu sükut da ifadə olunmalıdır; bir neçə sadə və konrekt misal gətirəsi olsaq, “Septalogiya”da bu səssiz dil bizə sezdirir ki, birinci Asle ilə o biri Asle çox güman eyni adamdır. Təxminən 1200 səhifəlik bu uzun roman bəlkə də sadəcə bunun yazılı ifadəsidir. Ancaq səssiz müraciət, yaxud səssiz dil, böyük ölçüdə işin bütövlüyündən bəhs edir. Fərqi yoxdur, roman, pyes, ya da teatr tərtibatı olsun. Vacib olan ayrı-ayrı hissələr deyil, bütövlükdür – bütövlük isə hər bir detalda olmalıdır, bütövlüyün ruhundan danışmağa cürət edə bilərəm, bu ruh isə bir növ, həm yaxından, həm də uzaqdan danışır. Kifayət qədər yaxından dinləsəniz, nəyi eşidəcəksiniz? Sükutu. Və artıq dedildiyi kimi, yalnız sükutda tanrının səsini eşidə bilərsiniz. Bəlkə də.
İndi isə qayıdaq yerə. Mən teatr üçün yazmağın mənə bəxş etdiyi başqa bir şeyi qeyd etmək istəyirəm. Yazıçılıq tənha sənətdir, dediyim kimi, tənhalıq yaxşıdır – başqalarının yanına qayıtmaq yolu açıq olduqca – bu, Olav H. Hauqenin bir başqa şeirindəndir. Və ilk dəfə yazdığım pyesə səhnədə tamaşa edəndə, bəli, gördüm ki, bu məhz tənhalığın əks qütbüdür, bu, birlikdəlik idi, bəli, bu sənəti bölüşərək sənət yaratmaq idi. Bu proses isə mənə böyük xoşbəxtlik və inam hissi bəxş etdi. Bu anlayış o vaxtdan bəri məni izləyir və mən inanıram ki, o mənim sadəcə öz işimi dinclik içində reallaşdırmağıma yox, eyni zamanda pyeslərimin pis tərtibatından belə xoşbəxt olmağıma yardım edir.
Teatr böyük mənada dinləmək yeridir – rejisor mətni dinləməlidir, ən azı dinləməyə çalışmalıdır; aktyorlar mətni, bir-birlərini və rejissoru dinləyir, tamaşaçılar isə bütöv tamaşanı.Və mənim üçün yazı prosesi həm də dinləməkdir: mən yazanda heç vaxt hazırlaşıb yazmıram, heç nə planlaşdırmıram, dinləyərək irəliləyirəm. Ona görə də yazı prosesiylə bağlı bir metafora işlətməli olsam, “dinləmək” deyərdim. Beləliklə, heç deməyə ehtiyac da yoxdur ki, yazmaq musiqini xatırladır. Və mən yeniyetmə çağlarımda bir dövr yalnız musiqi ilə məşğul olmaqdan birbaşa yazıya keçdim. Əslində həm özüm ifa etməyi, həm musiqi dinləməyi dayandırdım və yazmağa başladım, yazarkən isə instrumentdə ifa edərkən yaşadıqlarıma oxşar şeylər yaratmağa çalışdım. Onda etdiyim bu idi – elə indi də budur.
Digər bir məsələ – bəlkə də bir az qəribədir – mən yazanda, həmişə elə bir məqama gəlirəm ki, elə bilirəm, mətn onsuz da yazılıb, haradasa bir yerdədir, içimdə deyil və mən yox olub getməmiş onu yazmalıyam. Bəzən heç bir dəyişiklik etmədən buna nail oluram, bəzən isə onu yenidən yazaraq, kəsib-doğrayaraq, redaktə edərək həmin mətnin axtarışına çıxıram və artıq mövcud olan mətni yenidən üzə çıxarmağa çalışıram.
Mən teatr üçün yazmaq istəmirdim, ancaq on beş ildir ki, bunu edirəm. Pyeslərim hətta tamaşaya da qoyuldu, bəli, zaman ötdükcə, xeyli ölkədə dram əsərlərim səhnələşdirildi. Hələ də bunun baş verdiyinə inanmıram. Həyat inanılmazdır.
Eynilə burada, sizin qarşınızda dayanıb Ədəbiyyat üzrə Nobel Mükafatı almağım münasibətiylə yazmaq barəsində bu və ya digər dərəcədə mənalı nələrsə danışdığıma inanmadığım kimi. Belə başa düşürəm ki, mən bu mükafata həm dram əsərlərimə, həm də prozama görə layiq görülmüşəm.
Bir neçə il ancaq pyeslər yazdıqdan sonra nəsə hiss elədim ki bəsdir, daha kifayət qədər dram əsəri yazmışam, bəli, qərara aldım ki, daha yazmayım. Fəqət yazmaq vərdişə çevrilmişdi və mən yazısız yaşaya bilmirdim – bəlkə mən də Marqaret Duras kimi, buna xəstəlik deməliyəm – buna görə də başladığım yerə qayıtmağa, dramaturq olmamışdan təxminən on il qabaq etdiyim kimi, proza və digər növlərdə yazmağa qərar verdim.
Son on beş ildir bununla məşğulam. Yenidən ciddi şəkildə prozaya qayıdanda, bu işi bacaracağımdan əmin deyildim. Əvvəl “Trilogiya”nı yazdım – bu kitaba görə “Nordik Konsul Ədəbiyyat” mükafatına layiq görüləndə, bunu prozada deməyə sözümün olmasıyla bağlı vacib bir təsdiqləmə kimi qəbul etdim. Sonra “Septalogiya”nı yazdım. Və bu əsəri yazarkən yazıçı kimi həyatımın ən xoşbəxt anlarını yaşadım, məsələn, bir Asle digər Asleni qarın üstündə uzanan yerdə tapıb onun həyatını xilas edəndə. Ya da axırda, əsas obraz Aslenin ən yaxın və yeganə dostu Osleik ilə, Osleikin bacısı ilə yeni il bayramını qeyd etmək üçün köhnə balıqçı qayığında son dəfə səfərə çıxması.
Mənim uzun roman yazmaq fikrim yox idi, amma bu əsər özü-özünü yazdırdı və nəticədə uzun roman ortaya çıxdı, xeyli hissəsini elə axıcı şəkildə yazdım ki, az qala, hər şey necə olmalıdırsa, elə də alındı.Və deyəsən xoşbəxtlik dediyimiz şeyə ən çox yaxınlaşdığım an bu idi. “Septalogiya” kitabının içində digər kitablarımın xatirələri də var, ancaq başqa işıq altında görünürlər. Romanda bircə nöqtənin belə olmaması yeni kəşf deyil. Mən bu kitabı məhz belə yazmışam, birnəfəsə, nöqtəyə ehtiyac olmadan.
Bir dəfə müsahibəmdə demişdim ki, yazmaq dua etməyə bənzəyir. Sonra həmin müsahibəm çap olunanda utanmışdım. Amma sonra oxudum ki, Frans Kafka da eynisini deyib, bu mənə təsəlli oldu. Yəni bəlkə də doğru ola bilər?
İlk kitablarım barədə çox pis tənqidlər yazılmışdı, ancaq qərara gəldim ki, tənqidçilərə qulaq asmayım, ancaq özümə güvənməliydim, bəli, ancaq öz yazdıqlarıma sadiq qalmalıydım. Və əgər belə etməsəydim, onda gərək elə qırx il bundan qabaq çap olunan ilk romanım “Qırmızı, Qara”dan sonra yazmağın daşını ataydım. Sonralar yazdıqlarıma müsbət rəylər gəlməyə başladı və mən mükafatlar da almağa başladım – beləcə, eyni məntiqlə davam etməyin vacib olduğunu anladım, əgər mənfi rəylərə qulaq asmıramsa, eyni zamanda, uğurun da məni çaşdırmasına imkan verməməliydim, təkcə yazdıqlarıma köklənəcək, onlardan yapışacaq, yaratdıqlarıma bağlı qalacaqdım. Məncə, bunu bacardım, həqiqətən inanıram ki, Nobel Mükafatını alandan sonra da bunu davam etdirəcəyəm.
Ədəbiyyat üzrə Nobel mükafatı almağım elan olunanda mənə çoxlu təbriklər, mesajlar gəldi, əlbəttə, çox məmnun idim. Təbriklərin çoxu sadə və ruhlandırıcı tonda idi, amma bəziləri sevincdən qışqırdıqlarını, bəziləri sevinc göz yaşları axıtdıqlarını yazırdılar. Bu, məni duyğulandırdı. Yazılarımda xeyli intihar səhnəsi var. Düşünmək istəmədiyim qədər çox. Qorxurdum ki, intiharların legitimləşməsinə rəvac verərəm. Buna görə də mənə ən çox təsir edən səmimi şəkildə “yazdıqlarınız həyatımı xilas edib” yazanlar oldu. Müəyyən mənada yazının insan həyatını xilas etmək gücündə olduğunu bilirdim, bəlkə də yazı mənim də həyatımı xilas edib. Və əgər mənim də yazılarım başqalarının həyatlarını xilas etməyə kömək edə bilirsə, mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz.
İsveç Akademiyasına məni Nobel mükafatına layiq gördüyü üçün təşəkkkür edirəm.
Tanrım, sənə də təşəkkür!
Tərcümə edən: Anar Rəhimov