“Torpağın üstünə minnəti yoxdu,
Torpağın altında rahatdı yerim”.
Bu misraların müəllifi Ramiz Qusarçaylı torpağa ən yaxın, ən doğma şairlərimizdən biridir. Bu iki misranın hikmətinə güvənib poeziya və fəlsəfədən geniş mühazirələr oxumaq olar. O, ədəbiyyatın rəncbəri kimi insan aləminə yaxından bələd olduğuna görə adama hansı sözü hansı məqamda deməli olacağını dəqiq bilir. Elə bir vaxt gəldi ki, toplum sözdə, əməldə ev yıxanlarla və ürək yıxanlarla dolub-daşmağa başladı. Onda Ramiz bu sözləri qələmə aldı:
“Dağlar bir-birinin xətrinə dəyir,
Daşlar bir-birini yeyir, baxsana”.
Olduğu yerin “iqlimlərini” yaxşı bilən şairin yazdıqları hər zamanın sözü və məsəli kimi fikrin alt qatından daim boylanır. Yəni bu qədər dəyişmişik. Dağlar bir-birinin xətrinə dəyir. Bu sözü yazmaq üçün, həqiqətən, müdrik düşüncəyə sahib olmaq lazım gəlir. “Sənə güvəndiyim dağlar”ın aqibətinin bu yerini belə yazmaq lazım idi.
Ayrı bir üsulla yenə torpaqdan yazır.
“Gördüm ki, üstdən keçirlər,
Mən altından keçib gəldim”.
Ramiz Qusarçaylı realistdir. Amma realist olmaq olmuş hadisəni yazmaq deyil. Realizm ədəbiyyat yaratmağın çətin metodlarından biridir. Ədəbiyyatı yaradanların ustalığı obraza münasibətdə müəyyən olunur. Məsələn, torpağın altından keçib gəlmək kimin ağlına gələ bilər! Torpağın üstündən keçmək nə deməkdir? Beləliklə, torpaq, yer təəssübkeşliyini bu şəkildə bəyan etməyin çətinliyi və uğuru göz qabağındadır. Bu ikicə misranın hasilə gəlməyi üçün sənətkarın həyatın hansı “əziyyətlərinə” qatlaşdığının fərqinə varmaq lazım gəlir. Burdan çıxıb çoxlu xalq deyimlərinəcən yol getməlisən. Bir “torpaq basdı” ifadəsi də var. Ciddi məsələdir. “Torpaq, mülk, yer, ölkə sahibləri” bunu yaxşı bilirlər. Bir də, Azərbaycan dilində bu şeylərin mahiyyətini açmaq üçün gərək təmiz azərbaycanlı olasan. Bu günkü ədəbi aləmdə təmiz azərbaycanlı olan şair, yazıçı azdır. Torpaq söhbətləri ağır mətləblərdən qaynaqlanır və poeziyada onun məna və məzmununa vaqif olmaq da çətin işdir. Torpağın üstündən keçməklə altından keçməyin özəlliklərini yazan şairin güclü fəhmi olmaqla yanaşı, güclü vətəndaşlıq duyğusu onun qəlbini döyəcləməlidir. Ramiz şaxtada da işləyib. Daş-kömür mədənində. Bəlkə də, onun üçün torpağın altını-üstünü vərəvurd eləmək bir qədər rahat ola. Amma bildiyi şeylərdən ədəbiyyat yazmaq olsaydı, gör ədəbiyyatda şair, yazıçı əlindən yerin üstündə gəzməyə yer qalardımı?! Deməli, bizim ana dilimizdə bir “üstdən keçmək” kəlməsi də çox bar-bəhər vermiş söz olubdur. Fikrin bütün qatlarını araşdırıb, ələyib ikicə kəlmə yazmalı olursan ki, bu da poeziya adlanır. Torpağın hər üzünü bilib yazmağın ağrıları da olur, sevincləri də. Şair yazır:
“Ölsəm, gözlərimə torpaq tökməyin,
Yeyib qurtarmışam torpaq payımı”.
Birinci şəxsin dilindən edilən bu “hekayətlərin” ömrü çox uzundur. Ədəbiyyatın ömrü qədərdir. Yenə torpaq məhəbbəti, yer, ərazi qənaətcilliyi hiss kimi adamın başında gəzir. Şair deyir ki, yer üstündə adam o qədər hoqqalardan çıxır ki, heç olmasa, öləndə mütləq bu şeylərin haqq-hesabı aparılmalıdır. Bizim toplumun qəbirə qoyulub, gözünə ovuclayıb torpaq tökmək adət-ənənənsi var. Gözə tökdükləri həmin bir ovuc torpağın illəti şairin şeirinin obrazına və qəhrəmanına çevrilibdir. Ölsəm, gözlərimə torpaq tökməyin. Yaxşı dərsdir. Adamı günah üstündə tutmağa bənzəyir. Ölsəm, gözlərimə torpaq tökməyin. Bəli, adamlar çox arsız və qansızdırlar. Yeyirlər və hələ üstəlik ona-buna peşkəş də edirlər. Yeyib qurtarmışam torpaq payımı…
Ramiz Qusarçaylının gözündə ana torpağın bundan da ötə ucalıqlarını müşahidə edirik. Torpaq qədri bilməyin və onun uğrunda nəyi edib, nəyi etməməyin ayrıntılarını çək-çevir edəndə belə düşünürəm ki, uğrunda silahlanıb döyüşə atılmaqdan üstün şey onun – torpağın şeirini, poeziyasını yazmaqdır. Ramizin Ukraynanın Donbas kömür mədənində işlərkən “bu məsələ barədə fikirləşməyə”, görünür, yaxşıca vaxtı və fürsəti olubdur. Öz poeziya torpağını, ya ərazisini yaradan şairlər torpaq ələməklə məşğul olurlar. Orda – şaxtada topağı, dastanda deyildiyi kimi, əkib-becərmirlər. Orda torpağı daşıyıb yandırırlar. Həyatın bu yeri, bu “üslubu” da şair olanlar üçün qəmlənməyə, söz düzənləməyə səbəb olur. Oradakı olaylardan Qusarçaylı silsilə şeirlər yaradıbdır. Necə deyərlər, Ramiz kömür mədənlərində özünün söz mədənlərini kəşf edibdir. Sözün alt qatından agah olduğuna görə onun ədəbiyyata gəlişi söz sənətinə uğurlar gətirdi.
Hesab edirəm ki, bunlar təkcə onun yaradıcılığının yox, ümumən ədəbiyyatımızın qızıl fondunu təşkil edir.
“Torpağın altına düşürəm səhər,
Torpağın üstünə çıxıram axşam”.
Bu, onun sadəcə, iş rejimidir. Orada – şaxtada bu qrafikdən “kənara çıxan” yeganə adam, yəqin ki, qubalı Ramiz Həmzəyev olubdur. Onun torpaq qayğıları davam etdikcə Ramiz Qusarçaylı obrazında çox faydalı yeraltı, yerüstü mədənlər işə salınmalı olacaqdı. Torpağın altını üstünə çevirməkdə mahir bir ədəbiyyat oyunçusunun adı ilə dünyanın işlərinə bələdçilik etmək mümkün olacaqdı. Özü yazır da beləcə:
“Bir ovuc torpağa dönüb yerində
Üstünə düşəni göyərdir ürək.
Torpaq daşıyıram kipriklərimdə,
Bir gün gözlərim də çiçəkləyəcək”.
Şaxtadan yadigar sözlərdir və torpağa batıb-bulaşmağın nəticəsində belə gülzara qərq olmaq mümkündür. Torpağın içindən cücərib boy atmağın axırı söz yazmaqla bitsəydi, nə vardı ki! O sözü, ən azı, insanın boyu bərabərinə qaldırmaq vacib məsələdir. Onun sözü torpağın sözüdür və onda torpaq ruhu var deyə əzəmətli Atlant kimi gücünü, enerjisini ordan əldə edir. Onun şeiri başdan-başa “əkin-biçin üçün yararlı torpaq sahələrindən” ibarətdir. Şumlanmış, ləklənmiş, irəvələnmiş, suvarılmış yerin bar-bəhəri zəngin olur. “Üzümü şumlayır alnımın təri”. “Torpağın üstündə itən günlərinin” heyfini Ramiz şeir yazmaqla çıxır. Ramiz sözü uca tutmağı, bayraq kimi başının üzərində tutmağı bacaran şairimizdir. Bu, torpağa bağlı olmağın əlamətlərindən biridir. Onun sənətinin sirrində torpaq amilini nəzərə almaq lazımdır. Özü könkret və aydın yazıbdır:
“Tale ikimizə bir daş göndərib,
Bir üzü sənətdir, bir üzü torpaq”.
R.Qusarçaylının yaradıcılığını hansı üzdən fəhm etsək, orda torpağın qüdrətini, qüvvətini hiss edəcəyik. Bu üzdən Ramiz söz yarışında ayağı yer tutan şair olaraq həmişə güclü görünür. Yazıları “humus qatı” ilə zəngin olduğundan “gəliri” də çoxdur. Torpağa nəyisə etibar etmək barədə çox uğurlu misraların müəllifi də Ramiz Qusarçaylıdır. Bir misal də çəkib, söhbəti yekunlaşdıra bilərik:
“Oğlunu torpağa tapşıran ana
Dərdini heç kəsə tapşıra bilmir” yazır.
Şəhid anasının kədərini ifadə etmək üçün yazılan bu şeirdə torpağa güvənilməsi yerinə düşür. Bu iki misranın intervalında adamı fikir girdabından çəkib çıxarmaqda, səbr etməkdə torpaq ləfzi o andaca yaxşı bir təsəlliyə çevrilir. Oğulun torpağa tapşırılması assosiativi dərdlərin soyumasına səbəb olur. Torpaq yatdıqca dərd soyuyur deyirlər. Şairin oxucuya ötürdüyü bu cür ürək, ruh həqiqətləri hər şeyin çarəsi, ən ağır dərdlərin əlacı kimi torpağa üz tutmağa, üz qoymağa yer saxlayır. İnsan hansı şəkildə, görkəmdə olur-olsun, son şəkli torpağın qoynunda yer alır.
“Fələk də son şəklimin
Üstündə torpaq çəkib”.
“Ürəyim dərdlərə meşə torpağı” yazan Ramiz Qusarçaylının torpaq həqiqətlərindən böyük dastanlar bağlamaq mümkündür. Çünki…
Bu fikrin çünkisini qoy şairin öz dilindən eşidək:
“Gələn günə şam ağzı,
Ötən ilə torpağam.
Bir toxuma şum ağzı,
Bir sünbülə torpağam.
Əhd yeri, saman yeri,
Yel döyür uman yeri,
Kişilik güman yeri,
Yalan dilə torpağam.
Ürək sitəm, söz sitəm,
Dərd göyərdir hər qitəm.
Mən də belə münbitəm,
Mən də belə torpağam”.
Üst-başından torpaq tökülən bu cür mətnlə işləməyin zövq-səfasına söz ola bilməz. Mənsə bu kiçik qydlərimlə üstündə torpaq ruhu dolaşan söz-sənət güzərgəhində bir qədər gəzib-dolanmaq istədim və görürəm ki, bu yerdə müqəddəs ruhlar dolaşır.
“Ruh ruhu çağırır, qan qanı burda”.