Dosent, yazıçı Sadıq Qarayevin ““N” saylı qəhrəmanlıq” əsəri Qarabağ müharibəsi mövzusu ətrafında gedən prosesləri sürətləndirən istiqamətdə yeni meydana çıxmış elmi-fəlsəfi, sənədli-publisist, tarixi roman olmaqla zənin informasiya tutumuna malikdir. 44 günlük müharibədə ön və arxa cəbhəni, beynəlxalq vəziyyəti, sarsılmaz xalq-dövlət-ordu-Ali Baş Komandan birliyinin gücü-“Dəmir Yumruğun” qüdrətini, hərbi əməliyyatların uğurlu davam etdirilməsində görünməyən “N” saylı qəhrəmanlıqları, azərabaycançılıq məfkurəsinin gücünü, bədnam erməniliyin mənfur mahiyyətini işıqlandırmaq, hadisələrə tam halda, qlobal yanaşmaq, təzadların ortaq məxrəci olan həqiqəti aydın şəkildə göstərmək üçün ənənəvi romançılıq metodları kifayət etmirdi. Buna görə də ““N” saylı qəhrəmanlıq” romanında elmi-fəlsəfi, yarımsənədli-publisistik, tarixi-bədii olmaqla üç metod tətbiq edilmişdir. Bu üsulların bir-biri ilə vəhdəti, hadislərin və ümumi ideayanın, süjet xəttinin ayrı-ayrı hissələrində uyğun olaraq seçilib tətbiq edilməsi yazıçıdan xüsusi istedad, geniş fantaziya, yaradıclıq təxəyyülü, elmi idrak və bədii təfəkkür tələb edir. Və Sadıq Qarayev romanda bu mürəkkəb və çətin işin işin öhdəsindən gələ bilmişdir. Bundan əvvəlki əsərlərində paralel dünyaları, yanaşı yaşayan taleləri təsvir etməklə qazandığı təcrübə onun fərqli təsvir metodlarını tətbiq etməklə bir-biri ilə məntiqi əlaqəsi olan ayrı-ayrı cərəyan edən hadisələri, obrazları təqdim etməsinə şərait yaratmışdır.
““N” saylı qəhrəmanlıq” romanı təkcə yeni üslubda, elmi idrakla bədii təfəkkürün vəhdəti sayəsəndə yazılmış roman deyil, həm də tarixi Zəfəri dolğun, həqiqətlərlə ifadə etmək üçün əsgər və zabitlərin, şəhid ailələrinin öz dilindən, bir sıra mənbələrdən müxtəlif informasiyalar əldə etmək, onları ümumiləşdirmək, vahid ideya və süjet xəttinə gətirmək üçün də özünəməxsus elmi-tədqiqata bərabər, böyük zəhmətin məhsulu olan maraqlı bədii əsərdir.
Həcm etibarilə 3 fəsildən ibarət olan romanda hadisələr “Müharibə Tumurcuqları”, ““N” saylı qəhrəmanlıq” və “Mövcudluğun səpələnməsi” fəsilləri üzrə inkişaf etdirilir. I fəsil “And”, II fəsil “Aləmlərin” söhbəti, III fəsil “Zəfər günü” yazıları ilə başlayır. Müharibə tumurcuqları açılır, əsgər and içir, cəbhəyə gedib qəhrəmanlıq göstərir, zəfər əldə edir, işğal mövcudluğu səpələnir, qələbə günəşi doğur. Əsərdə proloq kimi 200 illik ermənilik faşizminə qalib gəlmiş “Azərbaycançılıq məfkurəsi”nin mahiyyəti verilir. Bu yazılar nəsrlə poeziyanın birgə, həmahəng nümunəsidir, fəsillərin vəhdətini yaradır, mahiyyətini işıqlandırır və xüsusui qiymətləndirilməlidir.
““N” saylı qəhrəmanlıq” romanının “Müharibə Tumurcuqları” adlanan I fəsilində müharibənin səbəbləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklər, soyqırımlar, torpaqlarımızın işğalı və I Qarabağ müharibəsi, “Aprel döyüşləri”, “Tovuz döyüşləri” vaxtı əsgər və zabitlərimizin qəhrəmanlığından, Azərbaycan xalqının “Şəhidlik məktəbindən” bəhs edilmişdir. Bədii nəsrimizdə ilk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı canlandırılmış, dövlətimizin rəhbərininin müharibədən əvvəl və müharibə dövründəki düşüncələri, ideyaları və fəaliyyəti gerçəklik əsasında işıqlandırılmışdır. Əsərdə eyni zamanda məhz bu fonda “Müharibə tumurcuqlarının” yaranması, böyüməsi obrazlaşdırılmışdır.
““N” saylı qəhrəmanlıq” adlanan II fəsildə müharibəyə hazırlıq, döyüşün planlaşdırılması, başlanması, 2-ci ordu korpusunun, “N” saylı hərbi hissənin timsalında 30 il ərzində möhkəmlənmiş “keçilməz Ohanyan xəttinin” rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri tərəfindən yarılması, kənd və şəhərlərimizin işğaldan azad olunmasından bəhs edilmişdir. Onlarla şəhid və qazilərin döyüş yolu, göstərdikləri N sayda və “N” saylı qəhrəmanlıqları, şücaətləri əsasən sənədli, real faktlar əsasında təsvir edilmişdir.
III fəsil “Mövcudluğun səpələnməsi” adlanır. Burada Şuşanın azad olunması, möhtəşəm tarixi qələbə sayəsində 30 il davam edən işğalın sona çatması, Cıdır düzündəki “Sərxoş qarğa rəqsilərinin” bundan sonra “Xarıbülbül” festifalı ilə əvəz olunması fonunda mövcudluğun səpələnməsi təsvir olunur. Qəhrəman şəhidlərin şücaətindən doğan müqəddəslik Azərbaycanın üçrəngli bayrağına, dövlətin gücünə, xalqın milli-mənəvi dayaq nöqtələrinə səpələnir. Azərbaycançılığın qəhrəmanlıq məktəbi 200 illik ermənilik faşizmi və havadarları üzərində tarixi, həlledici qələbə çalır. Ermənilik ideyaları birdəfəlik yoxluğa, keçmişə səpələnir.
““N” sayli qəhrəmanliq” romanında müəllif tarixi zəfərimizlə başa çatan II Qarabağ müharibəsi haqqında dünya xalqlarında, gələcək nəsillərdə geniş və əhatəli təsəvvür yaratmağı qarşıya əsas məqsəd kimi qoymuş və ədəbiyyatda yeni, romançılıq metodları tətbiq edərək, böyük zəhmət hesabına yenitipli mükəmməl bir bədii əsər yazmışdır. Romanda ümumi ideyaların, süjet xətti və hadisələrin, bədiiliklə tarixiliyin, elmi-fəlsəfi mahiyyətin, publisistikanın, sənədliliyin orjinal vəhdəti məntiqi ardıcıllığa xidmət edir.
Sadıq Qarayevin ““N” sayli qəhrəmanliq” romanı hərbi vətənpərvərlik ruhunun qüvvətləndirilmə, milli dövlətçiliyimizin işıqlı yolu olan azərbaycançılıq məfkurəsinin və Ulu Öndər Heydər Əliyev ideyalarının daha geniş təbliği, gələcək nəsillərdə, dünya xalqlarında tarixi zəfərimizi əks etirən həqiqətlər haqqında geniş təsəvvür yaratmaq yoluna gur işıq salır. Bu romanın müxtəlif hissələrindən dərsliklərd istifadə olunması, xüsusilə xarici dillərə tərcümə edilməsi Azərbaycan həqiqətlərinin daha geniş və dərindən dərk edilməsinə, təbliğinə şərait yarada bilər.
Kitaba yazılmış “Ön söz”də də qeyd edildiyi kimi, romanın müəllifi Sadiq Qarayev irəli sürdüyü ideyaları elmi baxımdan əsaslandırmağı və bədii cəhətdən obrazlı şəkildə mənalandırmağı bacarır. Onun elmi və bədii əsərləri elmi idrakla bədii düşüncənin qovşağında yaradılmış orjinal elm və ədəbiyyat nümunələridir. Müəllifin “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “Sarvansız Zamanlar” və ““N” sayli qəhrəmanliq” romanları elmi-fəlsəfi və bədii üslubda yazılmış romanlar kimi Azərbaycan ədəbiyyatında yeni cığır yaratmış, bədii təfəkkürlə elmi idrakın üzvi vəhdətinin köməyi ilə milli və bəşəri dəyərləri əks etdirmək baxımından fərqli və cəlbedici ədəbi örnəklərin meydana çıxmasına yol açmışdır. Sadıq Qarayevin əsərləri təbiət və cəmiyyətin qlobal problemlərinə elmin gücü ilə işıq salmaq, bütün bunları bədii ədəbiyyatın imkanları ilə təsvir etmək baxımından əhəmiyyətlidir, Azərbaycan elmi-ədəbi fikrinin müasir səviyyəsini əks etdirən dəyərli nümunələrdir. Eyni zamanda bu əsərləri göstərir ki, hər bir uğurlu yazıçının, əsərin zəhmətkeş və peşəkar tədiqiqatçısı olması onun zamanla yarışa bilməsində əhəmiyyətli amildir.
Sadıq Qarayevin Zəfərə həsr etdiyi əsərlərindən biri də “Azərbaycançılıq məfkurəsi” adlanır. Əsərdə müəllif sanki hər bir Aərbaycanlıya səslənir. Qeyd etmək lazımdır ki, müəllifin bu müraciətini magistratura səviyyəsində “Azərbaycan milli ideologiyasının biblioqrafiyası” fənnini tədris etdiyim üçün, tələbələrimizə əlçatan olması üçün müəllifin bu müraciətini yazıda verməyi məqsədəuyğun hesab etdik. Müəllif deyir: Ey azərbaycanlı! Dünyanın harasında doğulsan, yaşasan da sən, Azərbaycanı vətən bilməlisən! Milli dəyərlərin, dövlətçiliyin təssübünü çəkməlisən. Ana dilini bilməli, özünü müstəqil Respublika, vətən və xalq yolunda şəhid, ya qazi növbəsində görməlisən! Oturaq, əkinçi, qədim yerli xalqsan, həm də günçıxandan, günbatana elatsan. Şərqin, Qərbin, keçmiş və indinin, həm də gələcəyin qovşağındasan, doqquz iqlimli, nurlu gecəli, qızmar günəşli, üç rəngli dünyadansan, Azərbaycandasan!Bəşəri dəyərlərin, səmavi dinlərin mahiyyətindəki yaxşılar, insanlıq xilqətindəki mələkxətli naxışlar milli varlığının simasında cizgilər salıbdır, lap Adəmdən bu günlərə pak qalıbdır.Odur ki, nurlu, düz, haqq yoldasan, öz- özündən yaxşılıqsan, yetkin, kamil ali xalqsan!
Ey azərbaycanlı! Hər bir xalqın baba ocağı, dədə oylağı vardır, orda hər zaman ilk bahardır. Qudsal türk ocağında möhtəşəm tonqal yanmış, ətrafa köz salmış. O közün biri sənsən, ya oylaqda nəhəng şərq palıdı vardı, altı laləzar, üstü qardır, budağı sənsən, dərinliklərdən aydınlıq alan möhtəşəm köklü, boranlara, qaranlıqlara sinə gərən azman gövdəyə bağlı, Azərbaycan türküsən, azərbaycanlısan. Vətəndə əsrlərdir birgə yaşadağın qardaş xalqlarla güclüsən, şanlısan, onlarla bütövlükdəsən, fəxr et ki, azərbaycanlısan! Unutma, qürur duy, həm də layiq ol ki, bağrı şəhid qanlısan!Qədimdən gəlib, bu gündən keçib, gələcəyə gedən elm, mədəniyyət, mənəviyyat yüklü, müqəddəs yoldakı karvanın sarvanısan, sən elə zaman içində Azərbaycan zamanısan! Əsrlərin insanlıq, qəhramanlıq yadigarısan!
Ey azərbaycanlı! Böyük, ali, dövlətlər, imperiyalar quran xalqlar kimi, sənin də tarixlər boyu geniş vətənin olmuş, sərhədləri gah böyümüş, gah da kiçilmiş, çiçək açımış, sonra solmuş. Bu bir tarixi qanundur ” həqiqət də kapital kimi güclünündür, hər yer onlara ” vətən” olmuş!”.Dərbəndimiz, Borçalımız, Təbrizimiz milli həsrətimizdir, İrəvan öz şəhərimizdir.Azərbaycançılıq müqəddəs, çətin, şərəfli yoldur, yolçulları ləpir- ləpir gəlirlər.
Ləpirləri salır şəhidlər, alimlər, milli dəyərlər yaradan dahilər, fikir- ideya sahibləri- dövlətçilik quran azərbaycanlı kişilər! Ey azərbaycanlı!Hər zaman xalqı, vətəni, dövləti və dini yolunda haqq mübarizəsi aparan şəhidlik, qazilik, məktəbin olubdur, qəhramanlıqları milli yaddaşa dolubdur. Müstəqil dövlətinin, qanının, canının, Azərbaycanının ilk şəhadət məktəbini Cümhuriyyət əsgəri açıb, ruhumuza işıq caçıb! Qanlarıyla bayrağımız ucalıb, özləri üç rəngdə qalıb. Ruhumuzda istiqlal günəşi ucalıb.O vaxtdan şəhidlik, qazilik məktəbin milli şüurun kimi bütövdür, zamandan düz, məkandan dairəvidir, bir şəhidimiz hamısı, hamısı da biridir, onlar bayrağımız, torpağımızla əbədidir, diridir.
Ey azərbaycanlı! Sənin mahiyyətində dostluq, ağlıq, işıq, hər yerdə günəş, sülh arzusu vardır. Yaxın, uzaq xalqlar dostlarındır. Ancaq ermənilik adlı xəstəlik də vardır. Xalqımıza qarşı etdikləri vəhşilikləri, şeytanlıqları, soyqırımı heç vaxt unutma, çomaqsız qalma.Qonşu kimi yaşa, dost olma. Döyüş meydanında üz-üzə gəlməyi arzula, sülh vaxtı yuxuya getmə, ehtiyatı əldən vermə.Dünyanın harasında elm varsa getmək, ehtiyacı olana kömək etmək bəşəri vəzifəndir.Bir də heç vaxt unutma, Azərbaycana günəş Azərbaycandan doğur!Ey azərbaycanlı! Müasir, azad, Azərbaycan türküsən, yəni azərbaycanlısan.Dilin Azərbaycan türkcəsidir, yəni Azərbaycan dilidir.Azərbaycan sözü əsl mənada olubdur vətəninin, dilinin, xalqının adı, özü!Unutma, mövcudluq kimliyindir Azərbaycan sözü! Dinin İslamdır, müsəlmansan.Vətənə, xalqa, dövlətə xidmət borcun, vəzifəndir! Xidmətin elə özü vətəndir! Bunun üçün güclü olmalısan, ya yenə də güclü olmalısan! Sənin gücün elə Azərbaycanın gücüdür.!Güc isə fiziki sağlamlıq, elm, mənəvi və maddi zənginlik, azərbaycançılıq məfkurəsi, milli dövlətçilik şüurunun vəhdətidir.Vətən daşları ölkəmizin tükənməyən,Əsl milli sərvətidir!
Yenilməz sərkərdəmiz, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin uzun illərdir həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində mövqelərimizi daha da möhkəmləndirərək 2019-cu ildə “Qarabağ Azərbaycandır və Nida” kəlamını yüksək beynəlxalq kürsüdən səsləndirdi, 2020-ci ildə isə xalq-iqtidar birliyinə söykənən Dəmir Yumruqla düşmənin layiqli cavabını verdi, müstəqil dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın “Zəfər günü”gözümüzün önündə parlaq və böyük hərflərlə yazıldı. Alim, yazıçı Sadıq Qarayevin haqqında bəhs etdiyimiz kitabları məhz da bu zəfərlə bağlı informasiya mənbəyi olaraq çox qiymətlidir. Mövzu ilə əlaqədar aşağıdakı linkdən də istifadə etmək olar.
Solmaz Azay qızı Sadıqova
BDU, İnformasiya və sənəd menecmenti fakültəsi
Sənəd menecmenti kafedrasının dosenti
Tarix üzrə fəlsəfə doktoru