sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Zeydi Smit. Kamboca səfirliyi

01/10/2021 - 12:06
A A
Facebookda paylaş

1975-ci ildə Londonda doğulan Zeydi Smit 25 yaşında çap etdirdiyi “Ağ dişlər” adlı romanına görə böyük şöhrət qazanır. Roman tez bir zamanda bestsellerə çevrilir və müəllifinə müxtəlif mükafatlar qazandırır. Anası yamaykalı olduğu üçün əsərlərində tez-tez qaradərili qadın obrazlarına yer verən Zeydi Smit sonrakı illərdə “NV”, “Gözəllik haqqında” adlı yeni romanlarını nəşr etdirir. Hal-hazırda Nyu-York Universitetində “Bədii yazı” sahəsi üzrə professor kimi fəaliyyət göstərir.

Sim-sim.az yazıçının məhşur “Nyu-Yorker” jurnalında çap edilən uzun hekayəsini təqdim edir.

 

 

                                                                                      0–1

Kimin ağlına gələrdi ki, bir gün bizim yaşadığımız ərazidə Kamboca səfirliyi açılacaq? Heç kəsin… Belə bir şeyi heç təsəvvürümüzə də gətirməzdik. Bu hadisə bizim hamımızı təəccübləndirmişdi. İşə bir bax: Kamboca səfirliyi!

Səfirliyin yanında sağlamlıq mərkəzi yerləşir. Yolun o biri üzündə isə əksəriyyəti varlı ərəblərə aid olan (ən azından biz – Villezden camaatı belə düşünürük) şəxsi mülklər var. Bu mülklərin giriş qapısında korinf üslubu ilə tikilmiş sütunlar, həyətində isə, çoxumuzun təsəvvürünə görə, üzgüçülük hovuzları yer alır. Onlarla müqayisədə səfirlik, elə də böyük deyil. Səfirliyin indi qərar tutduğu bu tikili 1930-cu illərdə şimali Londonun ucqar ərazilərində inşa edilmiş dörd-beş otaqlı adi villalardan biridir. Onun ətrafına təxminən səkkiz fut hündürlüyü olan qırmızı kərpicli hasar çəkilib. Bəzən bu hasardan yuxarıya qalxan və üfüqi şəkildə həyətin o biri tərəfinə uçan badminton topunu görmək olur. Kamboca səfirliyinin həyətində kimsə badminton oynayır. Topun çıxardığı səslər hasardan çöldə də eşidilir. Zərbə və taqqıltı. Zərbə və taqqıltı.

Bu tikilinin səfirlik olduğunu göstərən yeganə əlamət qapıya vurulan latun lövhə (onun üstündə “Kamboca səfirliyi” yazılıb) və qırmızı kirəmitli damın üstündə dalğalanan bayraqdır. (Bu bayraq Kambocanın milli bayrağıdır. Yəni biz belə düşünürük. Başqa nə ola bilər ki?) Bəziləri bu tikilinin səfirliyə aid olduğunu belə əsaslandırırlar: “Görmürsünüz ətrafına necə hündür hasar çəkiblər? Bu hündür hasardan bilmək olar ki, küçədəki o biri evlər kimi bu da şəxsi mülk deyil”. Amma bunu deyənlərin başı yaxşı işləmir. Çünki şəxsi mülklərin də çoxunun ətrafına belə hündür hasarlar çəkilib. Məgər onlar səfirlik binalarıdır? Əlbəttə, yox.

0-2

          Fətu, səfirliyin yanından birinci dəfə avqust ayının altısında keçmişdi. O, istirahət üçün həmişəki kimi hovuza – çimməyə gedirdi. Olimpiya oyunlarının keçirildiyi hovuzlar qədər böyük olmasa da, bu qadının getdiyi hovuz da kifayət qədər iri idi. Bir mil məsafəni qət etmək üçün səksən iki dövrə üzmək lazım gəlirdi ki, bu da darıxdırıcı olduğuna görə fiziki məşqdən daha çox iradə məşqinə bənzəyirdi. Sağlamlıq mərkəzinə tez-tez təşrif buyuran müştəriləri məmnun etməkdən ötrü, hovuzun suyunu qeyri-adi dərəcədə isti eləyirdilər. Bu cür müştərilər isə, suda çimməkdən daha çox hovuzun kənarında uzanmağa, ya da saunada istirahət etməyə üstünlük verirdilər. Fətu bu hovuzda indiyə qədər beş-altı dəfə çimmişdi. Əksər hallarda o, digər müştərilərdən yaşca xeyli cavan olurdu. Sağlamlıq mərkəzinə gələnlərin çoxu ağdərililər idi, onlar arasında Cənubi Asiyalılar, ya da Orta Şərq ölkələrindən olanlar da var idi.  Amma arabir hovuzda çimdiyi vaxt Fətu, öz həmyerliləri olan afrikalılara da rast gəlirdi. Əllərini uşaqlar kimi çılğıncasına suya çırpan, suyun üzündə qalmaqdan ötrü əziyyətlə üzməyə çalışan bu cür afrikalıları görəndə Fətu, onlardan yaxşı üzdüyünə görə özü ilə fəxr edirdi, illər əvvəl hələ Akkrada ikən üzməyi öyrənmək üçün Karib Çimərlik Kurortunda etdiyi məşqləri yada salıb qürur hissi keçirirdi. Yox, o, bu üzgüçülük məşqlərini otelin hovuzunda etməmişdi: işçilərə, hovuzda çimmək icazəsi verilmirdi. O, üzməyi, kurortdan bir az aralıda yerləşən boz rəngli dənizin sərt sularında öyrənmişdi. Çirkli köpüklərin arasında bata-bata, çırpına-çırpına, çabalaya-çabalaya öyrənmişdi. Ora heç vaxt turistlər gəlmirdi. (Buna səbəb batmaq təhlükəsindən və suyun soyuqluğundan da çox hər tərəfin zir-zibil içində olması idi). Heç başqa xidmətçiləri də orada görmək olmazdı. Ora ancaq gecəyarısı yeniyetmə oğlanlar və səhər çağları Fətu gəlirdi. Karib çimərliyi ilə sağlamlıq mərkəzindəki hovuzu bir-biri ilə qətiyyən müqayisə etmək olmazdı. Çünki sağlamlıq mərkəzindəki hovuz hamam kimi isti, sakit və rahat idi. İndi Fətu hovuza gedən yolda Kamboca Səfirliyinin qarşısından keçir və iki gözəgörünməz oyunçunun bir-birilərinə tərəf vurduğu badminton topunun hündür hasarlardan da yuxarı qalxıb o tərəf-bu tərəfə hərəkət etməyinə baxır. Badminton topu havada iri bir qövs cızaraq zəif sürətlə sağa tərəf uçur, sonra digər oyunçu topa yenə də zərbə endirir və bu, təkrar-təkrar baş verir. Birinci oyunçu bu zərbələrin qarşısını birtəhər də olsa ala bilir və top, yumşaq və qövsvari bir uçuşla yenidən zərbə endirən oyunçuya qayıdır. Lap yüksəklərdə günəş, göy üzünü tavan kimi tutan, yağışla dolu, boz rəngli buludları yarıb çıxmağa çalışır. Zərbə və taqqıltı. Zərbə və taqqıltı.

0-3

          Bir neçə il əvvəl – düz gözlərimizin qabağında Kamboca Səfirliyi açıldığı zaman aramızdan bəziləri belə deyirdilər: “Kaş hansımızsa şeir yazmağı bacarardı. Onda bu qəribə səfirlik əhvalatına yaxşı bir şeir həsr eləyərdik”. (qəribəlik onda idi ki, səfirliklər adətən şəhərin mərkəzində yerləşərdi. Ucqarlarda səfirlik açıldığını ilk dəfə idi ki, görürdük.) Amma təəssüf ki, biz elə də şair ruhlu adamlar deyilik. Villezdendən olduğumuz üçün bizimki daha çox nəsrdir. İnanmıram ki, yerli adamlardan kimsə o Kamboca səfirliyinin qabağından birinci dəfə keçəndə ağlına “soyqırım” sözünü gətirməmiş olsun.

0-4

          Taqqıltı və zərbə. Taqqıltı və zərbə. Bu yay Olimpiada oyunlarını izlədiyimiz üçün qulaqlarımız qələbəyə can atan oyunçuların nəriltilərinə, iniltilərinə, sevinc hayqırtılarına köklənmişdi. Amma Kamboca səfirliyinin bağçasındakı oyunçulardan səs çıxmırdı. (Biz oranı əminliklə bağça da adlandıra bilmərik. Çünki hasarın o üzü ilə bağlı olan təsəvvürlərimiz bir qədər dumanlıdır. Bəlkə də, onlar elə badminton üçün hazırlanmış və daş döşənmiş geniş bir ərazidə oynayırdılar) Həmin həyətdə kimlərinsə badminton oynadığını göstərən yeganə əlamət topun hərəkəti idi. O, havaya qalxıb irəli gedir, sonra sərt bir zərbənin təsiri ilə əvvəlki yerinə qayıdır və bu şəkildə öz hərəkətinə davam edirdi. Bu mənzərə ən çox da Fətunun çimmək üçün sağlamlıq mərkəzinə getdiyi vaxtlarda (bazar ertəsi günü, səhər saat ondan sonra) təkrarlanırdı. Bu məqamda onu qeyd etmək lazımdır ki, sağlamlıq mərkəzinin əsl üzvləri Fətunun özü yox, onu işə götürən cütlükdür. Onlar bilmirlər ki, Fətu onların qonaq biletlərindən istifadə edir. (Cənab Dirivel öz həyat yoldaşı və on, on beş, on yeddi yaşlı üç uşağı ilə birgə səfirliyin yerləşdiyi küçədə yaşayır. Amma səfirlikdən onların evlərinə qədər bir mil məsafə var. Səfirlik küçənin bir başında, onların evi isə digər başında yerləşir.) Fətunun onlardan gizlin hovuza gələ bilməyinin əsas səbəbi odur ki, hər həftənin birinci günlərində cənab Dirivel, Elsəmdə yerləşən mini-marketinə baş çəkmək üçün ora gedir, xanım Dirivel isə Kenzl Rayzda yerləşən ikinci mini-marketdə qalıb piştaxta arxasında işləməli olur. Dirivellərin yaşadıqları əsas mənzilin giriş zalında qoyulmuş “XVI Foks-Luis” brendli masanın balaca siyirməsində çoxlu qonaq bileti var. Amma görünür, bu, Fətudan başqa hamının yadından çıxıb.

Avqustun altısından bəri (badmintonu ilk dəfə bu vaxt görmüşdü) Fətu hər dəfə sağlamlıq mərkəzinə getməzdən öncə dayancaqda üzü səfirlik tərəfə durub beş-on dəqiqə müddətində badmintona tamaşa edir. Əslində onun vaxtı elə də çox olmur, (çünki xanım Dirivel günorta yeməyindən əvvəl artıq evə qayıdır), amma bu mənzərəyə baxmadan da keçib gedə bilmir. Bəli, səfirliyin belə bir cəzbedici aurası var. Fətu bu tamaşalardan, demək olar ki, heç nə əldə etmir, amma bəzən o, kiminsə səfirliyə gəldiyini, darvazadan tələm-tələsik içəri girib həyətə keçdiyini görür. Onların əksəriyyəti bellərinə çanta taxmış ağdərili cavanlar olur. Geyimləri çox vaxt səliqəsiz görünür, ayaqlarına isə, havanın soyuqluğuna baxmayaraq, səndəl geyinirlər. Səfirliyə gələnlərin heç biri kambocalıya oxşamır. Onlar, çox güman ki, viza almaqdan ötrü ora gedirlər.  Qapının ağzında onları kimsə qarşılayıb içəri ötürür. Fətu, o adamın kim olduğunu görə bilmir. Bunun üçün gərək o, dayanacağın üstünə çıxsın. Amma onun bildiyi bir şey var ki, bu gediş-gəlişlərin heç biri badmintona təsir eləmir. Oyun həmişəki kimi öz axarında davam eləyir. Oyunçulardan biri topa yavaş, digəri isə möhkəm zərbə endirir. Onlardan biri topu yumşaq şəkildə göyə tərəf vurub geri qaytarır, digəri isə onu sərt zərbə ilə aşağı tərəfə istiqamətləndirir.

0-5

          Avqust ayının iyirmisində, artıq olimpiadaçılar öz vətənlərinə qayıtdıqdan sonra, Fətu, həyətin uzaq bir küncündə basketbol halqasının peyda olduğunu gördü. Ağ rəngli kəndirlə hörülmüş sintetik materialdan olan tor divarın üstündən yuxarı qalxdığı üçün asanca görünürdü. Amma hələ heç kəs basketbol oynamamışdı. Ən azından Fətu, ordan keçdiyi vaxt kiminsə oynadığını görməmişdi. Növbəti həftə basketbol halqasının yerini dəyişib, Fətuya daha yaxın olan tərəfə qoydular. (Deyəsən bu, balaca təkərli səyyar halqa idi.) Üstündən bir həftə də, iki həftə də keçdi, amma heç kim basketbol oynamırdı. Badminton isə əvvəlki qaydasında davam etməkdə idi.

0-6

          Kamboca səfirliyinin hamımızı təəccübləndirdiyini deyəndə mən onu nəzərdə tutmurdum ki, səfirlik binasının qeyri-adi görünüşü var. Əslinə qalanda, bu uzun və geniş küçədə maraqlı görkəmi olan cəlbedici binalar çoxdur və onların yanında Kamboca səfirliyinin binası qətiyyən qeyri-adi görsənmir. Məsələn, Qerilənd adlı bir malikanə var ki, ətrafına səfirliyin də hasarından hündür olan və daha çox qədim qalaları xatırladan böyük hasar çəkilib. Hasarın qarşısına dirək kimi vurulmuş çəhrayı və yaşıl rəngli mərmər sütunlar diqqəti cəlb edir. “Qerilənd” sözünün altından ərəbcə nəsə yazılıb və həm ərəbcə, həm də ingiliscə olan yazılar mozaika ilə sütünun üzərinə həkk edilib. İçəriyə maşınlar girib-çıxdığı zaman qızılı rəngli, nağılvari qapılar avtomatik açılır. Bu malikanənin qarajı qarşısında, günün istənilən vaxtı altı-yeddi maşın görmək olar.

Küçədəki digər evlərdən birinin pilləkanında mozaikalı kirəmitlərdən düzəldilmiş böyük və çəhrayı rəngli fil var.

Katolik kilsəsinə məxsus olan qadın monastırı da burda yerləşir. Onun qarşısında həmişə qırmızı rəngli Ford Fokus markalı maşın dayanır. Sixizm İnstitutu da burdadır. Bu küçədə Miki Runinin düz on beş yay əvvəl Vest Enddə qaldığı zaman bir mövsümlük kirayələdiyi foks-Tüdor üslubunda tikilmiş başqa bir maraqlı ev də var. Həyətində hovuz olan bu ev solğun işıqlı qocalar evi ilə üzbəüz yerləşir. Həmin qocalar evinə baxanda bəzən xələtinə bürünüb balkona çıxan və gözlərini şabalıd ağaclarına zilləyən kədərli qocaları görmək olar.

Yəni, Villezdendə və Brondezberidə bizi bu cür qəribəliklərlə təəccübləndirmək asan məsələ deyil. Amma Kamboca səfirliyi bizi, doğrudan da, təəccübləndirmişdi və o, elə indinin özündə də bizə qəribə gəlir. Düzdür, orası da var ki, bu təəccübün özü də bir qədər anormal və mənasızdır.

0-7

          Bir dəfə Fətu, Dirivellərin mətbəxində döşəmənin üstünə atılmış “Metro” jurnalını vərəqləyərkən Londonda, varlı bir kişinin evində yaşayan sudanlı “kölə” haqqında maraqlı bir yazı oxumuşdu. İlk dəfə deyildi ki, Fətu, özünün də kölə olub-olmamasıyla bağlı düşüncələrə dalırdı, lakin bu qısa hekayəni oxuduqdan sonra o əmin olmuşdu ki, kölə deyil. Nə də olsa, onu Fil Dişi Sahilindən Qanaya aparan atası idi, hansısa adam oğrusu deyildi. Onların ikisi də Akkraya gəlmiş və eyni oteldə özlərinə iş tapmışdılar. İki ildən sonra Fətu on səkkiz yaşına çatanda da onu güc-bəla ilə Liviyaya, ordan da İtaliyaya keçirən yenə atası idi – və bu, atası üçün maaliyyə baxımından heç də kiçik fədakarlıq deyildi. Bundan əlavə Fətu, ingilis dilində oxuya bilirdi, ­– italyanca da azdan-çoxdan danışmağı bacarırdı ­– amma qəzetdəki qız nə öz qəbiləsinin dilindən başqa bir dildə danışa bilir, nə də oxumağı bacarırdı. Xanım Dirivelin ona iki dəfə şillə vurmağını nəzərə almasaq, Fətunu döyən də yox idi. Uşaqların yaşca böyük olan ikisi onunla kobud danışır, heç nəyə görə “sağ ol” demirdilər. (bəzən Fətu, öz adının söyüş kimi hallandığını eşidirdi. “Sən Fətu kimi qarasan”, “Sən Fətu kimi gicsən”.) Bir tərəfdən də, Fətu, Dirivellərin evində işləməyə başlayandan bəri o qəzetdəki qız kimi pasportunu öz gözləri ilə bircə dəfə də görməmişdi. Və işə düzələndə ona demişdilər ki, alacağı maaş burda qaldığı müddət ərzində yeməyinə, suyuna, istilik təminatına və otağının kirayə haqqına çıxılacaq. Amma Fətuya evdən çıxmaq qadağası qoyulmamışdı. Dirivellər ona nəqliyyatdan istifadə üçün Oyster kartı vermişdilər. Onlar Fətuya etibar edir, lazım olduğu vaxt ona nəğd pul verərərək bazarlığa, ya da başqa işlərin dalınca göndərir, hər dəfə də qəbz və pulun qalığını geri qaytarmağı tapşırırdılar. Gecələr Fətunun evdən çıxmamağının səbəbi pulunun olmamağı və Londonda çox az adamı tanımağı idi. Amma qəzetdəki qıza sahibinin evindən çıxmağa icazə verilmirdi, o, bir dəfə də evdən çıxmamışdı – həmin qız, doğrudan da, məhbus idi. Fətunun vəziyyəti isə bu cür ağır deyildi. Məsələn, o, bazar günü səhərlər bir qayda olaraq evdən çıxır və 98 nömrəli avtobusun dayanacağında kilsə dostu Endru Akonkvo ilə görüşürdü. Onlar Kilbörn yolunun kənarında yerləşən “İsanın Müqəddəs Ürəyi” kilsəsində ibadət etməyə gedirdilər. Daha sonra Endru onu Tunis kafesinə aparırdı. Onlar burda tortla kofe içirdilər. Gecələr Sitidə mühafizəçi işləyən Endru, hesabı həmişə özü ödəyirdi. Həftənin birinci günləri isə Fətu üzməyə gedirdi. Hovuzun isti suyu və nədənsə işıqlarının hamısı yandırılmayan sağlamlıq mərkəzinin alaqaranlığı buranı gecə klubuna və ya gecə ayininin keçirildiyi məkanlara bənzədirdi. Qaranlığın hesabına Fətunun qara rəngli, möhkəm parçadan tikilmiş sinəliyi və sadə, pambıq parçadan olan alt paltarı gözə çarpmırdı. Nəticədə, onun üzgüçülük geyiminin bundan ibarət olduğunu heç kəs hiss etmirdi…Yox, hər şeyi ölçüb-biçəndən sonra o düşünürdü ki, doğrudan da, kölə deyil.

0-8

Kamboca Səfirliyindən çıxan o qadın xarici görünüşünə görə nə Yeni, nə də Köhnə insan idi­­ – onun kəndli, ya şəhərli olduğunu da demək asan deyildi – düzünə qalsa, bu təsnifat artıq çoxdandır ki, Kambocada xüsusi bir məna kəsb etmirdi. Bu terminləri Fətu da mənasız hesab edirdi, onu maraqlandırdan yeganə şey səfirliyin yaxınlığında nə vaxtsa kambocalıya bənzəyən birini görmək idi. İndi onun diqqətini ən çox cəlb edən, bu qadının geyimi idi. Qadının əynində sadə və rahat paltarlar var idi. Boz köynəyini sarı-şabalıdı rəngli şalvarının içinə salmış, mavi rəngli plaş geyinmiş, kənarları aşağı sallanan, sukeçirməz şlyapa qoymuşdu. Görünüşünə görə kişilərdən çox da fərqlənmirdi. Onun düz və qara saçları qısa kəsilmişdi. Əllərində, üstünə Seynzberi yazılan çoxlu torbalar var idi və bu, Fətuya bir qədər sirli görünürdü: Görəsən o, bütün bunları hardan almışdı? Çünki Kamboca Səfirliyinə gedib-gələn bir qadının onun kimi Seynzberi marketinin Villezden filialından alver etməyi Fətuya qəribə gəlirdi. O, həmişə elə düşünmüşdü ki, şərqlilərin öz gizli mağazaları olur və onlar alveri ordan edirlər. (yəhudilərin də bu cür etdiyini düşünürdü) Fətu onların bu həmrəyliyinə qarşı həm heyranlıq, həm də qəzəb duyurdu, amma heç bir şübhəsi yox idi ki, bu, bəzi xalqların güclü olmağının əsas sirlərindən biridir. Misal üçün, Çinlilər, Fətunun kəndindəki mədəni satın almaq üçün ora gələndə anlaşılmaz bir sirr hamını düşündürürdü: Onlar nə yeyirlər, harda yeyirlər? Marketdən nəsə almadıqları dəqiq məlum idi, yolun kənarında dayanıb alver eləyən livanlı səyyar satıcılardan da heç nə almırdılar. Onların öz qayda-qanunları, öz həyat tərzləri var idi. (Fətu düşünürdü ki, istər öz vətənində, istərsə də qürbətdə bir xalq kimi mövcud olmağın, məhv olmamağın əsas yolu öz həyat tərzinin, öz qayda-qanunlarının olmasıdır)

Kambocalı qadının əlindəki torbalara bir də baxdıqdan sonra, Fətuya elə gəldi ki, onlar köhnədən qalan torbalardır. “Axı, indi onların üstündəki yazılar, şəkillər başqa cür olub.” Onlara baxa-baxa Fətu daha  qəti şəkildə inanmağa başlayırdı ki, bu torbaların içindəki ərzaq deyil. “Ya paltardır, ya da başqa şey”, – o düşünürdü. Çünki torbalar yumru və hamar forma almışdılar. Bəlkə də, o, sadəcə, zibil atmağa gedirdi. Kambocalı qadın döngəyə çatıb sol tərəfdəki əsas yol istiqamətinə dönənə qədər Fətu dayanacaqda dayanıb ona baxdı. Bu müddət ərzində, oyunçular badmintona davam edirdi, amma üzü yol tərəfə əsən küləyə görə bu dəfə onlar daha çox zəhmət sərf etməli olurdular. Bir ara, Fətuya elə gəldi ki, top növbəti dəfə havaya qalxan zaman külək onu cənub tərəfə vuracaq və o, hasarın üstündən yola sarı uçub düz onun ovucları içinə düşəcək. Amma onun gözlədiyi kimi olmadı, əksinə, top aşağı meyillənəndə  digər oyunçu (Fətu, artıq çoxdan bu qərara gəlmişdi ki, oyunçuların ikisi də kişidir) qətiyyətli bir zərbə ilə onu təzədən rəqibinə göndərdi. Bu, onun yerə tuşlanmış növbəti qəddar və qarşısıalınmaz zərbəsi idi.

0-9

          Yəqin ki, kambocalı qadına qarşı olan dar çərçivəli marağına görə kimlərsə Fətunu qınayardı, amma biz – Villezden camaatı onun fikir və düşüncələrinə rəğbətlə yanaşırıq. Çünki bilirik ki, əgər biz hər kiçik ölkənin tarixinə – həm sülh, həm də müharibə dönəmlərinə – diqqətlə nəzər salası olsaq, onda nəinki üzgüçülüklə məşğul olmağa, heç digər önəmli işlərimizi görməyə də vaxt çatdıra bilmərik. Amma, təbii ki, diqqət və marağımızın hansı çərçivə daxilində olmağı ilə də bağlı bir qədər düşünməliyik. Bu çərçivə nə böyüklükdə olmalıdır?

0-10

          Fətu qərara gəlmişdi ki, buna bənzər sualı Endruya versin. Kambocalı qadını görəndən sonra ilk bazar günü idi, onlar Tunis kafesində oturub içinə süd, krem və şəkər qatılan, üstünə şokolad damızdırılmış “xəmir” tortu yeyirdilər. Söhbətə məqsədli şəkildə Holokostdan başladı. Endru, Fətunun Londonda tanıdığı yeganə adam idi ki, onunla bu cür dərin söhbətləri aparmaq olurdu. Bunun bir səbəbi o idi ki, Endru səbirli idi, ona qarşı mehriban davranırdı. Digər səbəb isə onun təhsilli olmağı və hal-hazırda Şimal-qərbi London Kollecində biznes üzrə yarımştat təhsil alması idi. Tələbə bileti sayəsində ona günlük iyirmi dörd saat pulsuz internet verilirdi.

– Amma Rvandada daha çox adam ölmüşdü, – Fətu mübahisəyə başladı, – Heç kim bu haqda danışmır. Heç kəsin vecinə deyil.

– Hə, düz deyirsən, – Endru razılaşdı və əlində tutduğu dörd tikə qəndin birincisini çayına atdı, – Gərək bir dəfə baxıb dəqiqləşdirim. Amma düz deyirsən, ölənlərin sayı bir neçə milyon olardı. Əslində, doğru rəqəmləri gizlədirlər, ancaq internetdə hamısı açıq-aşkar göstərilib. Belə şeylərdə çox vaxt camaatı aldadırlar. Hər yanda belədir. Nigeriyanın o bürokratik hökuməti də bu cür eləyir. Onlar statistika məsələsində əsl ustadırlar. Rəqəmləri istədikləri kimi dəyişib öz məqsədləri üçün istifadə edirlər. Ona görə də mən bunların məlumatlarına “statistika” yox, “şeytanistika” deyirəm.

– Hə, amma mən, bilirsən nəyi demək istəyirəm? – Fətu həmişəki kimi söhbətin başqa tərəfə yayınacağını və axırda rüşvətxor Nigeriya hökümətinə gəlib çıxacağını hiss etdiyi üçün israrla dedi, – Məgər biz əzab çəkmək üçün doğulmuşuq? Hərdən, doğrudan da, mənə elə gəlir ki, biz başqalarından daha artıq zülm çəkmək üçün bu dünyaya gəlmişik.

Endru, peşəsi ilə əlaqədar taxdığı gözlüyünü burnunun üstündən gözlərinə tərəf qaldırdı.

– Amma, Fətu, axı sən ən vacib məsələni yaddan çıxarırsan. İsa çarmıxa çəkiləndə onun üçün ən çox kim ağlamışdı? Əlbəttə ki, anası. Sənin üçün ən çox kim ağlayar? Atan. Diqqətlə baxsan görərsən ki, bu, məntiqsiz deyil. Yəhudilərin dərdinə yəhudilər ağlayır. Rusların dərdinə ruslar ağlayır. Biz də Afrikanı ağlayırıq, çünki afrikalıyıq. Hətta burda bir məsələ də var. Məni bağışla, amma deməliyəm, – Endrunun toppuş üzündə təbəssüm qırışları yarandı, – Əgər Nigeriya Fil Dişi Sahili ilə oynasa və biz qalib gəlsək, mən, əlbəttə ki, sevincimdən gülərəm. Nə yalan deyim?! Mən bunu, məmnuniyyətlə qeyd eləyərəm. Sevindiyimdən atılıb düşərəm.

O, çiyinlərini oynada-oynada rəqs etməyə başladı. Fətu isə əvvəllər də bir neçə dəfə etdiyi kimi onunla ər-arvad olduğunu xəyalında canlandırdı, Endrunu öz əri kimi təsəvvür etməyə çalışdı. Amma nə qədər cəhd etsə də, alınmadı. Özünü ailəli bir qadın kimi düşünsə də, Endru vur-tut onun oğlu ola bilərdi. Fətu, onu ancaq bu cür – ağıllı və xeyirxah bir yeniyətmə kimi təsəvvür edirdi. Halbuki, Endru ondan üç yaş böyük idi. Fətu düşündü ki, onu belə kök uşaq kimi təsəvvür etmək, enib-qalxan bığlarından bu cür qıcıqlanmaq yaxşı deyil. Çünki o, xeyirxah adam idi. Fətu, Endrunun təmiz və saf insan olduğunu bilirdi. Bilirdi ki, Endru onun qeydinə qalır. Amma yenə də ürəyinin dərinliyində hansısa şeytani bir hiss Endrunun əleyhinə çıxır, onu qəbul etmək istəmirdi.

–Yaxşı, bəsdir ta, sakitləş, – Fətu bu sözləri deyərkən özünü şən göstərməyə çalışdı ki, Endrunun hərəkətlərindən iyrəndiyi hiss olunmasın. Endru öz rəqsini dayandırıb üzündə ciddi bir ifadə ilə əllərini masanın üstünə qoyanda Fətu nisbətən rahatlaşdı.

– İnan mənə, Fətu, bu təbiətin qanunudur, ən sadə və ən ədalətli qanunu. Bircə Allahdır bizim hamımız üçün ağlayan, çünki hamımız onun övladlarıyıq. Bu, çox məntiqlidir. Fikirləş, özün başa düşəcəksən.

Fətu köks ötürdü və kofenin üstündəki köpüyü qaşıqla götürüb ağzına tərəf apardı.

– Amma yenə də mənə elə gəlir ki, biz daha çox əzab çəkirik. Mən bunu öz gözlərimlə görmüşəm. Məsələn, çinlilər heç vaxt kölə olmayıblar. Onları sanki kimsə böyük faciələrdən qoruyub.

Endru eynəyini çıxartdı və köynəyinin ucu ilə şüşələrini silməyə başladı. Fətu hiss etdi ki, o, maraqlı bir şey deməyə, ona nə iləsə bağlı məlumat verməyə hazırlaşır.

– Bəs Xirosima? Xahiş eləyirəm, heç olmasa bir anlıq Xirosima haqqında düşün. Buna nə deyirsən?

Fətu bu sözü əvvəllər hardasa eşitmişdi…

Endrunun ondan daha savadlı olması bəzən onu əsəbiləşdirirdi. Hərdən o, bildiyi şeyləri də xatırlamaqda əziyyət çəkirdi.

– Hə, o böyük daşqını…, – Fətu inamsız tərzdə sözə başladı. Bu, yanlış cavab idi. Endru ucadan güldü və başını yelləyib dedi:

– Xeyr, əzizim, böyük daşqın yox, böyük partlayış. Dünyada ən böyük partlayış. ABŞ-ın törətdiyi o faciə. Onlar bircə saniyənin içində beş milyon adamı öldürdülər. Təsəvvür eləyirsən? Beş milyon. Sən elə bilirsən, kimin gözləri belədirsə, – o, barmaqlarını gicgahlarına tərəf aparıb dərisini dartışdırdı, – onlar faciədən sığortalanıblar? Bir az daha dərindən düşün. Gör hansı faciədən söhbət gedir. O, elə bir bomba idi iki, hətta partlayışda olmayanların da dərisini, ətini bir həftə ərzində çürüdüb sümüklərinə qədər onları yandırdı, hamısını məhv elədi.

Fətunun yadına düşdü ki, əvvəllər bu, ya da buna bənzər bir hadisə haqqında nəsə eşitmişdi. Amma onun uzun müddət əvvəl baş verən faciələr haqqında düşünməyə hövsələsi çatmırdı. İndi Xirosima haqqında fikirləşməyə çalışarkən də anlaşılmaz bir səbirsizlik hiss etdi.  Uzaq keçmişdə baş verən faciələrlə bağlı axı nə etmək olardı?

– Yaxşı, – o dedi, – ola bilsin, bütün xalqların keçmişində ağır və faciəli zamanlar olub. Amma mənim dediyim odur ki…

– Yox, qulaq as, – Endru əlini ona tərəf uzadıb Fətunun çiynindən tutdu, – sözünü kəsdiyim üçün bağışla, amma səndən çox xahiş edirəm ki, bu haqda düşünəsən, ciddi-ciddi düşünəsən. Bilirsən, mən bu məsələ ilə bağlı çox fikirləşmişəm. İndi istəyirəm ki, bəzi şeyləri sən də başa düşəsən. Çünki bilirəm ki, sən bu şeylərlə çox maraqlanırsan, sən bunlar kimi deyilsən, – o, əlini qaldıraraq, digər masalarda oturub tort yeyən adamlara işarə elədi, – sən mənim tanıdığım o biri qızlara oxşamırsan. Bütün günü saçları haqqında fikirləşən, klubda əylənmək xəyalını quran qızlardan deyilsən. Sən düşünməyi bacaran insansan. Əvvəllər də sənə demişəm, əgər öyrənmək istədiyin nəsə olsa, məndən soruş. Mən o haqda araşdırma aparıb sənə məlumat verərəm. Buna imkanım çatır.

– Sən çox yaxşı dostsan, Endru, bunu bilirəm.

– Bəli, biz dostuq. Bu dünyada hamının dosta ehtiyacı  var. Amma bir söz də deyim, Fətu. Bu, bir qədər sənin sualına bənzəyə bilər. Səncə, nəyə görə Allaha hamıdan çox biz ibadət etsək də, əzab çəkmək üçün o, yenə də bizi seçir? Afrika xristianlığın dünyada ən sürətlə yayıldığı qitədir. Bu haqda da düşün. Çox məntiqsiz bir şeydir.

– Axı həmin əzabları bizə çəkdirən Allah deyil, – Fətu, Endrunun çiyinləri üstündən pəncərəyə və şüşəni döyəcləyən yağışa baxıb sakit-sakit dedi, – Bunu eləyən Allah deyil, Şeytandır.

0-11

Endru ilə Fətu Tunis kafesində oturub yağışın kəsməyini gözləyirdilər. Amma yağış, dayanmaq bilmirdi. Saat üç olanda Fətu ayağa qalxıb getməli olduğunu dedi. Yağışın altında islanası olsa da, getmək niyyətində idi. Metroya çatana qədər o, yağışdan qorunmaq üçün Endrunun çətirinə sığınmalı oldu. Çətirin altına yerləşmək üçün Endru onu öz soyuq və islanmış bədəninə doğru çəkdi. Ondan kəskin qoxu gəlirdi. Brondezberi stansiyasında Endru qatara minməli idi deyə, onlar sağollaşdılar. Çətiri Fətuya vermək üçün Endru, bir neçə dəfə cəhd etsə də, Fətu razı olmadı, çünki Fətu bilirdi ki, Ekton Sentaldan Endrunun qaldığı evə qədər piyada yol uzundur və istəmirdi, Endru ona görə yağışda islansın.

– Mətanətli qadınsan. İmkan vermirsən ki, kimsə səni qorusun.

– Narahat olma, yağış məni qorxutmur.

Fətu sağlamlıq mərkəzinin paltardəyişmə otağından tapdığı üzgüçülük papağını cibindən çıxardı, sonra öz hörüklərini yumrulayıb yığdı və papağı başına keçirdi.

– Çox orijinal ideyadır, – Endru gülə-gülə dedi, – Bu kəşfini satışa çıxar, sən də milyonçu ol.

– Yaxşı, salamat qal, – Fətu dedi və məsum bir əda ilə onun yanağından öpdü.

Endru da eyni hərəkəti etdi, amma o, öz dodaqlarını Fətunun yanağında lazım olandan daha artıq saxladı.

Dirivellərin evinə çatana qədər Fətunun ancaq saçları quru qalmışdı. Amma paltarlarını dəyişmək əvəzinə evə gələn kimi ilk etdiyi iş mətbəxə qaçmaq oldu. O, soyuducunun buz gözündəki quzu ətini götürmək istəsə də, artıq gec idi, nahara az qalırdı. Sonrakı işi isə yuxarı qalxıb dörd otağın hər birinə baş çəkmək və hörmə zənbillərdəki çirkli paltarları yığmaq idi. Nə ev sahiblərinin, nə də Feyzl və Culinin otaqlarında heç kəs yox idi. Aşağıdan televizorun uca səsi gəlirdi. Fətu, Esmanın otağına daxil olandan sonra içəridə heç kəsin olmadığını düşünüb çirkli paltarların atıldığı səbətə doğru – otağın küncünə tərəf getdi. Səbətin qapağını açanda arxadan kiminsə onu vurduğunu hiss elədi və dərhal geriyə döndü.

Uşaqların ən balacası Esma onun qarşısında dayanmış,  ağzını alabalıq kimi açaraq nəyisə gözləyirdi. Fətu, nə baş verdiyini anlamağa çalışarkən, Esma onun əlindəki paltarları vurub yerə saldı. Fətu onları götürmək üçün yerə əyiləndə Esma, bu dəfə də təpiklə onun qolundan vurdu. Fətu paltarları götürmədən dikəldi və içində duyduğu qəzəbin özünü də qorxutduğunu hiss etdi. Amma növbəti dəfə Esmaya baxanda uşağın öz əli ilə boğazına işarə etdiyini və dua edərcəsinə əllərini qoşalaşdırdığını, sonra yenə boğazına işarə etdiyini gördü. Onun gözləri bərəlmişdi. Uşaq qəfildən sağa döndü və qarnı üstə stulun arxalığına sərilib başını aşağı əydi. Üzünü döndərib Fətuya baxanda rəngi ağarmışdı. Fətu birdən-birə nə baş verdiyini anladı və tez ona tərəf qaçıb qolları ilə uşağın belini qucdu. Oteldə ona öyrədilən qaydada uşağı yuxarı dartdı. Ortasında dalğavari formada rəngarəng zolaq yerləşən – zolağın mərkəzində isə yaşıl rəng var idi – yumru bir mərmər uşağın ağzından çıxıb, tüpürcəyə bulaşmış şəkildə xalçanın uzun xovları üstünə düşdü.

Esma ağlaya-ağlaya dərindən nəfəs alıb-verir, havanı acgözlüklə ciyərlərinə çəkirdi. Fətu, onu qucaqladı və paltarları yumalı olduğunu yadına salıb ani bir narahatlıq keçirdi. Onlar birlikdə aşağı düşdülər. Ailənin digər üzvləri, divara vurulmuş yastı ekranlı televizorda “Britaniyanın istedadı” verilişinə baxırdılar. Esma hamının gözü qabağında hönkür-hönkür ağlayırdı. Cənab Dirivel verilişi dayandırdı və Fətu, olanları izah etdi.

– Sənə neçə dəfə demişəm, əlinə nə keçirsə ağzına qoyma?! – Cənab Dirivelin səsi eşidildi. Xanım Dirivel də öz dillərində nəsə dedi – Fətu, bircə onların dilindəki “Allah” sözünü başa düşdü – və Esmanı divana tərəf çəkib, qara, ipək saçlarını sığalladı.

– Nəfəs ala bilmirdim, nəfəs ala bilmirdim… Heç kimi çağırammırdım, – Esma ağlayırdı, – Az qala öləcəkdim.

– Mərməri niyə ağzına qoyursan ki? Gicsən? – Feyzl də dilləndi və verilişi izəmək üçün “davam” düyməsini basdı, – Hansı ağıllı adam onu ağzına qoyar? Axmaqsan da. Yemək istəyirdin onu?

– İşə bax e, sənin həyatını o xilas elədi, – uşaqların yaşca ən böyüyü Culi dedi. Fətu, uşaqlardan ən az onun xətrini istəyirdi – Sənin həyatını Fətu xilas elədi. Çox dərin məna var burda.

– Mən olsaydım, belə eləyərdim, – Feyzl dedi və öz arıq bədəni üzərində ilkin tibbi yardım zamanı edilən hərəkətləri göstərdi, – Əgər bunun xeyri olmasaydı, mən özümü karateistlər kimi bu cür vurardım. Bam, bam, bam, bam.

– Feyzl, – xanım Dirivel qışqırdı və çətinliklə də olsa üzünü Fətuya tərəf çevirib sözə başladı. Amma o, sanki Fətuyla danışmır, öz sözlərini, üstündə günəş şüası əks olunan ayna ilə onun dirsəyi arasında qalan naməlum bir nöqtəyə deyirdi, – Sağ ol, Fətu, yaxşı ki, sən orda olmusan.

Fətu başını yellədi və qapıya tərəf getdi, amma iş otağının astanasında xanım Dirivel ondan ətin donunun açılıb-açılmadığını soruşdu. Fətu onu soyuducudan təzəcə çıxardığını etiraf etməli oldu. Xanım Dirivel sərt bir ifadə ilə öz dilində nəsə dedi. Fətu növbəti sözləri eşitmək üçün bir az da gözlədi, amma xanım Dirivel sadəcə süni şəkildə onun üzünə gülümsündü və başı ilə işarə edib dedi ki, gedə bilər. Fətu paltarları yığmaq üçün yuxarı qalxdı.

0-13

“Sizin yaşamağınızdan bir fayda gəlməz, sizi öldürməklə də heç nə itirmərik.” Kmer Ruj hakimiyyətinin şüarlarından biri belə idi. Bu şüar şəhərdə məskunlaşan və kəndə köçüb fermalarda işləməkdən boyun qaçıran Yeni İnsanların əleyhinə yönəlmişdi. Rejim, hər kəsi kəndə qaytarmaqla Köhnə İnsanlardan, yəni əkinçilərdən ibarət bir cəmiyyət yaratmaq istəyirdi. Yeni İnsan şəhərdən kəndə köçürülən zaman isə tarlalarda zəiflik nümayiş etdirə bilməzdi. Bu cür zəiflik ölümlə cəzalandırılırdı.

Villezdendə bizim hamımız Yeni İnsanlar idik, amma bəzilərimiz son zamanlara qədər Fətu kimi öz doğma torpaqlarında əkinçiliklə məşğul olmuş Köhnə İnsanlar sayıla bilərdi. Mən Villezdenin Yeni və Köhnə İnsanlarından bəhs edirəm. Onların adından danışmaq üçün mən seçilmişəm, düzdür məni heç kəs seçməyib və kimsə soruşa bilər ki, hamının adından danışmaq haqqını mənə kim verib. O zaman mən də belə cavab verərəm: “Mən Villezden, Kilbörn və Kvin Parkın kəsişdiyi yerdə doğulmuşam.” Amma həmin adam tələsik cavab verib dediyimi təkzib edə bilər: “Yaxşı görək, axmaq-axmaq danışma, həmin yerdə o qədər adam doğulub ki! Bu, hələ heç nə demək deyil. Biz eyni xalqın nümayəndələri deyilik və bizim adımızdan heç kəs danışa bilməz. Bunlar boş-boş söhbətlərdir. Hərdən görürük ki, sən balkonda dayanmısan, bürünmüsən öz xələtinə, gözlərini də zilləmisən Kamboca səfirliyinə. Arabir də üzünü çevirib şabalıd ağaclarına küt-küt baxırsan. Onda adam başa düşür ki, ağlına daha yaxşı bir şey gəlmir deyə, əlacsızlıqdan bu cür danışırsan.”

0-14

          Bazar ertəsi günü Fətu yenə də hovuza getdi. Yolüstü badmintonu izləmək üçün dayandı. Birdənbirə Fətuya elə gəldi ki, həmişə hücumda olub zərbə endirən oyunçu öz qolunu eynən o, hovuzda üzərkən etdiyi kimi yöndəmsiz amma effektiv cəldliklə hərəkətə gətirir. Sağlamlıq mərkəzinə daxil olub masa arxasındakı qıza öz qonaq biletini təqdim etdi. Zəif işıqlanmış paltardəyişmə otağında qara rəngli alt paltarlarını geyindi. Hovuzda üzərkən Karib Çimərliyini yadına saldı. Döşəməyə uzanmış qonaqlara xidmət edən atasını, onlara sinilərdə balıq gətirməyini, atasının həmişə çəpəki dayanan qalstukunu, çirkin turistləri yenidən gözləri önündə canlandırdı. Almaniyadan gələn ağdərili qoca kişilərin yerli qızlarla əylənib istirahət etməkləri Fətuya təəccüblü görünməmişdi, amma o, İngiltərədən gələn iki ağdərili qoca qadını – günəş, onları bir xeyli qaraltmışdı – Kveku və Osay ilə bir yerdə görməyini heç vaxt yadından çıxartmayacaqdı. Qadınların hər biri az qala iki adam boyda idi, yanlarında uzanan oğlanlar öz sısqa, qara qollarını onların gündən qaralmış yekə çiyinlərinə aşırmışdılar, rəqs zalında da bu oğlanlar həmin qadınlarla rəqs edir, qadınların “Maykl” və “Deyvid” çağırışlarına öz adları kimi cavab verir, gecələr isə onların otağına gedirdilər. Həmin oğlanların əsl sevgililərini Fətu tanıyırdı. Bu qızlar da Fətu kimi xidmətçi işləyirdilər. Bəzən onlar Kveku ilə Osayın ingiltərəli qadınlarla gecələdiyi otaqları süpürürdülər. Onların da qonaqlar arasından öz “sevigililəri” var idi. Həmin otel müqəddəs bir yer deyildi. Otelin hovuzu isə lobya formasında idi: Heç kəs burda üzə bilmirdi. Deyəsən, onların buna həvəsi də yox idi. Əksər vaxtlarda qonaqlar suyun içinə girib orda dayanır və kokteyl içirdilər. Bəzən onlar sifariş verdikləri burqerləri də hovuza gətirdirdilər. Fətu atasının aşağı əyilməyinə, qurşağacan suya girmiş adamlara burqer verməyinə tamaşa edə bilmirdi. O, bu mənzərəyə nifrət edirdi.

Karib Çimərliyində baş verən yeganə yaxşı şey bu idi: ayda bir dəfə, bazar günü yerli kilsəyə gələn adamlar istirahət mərkəzinin qapısı ağzında öz faytonlarından düşüb paltarlı formada həyətdə düzülür və kütləvi şəkildə xaç suyuna çəkilmək üçün hovuza gedirdilər. Turistlərə bu haqda heç bir xəbərdarlıq edilmirdi və Fətu anlamırdı ki, bunu etmək üçün onlara niyə icazə verilir. Amma o mənzərəyə şahid olmaq Fətunun xoşuna gəlirdi. Onların ağ köynəkləri su ilə dolub, hovuzun üzünə yayılırdı, ətrafdan ağlamaq və mahnı səsləri eşdilirdi. Həmin vaxt – onda o, hələ ürəyindəki kilsədən savayı heç bir kilsəyə üzv deyildi – Fətuya elə gəlirdi ki, bu mərasim həm də onun üçündür, onu pisliklərdən qoruyur və elə bəlkə də, sırf bu mərasimin sayəsində o, Karib İstirahət Mərkəzindəki digər “qızlar” kimi olmur. Orda işlədiyi iki il müddətində – atasının cəhdləri və gözəgörünməyən, etirafolunmayan Allahın lütfü sayəsində – Fətu sadəcə öz işi ilə məşğul oldu və bazar günü dan yeri sökülən vaxtlar çimərlikdə üzməyə davam elədi. Bu müddət ərzində hər şey yaxşı getdi. Amma, sən demə, şeytan bir küncdə dayanıb gözləyirmiş.

Bir səhər təmizlik etmək üçün yataq otağına daxil olanda və qapını kiminsə asta-asta bağladığını eşidəndə Akkradan getməyinə bir ay qalırdı. Fətu qapının örtülməsinə əli ilə mane ola bilməmişdi. Bu dəfə Şeytan rus qiyafəsində gəlmişdi. Axırda o, Fətuya yalvarır və ondan bunu heç kəsə deməməyini istəyirdi: onun arvadı Keyp Kost Qəsrinə getmişdi və onlar növbəti gün səhər oteli tərk edəcəkdilər. Fətu onun yalvarışlarını eşidə-eşidə düşünürdü ki, o adam, bu hərəkətə görə otelin onu cəzalandıracağını, yaxud da polisə xəbər verəcəyini sanır. Məhz həmin vaxt Fətu anlamışdı ki, Şeytan da bəzi şər qüvvələr kimi axmaqdır. O, həmin adamın üzünə tüpürüb otaqdan çıxmışdı. İndi Şeytan haqqında düşündükcə Fətu daha sürətlə və qəzəblə üzürdü. Bir az sonra o, yan cərgədə üzən ağdərili cavan oğlanı asanlıqla ötüb keçdi.

0-15

          “Çalış qəzəbini Şeytana göstərməyəsən, o, bununla qidalanır.” Bir il əvvəl Endru ilə ilk dəfə üzləşəndə bu sözü Fətuya o demişdi. Fətu, Kilbörn parkında skamyada oturub səndvic yeyərkən Endru ona bir kağız vermişdi. “Onun işini asanlaşdırma”. Sonra heç bir dəvət gözləmədən Fətunun yanında oturmuş və vərəqdə yazılan digər sözlərə keçmişdi. Bu vərəq qəzetə bənzəyirdi və Fətunun yanında oturandan sonra Endru başlıqdakı sözləri dilinə gətirmişdi. “İnsan niyə əzab çəkir?” Fətunun ondan xoşu gəlmişdi. Onlar din barəsində söhbət etməyə başlamışdılar. Sonra bu söhbətlər hər bazar günü Tunis kafesində davam etmişdi. Onun dediyi bəzi sözləri Fətu əvvəllər başqalarından da eşitmişdi, amma bu, onun dinə qarşı münasibətini dəyişmək üçün kifayət etməmişdi. Axırda Endrunun bir sözü ona təsir eləmişdi. Endru həmin sözü Fətunun bu əhvalatından sonra demişdi.

“Bir gün oteldə olanda eşitdim ki, çimərlikdə nəsə səs-küy qopub. Gün təzə başlamışdı, hələ səhər idi. Oteldən çıxanda gördüm ki, dalğalar doqquz uşağın meyidini sahilə atıb. On-on bir yaşlı qız və oğlan uşaqları idi. Onlar üzə bilmədikləri üçün boğulmuşdular. Ətrafda iki-üç nəfər ağlaşırdı. Qalanları isə bir müddət baxandan sonra başlarını yelləyib yollarına davam eləyirdilər. Bir xeyli keçəndən sonra polislər gəldilər və meyidləri apardılar. “Onlar indi Tanrının yanındadır,” adamlar belə deyirdi. Polislər meyidləri aparandan sonra hamı dağılışdı, hərə öz işinə getdi. Mən də otelə qayıtdım. Bir il sonra Romaya getmişdim. Küçədə bir oğlan uşağı öz velosipedi ilə qəza eləyib ölmüşdü. Küçəyə yığılan camaat qışqırır, hay-küy qoparır və ağlayırdılar. Küçədə kim var idisə hamı ağlayırdı. Onlar uşağın qohumları deyildi. Hamısı yoldan keçən yad adamlar idi. Sabahkı gün bununla bağlı qəzetdə xəbər yayınlamışdılar.”

Fətunun danışdığı bu əhvalatdan sonra Endru belə demişdi: “Birinci dəfə arxın qabağını açanda su çox gur gəlir”.

0-16

          Fətu daha iyirmi dövrə də üzdü. Üzə-üzə sonuncu dəfə nə zaman ağladığını xatırlamağa çalışdı. O, sonuncu dəfə Romada ağlamışdı. Amma bu, küçədə qəzaya uğrayan o oğlana görə deyildi. Fətu Katolik qızlar məktəbində ayaqyolunu təmizləyirdi. Həmin vaxtlar hələ İsanı tanımadığına görə məktəbin hansı təriqətə aid olduğu Fətu üçün əhəmiyyət kəsb etmirdi, o, sadəcə işini görür və başa düşürdü ki, onun işi ancaq ayaqyolunu təmizləməkdir. Günortalar on beş dəqiqəlik fasilə zamanı ətrafına alçaq hasar çəkilmiş həyətə çıxır və siqaret çəkirdi. Bir dəfə fəvvarənin yanındakı skamyada oturarkən gözünə kolluğun arasında nəsə qəribə bir şey dəydi. Fətu onlara yaxından nəzər saldı: yaşıl boya ilə rənglənmiş tənəkə qutu, qızılı maye yığılmış sprey qabı, Azadlıq Heykəlinin geyim forması, Racib Devanqa adlı bir nəfərə məxsus şəxsiyyət vəsiqəsi, bir tay ayaqqabı, boş pul kisəsi, içinə qəpik, yaxud da kağız pul atmaq üçün yuxarısı deşilən plastik qutu (onun da içi boş idi). Bu qutunun üstündə qan izinə bənzəyən ləkələr var  idi. O ana qədər Fətu həmişə benqaliyalı oğlanlara həsəd aparmışdı. Ona elə gəlirdi ki, həmin oğlanlar kimi o da bir saat hərəkətsiz dayana və üz-gözünü yaşıl rənglə boyaya bilərdi. Amma bu işin təhrini öyrənmək üçün benqaliyalı oğlanlara müraciət edəndə onlar Fətu ilə danışmamışdılar. Bu oğlanlar bağlı dükanda fəaliyyət göstərirdilər və bu dükanın qapıları ancaq özləri kimi qəhvəyi dərili adamlara açıq idi. Fətunun yeri isə tualet hücrələri idi. Fətu düşünürdü ki, bu insanlar heç bir çətinliklə üzləşmədən yaşayırlar. İndi kolluğun içindəki əşyaları görəndən sonra onu ağlamaq tutmuşdu. Öz halınamı ağlayırdı, Racibin halınamı ağlayırdı? Bunu heç özü də dəqiq bilmirdi.

Sonuncu iki dövrəni üzmək üçün bu dəfə arxası üstə çevrildi, qollarını rahat şəkildə, hərəkətsiz saxlayaraq, ayaqlarını qurbağa kimi sudan yuxarıya çıxardı. Suda üzdükcə beyninə də su ilə bağlı fikirlər gəlirdi. “Bizim kilsədə xaç suyuna çəkilsən, bütün günahların silinəcək, hər şeyə yenidən başlamış olacaqsan.” Endru, ona belə söz vermişdi. O, heç vaxt Endruya öz günahı barəsində nəsə deməmişdi, amma hiss edirdi ki, Endru onun bakirə olmadığını bilir. 2011-ci ilin 6 fevral tarixində, Fətunun nəhayət ki, katolikliyi qəbul edib xaç suyuna çəkildiyi gün, Endru onu Tunis kafesinə aparmış və nə hisslər keçirdiyini soruşmuşdu.

Saçları hələ də yaş olan Fətu, həmin an sevincli idi. O, belə cavab vermişdi. “Özümü yeni doğulmuş adam kimi hiss eləyirəm.”

Amma bu cür xoşbəxtlikləri əldə saxlamaq asan olmur. Növbəti gün, işdə ikən, Culinin, hörmə səbətdən bir xeyli uzaqda yerə atılmış çirkli alt paltarını götürəndə Fətu, İsa ilə qurduğu yeni bağlılığı və bu bağlılığın hər şeyi necə dəyişdiyini özünə xatılatmalı olmuşdu. Məgər o, hər şeyi dəyişməmişdimi? Növbəti bazar günü Fətu, şübhələrinin bir qismini Endruya asta-asta, ehtiyatla izah etdi.

– Yəni sən elə bilirdin ki, bir də heç vaxt qəmlənməyəssən? Heç vaxt əsəbi və yorğun olmayassan? Özünü heç vaxt – bir az kobud danışıram, bağışla – murdar əski parçası kimi bir kənara atılmış hiss eləməyəssən? Belə deyil, Fətu! Bir az daha dərindən düşün.

Məgər xoşbəxtliyə ümid etmək yanlış bir şey idimi?

0-17

          Üzdüyü sular Fətunu necə dərin xəyallara aparmışdısa, evə həmişəki vaxtdan daha gec çatdı. Xanım Dirivel ondan cəmi bir neçə dəqiqə sonra içəri girdi.

– Esma necədir? – Fətu soruşdu. O, qızın gecə vaxtı ağladığını eşitmişdi.

– İlahi! Balaca bir mərmər idi də, niyə hamı bunu belə şişirdir axı? – Xanım Dirivel cavab verdi və Fətu hiss etdi ki, o, bu məsələni az qala unutmuş imiş: Bazar günü, o gecədən bəri xanım və cənab Dirivellərin heç biri onun gözlərinə baxa bilmirdi – Siyahı yazmışam, orda stolun üstündədir, baxarsan.

0-18

          Onlar yenə də Tunis kafesində idilər. Fətu, əlində tutduğu məcməyi ilə Endrunun masaların arasından keçib gəlməyinə tamaşa edirdi. Məcməyinin içində qəhvə fincanları və bir neçə kökə var idi. Endru öz masalarına tərəf gedərkən böyrü ilə birinin dirsəyini itələyir, sonra o birinin yanından sivrilib keçirdi; əyninə geyindiyi gülünc görünüşlü dəri paltonun kəmərləri kiminsə süfrəsinə düşüb qalxırdı və bütün bunlar baş verərkən də o, öz üzrxahlığından qalmırdı. Ona “kübar” demək olmazdı. Amma səxavətli və qayğıkeş adam idi. Fətu, kökələrin boşqabdan düşməməyi üçün ayağa qalxıb onların yerini düzəltdi. Masa arxasına eyni anda əyləşdilər və əyləşərkən bir-birilərinə baxıb gülümsədilər.

– O vaxt məndən Kamboca haqqında soruşmuşdun, – Endru dedi, – Maraqlı şeylər var imiş bu ölkə ilə bağlı, – barmağı ilə eynəyinin şüşəsinə çırtma vurub sözünə davam etdi, – Məsələn, o ölkədə gözünə belə şey taxsan, səni öldürərlər. Çünki eynək onların fikrincə sənin savadlı olmağına işarədir. Kambocalıların çox bəsit düşüncələri var. Onlar məntiqin və inkişafın düşmənləridirlər. İstəyirlər ki, hamı kəndə qayıtsın və sadə insanlar kimi yaşasın.

– Amma onların dediklərində də bəzi doğru məqamlar var. Çünki, doğrudan da, kənd həyatı çox sadə olur.

– Ola bilər, yəqin ki… Düzün desəm, dəqiq bilmirəm. Heç vaxt kənddə yaşamamışam.

“Dəqiq bilmirəm”. Endrudan bu sözü eşitmək xoş idi! Bu yaxşı əlamət idi. Fətu onun üzünə işvəkarlıqla gülümsədi və:

– Kənddə adam daha az günah eləyir, – dedi. Amma Endru, Fətunun bu sözləri mazaqlaşmaq niyyəti ilə dediyini hiss etmədi və növbəti leksiyasına başladı:

– Düzdür, amma insanları kənddə yaşamağa məcbur etmək yanlış bir şeydir. Mən buna Böyük İnsan Siyasəti deyirəm. Bu ifadəni öz dissertasiyamla bağlı kəşf etmişəm. Nigeriyadakı Böyük İnsan Siyasəti haqqında hər şeyi bilirik. Onlar yuxarılardan gəlib səni əzməyə başlayırlar. Həmişə və hər yerdə elə adamlar olur ki, bu cür Böyük İnsan olmağı arzulayırlar. Onlar hər şeyi öz əllərinə keçirmək, insanlara nəyi düşünəcəklərini, nə iş görəcəklərini diqtə etmək istəyirlər. Əslində isə, burda zəif olan tərəf onların özləridir. Amma Böyük İnsanlar hiss edəndə ki, sən onların zəif olduğunu anlamısan, bax, həmin vaxt onların səni məhv etməkdən başqa çarələri qalmır. Bu, əsl faciədir.

Fətu köks ötürdü.

– Mən hələ indiyə qədər elə adam görməmişəm ki, başqalarının düşüncəsinə və hərəkətlərinə diqtə etmək istəməsin.

Endru güldü:

– Məni də o adamlardan sayırsan? Yoxsa sən də feministliyə başlamısan?

Fətu fincanı dodaqlarına yaxınlaşdırdı və nüfuzedici nəzərlərlə Endruya baxdı.

Fətu bilirdi ki, kişilərdə yaxşı və pis növ zəifliklər var və indi bu qərara gəlmişdi ki, əsas məsələ hansı növ zəifliklə üz-üzə dayandığını tapmaqdır.

– Endru, – Fətu, əlini onun əli üstünə qoyub dedi, – bəlkə, mənlə bir yerdə üzməyə gedək?

0-19

Fətu bilirdi ki, Dirivellər öz qonşularına onun hərəkətlərinə göz qoymağı tapşırıblar, ona görə də bazar ertəsi günü Endrunun evə gəlib onu burdan götürməyini istəmədi, əvəzində qonşuları yanıltmaq üçün Seynzberi marketinin çantalarını da götürüb həmişəki kimi saat on olmamış evdən çıxdı və sağlamlıq mərkəzinə üz tutdu. Fətu, yolun lap o başında dayanan Endrunu uzaqdan tanıdı. Həmin yol düz və döngəsiz idi. Endru vaxtından tez gəlmişdi və indi orda – çiskinin altında titrəyə-titrəyə gözləyirdi. Fətu, Endrunun halına acısa da, bu mənzərə onun qürurunu oxşadı: Bu yekəpər kişini, belə bir havada öz rahat yatağından qalxmağa məcbur edən Fətunun bədənini görmək istəyi idi. Amma o, bilirdi ki, bazar ertəsi günü Endrunun bura gəlməyi həm də bir fədakarlıqdır. Çünki o,  həmişə gecələr işləyir, gündüzlər yatırdı.  Fətu, Endrunun Kamboca Səfirliyinin qabağında, künc tərəfdə dayanıb, görüşməyi planlaşdırdıqları həmin yerdən ona əl elədiyini gördü. Bir az sonra o, əl yelləməyi dayandırdı – çünki Fətu, hələ uzaqda idi – amma çox keçməmiş yenə əl yelləməyə başladı. Fətu da ona əl yellədi və bir az sonra Endruya çatdı. Onlar özləri də bilmədən bir-birilərinin əlindən tutub getməyə başladılar və bu, ikisini də təəccübləndirdi.

– Mən badmintonu çox güclü oynayıram, – Kamboca səfirliyinin yanından keçəndə Endru dedi, – imkan vermərəm ki, heç nəfəs alasan. Gələn dəfə hovuza getmək əvəzinə badminton oynayarıq.

Gələn dəfə Parisə gedərik. Gələn dəfə Marsa uçarıq. O, xəyalpərəst idi. “Amma dünyada xəyalpərəstlikdən də pis şeylər var,” Fətu düşünürdü.

 

                                                                                         0-20

          – Deməli, sizin özünüz qonaqsınız, o da sizin qonağınızdır, eləmi?

– Bəli, mən qonağam, bu da o biri qonaqdır.

– Başa düşdüm… Amma buna icazə verilmir.

– Xahiş edirəm, – Fətu dedi, – Biz çox uzaqdan gəlmişik.

– Sizi anlayıram, – qız dedi, – Amma içəri keçməyinizə icazə verəmmərəm. Məni başa düşün.

– Çox xahiş eləyirəm, – Fətu təkrar elədi. Ağlına başqa heç bir inandırıcı səbəb gətirə bilmirdi.

Qız qələmi götürüb Fətunun qonaq bileti üstündə işarə qoydu.

– Yaxşı, keçin. Amma heç kəsə deməyin. Bu dəfəlik icazə verirəm, bir də heç vaxt təkrarlanmayacaq. İndi gərək iki ayrı adın üstündən xətt çəkim.

Bir də heç vaxt təkrarlanmayacaq şəkildə Fətu ilə Endru içəri keçib paltardəyişmə otaqlarına yaxınlaşdılar. Kişilər və qadınlar üçün olan otaqların qarşısında bir-birindən ayrıldılar. Fətu ildırım sürətiylə paltarını dəyişməyə başladı. Amma çölə çıxanda Endrunun ondan qabaq hazır olduğunu və səndəlinin üstündə uzandığını gördü. O, gözlərini qadınların paltardəyişmə otağına zilləyib, Fətunun çıxmasını gözləyirdi.

– Həyat budur, bax! – Endru, əllərini başının arxasında qoşalaşdırıb dedi.

– Suya girirsən? – Fətu soruşdu və qeyri-ixtiyari olaraq əllərini qasığının qabağına aparıb özünü gizlətməyə çalışdı.

– Hələ yox. İndi mən ancaq tamaşa eləmək istəyirəm. Sən çimməyində ol, bir azdan mən də gələcəm.

Fətu, pillələri aşağı enib suya girdi. Aramlı və qətiyyətli bir templə üzməyə başladı. Onun üzməyinə nə asta, nə də sürətli demək olardı. Arabir başını çevirib arxaya baxır, Endrunun öz-özünə gülümsəyərək hələ də bayaqkı stulunda oturub-oturmadığını görmək istəyirdi. İyirmi dövrədən sonra o,  Endrunun uzandığı tərəfə üzdü və dirsəklərini hovuzun kənarına, kafelin üstünə qoyub dedi:

– Gəlmirsən? Su istidir. Elə bil hamamdır.

– Hə, hə, – Endru cavab verdi, – İndi gəlirəm.

Uzandığı səndəldən dikələndə Endrunun qatbaqat olmuş qarnı göründü. Fətu fikirləşdi ki, görəsən bayaqdan bəri bunu gizlətməkdən ötrümü səndəlindən qalxmır. O, ayağa qalxıb pilləkənə tərəf gəldi. Fətu əlini ona uzatdı, amma Endru onun əlindən tutmadı. Pillələri aşağı enib, suyun dayaz yerində dayandı. Özünü yelləyən şahzadələr kimi əlləri ilə suyu çiyinlərinə tərəf vurmağa başladı. Daha sonra isə aşağı sinib suya girdi.

– Su əladır. İsitidir. Həyat budur, bax! Sən üzməyində ol, mən də sənin dalınca gələcəm.

Fətu ayağını suya çırpanda ətrafa çoxlu su sıçradı, yan cərgədən kimsə narazılıqla nəsə dedi. Hovuzun o başına çatanda geri dönüb gözləri ilə Endrunu axtardı. Endru öz üsulu ilə üzməkdə idi: O, dərinliyə baş vurur, su ayğırı kimi  bir müddət asılı vəziyyətdə orda qalır, sonra üzə qalxana qədər qollarını suya çırpır və yenidən dərinliyə baş vuraraq eyni şeyi təkrar eləyirdi. Bu qayda ilə qısa məsafəni üzmək də böyük güc tələb edirdi. Ona görə də hovuzun o biri başına çatanda Endru, çılğıncasına tövşüyür, var gücü ilə havanı ciyərlərinə çəkirdi. Su eynəyi taxmadığı üçün gözləri qıpqırmızı idi.

– Yaxşı, darıxma, – Fətu dedi və yenə onun əlindən tutmaq istədi, – Mən sənə öyrədərəm necə üzmək lazımdır.

Amma Endru yenə də ona məhəl qoymadı və gözlərini silərək dedi:

– Bu lənətə gəlmiş suya nə qədər xlor vurublar!

– Çıxmaq istəyirsən?

Endru üzünü Fətu tərəfə çevirib ona baxdı. Onun gözləri axırdı. İndi bu halı ilə o, Fətunun nəzərində, ağladığını gizlətməyə çalışan balaca oğlan uşağına bənzəyirdi. Amma həmin an Endru, suyun altında onun əlindən tutdu.

– Yox, çıxmıram. Burda dayanıb istirahət eləmək istəyirəm.

– Yaxşı, – Fətu dedi.

– Sən üzməyində ol. Yaxşı üzürsən. Davam elə.

– Yaxşı, – Fətu dedi və üzməyə başladı. Amma bir az üzdükdən sonra hiss etdi ki, hər dövrədən sonra o, əvvəlki ritmini itirir, diqqəti daha çox yayınır və istədiyi kimi üzə bilmir. O, başqasının baxışları altında üzməyə öyrəşməmişdi. On dövrədən sonra xəttin ortasında qəfildən dayandı və divara qədər məsafəni ayaq üstə, yeriyə-yeriyə gəldi.

– Cakkuziyə getmək istəyirsən? – Fətu əli ilə yan tərəfə işarə eləyib dedi.

İsti su ilə doldurulmuş vannanın içində bir qadın oturmuşdu. Başına yaylıq bağlayan bu qadının əyninə geyindiyi idman forması da özü ilə birgə suyun içində islanmaqda idi. Onun yanındakı kişi gözlərini Fətuya zilləyib baxır, arabir də vannadakı qadına nəsə deyirdi. Bədəni elə tüklü idi ki, paltar o qadının bədənini örtdüyü kimi bu tüklər də onun dərisini görünməz eləyirdi. Onlar sudan eyni vaxtda çıxdılar. Kişi əyninə Spidos firmasına məxsus çimərlik forması geyinmişdi. Hovuza gəlməzdən əvvəl Fətu, Endrunun bu cür geyinməyindən qorxurdu, amma Endru belə geyinməmişdi və buna görə Fətu ürəyində ona minnətdarlıq  eləyirdi. Endrunun geyimi yaxşı idi. Əynindəki birrəngli, qırmızı şortik dizinə qədər uzanır və ona yaxşı yaraşırdı.

– Yox, bura yaxşıdır, – Endru dedi, – burda səninlə olmaq və dünyaya tamaşa eləmək möhtəşəm bir şeydir.

0-21

          Həmin axşam Fətunu işdən çıxardılar. Bu, qonaq biletlərinə görə deyildi – onların üzvlük haqqından istifadə edərək Fətunun o hovuzda nə qədər üzdüyünü Diriveller heç vaxt bilmədi. Əslində, Fətunun özü də nə üçün işdən qovulduğunu başa düşəmmirdi, çünki xanım Dirivel onu niyə işdən çıxardığını izah edə bilmir, fikrini çatdırmaqda çətinlik çəkirdi.

– Sən onu başa düşmürsən ki, dayə saxlamağa daha bizim ehtiyacımız yoxdur, – Fətunun otağının astanasında dayanan xanım Dirivel deyirdi. Otaq elə dar idi ki, içəridəki iki adamdan biri çarpayıda uzanmadığı təqdirdə onların otağa yerləşməsi çətin olurdu.

– Daha uşaqlar böyüyüb, bizə indi ancaq təmizlikçi qadın lazımdır. İşini yaxşı görən, səliqəli bir qadın. Sən son günlər təmizlikdən daha çox uşaqlara diqqət yetirirsən. Bu isə bizə lazım deyil, – xanım Dirivel davam edirdi. Halbuki Fətu heç vaxt uşaqlarla maraqlanmamış, onlara zərrə qədər də diqqət göstərməmişdi.

Fətu heç nə demədi. İndi o fikirləşirdi ki, əşyalarını yığmaq üçün uyğun bir çamadanı yoxdur və xanım Dirivelin evindən çıxarkən öz şey-şüyünü plastik çantalarda aparmalı olacaq.

– Hə, bir də onu deyim ki, qalmaq üçün də özünə bir yer tap, – xanım Dirivel dedi, – Cümə günü ərimin qohumu gəlir. Bu otaqda qalacaq. Gələn həftənin yox ha, bu həftənin cümə günü.

Fətu bir anlıq bu haqda düşündü və sonra dedi:

– İcazə olar, telefondan bir yerə zəng eləyim?

Xanım Dirivel qapı çərçivəsindən soyulmuş taxta parçasını diqqətlə gözdən keçirdi. Amma başını yelləyib, razılıq verdi.

– Bir də mümkün olsa, pasportumu verə bilərsiniz? – Fətu dedi.

– Nəyini?

– Pasportumu, zəhmət olmasa.

Nəhayət, xanım Dirivel, Fətuya baxdı, baxışlarını düz onun gözlərinin içinə zillədi. Onun sifətindən qəddarlıq yağırdı. Sanki Fətu, onu şillə ilə vurmuşdu. Kənardan baxan hər kəs hiss edərdi ki, Şeytan bu yazıq qadının – xanım Dirivelin içinə girib. Bu Şeytan, həmin qadını xalis qəzəb ilə alovlandırırdı.

– Allah xatirinə, de görüm, sənin pasportun məndə neyləyir? Məndə deyil. Nəyimə lazımdı axı sənin pasportun? Yəqin hardasa mətbəxdə-zadda, siyirmənin gözündə olar. İndi durub mən axtarmalıyam sənin əşyalarını?

Xanım Dirivel otaqdan çıxdı, Fətu tək qaldı. O, öz əşyalarını, həmişə çimərliyə gedərkən qonşuları aldatmaqdan yana özü ilə götürdüyü bazarlıq çantalarına yığdı. Bu işlə məşğul ikən, kimsə onun pasportunu qapının altından içəriyə saldı. Bir saat sonra o, əlində tutduğu çantalarla pilləkəndən enib, zaldakı telefona sarı gəldi. Feyzl onun yanından keçərkən salamlaşmaq üçün əlini açıb onun əli ilə toqquşdurmaq istədi. Fətu ona məhəl qoymadı. Dəstəyi götürüb Endrunun nömrəsini yığdı. Dostunun səsini eşitcək onu yuxudan oyatdığını başa düşdü. Amma onun səsində zərrə qədər də olsa, əsəbilik yox idi. O, Fətunun dediklərinə axıracan qulaq asdı və bəzi şeylərlə bağlı Fətu heç nə deməsə də, başa düşdü ki, o, indi rahat danışa bilmir. Fətu öz sözünü bitirdikdən sonra, Endru ona bir neçə sadə sual verdi və evdən çıxdıqdan sonra onun nə edəcəyini asta səslə, aydın ifadələrlə izah etməyə başladı.

– Narahat olma. Hər şey yaxşı olacaq. Bizim ofislərdə xidmətçi qadına ehtiyac var. Sənin üçün bir iş taparıq. O vaxta qədər burda qalarsan. Növbə ilə yatarıq. Mənə inana bilərsən, Fətu. Mən sənin xətrini çox istəyirəm.

Amma Fətunun nəqliyyat üçün istifadə etdiyi Oyster kartı yox idi. Həmin kart mətbəxdə soyuducunun üstündə, Florida xəritəsi həkk olunmuş maqnitin altında qalmışdı və indi ora gedib həmin kartı götürməkdənsə Fətu ölməyi üstün tutardı. Yaxşı, hər şey əla idi: Endru, onu axşam saat altıda Brondezberinin yerüstü stansiyasında qarşılayacaqdı. Fətu, qarşısındakı kəfkirli saata baxdı. Onun dörd saat boş vaxtı var idi. Bu vaxtı nə iləsə öldürmək lazım idi.

– Saat altıda, – o, təkrar elədi. Sonra dəstəyi yerinə qoyub “XVI Foks Luis” markasından olan masanın siyirməsindən digər qonaq biletlərini də götürdü və evdən çıxdı.

– Bu gün deyəsən, yükünüz ağırdır, – sağlamlıq klubundakı qız Fətunun əlindəki plastik çantalara baxıb dedi. Fətu gülümsəmədən əlindəki qonaq biletini möhür vurmaq üçün qıza uzatdı.

– Gələn dəfə görüşənədək, – bir saat yarımdan sonra Fətu əlindəki ağır yüklərlə sağlamlıq mərkəzindən çıxarkən həmin qız yenə dilləndi. Amma köhnə günlər üçün qıza minnətdarlıq etmək Fətunun ürəyindən keçmədi. Onun nəzərində təşəkkür də köləliyin bir növü idi. Bundandırsa, başqalarından asılı olmayan öz həyat tərzinin olması daha yaxşı idi.

Soyuq və boz havaya çıxarkən Fətu rahatlıq və yüngüllük hissi keçirdi, hovuzda çimməyin ona verdiyi təmizlik duyğusu ürəyini sakitləşdirdi. İndi nə bu hava, nə də bir neçə saat əvvəl ona deyilən sözlər rahatlığını poza bilərdi. Amma əzələlərinin ağrısı hələ keçməmişdi, saçları hələ də yaş idi. Çöldə çox gözləsəydi, soyuqlaya bilərdi. Saat isə hələ beşin yarısı idi. O, Kamboca səfirliyi ilə üzbəüzdə yerləşən avtobus dayanacağının yanına gəldi, çantalarını səkinin kənarına qoydu və özü də onların yanında oturdu. Avtobuslar gəlib keçərkən onun minməyi üçün yavaşıdılar, amma qadının nə ayağa qalxmaq, nə də avtobusa minmək fikri olmadığını görüb, yollarına davam elədilər. Həmin axşam bizim çoxumuz onun yanından keçib getmişdik, piyada gəzəndə də, avtobusla gedəndə də, maşınlarımızın ön pəncərəsindən baxanda da, evimizin balkonunda dayanıb yola tamaşa edəndə də onu görmüşdük. Bizə maraqlı gəlmişdi ki, görəsən, bu qadın günün günorta çağı yaş səkinin üstündə niyə oturub? Ondan yana narahat olmuşduq. Ağlımıza burda – Villezdendə baş verə biləcək ən pis ehtimalları gətirmişdik. Onun badmintona necə tamaşa elədiyinə tamaşa eləmişdik. Zərbə, taqqıltı. Taqqıltı, zərbə. Sanki oyunçulardan biri topa ən qəddar zərbəni endirib xal qazanmaq istəyir, digəri isə sadəcə o topu birtəhər geri qaytarmağa ümid eləyirdi.

 

İngiliscədən tərcümə edən: Təvəkgül Boysunar

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az