Sim-sim.az Yaradıcılıq Fakültəsini tələbəsi Əlibalanın yeni şeirlərini təqdim edir.
GƏLƏCƏK HAQQINDA
Yenə məşhur “Babil” stansiyasında
bir yerə yığılmışdı
çağdaş fikirli adamlar –
layihə icraçıları, süni zəka dahiləri, proqramçılar…
Qızğın müzakirə aparırdılar.
Fasilə.
Yağış qoxusu dolurdu günəşli havanın içinə.
Stansiyanın rəhbəri
köynəyinin düyməsini
boşaldıb pəncərədən çölə baxdı.
Nəsə düşündü, təkəbbürlə gülümsədi.
Sonra,
-içinə bir – iki yağlı tükün düşdüyünü aydın görsə də, –
fincandakı suyu başına çəkdi;
pəncərəni açdı və gəyirdi.
(2023)
QORXUNC, GENİŞ ƏLLƏR
Dəhşətli yuxu idi.
Alovlu sobanın yanında yerə uzanmışdı,
çılpaq sinəsi üstə naxışlı çaydan qaynayırdı
dərisindən buxar çıxırdı –
səssiz və ağrısız…
“Göyə açılmış əllərini
sonra yumruğa çevirə bilməyəcəksənsə,
Heç Tanrı da səninlə olmayacaq….”
Yəni, əgər vəhşi həyat səni sevməsə!
İlk şübhə belə başladı…
(2023)
İŞIQ ÇALARLARI
Bir gün də keçdi.
Bu gün də kimsə ona aşiq olmadı.
Həyat yalnız
baxçaya tökülmüş heyvalarla üzünə güldü.
Kiçik bacısına yemiş doğrayarkən
Tanrıya üsyan etməməyin gözəl olduğunu hiss etdi.
Axşam, ay işığı altında
yeni doğulmuş buzovun
alnını tumarlayarkən,
birdən uzaq üfüqlərə yol çəkdi gözləri
və nədənsə həvəslə süd içdiyi
günləri xatırladı.
Və yarımçıq yediyi armudun dişlənmiş yerini öpdü.
(2023)