Sim-sim.az Mehman Qaraxanoğlunun “Mənim sevimli hekayəm” layihəsinə qəbul edilmiş hekayələr haqqında birinci yazısını təqdim edir.
Afaq Məsud – “Can üstə”
Müəllif can üstə olmanın – canvermənin və ya əbədi sükuta yola salmanın Şərq, bir qədər də konkretləşdirsək, Azərbaycan variantını bizə təqdim edir. Olsun ki, mətnin əsas stixiyası başqa səmtə tuşlanıb. Amma nəzərə alın ki, yaxşı mətnlər öz avtoritarlığını qorumaq üçün özünəməxsus maksimal yollar arayır və hətta bəzi hallarda müəllifin nəzarətindən çıxa bilirlər. Əgər biz əvvəlki fikə bir qədər də ironik duz (məhz bu duz!) qatsaq, belə alınacaq: Azərbaycansayağı canvermə… Niyə? Məlum İlahi ritualın ən qədim daşıyıcısı olan bir xalq kimi can üstə olanın (yol üstə!) gedişinə (əslində, qayıdışına!) arxetipləşən bir dirəniş və israrla mane olmaq istəyirik və oluruq da. Sözügedən mətndə bu funksiyanı iki nəfər həyata keçirir; romançı və şəfqət bacısı. Yeri gəlmişkən, tənqidimizdə də belə arxetipləşmə vardır; ilk növbədə, hər hansı istedadlı bir yazarımızı Azərbaycan, bütövlükdə Şərq kontekstində təhlil etmək əvəzinə, onu candərdi hansısa bir “izmə” və ya “izmlər”ə müncər edib canımızı qurtarmaq istəyirik. Tutaq ki, “Kamal Abdulla Şərqin Borxesidir” – deyib yaxa qurtamağa nə var? Əgər öncə onu milli-fəlsəfi düşüncələr kontekstində, sonra isə qlobal inteqrasiya müstəvisində təhlil etmiriksə, ilk növbədə yazıçı “zədə” alır, sonra bütövlükdə mədəniyyətimiz… Zənnimizcə, “Demə, göstər!”i tənqidçilərdən də tələb eləməyin vaxtı çatıb! Afaq Məsud da belə zərərli tendensiyanın altını çəkib və çəkməkdədir. Oxucu da öz iradında haradasa haqlı olur: Madam ki, Afaq Məsud Kafkanın və ya Kamyunun “təkrarı”dırsa, onu oxumağa nə hacət?! Əsl həqiqətdə isə belə deyildir! Afaq Məsud arxeoloji kökəni, daxilindəki guşənişinlik sevgisi və təklik iddiası, Şərq və Qərb fəlsəfi cərəyanlarından, xüsusən, sufizmdən gələn assosiativ alyuzyaları və Misir çariçalarına xas olan ədəbi oppozisiyası ilə bənzərsiz bir Azərbaycan yazarıdır.
Biz nəyi çox istəyiriksə, köçüb gedərkən məhz onlar da bizə daha çox əzab verirlər. “Ortayaşlı, dolubədənli cavan” şəfqət bacısının baldırları və “çoxalıb evin dörd bir yanını basan qovluqlar”a olan vəhşi sevgisinə rəğmən romançının onlara acgöz marağı kolxoz sədrindən rayon icra başçısı vəzifəsinə qədər yüksələn qocanın canvermə prosesini “ləngidir”. Yazıçı həm iblislə savaşır, həm də onunla müttəfiqdir. Hekayədə romançı ölüm mələyindən heç də az qəddar deyildir. Buna görə də mətn romançını cəzalandırır; onun qovluqlardan gözləntiləri bir heç olur. Həm də romançı haradasa öz istəyinə çatır: Qovluqlardakı rabitəsiz, qırıq-qırıq cümlələri deşifrə etsək, qocanın yaşadığı avtoritar rejimin bomboz, disharmonik, absurd obrazı canlanmış olacaq…
Səfər Alışarlı – “İşıq”
Hekayə dahi impressionist holland rəssamı Vinsent Van Qoqun üslubunda işlənib sanki. İmpressionistlərdə olduğu kimi, sözügedən mətndə də ölçüləri əvvəlcədən məlum olan bir forma olmadığından ani təəssüratların gözəgörünməyən daxili, ötəri əlaqələri işığını yandırıb, tezcənə “sönür”. Başqa cür desək, təhkiyəçi zahirən bir-biri ilə əlaqəsi olmayan “təsadüfi” detallar üzərinə zəif işıq salaraq sürətlə ötüb keçir. Amma aksiomadır ki, peşəkar qatil də cinayət törətdiyi yerdə nəsə tutarlı bir dəlil, bir iz qoyur. Biz əgər mətnin kadrarxası məqamlarını şəkilləndirsək, həmin ağ-qara şəkillərin sözlə izi, simvollaşması belə olacaq: Hər şey dəyişilməyə məhkumdur. Hətta ailədə kişi və qadının bir-birinə müraciət formaları da. “Sevgiylə deyiləndə işıqlı dünyada qadın adı olaraq “Trolleybus” da qəbul edilib yerinə qoyulurdu”. Qaçqınlığımız olkənin bütün küçə və məhəllələrinə dağılıb. Bununla yanaşı, mətndə avtobioqrafik “görüntü”lər də yanıb sönür: “O da bu ağac boyda olanda bir neçə illiyə uzağa, şimala yaşamağa getmişdi”.
Hekayədən çıxan başlıca ideya “bic-bic” üzümüzə qımışır: Həyatımız bir səhnədir ki, var. (Şekspir də mətndədir!) Adiləşməmək üçün dekorasiyaları tez-tez dəyişin! Amma qadın konservatorluğu burada da önə keçir; kişi donuq kukla qiyafəsində, üzündə azacıq təbəssüm olsa, yetər…
Həmid Herisçi – “Qarğa dili”
Mətni “Bir hakerin hekayəti” də adlandırmaq olar. Həmid bəy həmişəki kimi mətn quruculuğuna (həm şeirə, həm də nəsrə!) gətirdiyi modern keyfiyyətlər fonunda öz ampluasına sadiqdir – qəribə paranormal hadisələrə hərisçiliyi və gözlənilməz improvizəçiliyi burada da özünü parlaq bir şəkildə göstərir. Müəllifin həmişə öz oxucusu ilə “təmiz”, səmimi oyun oynaması istəyi onun mətnlərini də təbii edir, necə deyərlər, paranormallıq normalığa çevrilir və oxucu baş verənlərə inanır. Təhkiyəçinin əvvələ – 5-ci sinif şagirdinin bakirə yaddaşına qayıdışı o qədər real təsvir olunur ki, biz müasir qorxunc hakerlərin klassik sələfləri və ya sözün həqiqi mənasında nənələri olan Zəhrə və Anaxanım nənəyə, onların sözlərin başına gətirdiyi mistik oyunlara “heyran oluruq”. Nəvə də bu heyranlığın yaxşı mənada qurbanına çevrilir. Ən azından, bu cür beyin məşqi onu əlaçılar sırasına atır…
Dərin intellekt və erudisiyaya malik olan yazıçı işarələrin (hərflərin) və sözlərin başlanğıcda müqəddəs olması və onların çoxvariantlı oxunuşu faktını gözəl bilir. Bu qədim ritualın yalnız kiçik bir qəlpəsi böyük dünyadan qopub ərazilərimizə gəlib düşüb. Hekayədə məhz o kiçik parçanın yaratdığı parlaq mozaik lövhələr avtobioqrafik rənglərlə sintezdə verilir…
Kəramət Böyükçöl – “Qapıçı”
Bəzək-düzəksiz və son dərəcə realistik olan bu hekayədə xırda detallar, incə və kədərli ştrixlər, jurnalistlik və köşə yazarlığı təcrübəsindən doğan ümumiləşdirilmiş dəqiq müşahidə elementləri “ambisiyasız” və aydın bir dillə verilir. Müəllif sinif yoldşı Nazimin faciəvi, həm də şərəfli həyat tarixçəsini qələmə alır. Düşmən gülləsinə tuş gəlib, gözlərini əbədi yuman əziz dostu haqqında yalnız Kəramət kimi qəddar realistlər bu qədər soyuqqanlılıqla yaza bilərlər. Cümlələrin içindən, altından, üzərindən və arxasından müəllifin görünməməsi təqdir olunası bir məziyyətdir. Belə “görünməzlik” və “tərəfsizlik” təhkiyəçinin bir çox mətnlərində özünü göstərir. Amma sözügedən hekayənin çağırış ruhlu plakat-cümlələrlə sonlanması yolverilməzdir. Düzdür, tapılmış metafora o qədər cəlbedicidir ki, müəllif ondan vaz keçə bilməyib. Təəssüf ki, gətirdiyim arqument də müəllifi xilas etməkdə acizdir: “Nazim əsl qapıçı idi, sonuncu topu da sinəsi ilə saxladı. Qoymadı vətənə güllə keçsin”.
Təhkiyəçi Leyla obrazına da demokratik bir aspektdən yanaşır. Leyla, onu on il sevən Nazimə deyil, tamam başqa birisinə ərə gedir. Heç Nazimin düşmənlə üz-üzə olması da onun qəlbini yumşaldıb fikrindən daşındıra bilmir. Açıq bildirir ki, “öləsəm də, sevə bilmirəm Nazimi”. Bu cümlə həm də Kəramətin mövqeyini qaçılmaz edir. İndi dur mətndə müəllifin “görünməzliy”i haqda nə qədər cəfəng şeylər uydurursan, uydur…