PƏRİ MİNİATÜR: “MİNİATÜRLƏ MƏŞĞUL OLANDA ÖZÜMÜ SANKİ CƏNNƏTDƏ HİSS EDİRƏM”
Ötən ilin dekabr ayında Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədinə əsasən bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi qərarı bu sənətin aktuallığını bir daha göstərdi.
Sevindirici haldır ki, bu sənəti sevən, onun təbliği ilə məşğul olan miniatür rəssamlarımız indinin özündə də var. Onlardan biri də bugünkü həmsöhbətimiz miniatürçü rəssam Pəri Miniatürdur.
– Pəri xanım, necə oldu ki, sizdə miniatür sənətinə maraq yarandı?
– Mən uşaqlıqdan rəssamlıqla məşğul olmuşam. Anam deyirdi ki, hələ üç yaşım olanda evdəki döşəkçələrin, paltarlardakı çiçəklərin şəklini çəkirdim. Böyüdükcə bu maraq da mənimlə birgə böyüyürdü. Əslində, bizim qohumlarımızın arasında rəssam olmayıb. Mən Naxçıvanda balaca bir kənddə böyümüşəm. Daha sonra rəssamlıq təhsili almaq üçün Bakıya gəldim. Tələbə olduğum dövrdə Faiq Əkbərov adlı miniatür çəkən bir nəfərlə tanış oldum. Beləcə, bu sənətə marağım yarandı. Yadımdadır, biz beş-altı qız bu sənəti ondan öyrənirdik. Sonra yavaş-yavaş o biri qızlar ayrıldılar, təkcə mən qaldım. Daha sonra mən də Naxçıvana qayıtmalı olduğumdan dərsləri yarımçıq qoymaq məcburiyyətində qaldım. Buna baxmayaraq, artıq xeyli şey öyrənmişdim. Bəzən saatlarla oturub kiçik kvadratların içərisində beş-altı detal çəkirdim. Bir sözlə, Naxçıvana qayıdandan sonra da miniatürü atmadım.
– Miniatür sənəti çox böyük səbr tələb edir. Səbr sizin xarakterinizin bir parçasıdır, yoxsa iş prosesində mənimsədiyiniz xüsusiyyət?
– Deməzdim ki, həyatda o qədər də səbirli insanam. Düzdür, bəzən susmağı, səbr etməyi bacarıram, ancaq müəyyən bir yerə qədər. Bu işi görəndə isə tamam başqa adam oluram. Təsəvvür edin, bəzən bir budaqda xırda-xırda səksən yarpaq çəkirəm. O yarpaqlardan biri yaxşı alınmayanda rahat ola bilmirəm. Mütləq qayıdıb onu yenidən işləməliyəm. Bu mövzuda olduqca səbirli davranıram. Yəqin bu sənəti sevirəm, onun üçün.
– Ümumiyyətlə, sizin xarakterinizdə ziddiyətli məqamlar çoxdur. Bir tərəfdən səbrin simvolu olan miniatür, digər tərəfdən Qarabağ savaşında iştirak edən 16 yaşlı dəli-dolu bir qızcığaz. Deməli, siz hələ o illərdən bu xüsusiyyətlərlə var olmusunuz.
– Hə. Mən gənc olanda xüsusilə bu mövzuda həssas idim. On altı yaşım olanda cəbhəyə getmişdim. İki ay orda qaldığımı xatırlayıram. O günlər mənim üçün müqəddəs günlər idi. Vətən sevgisini indi də qəlbimdə daşıyıram, ancaq o vaxtkı kimi bu hissi büruzə verə bilmirəm. Bu gün mənim üçün vətən sevgisi həm də xalqını, ölkənin insanlarını sevməkdir. Tutaq ki, marşrutda mənim yanımda sürücü kiminsə üstünə qışqırırsa, əzirsə, mən buna sakit dayanıb baxa bilmərəm. Düşünürəm ki, hər kəs öz cəbhəsində vətəni, xalqı üçün çalışmalı, əlindən gələni etməlidir.
– Saçınızın rəngi, geyim tərzinizlə fərqlənirsiniz. Bu nədir – üsyan, yoxsa yaradıcı adamın şıltaqlığı?
– Məncə, yaradıcı adam olmağım artıq standartlara qarşı getməyimdən xəbər verir. Zahiri görkəmimlə bağlı bəzən tənqidlər də eşidirəm. Düzü, indi bu yaşımda belə şeylərə o qədər də əhəmiyyət vermirəm. Çünki hazırda məni cəmiyyətlə yola getməkdən daha çox özümlə yola getmək maraqlandırır. Bilmirəm, bunu demək nə qədər düzgündür, ancaq mən cəmiyyətdən daha çox özüm üçün rəsm çəkirəm. Öz mənəvi rahatlığım üçün. Rəsm çəkərkən aldığım zövqü sözlə izah edə bilmərəm. Bu, eqoizm deyil, bu, insanın özü ilə bütünləşməsidir. Mən özüm-özümlə daha xoşbəxtəm və güclüyəm. Ətrafımdakılar məni güclü qadın olaraq tanıyır. Düzü, mən istəməzdim məni bu qədər güclü bilsinlər. Haqqımda elə düşünürlər ki, sanki mən hər şeyin öhdəsindən gələ bilərəm. Buna görə də mənə dəstək olmaq, bir xoş söz demək ağıllarına da gəlmir.
– Nə vaxt hiss etdiniz ki, artıq tanınırsınız?
– Düzü, mənim tanınmağımda sosial şəbəkələrin böyük rolu olub. İlk dəfə on il bundan öncə Feysbukda özümə Pəri Miniatür adı ilə səhifə açmışam. Bu adı seçməyim də təsadüf idi. Əsl adım Pərinisədir, qısaca Pəri olaraq qeyd etdim. Miniatürü də sevdiyim bir sənət kimi yanına əlavə etmişdim. Daha sonra hamı məni bu adla tanıdı. İlk sərgim 36 yaşımda olub. Həmin sərgidən sonra müəyyən qədər tanınmağa başladım.
– Heç bu sənəti seçdiyiniz üçün peşman olmusunuzmu?
– Heç vaxt. Hərdən düşünürəm ki, rəssamlıq olmasa, dəli olardım. Ola bilsin ki, mən heç güclü rəssam da deyiləm. Ancaq bu sənət sözün əsl mənasında mənim xilaskarımdır. Həm maddi, həm mənəvi. Özüm öz yağımda qovruluram. Ümumiyyətlə, insanın sevdiyi işdən pul qazanması olduqca gözəl duyğudur. Ən əsas tərəfi də odur ki, mən bu işi görəndə xoşbəxt oluram. Bu sənət mənim işıqlı yolumdur. İnsan içindəki işığı kəşf edəndə ona yaşamaq daha asanlaşır. Belə adamlar paxıllıqdan, kin-küdurətdən də uzaq olur. Çünki başı özünə, öz işığına qarışır.
– Sizcə, bugünkü məşhurluğunuz istedadınıza görədir, yoxsa Azərbaycanda miniatür ustalarının az olmasına görə?
– İlk növbədə onu qeyd edim ki, bu sənətlə hər kəs məşğul ola bilmir. Bu sənətdə hər şey şərtidir. Sən bir rəssam kimi ceyranın su içməsini öz istədiyin kimi təsvir edə bilərsən, ancaq miniatür sənətində belə bir şey yoxdur. Tutaq ki, bir padşahı çəkirsənsə, sən onun üz cizgilərini verə bilmərsən, yalnız müəyyən detallarla, məsələn, aristokrat duruşu ilə onun padşah olduğunu göstərə bilərsən. Bundan savayı, bu sənətdə hər şeyin öz mənası var. Deyək ki, piyalə təvazökarlıqdır, geyimdə yamaqlar qələndərlik, dünyadan üz çevirməkdir və s. Miniatürda işıq, kölgə yoxdur, ön plan, arxa plan yoxdur. Bir sözlə, bu sənət çətin sənətdir. Çətin olduğu üçün bu sahəyə üz tutanlar az olur. O ki qaldı sualınıza, mən özümü güclü miniatür rəssamı hesab eləmirəm. Ona görə də bu suala konkret cavab vermək çətindir.
– Miniatür sənəti klassik sənətdir, ancaq sizin miniatür əsərlərinizdə avanqard yanaşma var. Buna görə sizi tənqid edənlər olurmu?
– Hə, olur. Düşünürəm ki, klassikaya müasir detallar qatmaqda pis heç nə yoxdur. Çünki bu, zamanın tələbidir. Klassikadan faydalanıb sırf ona əsasən çəkəndə belə bir sual yaranır: indiyə qədər çəkilənlər Behzad, Sultan Məhəmməd, Şahqulunun etdiklərinə əsaslanırsa, bəs sən bu sənətdə nə etmisən? Ona görə də, məncə, yeniliklər olmalıdır.
– Miniatür sənəti sizin üçün nə deməkdir?
– Bunu sözlərlə izah etmək çətindir. Rəssamlığa yeni başlayanda bir rəssam dostumuza demişdim ki, mən rəsm çəkəndə palitrada olan rəngləri yemək istəyirəm. O da xeyli gülüb demişdi ki, Pəri, səndən rəssam olacaq. İndi eyni hissi miniatür əsərlərə baxanda keçirirəm. O vərəqləri gördükcə istəyirəm onları qucaqlayım. Miniatürlə məşğul olanda özümü sanki cənnətdə hiss edirəm.
Aytac SAHƏD