Yazıçı və naşirlər olaraq tez-tez oxucuları günahlandırır, kitab oxumadığını deyirik. Əslində, düz də deyirik: bütün statistikalar bunu açıq-aydın göstərir – Azərbaycanda mütaliə mədəniyyəti çox aşağıdır; kitabxanalar yeni kitablarla vaxtında təmin edilmir, bölgələrimizin heç birində doğru-düzgün kitab mağazası yoxdur, məktəblərdə ədəbiyyat vərdişləri istənilən səviyyədə deyil, çağdaş Azərbaycan yazıçıları ədəbi mühitdə aparıcı rol oynaya bilmir, ədəbi tənqidçilik əsərləri təqdim və təbliğ etmir, televiziyalar reytinq olmadığından kitaba efir vaxtı ayırmır, ciddi iş adamları, şirkətlər bu sahəyə sistemli sərmayə yatırmır və s.
Problem ciddidir və həddindən çoxdur.
Azlıq təşkil edən oxucu kütləsi isə “Yaxşı əsər yazılmır, tərcümə edilmir, kitablar bahadır” – deyib əks tərəfi günahlandırır: əslində, onlar da haqlıdır. Oxucu məktəbi yox dərəcəsindədir. Burada AYB-nin bölgə şöbələrinin günahı çoxdur. Günahları nədən ibarətdir? Səbəblər müxtəlifdir, amma istənilən halda bu mövzu ciddi araşdırma tələb edir.
Vəziyyətin düzəlməsi üçün hansı addım(lar)ı atmışıq ki, oxucu da bunu dəyərləndirsin? Heç vaxt özümüzə bu cür suallar verməmişdik. Məhz bu səbəbdən biz də ulularımızın yolu ilə getməyə başladıq: “Sən gəlməsən, özüm gəlləm” – deyib əlimizdə kitabla oxuculara doğru
addımladıq. Sözsüz, kiminsə kitabı görüb qaçmayacağını əvvəlcədən yaxşı bilirdik, amma bu qədər sevgi ilə qucaqlayacağını gözləmirdik.
Düz bir il öncə yeddi-səkkiz nəşriyyat bu boşluqdan narahat olaraq, təşkilatlanmağın vacib olduğunu düşünərək yeni birliyin yaranması ideyasını irəli sürdü. Xeyli müzakirə və mübahisədən sonra bir araya gəldik və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyini qura bildik! Artıq bir ildir ki, varıq və bu keçən ildə hər aya iki iclas keçirmişik. Bu arzumuzu Mədəniyyət Nazirliyi də müsbət qarşıladı: nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Mariflinin məsələ ilə şəxsən maraqlanması, gücü çatan köməyi etməsi də prosesə stimul oldu.
Toplantılarımızda fəaliyyət planlarını, görüləcək işləri, gənc naşirlərin düşüncələrini, ürək dolusu arzularını yığıb-yığışdırmaq olmurdu. Sonda verdiyimiz qərar bu oldu ki, “Bölgələrə kitabla gəlirik” şüarı ilə yola çıxmalı, kitabdan uzaq düşən bölgələrdə kitabın varlığını xatırlatmalıyıq. Birliyin üzvü olan on-on iki nəşriyyat direktoru əlini daşın altına qoyaraq bütün işləri üzərinə götürdü. ANAİB-in bu günə qədər cəmi bir nəfər maaşlı işçisi var, bunu da naşirlərin üzvlük haqqı ilə qarşılayırıq: başqa hansısa maliyyə qaynağımız yoxdur. Ona görə də sərgilərin təşkilində masaların daşınmasından tutmuş, afişaların dağıtımına qədər hər şeyi məhz bu gənc naşirlər etdi. Elə həvəslə iş görüldü ki, sanki hamı ən əziz qohumunun toyuna hazırlaşır. Eynilə kənd toylarımızdakı kimi – sevgi və doğmalıqla, təmənnasız…
Əvvəlcə “I Sumqayıt Kitab Sərgisi” ANİB-2021-i təşkil etdik və bu sərgi iki gün müddətində gözləntilərdən dəfələrlə yüksək şəkildə baş tutdu. Bu artıq özünütəsdiq idi. Yeni qurulan
birliyə istər-istəməz o qədər də inam olmur: bəziləri necə nəticələnəcəyini görmək üçün prosesi kənardan izləyir, digərləri isə ümumiyyətlə, birlik haqda düşüncələrini bölüşmür. Həmişə inanmışam ki, sevgi ilə başlanılan iş heç vaxt yarımçıq qalmır, hamını məmnun edə bilir. Sumqayıtda baş tutan möhtəşəm kitab şölənində məhz bunun şahidi olduq. Bəzi kitab mağazalarından da sərgidə iştirak etmək istəyi gəldi, sevə-sevə razılaşdıq. Hətta sərgi zalında onlara ən yaxşı yeri təqdim etdik. “I Sumqayıt Kitab Sərgisi”ni elan edərkən bundan sonra Gəncəyə kitabla gedəcəyimizə qərar vermişdik. “Sözümüz imzamızdır” deyib Gəncəyə doğru yola çıxdıq. Sumqayıt sərgisindən sonra artıq ANAİB-in üzv sayı on səkkiz olmuş, Gəncəyə gedəcək naşir və kitabçıların sayı artmışdı. Bu o deməkdi ki, kitab çeşidi də çoxalmışdı. Əgər Sumqayıtda otuza yaxın nəşriyyat və mağaza iştirak etmişdisə, Gəncədə iyirmi doqquz nəşriyyat, on bir kitab mağazası vardı. Böyümüş, işi daha da sistemləşdirmişdik. Bu üç gün dolu keçməli idi. Daha çox birlik üzvləri ilə müzakirələrdə olsaq da, şəxsən kimsədən bir dəfə də eşitmədim ki, görəsən, xərcimiz borcumuzu ödəyəcək, ya yox? Yəni çəkilən xərclə satış ən azından bərabər olacaqdımı? Bəli, bu sual olmadı, çünki bu işə maarifçilik və ideoloji hərəkat kimi baxmağı bacardıq.
“I Gəncə Kitab Sərgisi” barədə təəssüratlarımız bitib-tükənməzdir.
İlk dəfə idi ki, Azərbaycan naşirlərinin bu qədər möhtəşəm birliyini, təşkilatlanmasını görürdük. Bu təşkilatlanma Gəncə sərgisini necə təşkil etdi?
– Gəncədə keçiriləcək sərgi üçün işçi qrupu formalaşdırıldı;
– “I Gəncə Kitab Sərgisi”nin xüsusi brendinqi hazırlandı;
– Xüsusi qeydiyyat linki yaradılıb iştirakçılara göndərildi;
– İştirakçıların gediş-gəlişi üçün xüsusi avtobus ayrıldı (Bakı-Gəncə, Gəncə-Bakı);
– Prosesə 40 nəfərə qədər könüllü cəlb edildi;
– Bütün təşkilatçılara bəciklər, o cümlədən nəşriyyat və kitab evlərinə brend-pankartlar hazırlandı;
– Yüklərin daşınması üçün 16 metrlik tır ayrıldı;
– Stendlərə ümumən yüz min çeşiddən çox kitab yerləşdirildi;
– Sərginin rəsmi açılışında Gəncə İcra Hakimiyyətinin Başçısının iştirakı təmin edildi;
– Açılışdan sonra bütün naşirlərin iştirakı ilə qala gecəsi keçirildi;
– Gəncə şəhər turu təşkil olundu, Şəhidlər xiyabanı ziyarət edildi;
– Nəşriyyat və kitab mağazası rəhbərləri, eləcə də proqram qonaqları üçün hotellərdə qonaqlama təşkil edildi;
– Yüzə yaxın şəhid övladı üçün ayrıca tədbir hazırlandı və naşirlərin iştirakı ilə bu uşaqlara kitab hədiyyələri verildi
– 3 gün müddətində 38 yazıçı və ziyalı ilə görüş, imza mərasimi və nağıl saatı təşkil edildi;
– Bütün iştirakçı və könüllülərə sertifikat və təşəkkürnamələr təqdim edildi;
– Son gün isə bütün iştirakçıların Göygölə səfəri baş tutdu.
Bəlkə də, bunları sadalamağa ehtiyac yox idi, amma demək istədiyim odur ki, bir-birinə rəqib olan, amma eyni amala xidmət edən naşirlərin təbii yolla birliyini görə bilmək, bir-birilə dərdləşmək, tanış olmaq, ünsiyyət qurmaq imkanının olması Azərbaycan tarixində böyük hadisədir, çünki indiyə qədər heç vaxt belə olmayıb! Yerli ziyalı və oxucularla paytaxt naşir və yazarlarının tanışlığı, eləcə də əməkdaşlıqların qurulması isə bu məsələnin necə əhəmiyyətli olduğunu ortaya çıxardı.
Nizami yurdu, Cavad xan oylağı Gəncə bu möhtəşəm birliyə şahidlik etdi, şərəfli bir imza atdı. İlk gündən Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, ilk partnyor təşkilatımız olan Gəncə İctimai İştirakçılıq Məclisindən çox ciddi – həm maddi, həm də mənəvi dəstək aldıq. Ən önəmlisi isə bu müqəddəs işə gəncəlilərin böyük ruh yüksəkliyi və sevgi ilə qucaq açmasıdır. Heç kim heç nədən qaçmadı. El birliyi ilə Gəncə oxucularını sevindirə bildik və sevindik. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun iki dəfə sərgiyə
gəlməsi, sıxlığı görərək sadəlik nümayiş etdirib ayaq üstə tanınmış yazıçı Elxan Elatlı ilə oxucuların görüşünü izləməsi, bu yazıçını yeməyə xüsusi dəvət etməsi, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənovun Gəncədən çıxan saata qədər hər addımda yanımızda olması, lazım olan hər şeyi öz əlaqələri hesabına həll etməsi, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun hər gün iki dəfə olmaqla sərgiyə gəlişi, naşirlərlə maraqlanması, bölgə rəsmilərini sərgiyə dəvət edib gəzdirməsi kitaba olan dəstəyin ən bariz nümunəsi, Gəncə qonaqpərvərliyinin tərənnümü idi.
Sadə bir oxucunun Gəncənin rəmzi olan Nizami Məqbərəsinin simvolu olan maqnitli süveniri mənə verərək təşəkkür etməsi, könüllülərin dostlarına mesaj ataraq “Gəlin, Gəncə kitab sərgisində iştirak edin” cəhdləri, ziyalıların “Üç aydan sonra bir də gəlin” səmimi təklifi, gəncəli yazıçı və şairləri bizə təqdim etmələri, birinci günün sönük iştirakçılığını görüb, cidd-cəhdlə “Gəncədə oxucu, ziyalı çoxdur, yəqin xəbərləri yoxdur” deyərək inandırmağa çalışmaları qürurverici idi.
Bütün bunlar göstərir ki, bölgələrimiz (gəncəlilər Gəncəyə “bölgə” deyilməsinə hirslənirlər) kitaba acdır, çünki bu ənənələr qırılıb, yox dərəcəsindədir. Buna naşirlər də acdır, öz fəaliyyətlərini formalaşdırmaq üçün bölgələrimizlə tanış olmaq, durumu bilmək çox vacibdir.
Olduqca sevincliyəm ki, sədrliyi mənə etibar edilən bu birlik, sözün həqiqi mənasında, naşirlərin birliyini təmin edə, heç kimi incitmədən, maksimum həssas şəkildə bütün problemlərə sinə gərə bildi. Bu gündən belə bunu yaşatmaq, inkişaf etdirmək, böyütmək var. Gəncə sərgisi bitdi, amma yollar bitmədi, bitməyəcək də. Bir anlıq düşünürəm ki, indi Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Məmmədağa Şahtaxtlının, Həsən bəy Zərdabinin, Firudin bəy Köçərlinin, Əli Bəy Hüseynzadənin ruhu şaddır, çünki bir zamanlar onların min zillətlə formalaşdırdığı maarifçilik əmin əllərdədir. Güclü dövlətimiz, bir olmağı bacaran millətimiz, fərd olaraq millət üçün fədakarcasına çalışan ziyalılarımız var!
Cənab Ali Baş Komandan bizə “Biz birlikdə güclüyük” deməklə zəfəri daddırdı, biz isə bu ənənəyə sadiq qalmalı, millətimizin intellektual gəncliyinin formalaşması üçün birliyi daha da gücləndirməli, hər bir evi kitabla qovuşdurmalıyıq!
İndi də bu şövqlə düşünürəm:
“Görəsən, silsilə sərgilərimizin növbəti dayanacağı hara olsun: Naxçıvan, Lənkəran, Şəki, yoxsa Quba?
Naşirlərin I Formunu harda və nə vaxt keçirək?
Azərbaycan ədəbiyyatını beynəlxalq arenaya necə və hansı yollarla təqdim edək?
ANAİB “I Bakı Kitab Sərgisi”ni nə vaxt keçirək?
Nəşriyyat sahəsində çalışanların Əmək Yarmarkasını hansı formatda edək?
Qarabağda açılacaq ilk kitabxana hansı bölgəmizdə olacaq və biz necə dəstək olaq?”
Bəli, arzular çox, qayğılar ondan da çoxdur! Bütün müqəddəs ideyalar kitabla gəlib, kitabla inkişaf edib! Bizə isə bunun fərqində olmaq və dəyərini bilmək qalır!
Şəmil SADİQ ANAİB sədri, dosent