Əbdürrəhim bəy Haqverdiyev və ana dili məsələləri – Zülfiyyə İSMAYIL

 

 

Əbdürrəhim bəy Haqverdiyevin çoxşaxəli yaradıçılığının müəyyən istiqamətlərindən biri də ana dili məsələləridir. Doğma vətəninin ictimai həyatında fəal iştirak edən vətənpərvər ziyalı xalqımızın mədəni-ictimai həyatındakı bütün çatışmazlıqlar kimi, Ana dilinin problemləri  də onu daim narahat etmişdir. Dövrün ədəbi dil normasının müəyyənləşməsində həmin dövrün görkəmli ziyalıları ilə yanaşı, Əbdürrəhim bəy Haqverdiyev də əlifba, orfoqrafiya, milli terminologiya məsələlərinin ətrafında gedən mübarizələrdən kənarda qalmamış, dilçi alimlərlə daha yaxın münasibətdə olan ədib dil məsələlərinin müzakirəsində mərkəzi mövqe tutmuşdur. Həmçinin, Ə.Haqverdiyev onu narahat edən ötən əsrin ilk iki on illiyinin dil və əlifba məsələləri haqda mətbuatda çıxışlar etmişdir. Onun “Ədəbi dilimiz haqqında”kı dəyərli məqaləsi o dövrün qızğın müzakirələrindən aldığı təəssüratın nəticəsidir. Məqalədə ədəbi dilin inkişafında bədii ədəbiyyatın və mətbuatın rolundan, əlifba, orfoqrafiya, terminologiya məsələlərindən danışır. Ədəbi dilin inkişafına mane olmaqda davam edən müəyyən nöqsanları qeyd edir. Ədəbi dilimizin qarşılaşdığı problemləri vətəndaş yanğısı ilə qələmə aldığı “Ədəbi dilimiz haqqında” əsəri həqiqətən də öz dövrünün ən aktual və acınacaqlı dil hadisələrinə həsr olunmuşdur. “Ədəbi dilimiz varmı, yoxmu” problemini ortaya qoyduğu bu əsərdə müəllif mətbəələrin doğma ana dilimizdə kitab çap etməməsindən şikayətlənir.

Həmin məqalədə həm məişət leksikasına, həm də ədəbi dilimizə fars dilinin qrammatik normalarının yamanmasını, təyini söz birləşmələrinin yerinə daha çox izafət tərkiblərindən istifadənin ənənə halını almasını da ifşa edirdi. Hətta Mirzə Fətəli Axundovun komediyalarını Azərbaycan dilində yazmasını təqdir edən nasir fars sözlərinin çoxluğundan da şikayət edir. Həmçinin M.F.Axundovun öz tərcümeyi-halını fars dilində yazmasını və onun da o dövrün qəzetlərində də çap olunmasından narazı qaldığını dilə gətirir.

Ə.Haqverdiyev “Əkinçi”, “Kəşkül” və sairənin də nümunəvi ədəbi dil yarada bilmədiyini və bu qəzetlərdəki rus və fars dilindən çox söz istifadə edilməsini və oxucunun mütləq lüğətdən istifadə etməyə məcbur qaldığını ürək ağrısı ilə qələmə alır. Ə.Haqverdiyev ziyalıların, ədəbiyyat adamlarının ana dilinin saflığana xələl gətirməsini  ictimaiyyətə bu şəkildə çatdırır: “Ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız (özümü də o cümlədən hesab edirəm) iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular”. Ayrıca ədib dilimizin morfologiya və sintaksisinə həsr olunan qrammatikaya aid vəsaitlərlə bağlı onu da vurğulayır ki, “ədəbi dilin yoxluğundan əlavə, indiyədək, türk Azərbaycan ləhcəsinin bir mükəmməl sərfi və nəhvi yoxdur. Ədəbi dil haradan ola bilər? Kitablarımızda, qəzetlərimizdə sərf-nəhv qəvaidini indi də düzgün işlətməyirik. Bu xüsusda xüsusi məqalə hazırlayıram”.

Müxtəlif fənlər üzrə ana dilində dərsliklərimizin olmaması, həmçinin dilimizlə bağlı dərs vəsaitlərinin, dilimizin morfoloji quruluşunu, sintaksisini əks etdirən qrammatika dərsliklərinin yoxluğu onu narahat edir və “Xalq Maarif Komissarlığı yanında, ya Ümumittifaq Akademiyasının Azərbaycan şöbəsində xüsusi bir təşkilat, Azərbaycan türk lisanı üçün mükəmməl sərf-nəhv və əbədi dil yaratmaq üçün qurulmalıdır” təklifini irəli sürməkdən çəkinməmişdir. O, təhsil sahəsindəki dil problemlərini bir pedaqoq kimi dolğun şəkildə təhlil edərək maarifçiliyin alovlu təbliğatçısına çevrilmişdir.

Ə.Haqverdiyevin “Böyük islahat” adlı məqaləsi də əlifba məsələsinə həsr olunan maraqlı yazılardan biridir. Burda o, türk dillərinin qədim abidələri ilə bağlı tədqiqatları yaxından izləmiş, türkoloji ədəbiyyatla yaxından tanış olmuşdur. Ardıcıl və sistemli təhlillərdən sonra “Latın əlifbasının altı illiyi münasibətilə” məqaləsində türk əlifbalarının keçdiyi tarixi inkişaf yolunu təhlil etmişdir.

Yeni-yeni bədii əsərlər yazmaqla bərabər pedaqoji sahədə də uğurlu fəaliyyət göstərən Ə.Haqverdiyev Azərbaycan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul olmuşdur. O, bu sahədə də ədəbi dilin inkişafına mane olan çətinlikləri aradan qaldırmaq üçün ciddi müzakirələr aparır, Azərbaycan dilinin tədqiqi və tətbiqi üçün zəmin yaradan təkliflər irəli sürmüşdür. Maarif, mədəniyyətin inkişafında ölkənin qabaqcıl ziyalılarını səfərbər etməkdə mütəmadi çıxışlar etmiş, təqdirəlayiq işlər görmüşdür.

Ə.Haqverdiyev Azərbaycan dilinin bəzi sahələrinə dair ilk elmi əsərlər də yazmışdır. 1926-cı ildə yazdığı N.İ.Aşmarinin “Nuxa şəhəri türk xalqı şivələrinə bir nəzər” adlı kitabı dialektologiya sahəsində ilk qiymətli əsərlərdən biridir.

Ə.Haqverdiyev bədii tərcümə məsələlərinə mədəni inkişafın mühüm hissəsi kimi baxmışdır. Mədəniyyətlərarası qarşılıqlı inkişafa xidmət edən bu işə də öz töhfələrini vermişdir. Belə ki, Ə.Haqverdiyev Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”, “Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan” əsərlərini dilimizə tərcümə etmişdir. O, tərcüməçilik işinə çox ciddi və məsuliyyətlə yanaşmışdır. Onun tərcümə əsərlərinin dili öz milli ruhunu saxlamaqla Azərbaycan ədəbi dilinin də zənginliklərini özündə əks etdirməkdədir.

Ə.Haqverdiyev istər elmi-nəzəri fikirləri, istərsə də bədii nəsr nümunələri, publisistik məqalələri ilə Azərbaycan ədəbi dilinin düzgün istiqamətdə inkişafına, ana dilinin saflığının qorunması məsələlərinə kömək etmişdir. Son olaraq qeyd edək ki, milli ədəbi dilimizin sürətli inkişafı dövrünün görkəmli nümayəndəsi olan Ə.Haqverdiyev Azərbaycan ədəbi dilinin varlığını şübhə altına alanlara qarşı mübarizədə fəal mövqe nümayiş etdirir. O, həmçinin xalq dilini dərindən bilir, bəzi mətbuatın zərərli meyillərinə baxmayaraq, öz əsərlərini geniş xalq kütləsinin dilindən süzülüb gələn söz və ifadələr, ana dilinin zəngin təbii imkanları əsasında yaradırdı. Ə.Haqverdiyev öz yazılarını nə müasiri olduğu bəzi ədəbiyyat adamlarının dilinə, nə də mövcud mətbuatın dilinə uyğunlaşdırmağa çalışmamış, əksinə, mətbuat dilini öz üslubuna uyğunlaşdırmağa cəhd etmişdir. Milli dili xəlqi zəmindən ayırmağa çalışan qəzet və jurnalların qarışıq dilinə qarşı mübarizə aparmış, demək olar ki, öz dili, öz üslubu ilə mövcud mətbuatın arasında sədd çəkmişdir. Ədibin orijinal bədii dilinin və orijinal üslubunun başlıca məziyyəti ümumxalq canlı dilinə yaxınlıq və yad dillərin təsirinə məruz qalmamış xəlqi bir dil olmasıdır.

Yuxarıdakı qeydlərimizdən belə aydın olur ki, Azərbaycan tənqidi realizminin qocaman nümayəndəsi olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında ədəbi dil məsələsi və doğma ana dilimizin, ümumxalq danışıq dilinin zəminində Azərbaycan ədəbi dilinin formalaşmasının tərəfdarı olduğunu təkidlə ifadə etmişdir.

http://edebiyyatqazeti.az/news/proza/5709-ebdurrehim-bey-haqverdiyev-ve-ana-dili-meseleleri