Sim-sim.az xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon…” romanıyla bağlı başlayan müzakirənin növbəri yazısını təqdim edir.
SƏNİN DAYANMIŞ SAATIN GÜNDƏ BİR DƏFƏ DÜZGÜN VAXTI GÖSTƏRƏCƏK…
Deyir ki, Napoleon bir gün axşam yeməyində önünə qoyulan yaxşı bişmiş toyuq ətindən son parçanı ağzına qoydu, yaxşıca çeynədi və düşündü: “Əsaslı tənqid ağıllıları gücləndirər, axmaqları isə qəzəbləndirər”.
Hər dövrün özünəməxsus bir üslubu olur, məsələn, son illərdə Azərbaycanda postmodern üslubda xeyli sayda əsərlər ortaya çıxıb. Halbuki, dünya nəsri bu mərhələni hələ ötən əsrdə keçməkdə idi. Amma dövründən asılı olmayaraq, aydın məsələdir ki, ən çox oxunan yazıçı məhz öz üslubunu yaradan yazıçıdır. Yəni burada üslub içində üslubdan söhbət gedir. Necə ki, roman içində roman ehtivasını yaradan və bunu özünəməxsus şəkildə işləyən Kamal Abdulla da öz üslubunu yaratmış yazıçılardandır.
“Laokoon… Laokoon…” romanı əslində müəllifin başqa bir romanının ardıdır. Kamal Abdullanın bu əsəri Azərbaycan ədəbiyyatında yenilikdir və təbii ki, burada yenilik dedikdə məsələ müraciət olunan nöqtələrdən gedir. Əvvəla, bunu anlamaq lazımdır ki, bu janra ədəbiyyatımızda müraciət edilmədiyindən ağ kağıza düz xətt çəkərək, romanabənzəri digər romanlarla müqayisə edib onun mənfi-müsbət cəhətlərini çəkdiyimiz düz xəttin sağına və soluna səpələmək mənasızdır.
Firkimcə, “dəyişdirilmiş” dastan motivlərinin müasir yaşantılarla mükəmməl vəhdəti romanda nəzərə çarpan ən qabarıq amil idi. Təqdirəlayiqdir.
Kitabın ən uğursuz tərəfi tərtibolunma zamanı gözü yoran şriftlərdən istifadə olunmasıdır. Dilin axıcılığı bunu xeyli ört-basdır eləsə də, qeyd etdiyim detal yenə də heç cürə nəzərdən qaçmır. Kitabın ən maraqlı yerində bir də ayıldım ki, “kahin” sözünü “kabin” kimi oxuyuram.
Bu mənim kitab haqqında bir oxucu kimi şəxsi fikirlərimdir. Burada söhbət sırf öz zövqümdən gedirdi. Şair olduğum üçün, təbii ki, nəsrin spesifik təhlilini digərlərinin apardığı səviyyədə apara bilməzdim. Amma…
Kitab haqqında öz fikirlərimi yazmazdan əvvəl qərar verdim ki, oxuyub görüm, məndən əvvəl kim nə yazıb? Bu qərarı verəndə isə heç bir təsir altında qalmamağı özümə hədəf kimi qoymuşdum.
Vüsal Aydının “Laokoon… Laokoon…” əsəri haqqında yazdığı yazını oxudum və o qədər çox “bəyəndim” ki, mühaciri “tərifləmək” qərarına gəldim.
“Ən pozulmuş saatlar belə gün ərzində bir dəfə doğru zamanı göstərdikləri kimi Vaqiflə Firəngiz də bu gün ərzində ilk dəfə bir-birini doğru-düzgün anladılar” cümləsini oxuyan Vüsal Aydın yazıb ki, bəs birincisi, akademik adam türk qardaşlarımızın “kamyon arkası yazısı” səviyyəsində bir ifadədən istifadə etməməlidir, ikincisi də, dayanmış saat gün ərzində burada göstərildiyi kimi bir dəfə yox, iki dəfə düz göstərir.
Mən isə, işin içinə sadəcə tənqidi yazı yazmaq üçün kitabı oxumaq gerçəyi girəndə Vüsal Aydının gözündən qaçan bəzi qaranlıq detalları gün üzünə çıxarmaq istəyirəm.
Əvvəla, o “kamyon arkası yazısı” deyil, atalar sözüdür. İlk dəfə 1711-ci ildə “Spectacor” dərgisində çap edilib. Bu barədə nəsə öyrənmək üçün kiçik bir araşdırma etmək kifayət edərdi.
Bir də ki, həqiqətənmi dayanmış saat gündə iki dəfə doğru göstərir?
Vüsal Aydın, tutaq ki, səhər 05:30-da “tərifləməli” olduğun bir akademik var. Saat 02:00 radələrində yatarkən səsli zəngi 05.30-a qurub yatırsan. Bədbəxtliyə bax ki, saatın 03:00-da dayanır. Bu zaman səsli zəng çalmayacaq və yuxudan oyana bilmədiyin üçün növbəti akademiki “tərifləyə” bilməyəcəksən.
Burada öz arqumentimlə “reductio ad absurdum” məntiq qavramına istinad edirəm və bir anlıq öz içimdə dayanmış saatın belə gündə iki dəfə doğru göstərməsi iddiasının düzgünlüyünü qəbul edərək səninlə üç saniyəlik razılaşıram:
Əziz Vüsal, bu hipotetik vəziyyətdə, sənin dayanmış saatın gündə iki dəfə düzgün vaxtı göstərəcək.
Dördüncü saniyəyə girən kimi məntiq mənim başımı qapazlayır ki, özünə gəl, bura Cenevrə yox, Bakıdır. Təcili Vüsal Aydından soruş gör, (burada “təcili” sözü zərfdir, Vüsal Aydına yox, “soruşmaq” felinə aiddir) dayanmış saatın iki dəfə doğrunu göstərməsini qəbul etməyi səsli zəngi qurarkən akademiki “tərifləmək” məqsədinə kömək edibmi?
Vüsal Aydın yaman səmimi uşaqdır. O etiraf edir ki, kömək etməyib. Hətta əlavə edir ki, dayanmış saatın gündə iki dəfə düzgün vaxtı göstərməsi fərziyyəsinin burada ona heç bir faydası və ya töhfəsi olmayıb.
Əziz Vüsal, bu hipotetik vəziyyətdə isə sənin dayanmış saatın gündə bir dəfə düzgün vaxtı göstərəcək.
Bu sənin toxunduğun bir qədər beyin ütüləyən məqam idi. Bəlkə özün də bilmədən yeganə maraqlı mövzu kimi bunu açmışdın, mən də onu sənə izah etmək istədim ki, hər şey əslində elə yox, belədir. Lap ürəyim dolu imiş ki…
Bir də toxunduğun digər məqamlar var. Gülməli olanları deyirəm.
Ümumiyyətlə “sinəyə bərk-bərk sıxılan kitabı necə oxumaq olar?” deyə etiraz etdiyin üçün mənim də ağlıma bu gəlir ki, sən ya hər pozada kitab oxumağı yoxlayıb məhz bu pozanın mümkünsüz olduğu qənaətindəsən, ya da sadə həqiqətdən xəbərin yoxdur. Uzandığın yerdə kitabı açıb oxuyanda onu hər bir halda havada tutmursan, kitabı şaquli vəziyyətdə sinənə sıxırsan. Mən ilk oxuyanda da həmin cümləni bu cür başa düşmüşdüm. Əlbəttə, ola bilsin ki, ölkəmizdə avtobus və metrolarda kitab oxuma mədəniyyəti İsveçrədə olduğu qədər inkişaf etməyib, amma yenə də işdən yorğun gəlib çarpayında uzananda bir kitab açıb oxusan, mənimlə mütləq razılaşacaqsan.
Əslində, xarakterlər fərqlidir, ola bilsin ki, Kamal Abdulla özü sənə bir cavab verər, ya da verməz. Bu onun öz işidir. Amma sənə səmimi şəkildə deyirəm ki, şəxsən mən mışıl-mışıl yatdığım yerdə haqqımda on dənə belə yazı da yazılsa, laübali olaram. Boş yerə qələmini əlinə götürüb yazdığım cümlənin altını xətləməyə hazırlaşma, ilişdiyin hər iki söz əmin ol ki, Azərbaycan dilinin lüğət tərkibində var. Hə, alman, italyan, fransız ya da roman dillərində yox, lap elə Azərbaycan dilində…
Hər şey bir qırağa, kitabı bu cür diqqətlə oxuyan biri ” “Şəbəkə” restoranın süfrəçisi heç vaxt xörək paylamasa da, gah “xörəkpaylayan” olur, gah “çayçı” “ deyəndə, az qala iyi kitabdan çölə vuran balığın süfrəyə gətirildiyini nə əcəb nəzərindən qaçırıb, lap məəttəl qaldım. Qaçan balıq həmişə iri olarmış!
Vüsal Aydın başa düşə bilmir ki, hansısa bir kitabı bu cür məsxərəyə salmaqla təkcə bir nəfərə (müəllifə) yox, həmin kitabı oxuyub bəyənən minlərlə insana birdən haqsızlıq etmiş sayılır. O deyir ki, yazımı oxuyanda ürəklərində də olsa “düz deyir” deyəcəklər. Mən əminəm ki, o da həmin yazını yazanda ürəyində də olsa “elə bil, bir az ağ elədim” deyib. Ya da deməyib, dəqiq bilmirəm. Məsələni şəxsi zəminə çevirdikdə isə onu gözdən salan məsələ (söhbət ədəbiyyatın gözündən gedir) yazdığı yazıdan çox, ona verilən cavabları öz aləmində məsxərə obyektinə çevirib feysbuk hesabında paylaşmağı oldu. Mən məhz bu nöqtədə onun adına təəssüf elədim. Bir də ki, “tuman-köynək” sözünün arasında defisin qoyulub-qoyulmamasına ilişəndə, müəllifin “Bu roman Laokoona inanan Troya haqqındadır” ümumiləşdirməsindəki dərinlikdən azca utana bilərdi. Başqa heç nə.
Kimsə öz kefinə görə primitiv inversiyaya uğramış “bərk-bərk” zərfini felə yox, qızın sinəsinə aid edərək çürükçülük (əziz Vüsal Aydın, oxu: çürüklük!) edirsə, düşünürəm ki, mən də öz kefimə görə başqa cürə çürükçülük edə bilərəm. Mühacirimiz statistika tutmağı xoşladığı üçün onunla öz dilində danışmaq qərarına gəldim və yazısının üçüncü sətrində işlətdiyi “tövhə” sözünün əslində “töhfə” kimi yazıldığını bildirmək istədim. Necə deyərlər, üç sətirə bir qrammatik səhv!
Həm də hesab edirəm ki, mənim etdiyim çürükçülük daha insaflı və məntiqəuyğundur. Bir də nəzərə alanda ki, Bakıda yazmaq Cenevrədə yazmaqdan daha çətindir, bu da məni “1-0” hesabı ilə irəli atır. Bu dəfə matç Bakıdadır.
Mən isə mühaciri sadəcə “təriflədim”.
P.S. Redaksiyadan. Sim-sim.az bu yazı ilə xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon” romanı ətrafında baş tutan maraqlı müzakirəni yekunlaşdırır. Bir daha müzakirədə iştirak edən hər kəsə təşəkkür edirik!