Öz həyatı, xüsusilə də uşaqlığı, gəncliyi haqqında xəsisliklə danışan Stefan Sveyq deyirdi ki, mən əsrin sonlarında bütün Avropa intelektuallarının yaşadığı adi ömür yaşamışam. 1881-ci ildən başlayan Sveyqli Vyana tarixi isə bunu söyləmirdi. London, İtaliya, Paris, İspaniya, Hindistan, ABŞ, Kuba, Panama, İsveçrə, Salzburq – bütün bu ölkələr, bu şəhərlər onun kəskin çıxışlarına şahid olacaqdı. Müharibə əleyhinə danışan yazıçı Braziliyada arvadı ilə birlikdə intihar edəndə Avropadakı böhrana etiraz etməklə yanaşı, dünyaya ədəbiyyat adamının sadə, sıradan, birxəttli və bir ölkəyə bağlı olmadığını və daha dərin ismarıclar ötürdü. Bəlkə də, “Naməlum qadın” “Şahmat”la məcburiyyətdən “Qeyri-adi gecə”də “Ravelin Tanrıyla hesablaşması”na şahid olacaqdı. Bu, bəlkə də “İblislə savaşanlar”ın kitabı adlanacaqdı… Bu dəfə Sveyq Nitşeyə baxırdı. Özünün mürəkkəbliyi, əhatəli qələmi ilə. Əsəri hər dəfəsində zövqlə oxumaq bir yana qalsın, düşünürəm ki, elə bil, Nitşe tənhalığını Sveyqlə bölüşmüşdü, ona dostsuz, şöhrətsiz, qadınsız həyatını anlatmışdı. Sveyq onu anlamışdı, başa düşmüşdü ki, söhbət özü, sadəcə özü ilə olmaq istəyən adamı yorur, bezdirir, tükəndirir, müqəddəs yanlızlıq iztirabın tikanlı topunu hər dəfə Nitşeyə vurduqca, onların arasında təxminən belə dialoq baş tutur:
– Neyləyim ki, mən bədən və ruh deyil, üçüncü bir şeyəm.Bütün varlığımla, hər şeyimlə əzab çəkirəm.
Sveyq düşünən üz ifadəsi ilə susur. Sonra qərara gəlir ki, özü olan biriylə özüm olacağam:
– Duyğuların təzyiqinə həddindən artıq həssasınız.
Nitşe sağlam alman soy-kökünün verdiyi polad məntiqlə, gözlərini qıyaraq cavab verir:
– Almaniyada fəlsəfə keçilən heç bir yerdə, məndən əvvəl iztiraba bu dərinlikdə enən olmayıb.
– Leybtnis, Kant,Hegel, Şopenhauer talelərini bilik uğrunda ölümə sizin kimi atmadılar, taleyə qarşı təminatlı mövqedən çəkilmədilər.
– Önəmli olan sonsuz canlılıqdır, sonsuz həyat deyil, Sveyq.
– Passio Nuova yəni..
– Mən desperadoyam. On altıncı əsrin sonundakı ispan dünyasının işğalçıları kimiyəm. Millətsizəm, başsız, kralsız, evsiz, başı pozuq dəstə kimiyəm.Təkliyimdə milyonları birləşdirmişəm. İşğal etdiyim beyinlərdir. Qənimət götürmərəm, din, kral üçün etmirəm işğalımı. Mənim işim sırf fəthetmədi.
– Siz coşqunluğun alov rənginə bənzəyirsiz.
Nitşe çərçivələri çoxdan köhnəlmiş, qopub yerə düşməyə hazır qalmış pəncərədən uzaqlara baxdı, hava dəyişirdi, bu gecə ağrılarla dolu saatlar gələcəkdi.
– Mən əxlaqi hiylə, tələ, kilsənin qorxusu, sənət yalanı, saxta vətən təəsübkeşliyi, yəni düşüncə sahəsində hər cür boyat, qıcqırmış, qeyri-sağlam şeylərə qarşı sərt mövqeydeyem.
– Dostoyevski də sizdən doğruluqda geri qalır desəm… O bəzən haqsız olur. Məlumatın orta yerində şişirtmələrə yol verir. Siz isə görməyi sadəcə bacarmırsız, siz bunu istəyirsiz. Düşünmədən heç nəyin üzərindən keçmirsiz. Hörmət və duyğudan ötrü toxunmağa kimsənin haqqı yoxdu deyirsiz.
Meteoroloji həssaslığın ayaq səsləri eşidilirdi. Keçən həftə Luqanoya dəniz havası üçün gedən filosof Raqas kurortuna ümid bağlayır, bəlkə ağrılardan xilas olaram deyə. Sveyqin diliylə desək, əsəbinin yanıb gərilməsini, orqanlarının sürəkli oyaqlığını sona çatdıracaq nağılvari yer axtarır. Sveyqin səsi onu xəyallardan ayıldır.
– Siz orta səviyyəli insan portretinə zərbə vurmusunuz.Yaxşı dolanmaq, mülayimlik, ürkəklik, rəhmdillilik – bu kimi xüsusiyyətlərin olmamasını önə çəkmisiz.
– Hə, əlbəttə.Ürəyiyuxalılıq günahdır. Korluq yanılma deyil, qorxaqlıqdır. Kim ki, utanmaqdan, əzab verməkdən çəkinir, o son sirri heç vaxt kəşf edə bilməyəcək.
– Siz düşüncə qorxağı deyilsiz. Sizin qərarlığın vəzifəsini başdansoyuqluluq edib ləngidənlərə qəzəbli baxışınız var. Sərt, möhkəm, zalım, mərhəmətsiz olaq deyə sual vermək istəyirəm sizə.
– Mən dünyaya dərs vermək, ya da onu düzəltmək haqda düşünmürəm. Dünyanı, özümü rahatlatmağa çalışıram. Özümdən güc, qüvvə, qəddarlıqla qopardıqlarım sayəsində. Məsələn, din. O ki aşağı səviyyəli insanların məsələsidir. Niyə o məndə qalmalıdır, niyə mən dinlə məşğul olmalıyam?
Sveyq dalğalı saçlarını arxaya daramış, baxışlarındakı dərinlik qəlbə nizə kimi batan, bığları ilə çox sözlər söyləyə biləcəyi halda, kilidlənmiş dodaqlarını gizlədən bu adama baxdı:
– Bu dəqiqə Almaniyanın göbəyində oturmuş bu fikir adamından niyə kimsənin xəbəri yoxdu deyə düşündü .
– Filalet yəni?
– Bəli, eynən bu. Mən xoşbəxt deyil, doğru olmaq istəyirəm, dayanacaq axtaran filosof deyiləm. Bax, Höte. Onun nəzəriyyələri deyir ki, həyat sonda uyğunlaşma və fədəkarlığa əsaslanır. O tarazlığı qorumaq üçün orta təbəqə insanı kimi kompromisə, uzlaşmaya ehtiyac duyur. Mən əksini edirəm, təbiət və cəmiyyətlə ölümcül düşmənçiliyə girişmişəm. Hölderlin isə şaircə həyatı irəli aparmaqla müqavimət göstərir. Mən özümü təcrübə kimi, dəyişdirici fikrin canlı nümunəsi kimi ortaya qoymuşam.
– Siz həyatın qanununa qarşı çıxmısız, düşüncənin həqiqətən faciəvi qəhrəmanısız.
– Bəs nə? Evlərinizi Vezuvi ətrafında qurun.
Nitşe ilk dəfə gülümsədi, filosoflara səslənmişdi bu çağırışı ilə. Nədən gülümsədiyini Sveyq anlaya bilmədi. Bu gün isə bilirdi səbəbini. Bilirdi ki, Nitşedən nə əvvəl, nə sonra kimsə Vezuvi ətrafında evini qurub, proqramlı, təminatlı həyatını ideyalarına görə təhlükəyə atmayacaqdı. Nitşe bunu bilirdi, yalnızlıq onu boğurdu. Bəzən insan kədərindən elə gözəl gülümsəyir ki. Şəhər rütubətli havasına bəsdir deyənə oxşamırdı, Nitşenin ağrıları gözlərindən oxunurdu. Deyirdi ki, Əzab həmişə səbəblər soruşur, halbuki Həzz dayanmaq və geriyə baxmağa meyillidir. Əzab ruhun torpağını alt-üst edir. Ancaq böyük ağrı ruhun son xilaskarıdır, yalnız o bizi içimizin ən dərinliklərinə enməyə məcbur edir. Sveyq onun gözlərindəkiləri yazırdı. Nitşe eyni anda həm özü adlı həqiqətin bütün problemlərdə bu an üçün mövcud olduğunu, həm də heç birində mövcud olmadığının canlı mücəssəməsi idi.
– Siz, baxın siz, bu ehtiraslı səmimiliyi, dəlicəsinə xəstəlik dərəcəsində əzab verəcək qədər irəli gedən həqiqətpərəstliyinizlə canınıza qəsd etmiş olmursuz?
– Mən amoralistəm. Təmiz olmayan ortamda mən məhv oluram. Tutqunluq, mənəvi natəmizlik mənə ölümcül təsir edir.
– Bəs Riçard Vaqner?
– Onunla dostluğumu müqəddəs sayıram.
Qısa keçməsini, Vaqnerlə bağlı söhbəti uzatmamasını Sveyq tez hiss etdi. Onun əsəbi jesti yazıçını qorxutdu. Axşam düşürdü. Sveyq bir həftəliyə şəhərdə idi. Hər gününü özünə yalnız özünə çevrilmiş filosofla keçirtməyi elə ürəkdən arzulayırdı ki… Ayağa durdu, əlcəklərini taxdı, şlyapasını stolun üstündən götürdü. Sağollaşdı, bayıra çıxanda havadan kədər qoxusu duydu…
***Passio Nuova – italyanca yenilik ehtirası yaxud ədalət yanğısı
** Filalet-Aleteyan – yunanca həqiqət personajı
* S.Sveyqin əsərləri:
Şahmat”
“Naməlum qadının məktubu”
“Qeyri adi gecə”
“Ranel Tanrıyla hesablaşır“
“İblislə savaşanlar”