sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Laokoon… Laokoon…” kitabının önsözü

31/07/2021 - 17:56
A A
Facebookda paylaş

Ön söz

 

Umberto Eko (Yazıçı, filosof, ədəbiyyatşünas, İtaliya): “Ya­rım­çıq əlyazma” romanı cəlbedicidir, amma onu çimərlikdə oxu­maq olmaz.

 

Franko Kardini (Filosof, ədəbiyyatşünas, İtaliya): “Sehr­baz­lar dərəsi” əsərini birinci sə­hi­fədən sonuncu səhifəyə qədər da­yanmadan oxudum. Ro­ma­nı oxuduqdan sonra bütün gecəni nə gözümü, nə də ruhu­mu kitabdan ayıra bilmədim. Bu roman san­ki hər birimizin də­ru­ni avtobioqrafiyasıdır.

Kamal Abdulla bizə xatırladır ki, həqiqətin mürəkkəb, anla­şıl­maz olması onun ustalıqla gizlədilməsi zərurətindən və ya bi­zim onu qavramamağımızdan irəli gəlmir. Bu onunla izah olu­na bilər ki, həqiqət ya yoxdur, ya çoxdur.

 

Maks Statkeyeviç (Ədəbiyyatşünas, professor, ABŞ): Ka­mal Abdulla yazını və sirri bir ara­ya gətirərkən insan məh­kum­luğunun xüsusi təyinatı haq­qın­da fikri inkişaf etdirir.

 

Anastasiya Yermakova (Tənqidçi, Rusiya): Müasir ədəbiy­yat­da gör­kəm­li Azərbaycan yazıçısı Kamal Abdullanın öz məx­susi yeri var. Onun nəsri təkrarolunmaz kaloritlidir.

 

Lüdmila Lavrova (Tənqidçi, tərcüməçi, mədəniyyətşünas, Ru­siya): Fikrimcə Kamal Abdulla bu kitabda, dе­mək оlar, im­kan­sız, təsəvvürə gəlməyən bir iş görüb: о, söz­lə­rin köməyi ilə ya­radıcı təхəyyülü ətə-sümüyə bürüyərək еlə bir gеr­çəklik həd­dinə çatdırıb, еlə məqama yеtişib ki, bu zaman ar­tıq sən özün illüziyaya, başqalarının yuхusundakı хəyala, bəlkə də, ha­çansa kiminsə gördüyü yuхuya çеvrilirsən və bu yuхu haq­qın­da rоman yazırsan.

 

Lev Anniskiy (Ədəbiyyatşünas, filosof, Rusiya): Məsələ Də­də Qоrqud əlyazmasının həqiqi və ya saхta оlub-оlma­ma­sın­da dеyil. Оnsuz da ilğımdır. Bəlkə də, mətndəki buraхılmış yеr­lər təsadüfi səciyyə daşıyır, ya da, оla bilsin, izi itirmək üçün düşünülmüş məqsədli dоlaşıqlıq­dır… Оdur ki, mətndəki “bоş­luqlar” və süjеtdəki “yırtıqlar” yal­nız təhkiyənin zəruri “il­mə”lər və “stоp-kadr”larla təmin еdil­məsini şərtləndirmir. Bun­lar, еyni zamanda, mistik məna da­şıyır və bu mənanı müt­ləq tariхi həqiqətlə əlaqələndirməyə еh­tiyac yохdur. Çünki bеlə bir həqiqət yохdur. Nə о zamanlar möv­cud оlub, nə də indi. Yal­nız ilahi çalğı alətinin tarıma çə­kil­miş simləri üzərində kən­dir­bazın оyunu var.

 

Anar (Yazıçı, tənqidçi, ədəbiyyatşünas): Kamal Abdulla elə şəx­siyyətlərdəndir ki, olduğu hər yer­də, gördüyü hər işdə başı uca olub. Yazıçı kimi də, alim ki­mi də Azərbaycan ədəbiyyatın­da çox önəmli yer tutan ədiblə­ri­miz­dəndir.

 

İsa Həbibbəyli (Ədəbiyyatşünas, akademik): Kamal Ab­dul­lada elmilik və bədiilik o qə­dər vəhdətdədir ki, burada pa­ra­lellik nəzərə çarpmır. O, təm­kin­li bir lokomotiv kimi paralel də­miryol xətlərinin üzərində ədə­bi-ictimai və elmi fikri irəliyə apa­ra bilir.

 

Arif Acaloğlu (Ədəbiyyatşünas, filosof, tərcüməçi, Türki­yə): Kamal Abdullanın romanları ye­ni­dir, illərdir Azərbaycan oxu­cusuna roman adına yedirilənlər­dən fərqli olaraq gerçək­dən romandır.

 

Klod Aliber (Ədəbiyyatşünas, professor, Fransa): Kamal Ab­dullanın “Yarımçıq əlyaz­ma” kimi gözəl mətni Azərbaycan mil­lətinin öz kimliyinə də­rin­dən qayıdış zamanı ilə üst-üstə dü­şür.

 

Sudha Svarnakar (Ədəbiyyatşünas, professor, Braziliya): Ka­mal Abdulla “Yarımçıq əl­yaz­ma” romanında insanları, ar­zu­ları, insan dramlarını təqdim edir, banlar isə dillərin, adət­lə­rin və inancların fərqliliyinə də­la­lət edir, eyni zamanda, mədə­niy­yəti zəngin olan bir cəmiy­yə­tin mif və əfsanələri ilə tanış olu­ruq.

 

 

* * *

Aqşin Yenisey (Şair, tənqidçi): Oğuzların igidlik dastanı “Ki­tabi-Dədə Qor­qud”u postmodernist təftişin divanına çəkən Ka­mal Ab­dul­lanın əlyazması Ankaraya gəlib çıxmış “Bir ro­ma­nın ger­çək yazılma tarixçəsi” romanının ana ideyası da budur: mət­nə inan­maq! Amma eyni zamanda ondakı semantik pauza­lar­dan şüb­hələnmək! Romanın sujetini arxasınca dartıb aparan Va­qif ob­razının “sonsuz lüğət” kimi inandığı mətn millətimi­zin arxe­o­loji anatomiyasını təsvir və təfsir edən “Kitabi Dədə Qor­qud” das­tanıdır.

…Heç bir mətn yalnız doğrulardan ibarət deyil, hətta ilahi mətn­lər də. Mətnə inanmaq oradakı yalanlara da inanmaqdır; göz yummaq yox, məhz inanmaqdır. Bu, fövqəlbəşər möminlik mə­qamıdır. Kamal Abdullanın yazıcı qəhrəmanı Beyrəyə inan­dı­ğı qədər Yalıncığa (yalançılığa) da inanır, çünki inandığı qə­dim mətndə, “…hamı bir-birinə inanırdı. Orda hətta Yalançı oğ­lu Yalançıya da inanırlar. Şöklü Məliyə də inanırlar. Təpə­gö­zə də inanırlar. Orda Laokoona da inanardılar”.

 

Ramiz Rövşən (Şair, filosof, ədəbiyyatşünas): Köhnə dos­tum Kamalın bu yeni romanı (onun öz sözüylə desək, “roma­na­bənzər”i), məncə, təxminən iyir­mi il bundan əvvəl məşhur “Ya­rımçıq əlyazma” ilə başla­yan romanlar silsiləsinin son, ye­kun kitabıdır. Hətta yazının adı da bunu deyir: “Laokoon, La­o­ko­on… yaxud bir romanın “ger­çək” yazılma tarixçəsi”. Söhbət han­sı romandan gedir? Tə­bii ki, “Yarımçıq əlyazma”dan. De­mə­li, bu sonuncu roman bi­rin­ci romanın yazılma tarixçəsidir. Və beləliklə, çevrə qapanır. Bü­tün tanış kodları, zahiri oxşarlıq­la­rıyla bərabər, bu iki roman bir-birindən çox fərqlənir. Əgər “Ya­rımçıq əlyazma”da bu gün, yə­ni gerçək zaman sadəcə çər­çi­və rolunu oynayırdısa və roma­nın az qala bütün toxumaları “Də­də Qorqud” dastanındakı müx­təlif motivlərlə, eləcə də Şah İs­mayıl haqqında (“Çaldıran dö­yüşü” də daxil olmaqla) kitab­lar­dan bildiyimiz müxtəlif ta­ri­xi məlumatlarla bağlı bir çox göz­lənilməz, paradoksal təxmin­lər­dən, ehtimallardan, fərziy­yə­lər­dən hörülmüşdüsə, bu yeni ro­manda “Dədə Qorqud” mo­tiv­ləri, demək olar ki, sadəcə ha­şi­yə şəklindədir, romanın əsas məz­munu isə aralarında böyük yaş və maraq fərqi olan iki nə­fə­rin, Vaqiflə Firəngizin sevgi he­ka­yətindən ibarətdir.

Vaqif müəllim Firəngizi də özü kimi “Dədə Qorqud”a yo­lux­durmaq, “kitab”la “xəstələndirmək” arzusundadı. Və Firən­gi­zin yuxuları onun bu arzusunun get-gedə gerçəyə çevril­di­yi­ni göstərməkdədi. Amma bircə gün həkim işləməsə də, hər hal­da, peşəsi həkimlik olan bu qızın bu “kitab xəstəliyindən” qur­tulacağına da ümid eləmək olar. Çünki Vaqif müəllimdən fərq­li olaraq, Firəngiz üçün yəqin Banuçiçəklə Basat arasında keç­mişdə hansısa sevgi münasibətinin olub-olmadığını bilmək­dən daha çox onun özüylə Vaqif müəllim arasındakı sevgi mü­na­sibətinin gələcəkdə necə olacağını bilmək maraqlıdır. Yəqin elə Vaqif müəllimin özünün də bir müddət “Kitabi Dədə Qor­qud”dan, “Kitab”ın da Vaqif müəllimdən “dincəlmək” vax­tı­dır.

…Enerji adlarda yox, adların sahiblərində olur. Bu da var ki, ad­ların bir çoxu arxetip xarakteri daşıyır. Yəni alt qatında mü­əy­yən “informasiya bankı” yerləşir. Bu mənada Vaqif adı, mən­cə, təsadüf deyil. Vaqif adının özünün belə, xalq arasında ar­tıq enerjisi var. “Hər oxuyan Mola Pənah olmaz”, – deyirlər və Vaqif adı da bir vaxtlar böyük şairin çox bilikli olduğuna gö­rə verilib. Kamal da bu adı yəqin ki, obraza təsadüfən ver­mə­yib. Firəngiz də bir gözəl qız adıdır. Adların insan taleyinə tə­siri çox olur. Qıztamam, Kifayət kimi adlar hətta, dünya gö­zə­li olsalar belə, o qızlarda bir diskomfort hissi yaradır. Amma so­vet ədəbiyyatına məxsus bir ənənə, yəni müsbət qəhrəmana qa­nadlı, mənfi qəhrəmana isə tikanlı, bəzən hətta alçaldıcı ad­lar vermək ənənəsi çoxdan arxada qalıb. Çünki adlar obrazı de­yil, obraz adı yaşadır.

 

Tehran Əlişanoğlu (Ədəbiyyatşünas, tənqidçi): Sözsüz ki, Ka­mal Abdulla özünün “Ber­mud üçbucağı” adlandırdığı “Ya­rım­çıq əlyazma”, “Sehrbazlar də­rəsi”, “Unutmağa kimsə yox” ro­manları ilə ədəbiyyatımıza ye­ni roman tipi gətirmişdir. Mü­a­sir tematikada yazdığı son iki: “Sir­lərin sərgüzəşti” və “Laoko­on, Laokoon… yaxud bir roma­nın “gerçək” yazılma tarixçəsi” ro­man­larını yazıçının “Bermud üç­bucağı”nı daha da dərinləş­dir­mək, əlavələr, şərhlər yazmaq, oxu­cunu daha da sirlər alə­mi­nə çəkmək cəhdi kimi dəyərlən­di­ri­rəm. “Laokoon…”da özü işa­rə verir: “bir romanın “gerçək” ya­zıl­ma tarixçəsi”; və baxıb-gö­rürük ki, söhbət “Yarımçıq əlyaz­ma”nın ərsəyə gəlməsindən ge­dir. Əlbəttə, düşünmürəm ki, bu ro­man “Yarımçıq əlyaz­ma”­ya aparan yeganə yolu göstərir; ol­sa-olsa “tarixçə” yazı­çı­nın təklif etdiyi versiyadır və bu ətrafda oxu­cunu “Bermud üç­bu­cağı”nın daha da dərinlərinə çəkmək üsu­ludur. Prinsipcə, “La­okoon…” müasir sevgi romanı kimi də ma­raqla qarşılana bi­lər; Vaqif adlı bir alim-yazıçının Firəngiz ad­lı bir xanımla psi­xo­loji çalarlarla zəngin münasibətləri üzə­rin­də qurulmuş sevgi ro­manı. Amma yazıçı sadəcə belletristika nü­munəsi ilə kifayət­lən­məyib, oxucunu qəhrəmanı Vaqifin an­ti­ka ilə çulğalaşmış alim və yazıçı dünyasına şərik etmək niy­yə­ti güdür; çünki özü­nü də bu sirli-sehrli dünya çox məşğul edir…

Məncə, Kamal Abdulla Laokoon motivini heç də təsadüfən ro­ma­na kodlardan biri kimi daxil etməyib. Bu, sadəcə Vaqifin dərk etməyə çalışdığı və Dədə Qorqud dünyasında da para­diqm­lərini axtardığı düyün nöqtəsi deyil, həm də Kamal Ab­dul­lanın sənət görüşlərini ifadə etməyə çalışdığı düşüncə mə­qa­mıdır. Lessinqin məşhur “Laokoon, yaxud təsviri sənətlə po­e­ziyanın sərhədləri” əsərindən də bilirik ki, bu antik mif hər dövr­də sənətin izahı, sənət görüşlərinin ifadəsinə bir vəsilə olub­dur.

Kamal Abdullanın romana daxil etdiyi “tanış və yad son­suz lü­ğət” anlayışı və bu ətrafda düşüncələri, mənimcə, da­hi­ya­nə­dir; həm yazıçının öz nəsr texnikasını, ifadə mükəmməl­li­yini dərk etməyə açar olur, həm də ümumən müasir yazı dü­şün­cə­si­nin həyat materialını qapsamaqda nə qədər intəhasızlı­ğı qar­şı­sında heyrətləndirə bilir. “Sonsuz lüğət” müasir dünya tə­fək­kü­rünə modernist-strukturalistlərin daxil etdiyi Yazı an­la­yı­şı ki­mi, yaxud poststrukturalist-postmodernistlərin gətirdiyi Mətn an­layışı kimi bütöv bir düşüncə platformasına rəvac ve­rir. Am­ma məsələ belədir ki, Kamal Abdulla, adətən, bu qəbil­dən olan “pa­ralel dünyalar”, “möhtəşəm ahəng” və burada “son­suz lü­ğət” kimi “sirlərin sərgüzəştləri” haqqında birbaşa el­mi nəzə­riy­yələr kimi deyil, yazıçı qələmi vasitəsilə düşün­dür­məyə üs­tün­lük verir. Bu istiqamətdə “Laokoon…” da çox pro­duktivdir; ya­zıçı-alim Vaqifin düşüncələri oxucunu bir-bi­ri­ni izləyən və ta­mamlayan çox belə fikir püskürmələrinə şərik edir…

 

Azər Turan (Ədəbiyyatşünas, tənqidçi): Məncə, yunan mi­fo­lojisi ilə türk mifolojisinin bir mətndə tətbiqi bizim ədəbiy­ya­tı­mızda ilk dəfə baş verir. Və Ka­mal Abdulla hazır mifoloji mət­ni “Laokoon, Laoko­on…”nun hansısa hissəsinə passaj şək­lin­də daxil etmir. Mif gün­lük həyatımızı, romandakı personaj­la­rın düşüncə dünyası­nı, həyata baxışını, yaşam tərzini Laoko­o­nu saran ilanlar kimi sa­rır. Laokoon mifi də, Troya atı da, sev­gi də Dədə Qorqud mo­tivləri ilə eyni zamanın məhvərinə gə­ti­ri­lib. Vaqif də, Fi­rən­giz də bu motivlərin bir hissəsini təşkil edir və ikisi də həmin məh­vərdədirlər. Bu romanla Kamal Ab­dul­la, məncə, öz yaradı­cı­lıq kredosunu da ifadə etməkdədir. Yal­nız tanış sonsuz lüğət­də (bəlkə də, yaddaşın alt qatında) var olan sevimli qəhrəman­la­rı pyedestaldan aşağı, hamının yanına dü­şürmək Kamal Ab­dul­lanın kredosu olub. Özü demişkən, bu, çox təhlükəli idi. Am­ma Kamal Abdulla bunu öz elmi və bədii ya­radıcılığı ilə pa­ralel şəkildə gerçəkləşdirdi. Nəyi və necə? Mo­dern sənət ta­ri­ximizdə rəssam Mircavadla başlanmış “İlkin qa­ta eniş” moti­vi­nin işlənməsi ədəbiyyatımızda bu romanın adı ilə assosiasiya edə­cək. Kamal Abdullanın ilkin qata eniş cəh­di bu səbəbdən də mənə Mircavadı xatırlatdı. Dediyim ki­mi, rəssamlıqda bunu ilk dəfə hətta düşüncələrini paralel dün­ya­lara pərvazlandıran, hət­ta Antik Yunan sənəti, renessans, hət­ta Tailand və Birma büt­ləri, Tuva balballarının fani əzəməti, Acan­ta və Tibet kahin­lə­rinin yaratdığı ikonalardan, hətta eski­mos sənətinin ruhlar alə­mi ilə irtibatından, hətta şamanizmdən və nəhayət, yaşadığı za­mandan sərf-nəzər edib fikrən tarixin və kosmosun ötəsinə – il­kinliyə sıçrayan Mircavad etmişdi, ədə­biyatımızda isə bu mis­si­yanı Kamal Abdulla yerinə yetirir. Mir­cavadı anlamamışdı­lar. O isə tanış və yad sonsuz lüğətin bü­tün sözlərini əzbər bi­lir­di, bu lüğətin sözləri ilə sadə hə­qi­qət­ləri kətana köçürmək is­tə­yirdi: “Qədim əcdadlarmız bizə iki, bəzən yeddi, doqquzdan da çox dünyadan xəbər verib ge­dib­lər – fiziki və metafizik dün­ya. Ancaq mənim rəsmlərimi ba­şa düşmək istəmirlər. Ən dəh­şətlisi də budur ki, istəmirlər! İn­sanlar xəstədir, onlara pəh­riz yeməyi, incəsənət horrası la­zım­dır ki, boğazdan rahat keç­sin. Onlar özləri özlərini başa düş­mürlər, dünyanı necə başa düş­sünlər?” Bir halda ki, on­la­rın tanış sonsuz lüğətləri yoxdu, doğ­rudan da, dünyanı necə ba­şa düşsünlər. O zaman Micavadı suç­ladılar, sonra öydülər, ya da indi də Kamal Abdullanı suç­la­yırlar, yaxud öyürlər… bun­lar “təfərrüat”dır. Əsas olan ilkin qa­ta enişi təmin etmək­dir.

Kamal Abdulla bunun cavabını Dədə Qorqud mətnlərində ax­tarır. Mənim yadıma İbn Fədlanın “Səyahətnamə”sində qə­dim türklər barədə verilmiş belə bir informasiya düşür: “Er­kək­lər və qadınlar bərabər çaya girib çırılçılpaq yuyunarlar, bir-birindən qaçmazlar”. Bu necə ola bilirmiş? Bunun cavabını do­layısı ilə Kramerin “Tarix Şumerdən başlar” kitabında tapa bi­lərik. “Çox şükür, modern tarixçilər Şumer şairlərini tərbi­yə­siz hesab etmirlər”. Çünki ilkin təəssüratlarla yaşayan və se­vən, şeyləri ilkin adı və mənası ilə adlandırıb yazan Şumer şa­ir­ləri ilə bizi üç sivilizasiya ayırır… İlkinlik qatı hələlik üç mər­hə­ləsini bildiyimiz sivilizasiyanın dərinliyində, yaxud fövqün­də­dir. Kamal Abdulla isə semantik işarələrə söykənib, belə de­mək mümkünsə, Dədə Qorqud sivilizasiyasında sevginin və qıs­qanclığın təzahür şəklini axtarır. Təkcə qısqanclıq deyil. Ca­sus axtarışı da bu qəbildəndir. Kamal Abdulla elmin susduğu yer­lərə yazıçı fəhmi ilə baş vurur. Dədə Qorqud dünyasını ev­bə­ev gəzir… Casusu dünyaya gətirən ananı axtarır və tapır. Ulis­sin sorağıyla Beyrəyin qapısını döyür.

 

Vaqif Nəsib (Yazıçı, tənqidçi): Romanı (romanabənzər de­yil) olduqca bən­zər­siz üslubda yazılmış psixoloji əsər hesab edi­rəm. Uzaq əsr­lə­rin Laokoon xəstəliyinə tutulmuş bu günün bir Troya atlısı­nın Firəngiz adlı bir qıza qarşı etinasızlıq müca­di­ləsi dünən və bu gün mənzərələriylə röya və çin şəkildə da­vam edir. Oxu­cu­su­nu öz maraq məcrasına salıb, mübahisəli Tro­ya atının tərkin­də bu günlərə kimi gətirib çıxarır. Əsər ta­ri­xi və müasir əsərlə­riy­lə nəsr meydanımızda at oynatmış bir mü­əllif qələmindən çıx­mış. Ona görə əvvəlindən axırına kimi hər şey yazıçı səviy­yə­siylə, yüksək peşəkarlıqla həllini tapmış­dır.

Bu əsərdə maraqlı olan həm də nədir?.. Məsələ bundadır ki, ilk baxışdan qəliz görünən, az qala, oxucunu ürküdə bilən La­o­ko­on adı çox keçmədən öz mənasını aydınlığına çıxarır. Etina­sız­lıq rəmzi olduğunun hayını-harayını salır. Elə hər şey də bu­ra­dan başlayır. Əsər məcrasını, yunan, Troya abidələrinin ya­nın­dan alıb, bu günlərlə, onun gerçəkləriylə bədii cənginə baş­la­yır. Qəhrəmanı, yeni əsəri üzərində işləyən Vaqif ilişib qal­dı­ğı Laokoon kəlməsindən, həm də gerçək həyatındakı etina­sız­lı­ğın­dan özünün xilasına çalışır.

 

Elnarə Akimova (Ədəbiyyatşünas, tənqidçi): E.Lenort XIX əsr­də qədim karel-fin nəğmə və rəvayətlərini epos modelində uy­ğunlaşdırıb epik mətnin bü­tövlüyünü yaratmışdı. “Kaleva­la” adlanan bu epos arxaik folk­lor formalarının birləşməsindən ya­randı əslində. Fin oxu­cu­su, fin insanı da “Kalevala” qəhrə­man­larının, orada söylə­nən hadisələrin gerçək varlığına inan­dı. Niyə? Çünki bu eposla xalq öz qutsal dəyərlərinə qayıtdı. Hər bir xalqın öz keçmişi, yad­daşı, qəhrəmanlıq tarixi ilə ün­siy­yət yaratmağın yolu epos es­tetikasından keçir. Epos xalqın tə­şəkkül tarixi ilə bağlıdır, mil­lətə özgüvənlik ruhunu, mifik keç­mişlə bağlantı əminliyini təl­qin edir. Bu mənada, Kamal Ab­dulla mətnlərinin daim bir pred­meti olub: Yazıya, yaddaşa inam! Həm də burada söhbət han­sısa folklor formalarının məc­mu­sundan deyil, dünya das­tan yaradıcılığının nadir nümu­nə­lə­rindən sayılan, oğuz baha­dır­larının savaş salnaməsi olan “Ki­ta­bi-Dədə Qorqud” eposun­dan gedir.

…Əslində, Vaqif də əsərdə Laokoondur. Kitabla bağlı bey­nin­dən keçən fikirlər, qaranlıq boşluqların yaratdığı gərginlik, bun­ları kimləsə bölüşmək ehtiyacı və inanılmamaq qorxusu! Fi­rəngizin ona inanması onda öz fikirlərini yəqinləşdirmək üçün gərək olur. Ona inanılmağı istəyir: “Vaqifin Firəngizdən bu­nu eşitməyə ehtiyacı vardı: “sənin sevdiklərini mən də sev­dim. Mənim çiyinlərimdə pudluq daşlar var idi. İndi yoxdular. On­lar hara yox oldular?! Mən çəkisizəm. Mən azadam. Mənə elə gəlir ki, uçmaq istəsəm, uça bilərəm. Sən də mənimlə uça bi­lərsənmi” ?!

Yazıçı Kitabdakı qaranlıq boşluqlara diqqət yönəldir: Təpə­gö­zün özünü öldürməsini sui-qəsd, yaxud öz canına qıyması ki­mi mənalanması, Qısqanclıq – Banuçiçək-Basat məsələsi, Ca­sus – Kafisin casusu. Kamal Abdulla manerasına sadiq qalaraq, ye­nə də oxucunu özünəməxsus ədəbiyyat dünyasının labirinti­nə salır. Mizanları istədiyi kimi qurur, müxtəlif passajlarda im­pro­vizələr edir. Faktiki olaraq, reallıqla mifoloji arasında sər­həd götürülür, bədii obrazla real şəxsin iç-içə keçdiyinin şahidi olu­ruq. Əsərdəki casus bölümü bunun sübutudur.

Əsərdə qəhrəmanın iki həyatı paralel şəkildə yaşanır. Yazıçı bu iki həyatı o qədər dərinlikdə mətnə tətbiq edə bilir ki, heç bi­ri kölgə rolunu oynamır. Vaqifin anası, qardaşı ilə münasi­bət­ləri, sevgi həyatı, iş həyatı – hər biri əsərdə periferiya olma­yıb, mərkəzçi status daşıyır. Eyni zamanda onun Kitab sevgisi, ona addım-addım yaxınlaşmaq, çözmək məramı da həmçinin. Ya­zıçı qəhrəmanın təkliyini tez-tez mərkəzə gətirir. İş pro­se­sin­də olsa belə, içindəki yazı ilə baş-başa qalmış vəziyyətdədir. Hət­ta dəniz kənarında sevdiyi qadınla birlikdə keçirdiyi zama­nın ürəkaçıcı olmaması, daha çox evə – düşüncələri ilə tək qal­ma­ğa, özünəqapanmağa can atması onun daxili aləminin sıxın­tı­sını, mənəvi diskomfortunu maddiləşdirir.

 

Maral Yaqubova (Ədəbiyyatşünas, tənqidçi): Hər hansı bir mü­əllifin daha əvvəl yaz­dı­ğı bir mətni, onun yazılma tarixçə­si­ni başqa bir mətndə möv­zu­ya çevirməsi ədəbiyyatımız üçün ilk­dir. Fikirdən sözə, söz­dən fikrə, poetik enerjidən dilə, dildən po­etik enerjiyə gedən yol­lar nə vaxt üst-üstə düşür? Müəllif fi­kir­dən sözə gedərkən özün­dən əvvəlkilərin getdiyi yolla ge­dən­də oxucu da artıq çox­dan hamıya məlum bu tapdanmış yol­la sözdən fikrə qayıdır, ədə­biyyatsızlaşma başlayır. Müəllif fi­kirdən sözə yeni yollar sa­landa, yolları özü axtarıb tapanda, oxu­cusuna da sözdən fik­rə aparan yollar yaratmaq şansı və im­ka­nı verəndə hər şey də­yi­şir, ədəbiyyat yaranır. Oxucunu her­me­nevtik dolanbaclarda az­dırmaq, labirintə salmaq, təhkiyə me­şələrində gəzintiyə çı­xar­maq, bir sözlə, ədəbiyyatı dilin qram­matik həbsxanasından xi­las etmək hər mətnin işi deyil. “La­okoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma ta­rix­çəsi”nin oxucusu bilməlidir ki, Vaqif sirləri eləcəsinə aç­ma­ğa gəlməyib, “oyun”u qayda­la­rı­na görə oynamalı!

Ədəbiyyatı həvəskarlıqdan bir-iki pillə yuxarıda dayanıb oxu­yanların mətnə ünvanladığı suallar fərqli olur, onların mət­ni dəlik-deşik edərcəsinə təftiş etmək, söküb-yığmaq, mətni as­tar-üz etmək kimi “zalımca” vərdişləri var, ona görə zalımca de­yirəm ki, bu “zülm”ə tab gətirməyən mətnləri əvvəlcədən bəl­li aqibət gözləyir: yox olmaq! Bir mətni bu qədər təftiş et­mə­nin məqsədi və niyyəti nə ola bilər, nəyi axtarıb tapmaq istəyi­rik? Yüzlərlə cavabın dönüb dolaşıb gəldiyi yer birdir: ədəbiy­yat necə yaranır, oxuduğumuz mətnin arxasındakı böyük ener­ji­ni görmək, bəli, məhz görmək istəyirik. Bir mətn necə yazılır, bir mətn necə formalaşır, necə ərsəyə gəlir, təxəyyülün, bilgi­nin, yaddaşın, həyat hadisələrinin, təəssüratların iştirak nisbəti ne­cədir? “Laokoon, Laokoon….yaxud bir romanın “gerçək” ya­zılma tarixçəsi” romanında Vaqif hər şeyi etiraf edir: “Sanki sa­də bir şey idi. O, öz sözünü başqasının, özü də reallıqda ol­ma­yan bir başqasının adından bu mətnə salmışdı…..Yad son­suz lüğətdən gələnlər əvvəl-əvvəl ad şəklində, sonra söz şək­lin­də, sonra da ideyalar, fikirlər şəklində bahar seli kimi gəlmə­yə başladılar və yavaş-yavaş onun tanış sonsuz lüğətlə yazıl­mış mətnlərinə dolub bu mətnləri onun özü üçün də bəzən ta­nın­maz etdilər.” Kamal Abdulla haqqında oxucuya məlum olan bil­gilər, oxucunun təxmin etdiyi bilgilər və oxucunun heç bil­mə­diyi bilgilər (anılar və təəssüratlar) mətndə birləşir, Vaqif həm tanışdır (Kamal Abdullanın sözlərini “özününküləşdirir”, özü­nü bilərəkdən ifşa edir), həm də yaddır (təğyiri-libasdır, bu də­fə oxucu deyil, yazıçıdır, “Yarımçıq əlyazma”nın fiktiv mü­əl­lifidir). Kamal Abdullanın növbəti avatarı – ədəbiyyatın uy­dur­ma-qurma Vaqifi biz oxucularla “Yarımçıq əlyazma”nı or­ta­ya çıxaran poetik enerjinin heç də sadə olmayan mətnləşmə yol­çuluğunun hələ beyində yazılan mərhələsini paylaşır.

 

Mətanət Vahid (Ədəbiyyatşünas, tənqidçi): Kamal Abdul­la­nın bütün mətnlərinə xas ümu­mi bir cəhət var: o, sözün için­də gizli olan cövhəri görür, du­yur və öz yaz­dıq­ları ilə artıq var ola­nı üzə çıxaran sərraf ki­mi hiss etdirir. Das­tanda yazılmayan­la­rın oxunmalı və yazıl­ma­lı olduğuna ina­nan Vaqifin məqsədi Ki­tabın bətnində var ola­nı “kəşf et­mək”, onlar əsasında uydu­ru­la bilənlərlə mətni ta­mam­lamaq­dır. Belədə o, bilərəkdən və ya bilməyərəkdən Das­tanın ikinci mü­əllifliyinə iddia etmiş olur.

Kamal müəllimin bu romanını onun bütün yaradıcılığından müs­təqil şəkildə də oxuya bilərik. Amma nə olur olsun, onun bu romanı da dünya ədəbiyyatı ilə olduğu kimi, elə özünün el­mi və bədii yaradıcılığı ilə də intertekstualdır – bu, Kamal Ab­dul­lanın yaradıcılıq stixiyasıdır. Məsələn, romanda Firəngizin Das­tana inanmasıyla bağlı etirafı mənə bir neçə il öncə mü­əl­li­fin “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının nəticə his­sə­sində oxuduğum fikirləri xatırlatdı: həmin abzas qulaqlarım­da bu romanın özəti kimi səsləndi. Yəni biz nə qədər tanış “son­suz lüğət”dən qaçmağa çalışırıqsa, yenə onun təsiri üzə­ri­miz­də izini qoyur. Yaddaşımızı itirmədən onlardan qaçmaq müm­kün deyil. Lakin bütün tanış bilgiləri mütləq doğru hesab edə bilərikmi?! Bizi içinə çəkən sözlər, süjetlər “Troya atı” da ola bilər – qurama, saxta, aldadıcı…

 

Qismət (Şair, tənqidçi): …məncə, interdisiplinar eranın ya­zı­çısı Kamal Ab­dul­lanın mət­nini sənət növləri arasında kate­qo­rik sərhədlər qoy­maq is­tə­yən Lessinqin dekonstruksiyası kimi də oxumaq olar.

…Kamal Abdulla bu romanıyla, əslində, riskə gedib. Çünki məş­hur “Yarımçıq əlyazma”nın yazılma prosesindən bəhs edən bu yeni roman əvvəl yazılan əsərin kölgəsində qala bilərdi. An­caq o, bu romanı müstəqil əsər statusuna qaldırıb, məncə, əgər “Bir romanın “gerçək” tarixçəsi” əsəri “Yarımçıq əlyazma”dan əv­vəl yazılsaydı da, biz bu əsəri yenə maraqla oxuyardıq.

 

Nargis (Yazıçı, tənqidçi): Romanda postmodernizmin əsas ele­mentlərindən bö­yük ustalıqla istifadə olunub. Bu kontekst­də roman “Kitabi-Də­də Qorqud” dastanı və “Yarımçıq əlyaz­ma” romanı ilə in­ter­tekstual əlaqədədir. Romanda yazar labi­rint effekti yarat­ma­ğı bacarıb. Bu aspektdən tez-tez real həyat­dan dastana, oradan da postmodern romana keçidlər mövcud­dur.

…Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma ta­rixçəsi” adlı romanda hər şey bir-birilə paralellik və vəhdət içə­risindədir. Romanın labirintlərində gəzişdikcə sanki “Ya­rım­çıq əlyazma”nın səhifələri ilə qarşılaşırdım. Bu səhifələr not­larla, maraqlı fikirlərlə, romanın ilk nüsxələrinə göndərmə­lər­lə doludur… Basat Banuçiçəyi sevirdimi? Banuçiçək yalnız­ca Beyrəyi sevirdi. Bəs kafir qızı? Necə oldu ki, eşqini qəlbinə gö­müb taleyi ilə barışdı? Sirr axı haradadır?

 

Ülvi Babasoy (Ədəbiyyatşünas, tənqidçi): Kamal Abdulla “Ya­rımçıq əlyazma”, “Sehr­baz­lar dərəsi”, “Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti”, “La­okoon, Laokoon… yaxud bir ro­ma­nın “gerçək” yazılma ta­rix­çəsi” romanları ilə beşlik-xəmsə ya­ratmışdır. “Yarımçıq əl­yaz­ma” “özün üçün büt yaratma” de­yir. Tabuları dağıtmaqla ya­na­şı, Azərbaycan ədəbiyyatına fərqli və yeni struktur esteti­ka­sını gətirir. Yeni Azərbaycan romanı hə­rəkatını başladır. Sehr­bazlar dərəsi” intiqam hissi ilə yaşama fik­rini “new age” (ye­ni tərz, yeni dəb) üslubla nağıl poetika­sı­nın vəhdətində təq­dim edir. “Kitabi-Dədə Qorqud” dastanının po­etikasına giriş” əsə­rindəki nəzəri-metodoloji gəzişmələr, say­rış­malar və mətn kon­sepsiyası “Sehrbazlar dərəsi” roma­nın­da prak­tiki əhəmiy­yət daşıyır. Mətnin enerjisi tezisi “Sehr­baz­lar də­rəsi” romanı ilə səsləşir. Kamal Abdulla “Unutmağa kim­sə yox” romanında bir dünya ilə kifayətlənmir. “Sirlərin sər­gü­zəş­ti” romanında ar­xe­tip və arxefaktlar yeni üslub və gör­kəm­də üzə çıxırlar. “La­o­ko­on, Laokoon… yaxud bir roma­nın “ger­çək” yazılma tarixçə­si” romanı metatekstual ədəbiyyat ha­disə­si­dir. Kamal Abdulla­nın yaratmış olduğu mənt dün­ya­sı­nın – beş­liyin tarixi və mi­fo­lo­ji yaddaşı “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” ya­zılma tarixçəsi” romanı ilə qapanır. Bod­liyarın “hiperreallıq” ad­landırdığı çağın roman konsepsi­ya­sı əyaniləşir.

 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az