(İxtisarla)
“Qorio ata”nın səhifələrini birinci dəfə oxumaq üçün açanlara qibtə edirəm. Onları həyəcanlı intizar dünyası, ehtiraslı dram, kəşflər və məna sayrışmaları gözləyir. Balzak amerika yazıçısı Ceyms Fenimor Kuperin hekayələrindəki Yeni Dünyanın qadağan edilmiş meşələrinə doğru olan təhlükəli səfərlərini çox sevirdi. Onun Parisə təzəcə qədəm basmış qəhrəmanları da şəhərin potensial tələlərinin ortasında başqa cür kəşflərlə, təhlükəli şəhər qoçularıyla ayrı cür mübarizə ehtiyacı doğuran tamam ayrı cür vəhşi həyatla üz-üzə gəlirlər. Aristokrat, amma kasıblaşmış ailəsi gənc Ejen de Rastinyakı hüquq təhsili almaq üçün Parisə göndəriblər. Ancaq hüquq sevginin, konfortun, gücün – bunların hamısını birdən əldə etmək yollarının – cazibəli macərasında start nöqtəsiylə yanbayandır. Rastinyak adını bu gün hamı bilir. Əgər Fransada kimisə “Rastinyak” şəklində xarakterizə etsəniz, hamı biləcək ki, əzmkarlığı ilə qabağına çıxan bütün maneləri vurub-dağıdan bir adamdan bəhs edirsiz. Onun bu cür mərkəzi rolda olduğu faciə, az qala, həyatda vacib olan hər şeydən bəhs edir.
“Qorio ata” Parisin Sol Sahilində – Sena çayının şimalında “suvağı qopmaq üzrə olan evlərin yerləşdiyi…bir vadi”dəki uzun bir səyahətlə başlayır, Vokenin pansionu ilə bu bölgədə qarşılaşırıq. Bu pansion Rastinyak kimi yolu yuxarı gedənlər, ya da Qorio ata kimi yolu aşağı düşənlər üçün, yaxud Parisin daha az rəvacda olan bölgələrində adsız-sansız yaşamaq üçün şəxsi səbəbləri olan Votren (“Doqquz canlı” ləqəbi ilə tanınan Jak Kolin) kimilərinə uyğundur. Bir az dəyişkən prioritetləri olan evə sahibəsi Madam Vokenin təsvir edildiyi hissə realizmin klassikasıdır. Əsərin bu hissəsi bizə insanın və məkanın necə bir-birinin içinə keçdiyini, adamın necə öz ətrafının məhsulu olduğunu, həmin şəxsin necə məkanın xüsusi atmosferini yaratdığını canlı şəkildə göstərir. Balzakın “Bronks Zoopark prinsipi” şəklində ifadə edə biləcəyimiz şeyə olan inancının çox əyani örnəyidir bu parça: heyvanların hamısı öz yaşayış sahəsi içində görünməlidir. Əslində, Balzak öz əsərini bir zooloqun əsərinə oxşatmaqdan həzz alırdı. Əsərlərini elmin qeyri-adi mərhələlərdən keçib böyük prestij qazancağı bir əsrin əvvəllərində yazırdı və bəlkə də öz əsərini ictimai naturalizm kimi görən ilk romançı idi.
Lakin Vokenin Pansionundakılar ictimai tiplərdən ibarət deyil. Onlar bu məqamda nə Rastinyakın, nə də təhkiyəçinin cavablandırmaq iqtidarında olduğu sualları soruşublar. Madam Mişono, Müsyö Puare, Viktorina Taifer, Qorio ata – hamısının Rastinyakın faciəsinə tətbiq edilməsi mümkün olan keçmiş hekayələri var. Onun öz macərası isə qaranlıq və sirr içində üzür. O, vikontessa olan qohumu – Paris elitasının zirvəsində olan bir şəxsdir – tərəfindən verilən ziyafətdən yeni qayıdıb və o gün üzünü açmadığı hüquq kitablarının üstündə düşüncəyə dalıb. İndidən elita içində uğur qazanmağın, arzulanan bir qadının könlünü ələ almağın xəyalındadır, qəfil fərqinə varır ki, hər iki xəyalın da ucu gəlib pula dirənir. Yan otaqdan bir inilti eşidir, sakitcə açar deşiyindən içəri baxır. Qorio atanı stolu yıxaraq ayaqlarını yuxarı çevirmiş və stolun arxa taxtasına iplə gümüş şorba kasası bağlayıb sıxa-sıxa külçə halına gətirməyə çalışarkən görür, qocanın ağzından çıxan “zavallı bala” sözünü eşidir. Birdən pansionun əsrarəngiz şəkildə açılan qapısının xışıltısını eşidir, – əmindir ki, xidmətçi qapını içəridən bağlayıb – Votren böyründə yad bir adamla sakitcə içəri girir. Burada araşdırılmalı şeylər baş verməkdədir.
Üstəlik Qorio atanı arabir ziyarət edən iki gözəl qadın var; bu vəziyyət bəzi pansionerlərin ağlına Qorio atanın yüz faiz məşuqələri olan bir qoca olması düşüncəsini gətirir. Qorio atanın onların doğma qızları olmağında israr etməsi əvvəlcə şübhə oyadır. Rastinyak bu qızlardan biriylə sözügedən ziyafətdə qarşılaşır, hətta o qızı rastlaşdıqlarından bir gün sonra, səhər tezdən sələmçi dükanının qabağında görür. Rastinyak bundan ibrət götürür: “Dünən səadətin zirvələrində, hersoginyanın yanında olan qadın bu gün səhər səfalətin son pilləsində, sələmçi yanında! Paris qadını belədir, – dedi. Ərləri onların cilovsuz zinətlərini təmin edə bilmədikdə arvadlar öz bədənlərini satmağa başlayırlar.” Rastinyak belə deyir: “İşin iç üzünü öyrənmək üçün məni maraqlandırırsız.” Parisin aldadıcı xarici görkəminin altında gizli qalan bu və ya digər həqiqətləri maraqlı bir macərada öyrənməkdən uzağıq.
Rastinyakın öyrəndiyi hər şey Votrenin tənqidi şərhlərinə tabedir, Votren öz Parisinin, belə demək mümkünsə, altını da bilir, üstünü də. Votren Balzakın ən qiymətli personajlarından biridir, Qotika romantizmini Parisə xas olan bir realizmə köçürüb, – başqalarının taleyi üstündəki hakimiyyətini fiziki gücdən başqa dünyaya bağlı olan ağlın və bilginin gücündən alsa da – böyük şəhərdə Supermeni əvvəlcədən canlandıran bir fiqurdur. Rastinyakın əzmkarlığının nələrdən qidalandığı – aydın, zarafatcıl və əksi isbat olunmayacaq – bir-bir ortaya qoyur. Nə qədər ürəyə yatan olsa da, Votren bir romançının cavan personajına indiyə qədər uyğun gördüyü ən dəhşətli ata fiqurlarından biridir. Romanın ismi olub cismi olmayan atası Votren Qorio ata ilə tənzimlənir; Qorionun atalığı mənəvi və yaradıcıdır – Rastinyaka belə deyir: “baxın, mən ata olandan sonra Tanrını başa düşdüm”, amma bu, həm də kifayət qədər maddi atalıqdır. Ata olmaq sizi emosionallaşdıra bilər, amma iyrənc şəkildə istismar obyektinə də çevirə bilər.
Qorionun adına əlavə olunan “ata” sözü əldən-ayaqdan düşmüş qoca bir adama eyham vuraraq həm kiçildici bir ləqəb, həm də romanın ata olmaqla bağlı ağrılı yollara girdiyinin işarəsidir. Bu ata, qız və xəyanət hekayəsinə başlayanda, Balzakın beyninin bir küncündə Şekspirin “Kral Lir” əsəri vardı. Ancaq bununla yanaşı, başlıq daha böyük bir atalıq məsələsini, ictimai informasiyanın və əxlaq qaydalarının bir nəsildən o birinə sağlam şəkildə ötürülmə məsələsini ağla gətirir. “Atalar ayaq altında əzilsə, vətən məhv olar, bu, gün kimi aydındır. Cəmiyyət, elita atalıq sayəsində diri qalır.” Qorionun dedikləri düzdür, Balzakın təsvir etdiyi cəmiyyət, romançının baxış bucağına görə, dağılmaq üzrədir. Özü özünü monarxist elan edən və katolik olan Balzak, XIX əsrin cəmiyyətini çöküşdə görürdü. Napoleonun uduzmasından sonra yenilənən Burbon monarxiyasını darmadığın edən 1830-cu il İnqilabı krala guya “vətəndaş-kral”lıq statusu qazandırmışdı, Balzak bu vətəndaş-kralı demokratiya xaosu qarşısında yeganə sıçrayış imkanı kimi görürdü.
1830-cu ildəki siyasi rejim dəyişikliyi Balzakın bir romançı kimi ortaya çıxdığı zamandır və bu vəziyyət müəllifə imkan verir ki, qələmə aldığı dünyanı – prinsipial olaraq bu, Yenilənmə dövrünün fransız cəmiyyətidir, Vaterloo Müharibəsindəki Napoleon dastanından sonra (1815) təzələnən Köhnə Rejim monarxiyasının axırına (1830) qədər uzanır – tarixi bir perspektivə yerləşdirə bilib. Balzak 1830-cu ildə baş verən bölünmənin perspektivindən geriyə baxaraq, Yeniləşmə dünyasını bir bütöv olaraq görür və bu informasiya ona kömək edir ki, dünyanın hara doğru getdiyini görə bilsin. İlk həqiqi realist kimi onun fövqəladə tələblərindən biri budur: dünyanı bütöv bir orqanizm kimi görmək. Oskar Uayld bu mövzuyla bağlı məsələnin şah damarına yaxınlaşmışdı: “Tanıdığımız XIX əsr böyük ölçüdə Balzakın kəşfidir.” Balzak yeni əsri “kəşf edib”, təzə əsrə, bu əsrin təzə-təzə ortaya çıxmaqda olan şəhər yığınlarına, inkişaf etməyə başlayan kapitalist meyillərə, hər tərəfi tutmuş fərdi şəxsiyyət kultuna forma verən birinci yazıçıdır. O, əksərən heyfisləndiyi dəyişiklikləri konseptuallaşdıraraq, nəzəriləşdirərək, dramatikləşdirərək, oxucuların əsrin formasını-biçimini başa düşməklərinə yardımçı olub.
Yeni əsrin tarixi daha çox şəhərlərdə yazılacaqdı və Fransada vacib sayılan təkcə bir şəhər var idi. Balzak da – Rastinyak kimi – hüquq təhsili almaq üçün 1814-ci ildə Parisin yolunu tutmuşdu. Bir evə qapanıb romanlar yazmağı seçərək hüquqçu kimi heç bir iş görməmişdi. Bir yandan yazıçılıqla məşğul olarkən, bir yandan da kəsə yoldan varlanmaq üçün, sürətli şəkildə iflasla nəticələnən çap-yayım işləri də daxil olmaqla, xeyli uğursuz planlar qururdu. Əyalətlərdən mərkəzə köç əsrin əvvəllərində Parisin əhalisini iki dəfə artırmışdı. Əgər təzə gələnlərdən bəziləri Rastinyak və Balzak kimi cavanlar olsaydılar (istedadlarıyla uğur qazanıb, bacarıqlı olduqları sahələrdə qabağa çəkilərək), təhlükəli olan şəhərli alt təbəqəylə bağlı yeni məna yaratmaq işində daha çox faydalı olardılar. Paris meşələşir, insandan həyatda qalmaq bacarığı tələb edirdi. Xüsusi tələbi də bu idi ki, düşmənlərə qarşı ayıq-sayıq olmalı, tələlərdən sovuşub ovunuza tərəf getməyinizi asanlaşdıracaq işarələri öyrənməlisiniz.
Rastinyak üçün Paris bir növ şəhərin palçıqlı çuxurlarından qaçmaq deməkdir; Parisdə taksiylə getməyə pulunuz yoxdursa, ayaqqabılarınız palçığa batır, yəni burada söhbət konkret palçıq çuxurlarından gedir, şübhəsiz ki, həm də əxlaqi çuxurlar nəzərdə tutulurdu ki, bunları Rastinyaka Vikontessa ilə onun Qrafinya rəfiqəsi izah edir (Votren fərqli bir dillə izahatı təsdiqləyir). Bu, bir növ ictimai piramidanın zirvəsinə çıxmaq məsələsidir. Vikontessa və Qrafinya bu piramidanın zirvəsindədirlər: Onlar Sen-Jermen səmtinin – bu yerlər Parisin köhnə aristokratiyasının məskən saldığı bölgə olaraq, qədimlərdən miras qalan imtiyazlar dünyası kimi tanınırdı – liderləridir. Bu zirvənin aşağısında xeyli kölgə və çalar var. Anastasiya Qorio ən yüksək mərtəbənin bir köynək aşağısında olan (maddi sıxıntılar çəkir ki, bu da onun niyə xalq təbəqəsindən biriylə evləndiyini açıqlayır) qraf de Restoyla evlidir, digər tərəfdən Delfin Qorio isə baron Nusingenin arvadıdır. Baron Nusingen xeyli varlı olan Alzaslı bankirdir, həm özünü apara bilmədiyi üçün lağ obyekti olan, həm də varlanandan sonra hamının axtardığı görməmişdir (pulun üstünə öz adını yazdırır).
Balzakdan əvvəl heç bir romançı şəhəri bu cür özünü ifşa edən canlı varlıq kimi ifadə etməmişdi, hətta Balzak Dikkensin Londonu və Dostoyevskinin Peterburqu üçün bir model yaratmışdı: labirint kimi, bütöv bir orqanizm kimi şəhərlər. Parisin verdiyi zövqləri bir dəfə dadmısınızsa, artıq əyalət həyatına qayıtmaq qeyri-mümkün olur. Votren pastoral xəyallarla yaşayır, həyatını Virciniyada bir ferma sahibi kimi davam etdirmək arzusundadır – bunun baş tutmayacağı isə gün kimi aydındır. O, şəhərdən qaça bilməyəcək. Rastinyak romanın son səhnəsində məzarlıqda bir yerə oturur, ordan Parisin zəngin bölgələrinə baxır. Yuxarıdan görülən Paris artıq onun şifrələrini oxuya bildiyi bir şəhərdir; prospektləri, məhəllələri, hətta heykəlləri də bir məna, ictimai dəyər qazanır. Balzak yenidən şəhərin “semiotika”sına, mənaların – yəni, şəhərdəki dükanların reklamları, şəhərin topoqrafiyası, fərqli-fərqli məhəllələrin fizionomiyası, sakinlərin pal-paltarları – necə oxunmalı olduğuna qayıdır.
Parisdə duruş gətirmək üçün dərhal onun kodlarını öyrənmək, təməl əxlaqi təlimləri unutmaq lazımdır – Rastinyaka bunları əsas məsləhətçiləri Madam Buson və Votren deyəcək. İctimai struktur rəzalətdir və bu strukturun içində qazanılmış uğur, istər-istəməz, özüylə əxlaqi qurbanlar verməyi və şəri gətirir.
(…) Balzak tənqidçi Sent-Bövün “industrial ədəbiyyat” deyə damğaladığı bir əsrin əvvəlində qələmiylə dolandı. O, yazdıqlarını gündəlik qəzetlərdə çap etdirən ilk romançı idi, amma qəzetdə yazmağa asanlıqla uyğunlaşa bilmirdi: çox uzun yazırdı, əlyazmaları vaxtından gec təhvil verirdi. Populyarlıq qazanmışdı, amma həmişə borc içində üzürdü. Siqnal nüsxələrin üstündə dəfələrlə işləyib yazdığını dəyişdirirdi, bu redaktələrin xərcini də öz cibindən ödəyirdi. Hiss etdi ki, ədəbiyyat “mal”a çevrilir, “şair”lərin romantik idealları bazarla hesablaşmalıydı. Çap, yayım, reklam qurmaq – bunların yazıçının nəzarət etməyə çalışa biləcəyi reallıqlar idi, amma əvvəl-axır bu reallıqlar yazıçıya nəzarət etməyə başladı. Yeni əsrdə işbaz, bankir başa keçməkdəydi.
Balzakın Fransada klassik hesab edilməsi üçün bir neçə nəsil keçməliydi. O, zamanında fransız yazı üslubunun rəsmi mühafizəçiləri tərəfindən pis yazmaqda ittiham edilirdi. Sujetləri melodram tipindədir, şişirdilmiş haqq-hesab səhnələri olur; yazı stili ali duyğuya və cəsarətli metaforalara qədər gedib çıxan qrotesk hallara düşə bilir. Əgər Balzak forma saflığından və üslub zərifliyindən məhrumdursa, onda onun əsas xüsusiyyətləri bizə şəxsi həssaslığımızın postmodern fraqmentləri kimi də görünə bilər. Balzakın əsrdaşları kimi biz də əndazəsizliyi, barokko tipli bəzək-düzəyi, acı göz yaşları və şiddətli orqazmları təqdir edə bilərik.
Balzak bizim üçün hələ də əhəmiyyətli romançıdır. Bizim modernitimizin əsrlər boyu prestij içində inkişaf edən iki böyük ustası – Marsel Prust və Henri Ceymsin hər ikisi əsas ilhamlarını ondan alıblar. Henri Ceymsin dediyi kimi: “Bütün romançılar xəyal qurur və təqlid edir. Balzakın böyüklüyü ən çətin olanı təqlid etməsidir.”
Tərcümə: Qismət